Ölkəmizdə
uğurlu sənayeləşmə siyasəti aparılır
Azərbaycanda
“Sənaye ili” 2014-cü ilin birinci rübündə ölkəmizin iqtisadi və sosial həyatında
dinamik inkişaf prosesi davam
etmiş, istehsal və xidmət sahələrində yeni
nailiyyətlər qazanılmışdır. Bir sıra
istehsal sahələrində məhsul
buraxılışının həcminin artması, investisiya fəallığının
daha da güclənməsi, sahibkarlığın
stimullaşdırılması və təşəbbüskarlığa
geniş meydan verilməsi ölkənin iqtisadi
dayaqlarını bir qədər də möhkəmləndirmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın, eləcə də “Bakı
şəhəri və onun qəsəbələrinin
2011-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair
Dövlət Proqramı”nın icrası paytaxtda və bölgələrdə
iqtisadi fəallığı xeyli artırmış, yeni
istehsal sahələrinin yaradılması prosesini bir qədər
də intensivləşdirmişdir. Bütün bunlar isə
ölkəmizdə iqtisadiyyatın dinamik və tarazlı inkişafını
xeyli sürətləndirmişdir.
Dövlət
Statistika Komitəsinin 2014-cü ilin yanvar-mart aylarının
sosial-iqtisadi inkişafına dair hesabatında bildirilir ki, birinci
rübdə Azərbaycanda 13,2 milyard manat həcmində ümumi daxili məhsul
istehsal olunmuşdur ki, bu da əvvəlki ilin eyni dövrü
ilə müqayisədə 2,5 faiz
çoxdur. İqtisadi və sosial tərəqqinin əsas
keyfiyyət göstəricisi olan ümumi daxili məhsulun
(ÜDM) 48,4 faizi sənaye sahələrinin, 9,6 faizi inşaat
kompleksinin, 2,4 faizi kənd təsərrüfatının, 11,4
faizi ticarət və pullu xidmət sahələrinin, 6,1 faizi nəqliyyatın,
1,8 faizi informasiya və rabitə müəssisələrinin,
13,4 faizi digər sahələrin payına
düşmüşdür. ÜDM-in strukturunda məhsula və idxala görə ödənilmiş
xalis vergilərin payı isə 6,9 faiz təşkil
etmişdir.
Hesabat dövründə
ölkənin qeyri-neft sektorunda məhsul
istehsalı 8,8 faiz
artmış, neft sektorunda isə 4,1 faiz azalmışdır. Qeyri-neft sektorunda əldə olunmuş əhəmiyyətli
artım, heç şübhəsiz, Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə ölkə
iqtisadiyyatının şaxələndirilməsi istiqamətində
reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir.
2014-cü ilin ilk rübündə ölkədə
adambaşına düşən ÜDM-in həcmi 1403,4 manat təşkil
etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 1,1 faiz artım deməkdir. Göründüyü
kimi, Azərbaycanda sosial və iqtisadi həyatın
bütün sahələrində inkişaf tendensiyası cari
ilin ilk günlərindən etibarən davam etmişdir.
Dövlət başçısı İlham Əliyev Nazirlər
Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında demişdir: “2014-cü il iqtisadi
inkişaf baxımından ölkəmiz üçün
uğurlu olacaqdır və ilin üç ayının
yekunları bunu təsdiqləyir. Azərbaycan
inkişaf templərini saxlaya bilmişdir. Ölkəmiz
bütün sahələrdə uğurla irəliyə gedir...
Əlbəttə ki, son illərdə bizim
üçün iqtisadi inkişafı göstərən əsas
göstərici qeyri-neft sektorunun parametrləridir.
Keçən il olduğu kimi, bu il də
biz bu sahədə sürətli inkişafa nail ola
bilmişik”.
2014-cü ilin birinci rübünün sonunadək Azərbaycanın
strateji valyuta ehtiyatları 53 milyard dollara
çatmışdır ki, bu da ölkəmizə daha
yüksək inkişaf sürəti vəd edir. Belə ki,
valyuta ehtiyatlarının artması, ölkənin maliyyə
dayaqlarının möhkəmlənməsi isə öz
növbəsində iqtisadi fəallığın güclənməsinə,
yeni-yeni istehsal və xidmət sahələrinin
yaradılmasına səbəb olmuşdur. Belə ki, bu ilin əvvəllərindən
başlayaraq həm dövlət investisiyaları, həm də
özəl sektorun fəaliyyəti nəticəsində
ölkəmizdə nəhəng inftrastruktur layihələrinin
icrası davam etdirilmişdir.
İlin əvvəllərindən ölkə
iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, sənayedə də inkişaf tendensiyası
davam etmiş, sənaye məhsulları istehsalının həcmi
artmışdır. Bu da ölkədə rəqabətqabiliyyətli
müasir sənaye sahələrinin yaradılması, sənayenin
infrastruktur təminatının
yaxşılaşdırılması sahəsində
çoxsaylı layihələrin icrasının davam etdirilməsi
və s. stimullaşdırıcı tədbirlərin məntiqi
nəticəsidir. Dövlət Statistika Komitəsinin məlumatına
görə, 2014-cü ilin yanvar-mart aylarında sənaye
müəssisələri, fərdi sahibkarlar və ev təsərrüfatları
tərəfindən 6 milyard 369,3 milyon manatlıq sənaye
məhsulu istehsal olunmuşdur. Bütövlükdə
isə, son on ildə ölkədə sənaye
istehsalının real həcmi təqribən üç dəfə
artmışdır. Bu da heç şübhəsiz, dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə
siyasətinin məntiqi nəticəsidir. Cari ilin birinci
rübü ərzində istehsal
olunmuş sənaye məhsulunun 5 milyard 452,8 milyon
manatlığı və ya 71,8 faizi mədənçıxarma,
564,7 milyon manatlığı və ya 21 faizi emal, 334,2 milyon manatlığı və ya
6,5 faizi elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı,
17,6 milyon manatlığı və ya 0,7 faizi isə su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölmələrinin payına düşür.
Yeri gəlmişkən, ölkə sənayesinin real həcminin
artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə işlənib hazırlanmış uğurlu neft strategiyası
mühüm rol oynamışdır. Belə ki,
dünyanın inkişaf etmiş ölkələrinin
transmilli şirkətləri ilə bağlanmış
sazişlər Azərbaycanda neft və qaz sənayesinin sürətli
inkişafını təmin etmiş, adıçəkilən
sahələrdə hasilatın rekord səviyyəyə
çatmasına səbəb olmuşdur. Eyni zamanda, Heydər
Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə
də digər nəql marşrutlarının uğurlu fəaliyyəti
Azərbaycanın ixrac imkanlarını xeyli
artırmışdır. Bu da ölkəmizin
Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında
daha yaxından iştirakına imkan yaratmışdır.
Bununla yanaşı, ölkə sənayesinin qeyri-neft
sektorunda da inkişaf tendensiyası getdikcə sürətlənir. Bu da ondan irəli
gəlir ki, son illər ölkəmizin ayrı-ayrı yerlərində
yeni istehsal və emal müəssisələri
yaradılır, idxalı əvəzləyən rəqabətədavamlı
məhsul buraxılışının həcmi artır.
İndi hətta Azərbaycan istehsalı olan mallara dünya
bazarlarında maraq
da getdikcə çoxalır.
2014-cü
ilin birinci rübündə ölkə üzrə istehsal
olunmuş sənaye məhsulunun 80,2 faizi özəl bölmənin
payına düşmüş, ümumi istehsalın 93 faizi sənaye
mallarının, 7 faizi isə sənaye xarakterli xidmətlərin
istehsalı hesabına yaranmışdır. Göründüyü
kimi, ölkədə sərbəst istehsal fəaliyyəti
üçün yaradılmış əlverişli şərait
və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində
sənayedə qeyri-dövlət bölməsinin payı
artmaqdadır. Onu da deyək ki, bir vaxtlar
dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin
bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun
yaradılmış yeni istehsal sahələrinin işində
də böyük canlanma hiss olunur.
Hesabat
dövründə istehsal olunmuş sənaye məhsulunun 99,4 faizi
istehlakçılara göndərilmişdir. Bununla
yanaşı, sənaye müəssisələrinin
anbarlarında əvvəlki
dövrlərdən qalan qalıqlar da nəzərə alınmaqla 295,3
milyon manatlıq
hazır məhsul ehtiyatı olmuşdur.
Beynəlxalq
iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə
isə, yanvar-mart aylarında mədənçıxarma və
ya hasilat sənayesində 24,9 milyard
manatlıq məhsul istehsal
olunmuşdur. Cari ilin üç ayında sahənin əsas
məhsulu olan xam neftin hasilatı 10 milyon 432,6
min ton, əmtəəlik təbii qazın istehsalı isə
4 milyard 535,4 milyon kubmetr təşkil etmişdir. Bundan əlavə, rüb ərzində
39,3 min ton dəmir filizi, 141,4 ton mis filizləri
və konsentratları, 351,8 kiloqram qızıl və 120,9
kiloqram gümüş hasil edilmişdir. Bundan əlavə,
hesabat dövründə mədənçıxarma bölməsində
fəaliyyət göstərən sahibkarlar tərəfindən 294,6 min ton tikinti qumu, 97,9 min ton
inşaat üçün əhəng daşı, 325,4 min ton
çınqıl, qırmadaş, xırda çay
daşı və çaxmaq daşı, 7,1 min ton duz və s.
istehsal olunmuşdur.
Ölkə
sənayesində ikinci böyük xüsusi çəkiyə malik olan emal bölməsinin müəssisələri
və fərdi sahibkarları (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 1,7
milyard manatlıq məhsul
istehsal olunmuş, sənaye
xarakterli xidmətlər göstərilmişdir.
İstehsalın daha çox hissəsi qida məhsullarının
və içkilərin payına düşmüşdür.
Belə ki, rüb ərzində mühüm növ qida məhsullarından sayılan
ət, kolbasa məmulatları, süd və süd məhsulları,
marqarin, qənd və şəkər tozu, çörək və
çörək-bulka məmulatları, eləcə də
üzüm şərabı, konyak, alkoqolsuz içkilər və
siqaret istehsalı xeyli artmışdır. Bütövlükdə
isə ötən il qida məhsullarının istehaslında
2,5 faiz artım qeydə
alınmışdır.
Emal
bölməsinin toxuculuq, tikiş,
dəri, dəridən məmulatlar
və ayaqqabı
istehsalı ilə məşğul olan müəssisələr tərəfindən ötən dövr ərzində 21,2 milyon manatlıq məhsul
buraxılmışdır. Yanvar-mart ayları ərzində
pambıq lifi, hazır pambıq parçalar və pambıq
yataq ağları istisna olmaqla digər malların
istehsalında azalma müşahidə edilmişdir.
Emal sənayesinin ikinci böyük xüsusi çəkiyə malik olan
neft məhsullarının istehsalı müəssisələri
tərəfindən 610 milyon manatlıq məhsul istehsal
edilmişdir ki, bu da əvvəlki ilin eyni dövründəkindən
bir qədər azdır. Hesabat dövründə Azərbaycanda 306,7 min ton
avtomobil benzini, 175 min ton ağ
neft, 588,1 min ton dizel
yanacağı, 69,5 min
ton neft bitumu
və 10,4 min ton sürtkü yağları istehsal olunmuşdur.
Adıçəkilən
bölmənin kimya sənayesində rezin və plastmas məmulatlarının, həmçinin
əczaçılıq məhsullarının istehsalı ilə məşğul olan müəssisələr
isə üç ay ərzində 71 milyon manatlıq məhsul istehsalına nail olmuşlar. Sahənin
mühüm növ məhsullarından propilen, polietilen, lak-boya məmulatları,
polimer örtüklər, butulka və aztutumlu plastik məmulatların
istehsalı xeyli artmışdır.
2014-cü
ilin ilk rübündə tikinti materialları sənayesində məhsul
istehsalı 17,8 faiz artaraq 80,6 milyon manat təşkil
etmişdir. Ötən üç ay ərzində müəssisələr
tərəfindən 558,1 min ton
sement, 9,9 min kubmetr betondan yığma tikinti
konstruksiyaları, 422,3 min ton hörmə üçün
hazır beton qarışığı və s. mallar istehsal olunmuşdur.
Emal
bölməsinin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələri isə rüb ərzində 94,7
milyon manatlıq məhsul
istehsal etmiş və
xidmətlər göstərmişlər. Metallurgiya sənayesində
17,5 faiz, metal məmulatlarının
istehsalı sahəsində isə 3,6 faizlik artım qeydə
alınmışdır. Adıçəkilən bölmənin mühüm növ məhsullarından
sayılan polad tökmə, alüminium çubuqlar, millər
və profillər, qeyri-cins poladdan dəstələr şəklində
katankalar istehsalı xeyli artmışdır. Bundan əlavə,
hesabat dövründə hazır metal məmulatlarının
istehsalı sahəsi üzrə mayelər üçün
çənlər, qara metallardan sair konstruksiyalar, misdən
elektrik izolyasiyası olmayan çoxdamarlı məftil və
kabellərin istehsalında da yüksək artım qeydə
alınmışdır.
İlin
ötən üç ayı ərzində Azərbaycanda
kompyuter və digər elektron avadanlıqlarının istehsalı
sahəsində azalma müşahidə olunsa da, elektrik
avadanlıqlarının istehsalında 58,4
faizlik artım qeydə alınmışdır. Hesabat dövründə ölkəmizdə
maşın və avadanlıqların, eləcə də nəqliyyat
vasitələrinin, avtomobil və qoşquların istehsalı sahələrində məhsul
istehsalının həcmi 90,5 milyon manat təşkil
etmişdir. Sahənin mühüm növ məhsullarndan
sayılan maşın və avadanlıqların istehsalında
10,8 faiz, nəqliyyt vasitələrinin
istehaslında 3,5 dəfə, avtomobil və qoşquların
istehsalında isə 2,8 dəfə artım baş vermişdir.
Başqa sözlə, cari ilin üç ayı ərzində
ölkəmizdə elektrik ötürücüsü olan liftlər
və skif qaldırıcılarının sayı 2 dəfə,
traktorların sayı 3,9 dəfə, yük və minik
avtomobillərinin sayı isə müvafiq olaraq 2,3 dəfə
və 10 dəfə artmışdır.
Ölkə sənayesinin digər sahəsi olan elektrik
enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı
bölməsinin müəssisələri tərəfindən 532,4 milyon manatlıq məhsul
istehsal olunmuş və xidmətlər göstərilmişdir
ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə
1,6 faiz çoxdur. Yanvar-mart ayları ərzində ölkədə
5 milyard 979,3 milyon kilovat-saat
elektrik enerjisi istehsal olunmuş, onun 5 milyard 730,7 milyard
kilovat-saatı istilik, 247,6 milyon kilovat-saatı isə su
elektrik stansiyalarının payına
düşmüşdür. İlin ötən
üç ayında sənayenin su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölməsində məhsul və xidmətlərin
istehsalı 17 faiz artmışdır.
2014-cü
ilin yanvar-mart aylarında ölkənin sənaye müəssisələrində
çalışan
işçilərin
sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən
2,6 faiz artaraq 184,8 min nəfər
olmuş, onların orta aylıq əmək haqları 652,9 min
manat təşkil etmişdir.
Ölkəmizin perspektiv inkişaf planında sənayeləşmənin
daha da sürətləndirilməsi nəzərdə tutulur. Xatırladaq ki,
iqtisadiyyatın sənayeləşməsini sürətləndirmək,
Azərbaycanın güclü sənaye mərkəzinə
çevrilməsi üçün mövcud potensialdan səmərəli
istifadə etmək məqsədilə dövlət
başçısı İlham Əliyevin cari il
yanvarın 10-da imzaladığı sərəncamla 2014-cü
il ölkəmizdə “Sənaye ili” elan edilmişdir. Yeri gəlmişkən,
Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizdə
sənayeləşmə ilə bağlı
düşünülmüş siyasət
aparıldığını vurğulayaraq ənənəvi
sənaye mərkəzləri ilə yanaşı,
bütün rayonlarda da sənaye zonalarının
yaradılması ilə bağlı göstəriş
vermişdir. Heç şübhəsiz, Azərbaycanın yeni
neft strategiyasının uğurla
reallaşdırılması, regionların
inkişafının daha da sürətləndirilməsi ilə
bağlı tədbirlərin davam etdirilməsi, eləcə də
yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən işlər ölkə iqtisadiyyatının əsasını
təşkil edən sənayenin sürətli
inkişafına səbəb olacaqdır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2014.- 23 aprel.- S. 1.