Onu hamı sevirdi

 

Lütfəli Abdullayev - 100

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalq artisti Lütfəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdır. Artıq böyük sənətkarın yubileyi ilə bağlı tədbirlər keçirilir. Bu tədbirlərə respublikanın teatr kollektivləri, kino təşkilatları, mədəniyyət müəssisələri qoşulmuşlar. Həmin silsilədən olan tədbirlərdən biri kimi bu yaxınlarda Musiqili Komediya Teatrında keçirilmiş təntənəli yubiley mərasimini göstərmək olar.

Lütfəli Abdullayev Azərbaycan teatrkino sənətinin inkişafında məxsusi xidmətləri olan aktyorlardandır. Onun sənətini sevməmək mümkünsüzdür. Ən azı ona görə ki, bu aktyorun səhnəyə hər gəlişi insanlara xoş əhval - ruhiyyə, sevinc, bolluca gülüş bəxş edərdi. Tamaşaçılar onun səhnəyə çıxmasını səbrsizliklə gözləyərdilər. Elə ki, Lütfəli səhnədə göründü, alqışların arası kəsilməzdi.

 Lütfəli Abdullayev mənalı bir həyat yolu keçmişdir. O, 1914-cü il mart ayının 22-də Şəki şəhərində dünyaya göz açmışdı. Uşaqlıq illərindən şəkililərin baməzə zarafatları onun da xarakterinə hopmuşdu. Bakıya gələndə artıq hazır komediya aktyoru idi. Şən zarafatları, ətrafındakıları asanlıqla ələ almaq bacarığı, insanlara isti münasibəti onu hələ gənc ikən sevdirmişdi.

Lütfəli Abdullayevin yaradıcı ömrü əsasən Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlı olmuşdu. Tamaşalarında iynə atsan yerə düşməzdi. Lütfəli olduqca sadə və təvazökar insan idi. Hamı ilə dil tapmağı bacarırdı. Onun tamaşalarına baxanlar deyirdilər ki, elə bil, heç səhnədə deyil, həyatın özündə idi.

Teatrda Nəsibə Zeynalova kimi bir sənət yoldaşı ilə qarşılaşması onun yaradıcı gücünü ikiqat artırmışdı. Musiqili Komediya Teatrının səhnəsində uzun illər Nəsibə xanımla tərəf müqabili olmuşdu. Elə bil bu insanlar bir-birini tamamlayırdı. Nəsibə xanım deyirdi ki, bəzən səhnədə elə vəziyyət yaranırdı ki, biz mətndən kənara çıxmalı olurduq. Amma tamaşaçı bunu heç vaxt hiss etmirdi. Bəzən eyni tamaşanı günlərlə oynayırdıq. Ancaq yorulmaq bilmirdik. Çünki Lütfəlidə yaradıcılığa güclü stimul verən ilahi bir istedad var idi. Nəsibə xanım onunla qastrol səfərlərindən də həmişə ürək dolusu danışırdı. Deyirdi ki, çox vaxt aktyorların pulu qurtaranda Lütfəlini qabağa salıb rayonlara qastrola gedirdik. Onu hər yerdə böyük hörmət və ehtiramla qarşılayırdılar.

Vaxtilə “Muskomediya”nın tamaşalarını izləyənlər “İndiyə qədər Nəsibə-Lütfəli dueti kimi bir duet olmayıb” deyə xatırlayırlar. Nəsibə xanım həmişə Lütfəli Abdullayevdən danışanda üzünün ifadəsi dəyişir, çöhrəsindən sanki bir gənclik dalğası keçirdi: “Lütfəli mənim həm sirdaşım, həm qardaşım, həm sirrim, həm pulum, həm də pulsuzluğum olub. Lütfəlinin yeri mənim qəlbimdə başqadır” – deyirdi. Nəsibə xanım: “Biz bir-birimizə o qədər inanırdıq ki. “Çalış ölmə, öldünsə, qurtardı getdi" – bu, onun sözləri idi. Deyirdi ki, ad günlərimi mən öləndən sonra sən keçirəcəksən. Mən səhnəyə çox aktyorlarla çıxmışam, amma Lütfəli kimi tərəf müqabilim olmayıb. O, hər yerdə sənət axtarışında idi. Adi bir sözlə, eyhamla, bir baxışla öz istədiklərini tamaşaçılara çatdırırdı. Onun rollarının arxasında həmişə əsl artist görünürdü. O, fitrən komik aktyor kimi doğulmuşdu. Ondan sonra səhnə boş qaldı”.

Beş manatlıq gəlin”dəki Möhsün, “Toy kimindir?” dəki Qoşun , “Durna”dakı Dursun, “Gözün aydın”dakı Qəhrəman kimi rolları teatr tariximizdə öz yeri olan obrazlardandır. Emin SabitoğlununHicran” tamaşasında Lütfəli Abdullayevin Mitoş rolu o dövr tamaşaçılarının xatirəsindən, yəqin ki, heç vaxt silinməyəcək. Lütfəli Abdullayevi Azərbaycanın məşhur sənət adamları ilə yaxın dostluq əlaqələri birləşdirirdi. Xalq artisti Niyazi, xalq rəssamı Tahir Salahov, xalq şairi Bəxtiyar Vahabzadə ilə görüşləri həmişə sənət müzakirələri xarakteri alardı. Mərhum şairimiz B.Vahabzadə Lütfəli ilə Şəki səfərlərindən həmişə ürək dolusu danışardı.

Lütfəli Abdullayev S. Ələsgərovun “Ulduzmusiqili komediyasında Məhəmməd rolunu böyük istedadla yaratmışdı. Onun həyat verdiyi Məhəmməd tamaşanın əsas qəhrəmanlarındandır və tamaşanın mühüm süjet xətlərindən biri məhz Məhəmmədlə bağlıdır. Sonradan bu əsər əsasında Ağarza Quliyev film də çəkmişdi. Və elə Məhəmməd rolunu da Lütfəli ifa etmişdi. Bu filmdə o, tamaşada olduğu kimi, Nəsibə Zeynalova ilə tərəf müqabilidir. Nəsibə xanım bu filmdən danışarkən xatırlayırdı ki, filmdə bizim oyunumuz daha yaxşı alınıb. Məhəmmədin düşdüyü situasiya, doğrudan da, çətindir. Lütfəli Abdullayev Məhəmmədi yüksək sənətkarlıqla təqdim edir. Onun Gülümsərovla münasibətləri də olduqca maraqlıdır. Öz yaradıcılığında “Qaravəlli” oyun-tamaşa estetikasının “açıq yumorüslubundan daha çox bəhrələnən Lütfəli Abdullayev tipik xarakterlər yaratmağa üstünlük verib.

 Ancaq Lütfəli Abdullayev bu filmə qədər “Arşın mal alanda Vəli obrazını yaratmışdı. Bu film 1945-ci ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdüL.Abdullayev də belə yüksək mükafatı alanlar sırasında idi.

Lütfəlini Rza Təhmasib filmə gətirmişdi. Onun Vəlisi maraqlı obraz idi. Vəli rolunu teatrda oynayanlar çox olub. Hətta, 1965-ci ildə yenidən çəkilən “Arşın mal alanda həmin rolu Tələt Rəhmanov oynasa da, onu Lütfəlinin Vəlisi səviyyəsinə qaldırmaq mümkün olmamışdı.

Lütfəli Abdullayev 1956-cı ildə ekranlaşdırılan “O olmasın, bu olsun” filmində Qoçu Əsgərin köməkçisi Baloğlan rolunda çəkilmişdi. Onun Rüstəm bəyin evinin pilləkəni ilə qalxarkən yıxıldığı səhnəni, yəqin ki, xatırlayırsınız. Necə miskin bir sifət alır. Aktyor Baloğlanı çox təbii bir formada təqdim edir. Elə filmdəki qonaqlıq səhnəsini də xatırlasanız Lütfəlinin aktyorluq məharətinin şahidi olarsınız.

“Əhməd haradadır?” filmində Lütfəli Abdullayevin çəkildiyi Zülümov rolu onun yaratdığı maraqlı obrazlarından biridir. Rejissor Adil İsgəndərov Lütfəlini bu rola təsadüfən dəvət etməmişdi. O, tikinti təşkilatlarından birində direktorun köməkçisi vəzifəsində çalışır. Lütfəli Abdullayev Zülümovun bütün daxili aləmini açır. Onun yaratdığı komik situasiyalar tamaşaçılarda həqiqətən xoş əhval-ruhiyyə yaradır.

Lütfəli Abdullayev gözəl ailə başçısı idi. İki qız böyütmüşdü. Sevda xanım danışırdı ki, evlərindən heç zaman qonaq-qara əskik olmazmış. Tanıdı-tanımadı hər kəs kömək üçün qapılarını döyürmüş: “Bir gün səhər tezdən məni oyatdı ki, tez qalx, evə qonaqlar gəlib. Qonaq otağında üç nəfər tanımadığım adamın olduğunu gördüm. Çay-çörək hazırladım. Yedilər-içdilər, sonra Lütfəlini də götürüb getdilər. Gedəndə dedi ki, “Nahar hazırla, qonaqlarla gələcəyəm". Ancaq günorta gəlib çıxmadılar. Axşamüstü isə tək gəldi. Soruşdum ki, kim idi bu qonaqlar? O: “Düzünə qalsa, heç mən də tanımadım. Uzaq rayondan gəliblər, xəstələri vardı. Onlara xəstəni Moskvaya aparmaq üçün göndəriş lazım idi, nazirlik isə verməmişdi. Məsələni həll etdim” - dedi. Lütfəli nəinki məsələni həll etmişdi, üstəlik, onları aeroporta apararaq təyyarəyə bilet də alıb yola salmışdı. Onu “Baksovet”ə deputat seçmişdilər. Lakin heç vaxt iclaslara getmirdi. Narazılığını gizlətməyərək: “Mən artistəm, niyə qoymurlar öz işimlə məşğul olum? Mən xalqıma deputat kimi yox, yalnız aktyor kimi xidmət edə bilərəm. Qoy elə məni artist kimi tanıyıb sevsinlər, deputatlıq mənim işim deyil”.

Lütfəli Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdu. Eyni zamanda, o, Qırmızı Əmək Bayrağı ordenimedallarla təltif edilmişdi. Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır. Bakıda adına küçə var.

Bu istedadlı sənətkarın işıqlı xatirəsi onu ürəkdən sevən Azərbaycan xalqının xatirəsindən heç vaxt silinməyəcək.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 17 aprel.- S. 6.