Gəncə birinci rübün hesabatını
verdi
Gəncə Şəhər İcra Hakimiyyətində cari ilin I rübündə şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar yığıncıq keçirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd etmişdir ki, gəncəlilər hələ də ölkə Prezidenti İlham Əliyevin 2014-cü il 21 yanvar səfərinin təsiri altındadır. Ölkə başçısının hər dəfə olduğu kimi, sonuncu səfəri çərçivəsində də Gəncənin gələcək inkişafı istiqamətində verdiyi tapşırıq və tövsiyələr şəhər icra hakimiyyətinin gələcək fəaliyyətinin ana xəttini təşkil edir.
2014-cü ilin birinci rübündə məhsul istehsalının və xidmətlərin həcmində 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə “DET.AL Alüminium” MMC-nin Alüminium və Gəncə avtomobil zavodlarında, “Gəncə Şərab-2”, Cihazqayırma zavodu” ASC-lərdə, MKT “Gəncə-Tekstil” filialında, “ELBA” MMC və digər müəssisələrdə artım müşahidə olunmuşdur. Bu müəssisələrin ahəngdar işləməsi nəticəsində şəhər sənayesində 22,6 milyon manatdan çox məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Sənayeləşmə siyasəti çərçivəsində Prezident İlham Əliyevin metallurgiya sənayesinin inkişafı ilə bağlı imzaladığı sərəncama əsasən Gəncə şəhərində inşa ediləcək müasir metallurgiya kombinatı böyük önəm daşıyacaqdır.
2012-ci ilin yanvarında dövlət başçısının iştirakı ilə istifadəyə verilmiş “DET-AL Alüminium” MMC-nin Alüminium zavodunun illik 50 min ton istehsal gücünə malik 1-ci fazası işə başlamışdır. 2014-cü ilin əvvəlində isə ölkə Prezidentinin Gəncəyə son səfəri zamanı beynəlxalq standartlara cavab verən, ümumi istehsal gücü ildə 50 min ton olan 2 modern zavod istifadəyə verilmişdir. Bunlar metaltökmə və fasiləsiz yayma, həmçinin təzyiqlə yayma və boyama zavodlarıdır. Bu müəssisələrin fəaliyyəti nəticəsində 300-ə yaxın yeni iş yeri açılmışdır. Bütövlükdə, kompleksdə 1400 nəfər işlə təmin edilmişdir.
“DET.AL Alüminium” MMC-nin Elektroliz zavodunun istehsal gücü ildə 50 ton olan II fazasının tikintisi davam etdirilir və bu ilin sonuna inşasının başa çatdırılması nəzərdə tutulur.
Gəncə “Gil-Torpaq” istehsalat sahəsində isə ildə istehsalın həcminin 450 min tona çatdırılması, gil-torpaq məhsulunun isə “qumvari” şəkildə istehsalı üçün zavodun yenidənqurulması planlaşdırılmışdır.
“Gəncə Avtomobil zavodu” İB-də 2014-cü ildə yeni məhsulların, “MAZ” avtomobillərinin istehsalı ilə paralel olaraq, onların şassiləri üzərində müxtəlif növ xüsusi təyinatlı qurğuların quraşdırılması, həmçinin Minsk avtomobil zavodu ilə “MAZ” avtobuslarının, “Minsk təkərli dartıcılar zavodu” ASC arasında bağlanmış müqaviləyə əsasən dartıcı treylerlərin istehsalı da nəzərdə tutulur.
2013-cü ilin yanvar ayından fəaliyyətə başlamış, istehsal gücü 400 kq/saat kompozit və istehsal gücü 300 kq/saat olan çirkab boru xətləri üçün plastik borular və fitinqlər istehsal edən “SEMPA” QSC-nin ərazisində cari ildə də tikinti, abadlaşdırma işlərinə 240 min manat məbləğində vəsait xərclənmişdir. Müəssisənin yeni inzibati binasının tikintisi davam etdirilir.
“Gəncə-Qənnadı” ASC-nin süd emalı zavodunda texnoloji proses və quraşdırılmış avadanlıqlar test sınağından müvəffəqiyyətlə keçmiş, müəssisə istifadəyə tam hazır vəziyyətə gətirilmişdir.
“Elba Kəsim və Emal Fabrikası” MMC-nin tikintisi sürətləndirilmişdir və müəssisənin ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. “Gəncə Şərab-2” ASC-də şərab emalı sahəsində yenidənqurma və müasir avadanlıqların quraşdırılması işləri cari ildə də davam etdirilir. Etil spirtli məmulatların tərkibinin analizi üçün qaz xromotoqraf sistemi avadanlığı alınaraq quraşdırılmışdır.
Səhərin 1-ci mikrorayon yaşayış massivində gündəlik istehsal gücü 50 ton olan müasir çörək istehsalı zavodunun inşası davam etdirilir. Bu ilin avqust-sentyabr aylarında istifadəyə veriləcək zavodda ilkin olaraq sutkada 6 çeşiddə 15 ton çörək istehsalı nəzərdə tutulur. Quraşdırılacaq müasir avadanlıqlar keyfiyyətli, alıcıların tələbatına uyğun çörək istehsalına imkan verəcəkdir.
“Gəncə Tekstil” ASC-də yeni açılan xalça sexində toxucu xanaların və digər köməkçi avadanlıqların quraşdırılması işləri davam etdirilir.Hazırda burada 15 nəfər işləyir.
2014-cü ildə Gəncədə sərnişin vaqonları istehsalı zavodunun inşasına başlanılması nəzərdə tutulur və bu istiqamətdə Azərbaycan Dəmir yolu və İsveçrənin “Ştadler” şirkəti ilə danışıqlar aparılır.
Sənaye müəssisələri rəqabətqabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin innovasiyalar əsasında inkişafının təmin edilməsi sahəsində əməli tədbirlər görməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 yanvar 2014-cü il tarixdə Gəncəyə səfəri zamanı istifadəyə verilən obyektlərin açılışında Gəncədə aparılan tikinti-quraşdırma və yenidənqurma işlərini yüksək qiymətləndirmişdir. Bu qiymətli tövsiyə və tapşırıqlar gəncəliləri qurub-yaratmağa həvəsləndirmişdir.
Əvvəlki illərdə olduğu kimi, cari ilin ötən dövrü ərzində də şəhərdə böyük tikinti-abadlıq və quruculuq işləri davam etdirilir. Küçə və meydanlarda, park və xiyabanlarda səliqə-sahman işləri aparılır. Şəhərdə həyata keçirilən və bu qəbildən olan tədbirlərə xüsusi diqqət və həssaslıqla yanaşılır, bütün işlər yüksək keyfiyyətlə, şəxsən şəhər icra hakimiyyətinin rəhbərliyi altında görülür.
Şəhər iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi daxili məhsulun formalaşmasında aparıcı sahələrdən olan tikinti kompleksi də digər sahələr kimi davamlı inkişaf etməkdədir.
Respublika Prezidenti İlham Əliyevin 2014-cü ilin yanvar ayının 21-də Gəncəyə səfəri çərçivəsində şəhərdə aparılan geniş abadlıq-quruculuq, tikinti işləri ilə tanış olması, bir sıra obyektlərin açılışında və təməlqoyma mərasimində iştirakı, görülmüş işlərin müsbət qiymətləndirilməsi şəhər əhalisində yüksək əhval-ruhiyyə yaratmışdır.
Həmin səfər zamanı möhtəşəm Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi və Müasir İncəsənət muzeyləri, “Amfiteatr”, “Şəlalələr” kompleksi, “Gəncə göl”, “Gənclər və çinarlar” xiyabanı, “Zəfər Tağı”, Uşaq Yaradıcılıq və Məhsəti Gəncəvi mərkəzləri, “VEQO” oteli istifadəyə verilmişdir.
Bütün bu görülən işlərlə tanışlıqdan sonra ölkə rəhbəri bildirmişdir ki, belə möhtəşəm layihələrin icra edilməsi üçün gəncəlilər çox böyük səy göstərmişlər.
Hazırda Heydər Əliyev adına parkda 4 min kvadratmetr ərazidə Əyləncə Mərkəzinin və qış parkının tikintisi davam etdirilir. Ölkə Prezidentinin xeyir-duası ilə Gəncə Olimpiya parkının təməli qoyulmuşdur. Burada atıcılıq, stolüstü oyun, boks, ağırlıqqaldırma, aerobika, gimnastika, güləş və digər idman növləri üzrə zallar olmaqla, məşqlər və yarışlar üçün hərtərəfli şərait yaradılacaqdır. Universal salonda yarışların gedişini 1500 tamaşaçı izləyə biləcəkdir.
Ümumiyyətlə, Gəncə Olimpiya Parkı böyüklüyünə və xidmət sahəsinin müxtəlifliyinə görə MDB məkanında yeganə idman obyektlərindən biri olacaqdır. Obyektin inşasının 2017-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur. Dövlət başçısı Olimpiya parkının inşasının yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələr vermişdir.
Hazırda inşası davam etdirilən Gəncə Dövlət Filarmoniyasında 1200 tamaşaçı yeri olan açıq yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi və baxış qülləsi yaradılacaqdır. Burada iaşə, xidmət obyektləri, yeraltı qaraj və yardımçı otaqlar da fəaliyyət göstərəcəkdir. Binanın fasadında musiqi korifeylərinin heykəlləri ucaldılacaqdır.
Orta əsr Azərbaycan memarlığının abidələrindən sayılan Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” dini kompleksinin təmiri, bərpası və ətrafının abadlaşdırılması işləri davam etdirilir. Burada 2 ədəd 40 metr hündürlüyündə minarə tikiləcək,G xəttatlıq və kaşı ilə üzlənəcəkdir.
Atatürk prospektində inşa edilən 50 mənzilli yaşayış binası bu ilin sonuna kimi istifadəyə veriləcəkdir. Bununla yanaşı, həmin prospektdə 3,3 hektar ərazidə ümumi yaşayış sahəsi 32 min 819 kvadratmetr olan 4 ədəd 7 mərtəbəli, 2 ədəd 5 mərtəbəli yaşayış binasının və Xətai prospektində 4,96 hektar ərazidə çoxmərtəbəli yaşayış binaları və qeyri-yaşayış obyektlərinin inşası aparılır.
Ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində hesabat dövründə bir sıra sosial yönümlü obyektlər, ümumi sahəsi 4 min 301 kvadratmetr fərdi yaşayış evləri, digər qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilmiş, 390-a yaxın sosial xidmət və fərdi yaşayış evlərinin inşası davam etdirilir.
Atatürk prospektində aparılan yenidənqurma işləri cari ildə də davam etdirilir. Prospektdə yerləşən yüksək mərtəbəli binaların fasadları aqlayla üzlənmiş, dam örtükləri mansard formasında qurulmuş, yolboyu yaşıllıq zolaqları məhəccərə alınmış, 53 ədəd yeni müasir işıq dirəkləri quraşdırılmış, 3 min 600 metr uzunluğunda bordür düzülmüşdür. Bu istiqamətdə işlər davam etdirilməkdədir.
Heydər Əliyev prospektində şəhərin memarlıq üslubuna uyğun Nizami Rayon Polis İdarəsi binasının tikintisi davam etdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2012-ci il tarixli Qərarına əsasən təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə Gəncə şəhərində torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur.
Fikrət Əmirov küçəsində 13 min 500 kvadratmetr ərazidə 5 mərtəbəli İctimai-Mədəni Tibbi Mərkəzin inşası sürətləndirilmiş, burada 2 min 670 kvadratmetr sahədə Stomatoloji İmplantasiya Mərkəzi fəaliyyət göstərməklə yanaşı, digər mədəni və xidmət sahələri yaradılacaqdır. Mərkəzin qarşısında 5 min kvadratmetrə yaxın ərazidə xiyaban salınacaqdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Gəncəçay çayının şəhər ərazisindən keçən hissəsində sahilboyu bərkitmə işlərinin aparılması və çayın məcrasının yenidənqurulması işləri davam etdirilir. Sahil boyu park salınır, mövcud parklar yenidən qurulur, sosial obyektlər inşa edilir.
Şəhərdə avtomobil yollarının infrastrukturunun təkmilləşdirilməsi və inkişaf etdirilməsi, nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində mühüm işlər aparılmaqdadır.
Qəsəbələrin avtomobil yollarının yenidən tikilməsi və asfaltlaşdırılması işlərinin yerinə yetirilməsi davam etdirilməkdədir. Şəhərin Qənbər Hüseynli küçəsinin avtomobil yolu genişləndirilmiş və bu küçələrdə 25-ə yaxın evin fasad hissəsi, hasarı kərpiclə Gəncəyə xas memarlıq üslubunda yenidən üzlənilir, tikililərin dam örtüyü yenilənir.
Cari ilin əvvəlindən sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində, xüsusən də yaşayış binalarının dam örtüklərinin əsaslı təmir olunması, həyətyanı sahələrin abadlaşdırılması, lift təsərrüfatının yenidənqurulması istiqamətində müəyyən işlər görülmüşdür. Bir sıra küçələrdə 25-dən çox binanın dam örtüyü yeniləşdirilmişdir. Heydər Əliyev prospektində 6 binanın fasad hissəsi 9 min 250 kvadratmetr sahə xüsusi materialla yenidən bərpa olunmuş, 6 min 250 kvadratmetr sahə isə boya ilə rənglənmişdir.
Dövlət başçısının ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş siyasəti ölkəmizdə ekoloji problemlərin həllini prioritet istiqamətlərdən birinə çevirmişdir. Şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, əlavə yaşıllıq zolaqları salınmış və cari ildə də bu istiqamətdə işlər davam etdirilməkdədir.
Gəncənin müxtəlif ərazilərində 31 minə yaxın ting, 300 mindən çox mövsümi gül və çiçək əkilmiş, 0,5 hektar sahədə çəmənlik salınmış, 12 ədəd subartezian quyusu təmir olunmuş və yeniləri vurularaq istifadəyə verilmişdir.
Elmar Vəliyev Gəncədə bundan sonra görüləcək bir sıra digər işlərlə də şəhər ictimaiyyəti nümayəndələrini yaxından tanış etmişdir.
Yığıncaqda çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin Gəncə və gəncəlilərə göstərdiyi diqqət və qayğıya görə hədsiz minnətdarlıqlarını söyləmiş, buna əməli işləri ilə cavab verəcəklərini bildirmişlər.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2014.- 20 aprel.- S. 4.