Naxçıvan: Sədərək rayonunda yeni nasos stansiyası istifadəyə verilmişdir

 

Aprelin 21-də Sədərək rayonunda yeni nasos stansiyası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış mərasimində iştirak etmişdir.

Ali Məclisin sədri yeni nasos stansiyasının istifadəyə verilməsi münasibətilə istifadəçiləri təbrik edərək demişdir: “Son illərdə Naxçıvan Muxtar Respublikasında  kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, kənd təsərrüfatı məhsullarının istehsalı artmış, ərzaq təhlükəsizliyi təmin edilmişdir. Sədərək rayonunda nasos stansiyasının tikilməsi və yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması da bu sahədə görülən işlərin davamıdır. Azərbaycan Respublikası ilə İslam İnkişaf Bankı arasında imzalanmış müqaviləyə əsasən layihənin icrasına 5 milyon manata yaxın kredit ayrılmışdır.”

Ali Məclisin sədri daha sonra demişdir: “Muxtar respublikada irriqasiya sistemlərinin təkmilləşdirilməsi istiqamətində icra olunan bu layihələr kənd təsərrüfatı sahəsində çalışanların qarşısında yeni vəzifələr qoyur. Belə ki, Sədərək rayonunda yeni əkin dövriyyəsinə qatılan torpaq sahələrindən səmərəli istifadə olunmalı, özəl, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların əkilməsi diqqət mərkəzində saxlanılmalıdır. Bunun üçün rayonda hər cür şərait yaradılmış, aqrolizinq xidməti təşkil edilmişdir”.

Ali Məclisin sədri torpaq mülkiyyətçilərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verəcəklərinə əminliyini bildirmiş, nasos stansiyasını işə salmışdır.

Naxçıvan Muxtar Respublikası Dövlət MeliorasiyaSu Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat vermişdir ki, yeni nasos stansiyasının tikintisi Sədərək rayonunda su təminatının yaxşılaşdırılmasına səbəb olmuşdur.

Ali Məclisin sədri bundan sonra da muxtar respublikanın torpaq sahələrində su təminatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması barədə müvafiq tapşırıqlar vermişdir.

Sonra Ali Məclisin sədri Sədərək kəndinə gəlmiş, sakinlərlə görüşmüş, nasos stansiyasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir ki, layihə üzrə tikinti işləri aparılarkən 8 kilometrə yaxın müxtəlif diametrli metal boru xətti, 7 kilometrdən artıq beton və 100 kilometrə yaxın torpaq kanal çəkilmişdir. Bunun da hesabına Sədərək rayonunda 1500 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Görülən işlər Sədərək rayonunda əkinçiliyin inkişafına, bol məhsul istehsalına imkan verəcəkdir.

Rayon sakini Sultan Rzayev yaradılan şəraitə görə sakinlər adından minnətdarlığını bildirmişdir.

 

* * *

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Sədərək rayonunun Qaraağac kəndinə gəlmiş, yeni salınmış meyvə bağına və taxıl sahəsinə də baxmış, meyvə və taxıl əkini sahələrinin genişləndirilməsi, eləcə də ərazidə tərəvəz məhsulları əkininin aparılması barədə tapşırıqlar vermişdir.

 

Xalq qəzeti.- 2014.- 22 aprel.- S. 3.