Filmlərin də
öz rəngi olur
Rafis İsmayılov – 75
Milli kino sənətimizin inkişafında kino rəssamlarımızın çox əhəmiyyətli xidmətləri olmuşdur. Onların arasında dövlət mükafatı laureatı, Azərbaycanın xalq rəssamı, tanınmış sənətçi Rafis İsmayılovun xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır. Bu il Rafis İsmayılovun 75 yaşı tamam olur.
O, 1939-cu ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. 1962-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini, 1972-ci ildə isə Moskvanın Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında işləyir. Burada çalışdığı dövrdə 50-dən artıq bədii filmin quruluşçu rəssamı olmuşdur. Onlardan bəzilərini xatırlatmaq istərdik: “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qostrol”, “Dantenin yubileyi”, “Anın quruluşu”, “Təhminə”, “Sübhün səfiri” və c. O bu filmlərin hər birində hadisələrin mahiyyətinə uyğun rənglərdən istifadə edərək filmin ümumi quruluşunu tamamlaya bilmişdir. İstər natura çəkilişlərindən, istərsə də dekorasiyalardan istifadə zamanı rəssam çox maraqlı detallar tapır, süjetli eskizləri ilə gələcək filmin bütöv mənzərəsini yaradır. Kinorejissorlar dəfələrlə etiraf ediblər ki, Rafis müəllimlə işləmək olduqca rahatdır. Çünki o, kinonun dilini yaxşı bilir.
Rais İsmayılov bir neçə cizgi filminin də quruluşçu rəssamı və rejissorudur.
Bu istedadlı rəssamın əsas peşəsi kino rəssamlığı olsa da, o, səhnə əsərlərinin də quruluşçu rəssamı kimi fəaliyyət göstərib. Azərbaycan Milli Akademik Dövlət Teatrında “Gecə döyülən qapılar”, “Tənha iydə ağacı”, “Fedra”, “Misir gecələri”, “Ölüləri qəbirstanlıqda basdırın”, “İkinci səs”, Azərbaycan Dövlət Opera və Balet Teatrında isə “Natəvan”, “Leyli və Məcnun”,"Məhəbbət və ölüm", “Rast”, “Trubadur” əsərlərinin quruluşçu rəssamı olaraq səhnə tərtibatı sənətinin inkişafına öz töhfəsini vermişdir.
Rafis İsmayılovun yaradıcılığı yüksək qiymətləndirilmiş, o, Azərbaycanın xalq rəssamı fəxri adına layiq görülmüşdür. O həm də dövlət mükafatı və rəssamlıq üzrə olan “Sultan Məhəmməd” mükafatı laureatıdır.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2014.- 17 aprel.- S. 7.