Linares, Xantı-Mansiysk, Şəmkir
İnanmaq çətindir ki, şahmat aləmində İspaniyanın Linares şəhərinin adını eşitməyən adam tapılsın. Bu şəhər hər ilin baharında dünyanın səkkiz məşhur qrossmeysterinin iştirakı ilə ən güclü superturnirlərdən birini keçirməklə ad çıxarmışdı.
Təşkilatçılar yarışda iştirak etmək üçün dünya şahmat elitasının nümayəndələrinə dəvət göndərərkən Azərbaycan şahmat məktəbinin yetirmələrini də unutmurdular. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov bir neçə dəfə Linaresin qonağı olmuş, müxtəlif illərdə dünya çempionu adı daşımış Vişvanatan Anand (Hindistan), Vladimir Kramnik (Rusiya), Veselin Topalov (Bolqarıstan) və digər məşhur zəka sahibləri ilə üz-üzə əyləşmiş, qələbə uğrunda gərgin mübarizə aparmışlar. Linares dəfələrlə bu turnirin hakimlərindən biri rolunda çıxış etmiş beynəlxalq dərəcəli hakim, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənova da yaxşı tanışdır.
Son vaxtlar bu şəhər uzun illər ərzində yaranmış gözəl ənənəsini dayandırsa da (bəlkə də, maddi çətinliklərlə əlaqədar), hər halda, dünya şahmat tarixində ən yüksək kateqoriyalı turnirlərdən birinin təşkilatçısı kimi yaşayacaq. Linares şahmatın sayəsində bütün planetdə məşhurlaşmışdır.
Xantı-Mansiysk. Son illər şahmat dünyasının bir gözü, bir qulağı Rusiyanın bu şəhərindədir. Diqqət yetirin: Ümumdünya Şahmat Olimpiadası, Dünya kuboku, qadınlar arasında dünya çempionatı, FİDE “Qran-Pri”si, iddiaçıların turniri... Bir-birindən böyük yarışdır. Ötən il Şəhriyar Məmmədyarov sürətli şahmatın rapid növündə dünya çempionatının qızıl medalını məhz Xantı-Mansiyskdə qazanmışdır. Qrossmeysterimiz bir ay əvvəl bu şəhərdə iddiaçıların turnirində də pis oynamamışdır. Şahmat Məkkəsinə çevrilmiş Xantı-Mansiysk ən mötəbər yarışları yüksək səviyyədə təşkil etməklə FİDE-nin ona göstərdiyi etimadı layiqincə doğruldur.
Artıq bir neçə gündür ki, planetin şahmat orbitində daha bir ünvan görünmüşdür – Şəmkir. Burada unudulmaz qrossmeysterimiz Vüqar Həşimovun xatirəsinə həsr edilmiş “ Shamkir Chess 2014" beynəlxalq turniri iştirakçıların tərkibinə görə heç iddiaçıların Xantı-Mansiysk turnirindən də geri qalmır. Superturnir kimi dəyərləndirilən bu yarışa norveçli dahi, dünya çempionu Maqnus Karlsenin də dəvəti minnətdarlıqla qəbul etməsi çox şeydən xəbər verir. Sergey Karyakin (Rusiya), Fabiano Karuana (İtaliya), Hikaru Nakamura (ABŞ), Vüqarla birlikdə Azərbaycan milli komandasının şərəfini böyük yarışlarda müvəffəqiyyətlə qorumuş Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov da dünya şahmatında məşhur simalardır. ”B" turnirində isə Rusiya, Ukrayna, Fransa, Çin və Polşadan tanınmış qrossmeysterlərin oynadıqlarını da qeyd etməmək olmaz.
“Sinergy Group”un təşkilatçılığı ilə keçirilən “Shamkir Chess 2014" indi bu şəhəri və Azərbaycanı daha çox tanıtmaqla yanaşı, şübhəsiz, ölkəmizdə qədim və müdrik oyuna marağı bir qədər də artıracaq, onun sirlərinə yiyələnmək istəyən yeniyetmələrin sıralarının genişlənməsinə səbəb olacaq. Buna görə də xatirə turnirinin gələcəkdə ənənə şəklini alması, FİDE-nin təqvimində özünə daimi yer etməsi bizim üçün hər cəhətdən faydalı olar.
Bu arada Şəmkirdə
turlar bir-birini əvəz edir. Üçüncü turda Karyakin-Karlsen, Rəcəbov-Karuana görüşləri
heç-heçə başa
çatmış, Nakamura Məmmədyarova
qalib gəlmişdir.
Üç turdan sonra əvvəlkitək Karlsen liderdir-2,5 xal. Rəcəbov, Nakamura,
Karyakin, Karuana 1,5, Məmmədyarov 0,5 xal toplamışlar.
Dünən keçirilən dördüncü
turda Rəcəbov
Nakamura ilə, Məmmədyarov
Karyakinlə görüşmüşlər. Daha bir oyunda Karuana və Karlsen qarşılaşmışlar.
“B” turnirində isə
ilk üç turda ən yaxşı nəticəni Etyen Bakro göstərmişdir. Fransalı
qonağımız iki
qələbə və
bir heç-heçə
sayəsində 2,5 xal toplayaraq vahid lider olmuşdur.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2014.- 24 aprel.- S. 10.