LERİK: birinci rübə yekun vuruldu

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və Lerik rayonunda görülmüş işlərlə bağlı  rayon icra hakimiyyətinin başçısı yanında şuranın iclası keçirildi.

Öncə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək  iclasın gündəliyində duran məsələləri  diqqətə çatdırdı. Aprelin 13-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının girişyekun nitqində respublikamızdakı iqtisadisiyasi vəziyyətin dərindən təhlil olunduğunu, əldə edilmiş uğurların qiymətləndirildiyini, qarşıda duran vəzifələr və onların həlli yollarının dəqiq müəyyən edildiyini diqqətə çatdırdı.

Sonra icra başçısı bildirdi ki, respublikamızda aparılan uğurlu iqtisadi islahatlar Lerik rayonunun da sosial-iqtisadi inkişafına ciddi təsir göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 26 kilometrlik Lerik-Qosmalian-Kəlvəz yolu tikilərək istifadəyə verilmiş, 30 min nəfər əhalinin yaşadığı, 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisinə başlanılmışdır. Hazırda tikinti işləri sürətlə davam etdirilir.

4 kənddə yeni məktəb binasında tikinti, bir kənd məktəbində əsaslı təmir işləri aparılır. Cənab Prezidentin tapşırığına əsasən,  inşası aparılan modul tipli elektrik stansiyasında son tamamlama işləri aparılır. Lerik şəhər əhalisinin içməli su təchizatının yaxşılaşdırılması və kanalizasiya şəbəkəsinin qurulması, kəndlərin qazlaşdırılması davam etdirilir. Bütün bunlar dövlət rəhbərinin dağlar diyarına, onun əhalisinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Daha sonra natiq regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul edildiyini söylədi. Dövlət Proqramında bütün zəruri məsələlərin öz əksini tapdığını, hər bir rayon üzrə konkret vəzifələrin, tapşırıqların olduğunubir çox sosial-iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün böyük dəstək  göstəriləcəyini qeyd etdi.

2014-cü ilin birinci rübündə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə icra hakimiyyəti başçısının müavini,  sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Habil Məlikov geniş məruzə etdi. Əldə olunan uğurlar, aparılan tikinti-quruculuq işləri, yeni yerləri barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırıldı və qarşıda duran vəzifələr, onların həlli yolları göstərildi.

Daha sonra rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasihumanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin məktəblilərə öyrədilməsi istiqamətində Heydər Əliyev Mərkəzində keçirilən açıq tarix dərslərinin tədrisinin vəziyyəti barədə məlumat verdi.

Gündəlikdəki məsələlərlə bağlı mərkəzi xəstəxananın baş həkimi Mübariz Ağayev, təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov, paylayıcı elektrik şəbəkəsinin rəisi İxtiyar İmanov, tarix müəllimi Qafur Xosiyev çıxış etdilər.

Sonda qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edildi.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 23 aprel.- S. 7.