Zahid ORUC: Biz ərazimizdə
işğalçını görürük,
başqa dairələr isə siyasi jestlərini bildirmək üçün
“kart” görürlər
Bu gün beynəlxalq münasibətlər sistemində baş verən proseslərə, xüsusilə, münaqişələrin həlli istiqamətində atılan addımlara nəzər saldıqda görürük ki, ikili standartla yanaşma hələ də qüvvədədir və bu cür baxış problemlərin həllini sürətləndirməkdənsə, daha da qəlizləşdirir.
Münaqişələrin həllinə bu cür yanaşma həm beynəlxalq təşkilatların, həm də böyük dövlətlərin xarici siyasətində özünü aydın şəkildə büruzə verir. Maraqlıdır, Serbiya- Kosova münaqişəsində, Yaxın Şərqdə 2011-ci ildən etibarən cərəyan edən hadisələrdə Qərbin xüsusi təyinatlı institutları və dövlətləri qəti mövqe nümayiş etdirməkdən nəinki çəkinmədilər, hələ üstəlik, Liviyaya hərbi müdaxilə də etdilər. Suriya hadisələrində, son bir neçə ayda isə Ukraynada baş verən siyasi proseslərdə Avropanın ən böyük təşkilatları və ABŞ başda olmaqla bir sıra dövlətlər konkret mövqe ortaya qoydular. Krımda baş verən hadisələri Rusiyanın bu ərazini ilhaqı kimi qiymətləndirdilər və bu gün dünyanın ərazicə ən böyük dövlətinə qarşı geniş planda sanksiyalar tətbiq edirlər.
Bəs nə üçün Qərb dövlətləri 20 ildən artıqdır ki, Ermənistanın işğalına məruz qalan Azərbaycan torpaqları, bu qəsbkarlıq nəticəsində öz torpaqlarından qaçqın düşmüş milyondan artıq vətəndaşımız barədə həlledici addımlar atmaq əvəzinə, hələ də ikili standartları davam etdirirlər ? Bir halda ki, Ermənistan hələ də beynəlxalq hüququn prinsipləri və BMT-nin qəbul etdiyi qətnamələri nəinki ciddi qəbul etmir, ümumiyyətlə vecinə almır, bəs onda Qərb dövlətlərinin, beynəlxalq təşkilatların yürütdüyü ikili standart siyasəti hansı anlamı verir?
Milli Məclisin deputatı Zahid Oruc bu məsələ ilə bağlı suallarımızı cavablandırarkən demişdir:
– Bizim BMT-dən,
ATƏT-dən istədiklərimiz məgər onun
qəbul etdiyi prinsiplər kənarındadır
və yaxud 1975-ci ildə qəbul edilən
Helsinki Aktı məgər bu böyük məkanda sülhü, təhlükəsizliyi, ərazi bütövlüyünü bərpa etmək
istəmirmi? Məgər biz
doğrudanmı dünyada çox
iddialı görünürük və çox böyük
şeylər istəyirik ? Ukrayna
məsələsində Qərb çox
fəal şəkildə bu ölkədə
baş verən hadisələrə nüfuz edir,
ukraynanalılarla həmfikir olduğunu bildirir, onların marağını müdafiə
edir və Rusiyaya
qarşı gedirlər. Deməli, dünyada o dövlətə
qarşı getmək olar ki,
onun maraqları hansısa beynəlxalq dairələrin
mövqeyi ilə üst-üstə düşmür və yaxud
həmin dövlətlər dünyadakı siyasi
arxitekturanı öz xeyirlərinə dəyişəcəklərini
bəyan edirlər? Belə çıxır
ki, yalnız bu iddialar fonunda
reaksiya ola
bilər. Ermənistanın işğalçılıq siyasəti dünya üçün heç bir təhlükə törətmir, – deyib məsələyə bu məntiqlə yanaşmaq nə dərəcə doğrudur? Ermənistan
güclü dövlət
deyildir, lokal bir coğrafi ərazidə işğal
həyata keçirmişdir
– deyə bu aqressiv prosesin üstündən sükutla
keçməkmi lazımdır ?
Əlbəttə ki, bu cür
siyasət sərgiləmək
məntiqə və heç bir hüquqa uyğun deyildir. Tarix dəfələrlə sübut edib ki, "mənə dəyməyən ilan 1000
yaşasın" prinsipi
ilə hərəkət
etmək sonradan bir çox problemlərə yol açmış və daha dəhşətli formaya keçmişdir.
Əslində, Vladimir Putin, sözün həqiqi mənasında, Qərbin təsir dairəsini genişləndirmək
planını onların
özünə qarşı
tətbiq etdi. Ola bilər ötən
əsrin 90-cı illərində
bunu etmək çətin idi. Boris Yeltsinin dövründə
bu ölkənin Çeçenistan kimi problemi var idi.
Lakin V.
Putin hakimiyyətə gələndən
sonra Rusiyanın tənəzzül prosesi bir növ dayandı
və indi Moskva Qərbə meydan oxuyur. Axı biz ikili standartın başqa bir növünü də görürük. Təkcə
Qarabağ, Abxaziya, Osetiya məsələlərində
zamanında çox kəskin mövqe tutmamaq, sanksiya tətbiq etməmək düzgün siyasət deyildi. Bu günün
özündə belə
46 milyonluq Ukrayna xalqının lehinə bəyanatlar verilsə də, indiyədək nə hərbi, nə də ki, iqtisadi sahədə
heç bir dəstək ifadə olunmayıb. Ukraynaya 1 milyard
dollar Avropa Birliyi vəd eləyib, eyni miqdarda da
ABŞ. Diqqət edin Rusiyanın
20 siyasətçisinə sanksiya
tətbiq etməklə
Rusiyanı niyyətindən
çəkindirmək mümkündürmü?
Siyasi bəyanatlarla silahlanmaq 27
min kvadrat kilometrlik ərazini Ukraynaya qaytarmır. Biz belə bəyanatları çox görmüşük.
Burada nəinki ikili, çoxüzlü, hətta,
çoxqütblü siyasət
var.
Məsələ ondadır ki, Ermənistana qarşı sanksiya məsələləri
1992-ci illərin BMT müzakirələrində
fikir kimi bir neçə dəfə müzakirə
olunmuşdu. Bundan sonraki dönəmdə
nə Haaqa Məhkəməsində, nə
ATƏT-də, nə də Avropa Şurasında gündəmdə
olmayıb. Bir zamanlar
bu problemi xarici məkana çıxarmaqla balans yaradacağımızı düşünürdük.
Düşünürdük ki, problemin həllində beynəlxalq
aləmin, aidiyyatı
dünya qurumlarının
dəstəyini qazanmaqla
onun hüquqi çərçivədə həllinin
tapılmasına bir növ nail olarıq.
Sonra biz onun şahidi olduq ki, politoloji
ədəbiyyatlarda münaqişələrlə
idarə edilən siyasəti bizim üzərimizdə sınamağa
çalışdılar. Bilirsiz, belə bir oyun
var – “Zəif bənd”. İndiki beynəlxalq münasibətlər
sistemi hazırda o vəziyyətdədir. Ermənistan Azərbaycanın
təbii sərvətlərinə,
siyasi mövqeyinə,
geosiyasi durumuna və sair proseslərə
təsir üçün
çox mühüm bir rıçaqdır.
Biz bu hadisədə
öz ərazimizdə
işğalçını görürük, başqa
dairələr isə
siyasi jestlərini bildirmək üçün
“kart” görürlər. Azərbaycanın bu illər ərzində təbii resurslarından əlverişli pay götürmək
üçün istifadə
etmək niyyəti də aktuallığını
qoruyub saxlayır. Xüsusilə, bu, ötən
əsrin 90-cı illərinin
əvvəllərində özünü
daha çox büruzə verirdi.
Bilirsiz, insan orqanizmi haradan daha çox ağrıyırsa, oradan sıxılanda daha çox əziyyət çəkir və tabe olur. Elə zənn
olunurdu ki, belə mühüm bir təbii imkanlar ölkəsini Qarabağ münaqişəsi
vasitəsilə daha asan idarə etmək mümkün olacaq. Ona görə də
sanksiyalar heç zaman əlverişli olmayıb. Əksini fərz edək.
Elə düşünün
ki, Ermənistan daha çox diplomatik izolyasiyaya məruz qalır, onlarca Avropa ölkəsi onu tanımır, erməni xalqı ağır iqtisadi blokada halında öz dövlətinə təsir
göstərir və Azərbaycanla normal münasibətlərə
gedilir və ölkəmizin ərazi bütövlüyü təmin
olunur.
Bu halda Qərb və ya istənilən
qüvvə görəcək
ki, Azərbaycan idarə olunmayacaq və öz maraqlarını daha çox prinsipiallıqla müdafiə edəcək. Təbii ki,
belə bir vəziyyət onlara sərf etmir. Bu baxımdan onlar
tərəfindən həqiqətin
müdafiə olunması
və hər dəfə münaqişənin
həlli ilə bağlı verilən tövsiyələr öz
əhəmiyyətini və
səmimiliyini itirir.
Anar TURAN
Xalq qəzeti.- 2014.- 20 aprel.- S. 3.