Qazax: Uğurlu başlanğıc var

 

Qazax rayonunda  2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş  yığıncaq  keçirilmişdir. İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov  rayonda görülən işlərdən danışaraq bildirmişdir ki,  bu ilin 3 ayında, ilk növbədə, əmək haqqı və ona bərabər tutulan zəruri xərclərin ödənilməsinə üstünlük verilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsi tərəfindən əhalinin pensiya və müavinətlərinin ödənilməsi üçün 2014-cü ilin 3 ayında ödəniş müəssisələrinə 6 milyon 830 min 300 manat vəsait köçürülmüşdür. Qazax Rayon Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 1 milyon 40 min 85  manat aylıq müavinət və birdəfəlik müavinət təyin edilmiş və ödənilmişdir. Ötən 3 ay ərzində mərkəz tərəfindən 1772 ailəyə ünvanlı sosial yardım təyin edilərək 713 min 160  manat vəsait  ödənilmişdir.

Qazax Telekommunikasiya Qovşağı tərəfindən cari ilin 3 ayında 8 yeni telefon xətti çəkilərək  abunəçilərin istifadəsinə verilmişdir. Rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələri  və gənclər təşkilatları tərəfindən də bir sıra məqsədyönlü tədbirlər hazırlanıb həyata keçirilmiş, həmin müəssisələrin maddi-texniki bazası möhkəmlənmiş və işin səviyyəsi daha da yüksəlmişdir.

Rayon təhsil şöbəsinin tabeliyində olan 34 tam orta, 6 orta ümumtəhsil, 7 ibtidai məktəbdə  təlim-tərbiyə işinin səviyyəsinin yüksəlməsi  fənn olimpiadalarında iştirak etmək istəyənlərin sayını artırmışdır. Bu ilin yanvar ayında olimpiadanın ikinci rayon turunda 9 fənn üzrə 90 nəfər şagird  iştirak etmiş, onlardan 10 nəfəri mart ayında Bakı şəhərində keçirilən respublika turuna vəsiqə almış, bir nəfər biologiya fənni üzrə üçüncü yeri tutmuşdur.

Ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə XI sinif şagirdlərinə Heydər Əliyev Mərkəzində “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider  Heydər Əliyev ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır”  mövzularında dərslər keçirilmişdir. Həmin dərslər elmi-nəzəri və metodiki hazırlığı ilə  fərqlənən, nüfuzlu tarix müəllimləri tərəfindən tədris olunmuşdur. Bu işlər may ayının sonunadək davam etdiriləcəkdir.

Əhalinin sağlamlığını hər zaman diqqət mərkəzində saxlayan dövlət başçısının tapşırığına əsasən, hazırda rayonda əhalinin pulsuz tibbi müayinəsi uğurla davam etdirilir. Fevralın 17-dən mayın 1-dək keçirilməsi nəzərdə tutulan ölkə vətəndaşlarının icbari tibbi müayinəsi kampaniyası Qazaxda da  mütəşəkkil təşkil edilmişdir. Bu məqsədlə  xüsusi komissiya yaradılmaqla tibb müəssisələrində bütün lazımi şərait təşkil olunmuş və əhali arasında təbliğat-izahat işləri aparılmışdır.

Rayonda əhalinin tibbi müayinədən keçirilməsinin gedişi və aksiyanın başa çatdırılması ilə bağlı vəzifələr rayon icra hakimiyyəti başçısı yanındakı şuranın geniş tərkibdə iclasında müzakirə edilmiş, əlavə tədbirlərin reallaşdırılması  üçün təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verilmişdir.  Qazaxlılar bu cür humanist tədbirlərə görə dövlət başçısına minnətdardırlar.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına üyğun olaraq rayonda davamlı surətdə yeni yerləri açılır. Bu ilin ilk rübündə 6 yeni müəssisə yaradılmış, 304-ü daimi olmaqla 314 yeni yeri açılmışdır. Bu  ilin 3 ayı ərzində 5 dövlət və 5 qeyri-dövlət müəssisəsindən 118 boş yeri təqdim edilmiş, Məşğulluq Mərkəzinə müraciət etmiş vətəndaşlardan 103 nəfəri axtaran kimi qeydiyyata alınmış, 11 nəfər münasib işlə təmin olunmuşdur.

Rayonda  tikinti-quruculuq və abadlıq işləri uğurla davam etdirilir. İllik gücü 1 milyon ton olan Qazax sement zavodunun birinci hissəsində tikinti işləri başa çatdırılmış, ikinci hissəsində isə tikinti işləri davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 fevral tarixli sərəncamı ilə 26 min nəfər əhalinin yaşadığı  və 15 yaşayış məntəqəsini birləşdirən “Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi” məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Qazax Rayon İcra Hakimiyyətinə 6,9 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, avtomobil yolunun inşasının başa  çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin  7 oktyabr 2013-cü il tarixli sərəncamı ilə 2 milyon manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin  30 dekabr 2013-cü il tarixli sərəncamına uyğun olaraq  1,72 milyon manat vəsait ayrılmışdır. Tikinti işləri başa çatdırılaraq yol istifadəyə verilmişdir.  Hazırda Fərəhli kəndinə gedən yolda təmir işləri aparılır. Yaxın vaxtlarda Qazax-Kosalar avtomobil yolunda tikinti işlərinin başlanılması nəzərdə tutulmuşdur.

Rayonda Quşçu Ayrım kənd tam orta, hər biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli kəndlərində ibtidai məktəblərin tikintisiQarapapaq  kənd ümumtəhsil orta məktəbində bərpa işləri sürətlə davam etdirilir.  Yeni dərs ili başlanana kimi həmin tədris müəssisələrinin istifadəyə verilməsi təmin olunacaqdır. Qazax şəhərində hər biri 100 yerlik  2 körpələr evi-uşaq bağçasının tikintisinə başlanılmış və sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Ağköynək kəndi ərazisində şəhərin məişət tullantılarının tökülməsi üçün 30 hektar sahədə hazırlıq işləri aparılmışdır. Aslanbəyli kəndində əhalinin içməli suya olan tələbatını yaxşılaşdırmaq  məqsədilə tutumu 48 ton olan 3 ədəd su çəni quraşdırılmış və yeni su xətləri çəkilmişdir. Rayondakı köhnə mərkəzi xəstəxananın yerində yeni – 145 çarpaylıq Mərkəzi Xəstəxana Kompleksinin tikintisinə başlanılmışdır.

Qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə dövlət proqramına  uyğun olaraq Qazaxbəyli kəndi ərazisində 300 məcburi köçkün ailəsi üçün 10 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda layihə institutu tərəfindən yeni salınacaq qəsəbənin layihə-smeta sənədləri hazırlanır. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.

2014-cü ilin birinci rübündə Qazax rayonunda kənd təsərrüfatı məhsullarının artırılması məqsədilə bir sıra səmərəli işlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur. Bu ilin məhsulu üçün indiyə kimi erkən yazlıq əkinlərdən  cəmi 302 hektar, o cümlədən 186 hektar yonca, 46 hektar kartof, 70 hektar qarğıdalı əkilmişdir. Hazırda əkin işləri davam etdirilir. 2014-cü ilin birinci rübü ərzində rayonda ağac əkini davam etdirilmiş,  Bakı-Qırmızı körpü magistral yolunun rayon ərazisindən keçən hissəsində 50 min ədəd ağac əkilmişdir.

İclasda təhsil şöbəsinin müdiri Əhməd Dərgahquliyev, mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov, rayon qaz istismar sahəsinin rəisi Rasim Zeynalov və başqaları çıxış etmişlər.

Tədbirdə əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri,  dini durum və vətəndaşların müraciətləri ilə bağlı  görülən işlər də müzakirə olunmuş, idarə, müəssisə və təşkilat rəhbərlərinə lazımi tapşırıqlar verilmişdir.

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2014.- 22 aprel.- S. 7.