Neft Akademiyasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş elmi konfrans keçirildi

 

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafında roluna həsr edilmiş elmi konfrans keçirildi.

Akademiyanın müəllim və tələbələrinin iştirakı ilə keçən geniş tədbiri prorektor Qasım Məmmədov açaraq bildirdi ki, Azərbaycan xalqının təqvimində bayramlar az deyil. Amma onların arasında 10 may xüsusi anlam daşıyır.

Qasım Məmədovun sözlərinə görə, hər bir bayramın böyüklüyü ilk növbədə onunla bağlı olan hadisənin xalqın tarixində tutduğu yer və dövlətin taleyində oynadığı rol ilə ölçülür. Bu baxımdan, ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər önəmlidirsə, onun doğum günü də Azərbaycan xalqı üçün bir o qədər böyük bayram sayılmalıdır. Ulu öndər Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Hər bir xalqın taleyində bunu etməyi bacaran bir, ya iki insan olur, ya da olmur.

Prorektor qeyd etdi ki, ABŞ-ın “Ceymstaun” Fondunun prezidenti Qlenn Hovard çıxışlarının birində Heydər Əliyevi “Azərbaycanın Corc Vaşinqtonu” adlandırmışdı. Corc Vaşinqton Amerika dövlətçiliyinin banisi və “Amerika xalqının atası” hesab edilir. Heydər Əliyev də Azərbaycanın tarixində eyni rolu oynayıb. Müxtəlif xalqların təmsilçiləri onun haqqında dəyərli fikirlər söyləyiblər. Amerika konqresmenlərindən tutmuş, Rusiya prezidentinə qədər dünyanın hər yerində Heydər Əliyevin barəsində xoş sözlər deyilirsə, bu, onun məhz dünyamiqyaslı siyasi xadim olmasını təsdiqləyir.

Qasım Məmmədovun sözlərinə görə, Birləşmiş Ştatlarda tarix və siyasət elminin xüsusi bir bölməsi var: Vilsonşünaslıq. Bu elm budağı Amerikanın 28-ci prezidenti Vudro Vilson fenomenini öyrənir. Onun araşdırılmasıyla bağlı indiyədək 30 mindən artıq kitab yazılıb. Vudro Vilson vaxtilə Amerikanın inkişafını bugünkü qlobal dövlət olmaq yoluna çevirmişdi. Azərbaycan tarixində anoloji yeri tutan şəxsiyyət isə, heç şübhəsiz, Heydər Əliyevdir. İllər keçəcək və qüdrətli Azərbaycan dövlətinin inkişaf yollarını araşdıranda hər dəfə daha aşkar görünəcək ki, bu ölkəni həmin istiqamətə Heydər Əliyev döndərib. Bu fenomenin ciddi elmi tədqiqata ehtiyacı var. Söhbət təkcə ondan getmir ki, Heydər Əliyev Azərbaycanın tarixini yeni səmtə çevirməyi və dövlətçilik sistemini qurmağı bacardı. Onun böyük tarix prizmasında görünən və araşdırılması gərəkən tərəfləri də az deyil. Ulu öndər siyasət ustası olmaqla yanaşı, dünya siyasətinə tamam fərqli, indiyə qədər bənzəri olmayan bir lider tipi gətirdi.

ADNA professoru İmran Cəfərov “Ulu öndərimiz Heydər Əliyevin təhsilin Avropa standartları səviyyəsində təşkili və elmi biliklərin insan kapitalına çevrilməsində rolu” mövzusunda çıxış edərək bildirdi ki, Azərbaycanda təhsil islahatları ümummilli liderin rəhbərliyi ilə həyata keçirilməyə başlayıb. Beləliklə, Azərbaycanda təhsil siteminin yeni, müasir standartlarının tətbiqinə yol açılıb. Dünyanın hər yerində, o cümlədən, Azərbaycanda yeni texnologiyaların tətbiqi yeni təfəkkürlü mütəxəssislərin hazırlanmasını zəruri edib. Bunun üçün ulu öndər Avropa ölkələrinə tələbə göndərişini nizama salıb. Tezliklə həmin mütəxəssislər ölkə iqtisadiyyatının inkişafında öz rollarını oynamağa başlayıblar. Hazırda təhsilin müddətinin uzadılması - 12 illik orta təhsilə keçilməsi məsələsi üzərində düşünülür. Tədrisin yeni texnologiyalarla müşayiəti məsələsi gündəmdədir. Ali məktəblərə xüsusi istedadlı tələbələr seçilərək xüsusi qruplarda təhsil alacaqlar. Hələlik 52 belə qrup yaradılması nəzərdə tutulur. Eyni zamanda, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün videotəhsil formasına keçilməsi təklif olunur. İnsan kapitalının formalaşdırılması məsələsi üzərində ciddi işlər gedir.

Sonra dosent Fazil Rüstəmov, baş müəllim Nərminə Qasımova, tələbələrdən Nərmin Abbasova, Fidan Sadıqova, Aynurə Sadıqova, Kamal İsmayılzadə, Dinara Qasımova, Cahan Mustafayeva və Lalə Mustafazadə çıxış edərək Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafına verdiyi töhfələr haqqında söhbət açdılar

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2014.- 24 aprel.- S. 10.