Yasamal rayonu: Birinci rübün
yekunları qənaətbəxşdir
Yasamal rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında iki məsələ müzakirə olunmuşdur. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu ilin ilk rübünün yekunları və qarşıda duran vəzifələr barəsində məlumat vermişdir. Sonra rayon ərazisində fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində ulu öndərin siyasi irsinin öyrənilməsi ilə əlaqədar ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə tədris olunan dərslərin təşkilinin vəziyyəti ilə bağlı rayon icra hakimiyyəti başçısının müavini Sevil Əliyevanın hesabatı dinlənilmişdir.
İ.Mehdiyev 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafinin yekunlarına və qarşıda duran vəzifələrlə əlaqədar məlumat verərkən bildirdi: Qazanılan uğurlar bir daha təsdiqləyir ki, Yasamal rayonunda inkişaf tempi davam etdirilmiş, qarşıya qoyulan vəzifələr layiqincə icra olunmuşdur. Belə ki, cari ilin birinci rübündə rayonda sənaye məhsulu istehsalının ümumi həcmi 52,8 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 368,5 milyon manat olmuşdur. Rabitə xərclərinin həcmi 58,6 milyon manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 122,3 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 129,9 faiz və 100,8 faiz təşkil edir. Əsas kapitala yönəldilən investisiyalar 223,5 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 240,6 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər 133,9 milyon manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 100,5 faiz, 100,2 faiz, 89,2 faiz olmuşdur.
2014-cü ilin yanvar-mart aylarında rayonda 1089 yeni iş yeri açılmışdır. Bunlarla yanaşı, bu ilin I rübü ərzində rayon ərazisində həmişə olduğu kimi, yenidənqurma, abadlıq - quruculuq, bərpa işləri davam etdirilmiş, əhalini daha çox narahat edən problemlərin aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayonda artıq ənənə halını almış “Nümunəvi həyət” kampaniyası" davam etdirilmiş, bir sıra yaşayış məntəqələrində Yasamal Bələdiyyəsi tərəfindən aparılan abadlaşdırma işlərinin bu ilin may ayına qədər başa çatdırılacağı bildirilmişdir.
Qarşıda duran vəzifələrdən söhbət açan İ.Mehdiyev dedi ki, Bakı şəhərinin Baş planının icrasının təmin edilməsi ilə əlaqədar Yasamal rayon ərazisində Azərbaycan prospekti, Nəriman Nərimanov prospekti, Əlibəy Hüseynzadə və Tolstoy küçələri, habelə, Zərgərpalan küçələrinin əhatəsində yerləşən ərazidə bir sıra yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsinə artıq başlanılmışdır. “Sovetski” adlanan ərazinin köçürülməsi üçün BŞİH başçısının müvafiq sərəncamı verilmiş, söküntü zonasının mərhələləri müəyyənləşdirilmişdir. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış və müvafiq tapşırıqlar verilmişdir. Altı mərhələdən ibarət olan köçürülmə işlərinə cari ilin əvvəlindən başlanılmış və indiyə qədər geniş miqyaslı təşkilatı işlər görülmüşdür. İlk mərhələlərdə söküntü ərazisinə düşən 2830 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işləri aparılmışdır.
İşin müəyyən mərhələsində ciddi çətinliklər və gərginlik yaranmasına baxmayaraq, əlaqədar təşkilatlar tərəfindən vaxtında düzgün addımlar atılmış, əhali arasında geniş izahat işi aparılmışdır. Görülmüş müvafiq tədbirlər nəticəsində mövcud gərginlik aradan qaldırılmışdır. Köçürülməyə məruz qalacaq ərazidə sakinlərlə görüş zamanı Dövlət Komissiyasının rəsmi mövqeyi və qoyulmuş suallara cavablar açıqlanmış, köçürülmə işlərinin yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi şərti ilə aparılacağı bəyan edilmişdir. Bundan sonra ötən dövr ərzində Yasamal Rayon İcra Hakimiyyətinə öz evlərini müəyyən edilən şərtlərlə satmaq istəyən ailələrdən artıq 697 razılıq ərizəsi daxil olmuş və hazırda müraciətlərin sayı artmaqdadır. Söküntü ərazisindəki ünvanlarda mülkiyyət sahiblərinin sənədləri araşdırılmış və artıq komissiyaya dəvət olunmuş 543 mənzilin sahibləri ilə razılaşma protokolları imzalanmışdır. Bunlardan 240 əmlak sahibi ilə müvafiq qaydada alqı-satqı aparılmış və onlara artıq öz vəsaitlərini bank hesabından götürmüşlər. Bu günə qədər sakinləri köçmüş 41 mənzil sökülmüşdür.
Bundan əlavə, söküntü ərazısinə düşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı, həmin abidələrin foto şəkillərdən ibarət albomu, abidələrin yerləşmə xəritəsi tərtib edilmiş və bu məlumatlar Baş nazirin müavini cənab Abid Şərifova və Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmuşdur. Söküntü ərazisində tarix və mədəniyyət abıdələrinin sayı 160-dan çoxdur.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2014-cü ilin fevral ayının 17-dən may ayının 1-dək rayon əhalisinin ümumi profilaktik tibbi müayinədən keçirilməsi tədbirlərinə başlanılmışdır. Bu məqsədlə rayon icra hakimiyyəti və səhiyyə müəssısələri tərəfindən həyata keçirilən ardıcıl tədbirlər nəticəsində əmək kollektivlərinin, tələbələrin və əhalinin ümumi profilaktik tibbi müayinədən keçirilməsi qrafikinə, demək olar ki, riayət olunmuşdur.
Rayon icra hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən biri də vətəndaşların müraciətlərinə baxılması, onların qəbul edilməsi və hər bir müraciətin ətraflı araşdırılması və lazımi tədbirlərin görülməsidir. Cari ilin 3 ayı ərzində vətəndaşlardan 1009 müraciət daxil olmuşdur ki, onlardan 526-sı yuxarı dövlət orqanlarına göndərilmişdir. I rüb ərzində icra başçının qəbulunda 134 nəfər: o cümlədən aparatda 63 nəfər, səyyar qəbulda 71 nəfər olmuşdur.
İslasda çıxış edənlər cari ilin birinci rübündə rayonda görülən işlərin qənaətbəxş olduğunu və qarşıda duran vəzifələrin də uğurla icra olunacağına əminliklərini bildirmişlər.
Əliqismət
BƏDƏLOV
Xalq qəzeti.- 2014.- 20 aprel.- S. 5.