Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrasının təminatçısıdır

 

Heydər Əliyev və  Azərbaycan iqtisadiyyatı

 

Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dönəmində respublikanın inkişaf tempinin, genişmiqyaslı quruculuq işlərinin ardıcıl  xarakter alması üçün davamlı islahatlar reallaşdırdı. Həyata keçirilən iri layihələrin icrası nəticəsində daha çox kənd təsərrüfatı respublikası olan Azərbaycan sənaye respublikasına çevrildi. Bu dövrdə neft-kimya, maşınqayırma, metallurgiya, mədənçıxarma və digər sahələr əhəmiyyətli dərəcədə inkişaf etməyə başladı. Azərbaycan sənaye məhsulunun artım tempinə görə ittifaq ölkələri arasında ilk yerlərdən birini tutdu. 1970-1980-ci illərdə respublikamızda istehsal olunan sənaye məhsulunun payı ÜDM-də 66 faizə çatdı. Bu illər ərzində respublikada 400-ə yaxın yeni sənaye müəssisəsi tikilərək istifadəyə verildi. 1969-cu ildə sənaye obyektlərinin sayı 735 ədədə bərabər idisə, 1982-ci ildə bu rəqəm 1048-ə çatdırıldı.

Azərbaycanın sürətli inkişaf dinamikası tikinti-quraşdırma, nəqliyyat, infrastruktur bölmələrinə də təkan verdi. Həmin illərdə respublikamız nəhəng tikinti meydançasını xatırladırdı. Aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində bir neçə il ərzində yeni yaşayış massivləri, binalar, məktəblər tikildi, yollar salındı.

Ulu öndərimiz xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda  yenidən Azərbaycana rəhbərliyə qayıdandan sonra dövlətçiliyimizi faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. Həyata keçirilən iqtisadi siyasət nəticəsində  ölkədə planlı təsərrüfatdan bazar iqtisadiyyatına keçid prosesi sürətləndi, iqtisadiyyatın tarazlı inkişafı üçün kompleks tədbirlər reallaşdırıldı. Davamlı iqtisadi qərarların qəbulu qiymət indeksinin 2-3 il ərzində aşağı salınmasına və inflyasiyanın 11-12 faizə düşməsinə gətirib çıxardı. Dövlət büdcəsinin gəlirləri əhəmiyyətli dərəcədə artaraq 1995-ci ildə köhnə manatla  1 trilyon 584 milyard manata çatdı. 1997-ci ildə isə büdcə gəlirləri 2 trilyon 565 milyard dollardan çox oldu. Əhalinin pul gəlirləri, orta aylıq əmək haqqı, pensiya məbləği 3-4 dəfə artdı. 1995-ci ildən sabitləşməyə başlayan iqtisadiyyat inkişaf üçün baza rolunu oynadı və növbəti illərdə bu tendensiya özünü daha qabarıq şəkildə göstərməyə başladı.

2003-cü ildə prezident seçkiləri zamanı namizədliyini İlham Əliyevin xeyrinə geri götürən ulu öndər həmin vaxt qeyd edirdi: “Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Bu sahədə görülən işlər sizə məlumdur, lakin mənim hələ tamamlanmamış çox perspektivli planlarım var. Son vaxtlar səhhətimdə yaranan bəzi problemlər mənə imkan vermir ki, bütün bu başladığım, nəticələrini aydın gördüyüm işləri tamamlayım. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu öndərin siyasi varisi bu ümidləri qısa müddətdə doğrultdu, çünki həmin siyasət ənənəyə söykənir və bu missiya inkişaf edir. Ümumiyyətlə, Heydər Əliyevin müəyyənləşdirdiyi bütün sosial-iqtisadi hədəflər bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədləridir və bu strategiya bütünlüklə zəngin və qüdrətli Azərbaycanın davamlı inkişafına xidmət edir. Məhz hazırda da davam edən bu strategiya dahi öndərimiz tərəfindən təməli qoyulmuş inkişaf və tərəqqi konsepsiyasına söykənir və müasir mərhələdə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşməkdədir.

 

Regionların tarazlı inkişafı-iqtisadi siyasətin prioritet istiqaməti

 

İlham Əliyev prezidentlik fəaliyyətinə başladığı ilk gündən bir sıra prioritet məsələlərin reallaşdırılmasını qarşıya mühüm vəzifə kimi qoydu. Bunlardan biri regionların sosial-iqtisadi inkişafını diqqət mərkəzində saxlamaq, əhalinin rifah halını yaxşılaşdırmaq idi. Ona görə də yerlərdə əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etməklə infrastrukturu yeniləşdirmək, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinə başlanıldı. Bu məqsədlə 2004-cü il fevralın 11-də dövlət başçısı “Azərbaycan Respublikası regionlarının sosıal-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” adlanan sənədin təsdiq olunması barədə fərman verdi.

Adıçəkilən proqramın həyata keçirildiyi müddət ərzində ölkə üzrə ümumi daxili məhsulun (ÜDM) real həcmi  38 milyard manata çatdı. ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etdi. 2008-ci ilin yekunlarına görə, ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz oldu. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcminin 2004-2008-ci illər ərzində ümumi investisıyaların strukturunda xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatdırıldı.

Regionların  sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramının uğurlu  icrası nəticəsində ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım oldu. İqtisadiyyatın sürətli inkişafı ilə yanaşı, əhalinin rifahını səciyyələndirən göstəricilərdə də yüksək dinamika müşahidə edildi, 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 4 dəfə artdı. 2003-cü ildə ölkə əhalisinin təxminən 45 faizi yoxsulluq şəraitində yaşayırdısa, 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin yalnız 13,2 faizi aid olunurdu.

Xatırladaq ki, sözügedən  Dövlət Proqramında müxtəlif sahələrlə bağlı 714 tədbir reallaşdırılmışdır.  Prezident İlham Əliyev görülən işlər, onların nəticələri ilə yerində tanış olmaq üçün həmin  Proqramın icrası dövründə 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir.

 

İkinci regional Dövlət Proqramı əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir göstərmişdir

 

Prezident İlham Əliyev 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq etdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ökədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq idi.

Bu Proqramın üstün cəhətlərindən biri ondar ibarət idi ki, onun hazırlanması zamanı Prezident İlham Əliyevin göstərişi ilə regionlardan gələn təkliflər nəzərə alınmışdı. Məhz bunun nəticəsində də bölgələrdə yaşayan insanların həllini prioritet hesab etdikləri məsələlər həmin sənəddə ön plana çəkilmiş, onların icra mexanizmləri və vaxtı müəyyənləşdirilmiş,  bunun üçün lazımi maddi resursların hər il dövlət büdcəsindən ayrılması nəzərdə tutulmuşdu.

Təbii ki, dövlət proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkənin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla respublikanın iqtisadi inkişafında və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan məqsədlərin reallaşmasında, eləcə də əhalinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynamışdır. Bunu ikinci regional  Dövlət Proqramının icrası müddətində görülən işlər də təsdiq edir. Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, əhalinin maddi rifahının daha da yüksəldilməsi tədbirləri “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın reallaşdırılmasında ümumi iqtisadi tərəqqidə özünü qabarıq büruzə vermişdir. Fikrimizin təsdiqi kimi, bəzi konkret faktlara nəzər salaq. 2009-cu ildən ötən müddətdə sözügedən Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlamış və 360 minə yaxın yeni iş yeri yaradılmışdır ki, bunun 270 mindən çoxu daimidir.

 

* * *

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev demişdir: “... 2004-cü ildə birinci proqramın qəbul edilməsi Azərbaycan regionlarının inkişafında xüsusi rol oynamışdır. Mən birinci proqramın qəbul edilməsi haqqında hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə, ilk növbədə, Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, xüsusi proqram qəbul ediləcəkdir. Belə də oldu, proqram qəbul edildi. Birinci beşillik proqram, demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra ikinci proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində bu proqramların çox böyük rolu olmuşdur.

Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə, nikbinliklə baxır. Bunun əsas səbəbi iqtisadi müstəqillikdir, iqtisadi gücümüzdür və siyasi iradədir".

Dövlət proqramlarının uğurla icrası  Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir. Nəticədə 10 il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizlik səviyyəsi 1,9 dəfə azalaraq 5 faizə enmiş, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış və 1,2 milyondan çox yeni iş yeri yaradılmışdır ki, bunun 900 mini daimidir.

Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər isə 6 dəfə artmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, bir çox göstəricilər üzrə  artım tempi ölkə üzrə müvafiq göstəricilərdən  daha yüksək olmuşdur. Təsadüfi deyil ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artmışdır. Artıq 5 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.

Azərbaycan  Prezidentinin 10 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə imzaladığı 240 sərəncam regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Ümumilikdə proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilmişdir.

Regional proqramların icrası  dövründə əhəmiyyətli ekoloji tədbirlər həyata keçirilmiş, mühafizə olunan təbiət ərazilərinin sahəsi iki dəfə artırılaraq 900 min hektara çatdırılmış, 9 milli park yaradılmış, 20 milyon ağac və bəzək kolu əkilmişdir. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması üçün 400 mindən çox əhalisi olan 222 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.

Proqramlar çərçivəsində 2708 məktəb, regionlarda 38 mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 77 qəsəbə salınmış, burada 37 min ailə  yerləşdirilmişdir. Eyni zamanda, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi  işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.

Regionların inkişaf strategiyasının uğurla həyata keçirilməsi  nəinki  bölgələrin, ümumilikdə ölkənin inkişafında bir dönüş nöqtəsi olmuş,  aparılmış möhtəşəm quruculuq və abadlıq işləri bütün şəhər, rayon və kəndlərin simasını tanınmaz dərəcədə dəyişərək, regionlarda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına böyük töhfə vermişdir.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  dövlət başçısı demişdir: “İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edildi. Biz ikinci proqramın yekunlarını fevral ayında müzakirə etmişik. Üçüncü proqramın qəbul edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük dəstək olacaqdır. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri, maliyyə resursları da bu proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır”.

Beləliklə, artıq bu gün tam əminliklə demək olar ki, həm 2004-cü ildə, həm 2009-cu ildə qəbul edilmiş iki Dövlət Proqramının icrası ölkəmizin inkişafı üçün çox böyük rol oynamışdır. Əgər bu proqramlar qəbul edilməsəydi, indi bölgələrdə gedən inkişafdan söhbət aparmaq belə mümkün deyildi. Məhz 2004-cü ildə qəbul edilmiş bu qərar ölkəmizin hərtərəfli, dayanıqlı və şaxələndirilmiş şəkildə inkişafını təmin etdi.

 

Vaqif  BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 23 aprel.- S. 3.