ABŞ-ın enerji naziri: Xəzər dənizinin
enerji ehtiyatlarının və təbii
qazın nəqli yollarının şaxələndirilməsi
vacibdir
ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmini istiqamətində Xəzər dənizinin enerji ehtiyatlarının və xüsusilə təbii qazın nəqli yollarının şaxələndirilməsi vacibdir. “Trend”-in məlumatına görə, bu barədə ABŞ-ın enerji naziri Ernest Moniz “Təbii qazın dəyişən landşaftı” adlı genişmiqyaslı siyasi forumda enerji təhlükəsizliyinin təminində Xəzər dənizi və Azərbaycanın strateji əhəmiyyəti barədə müzakirələr zamanı demişdir.
E.Moniz bu məqsədə xidmət edən enerji layihələrinin ABŞ hökuməti tərəfindən dəstəkləndiyini bildirmişdir.
ABŞ-ın Corciya ştatının paytaxtı Atlanta şəhərində Corciya Texnologiya İnstitutunun təşəbbüsü ilə keçirilən forumun “Yeni qaz erası astanasında: tendensiyalar, problemlər və imkanlar” panelində “TransAvropa və Avrasiya regionunda enerji təhlükəsizliyinin dəyişən mənzərəsi” mövzusunda çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov enerji bazarında etibarlı tərəfdaş imicini qazanmış Azərbaycanın enerji diplomatiyası barədə qısa məlumat vermiş, bu xüsusda Xəzər dənizinin enerji ehtiyatlarının Qərbə istiqamətlənməsinin əsasını qoyan “Əsrin müqaviləsi”ndən bəhs etmişdir.
Səfir E.Süleymanov enerji ehtiyatlarına sahib olmaqla bu ehtiyatlardan səmərəli istifadənin strateji yanaşmaya əsaslandığını, Azərbaycan hökumətinin bu xüsusda verdiyi strateji qərar və seçimlərindən danışmış və hazırda reallaşdırılmaqda olan irimiqyaslı enerji layihələrinin Azərbaycan hökumətinin strateji baxış və siyasi iradəsini təcəssüm etdirdiyini bildirmişdir.
Alternativ enerji mənbələri və yollarının enerji təhlükəsizliyinin təminində rolundan danışan diplomat Avropanın geosiyasi mənzərəsini dəyişən layihə kimi xarakterizə edilən “Cənub dəhlizi” layihəsini qeyd etmişdir. Səfir hazırda Avropa bazarına yeganə yeni təbii qaz axınının məhz Azərbaycandan nəql edildiyini bildirmişdir.
Sözügedən paneldə həmçinin Vaşinqtonda yerləşən Strateji və beynəlxalq Araşdırmalar Mərkəzinin Enerji və Milli Təhlükəsizlik Proqramının direktoru Sarah Ladislav “Dəyişən qlobal və milli landşaft: Ümumi baxış” mövzusunda çıxış edərək, yaxın gələcəkdə ABŞ-ın təbii qaz ehtiyatlarının ixracının mümkün olacağını, lakin qiymətlərin münasibliyi baxımından bu ixracın əsasən Asiya bazarını cəlb edəcəyini qeyd etmişdir. O, buna görə də Azərbaycan qazının Avropa üçün strateji əhəmiyyəti aktuallığını uzun müddət saxlayacağını vurğulamışdır.
Birinci paneldə həmçinin ABŞ-ın nüfuzlu enerji şirkətlərinin nümayəndələri və araşdırmaçıları Şimali Amerika regionunda enerji sektorunun bərpası, qaz inqilabının ABŞ-ın cənub şərq regionlarına təsiri və qaz və iqtisadi rəqabətədavamlılıq barədə təqdimatlar etmişlər.
Qeyd edək ki, Atlanta
şəhərinə səfəri çərçivəsində
E.Süleymanov 1885-ci ildə əsası qoyulmuş və ABŞ-ın aparıcı
araşdırma mərkəzlərindən biri
olan Corciya Texnologiya İnstitutu nəzdindəki
Beynəlxalq münasibətlər üzrə Sam
Nan Mərkəzində Azərbaycanın enerji diplomatiyası barədə
çıxış edib.
Xalq qəzeti.- 2014.- 19 aprel.- S. 5.