Samux: Quruculuq,
abadlıq rübü
Samux Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Rayon icra hakimiyyətinin başçısı Alı Qocayev hesabat məruzəsi ilə çıxış etmişdir. Qeyd etmişdir ki, 2014-cü il Samux rayonu üçün uğurla başlamış və birinci rub ərzində geniş tikinti - quruculuq, abadlıq işləri həyata keçirilmişdir.
Hesabat dövründə bütün sahələrdə müsbət nəticələr əldə olunmuşdur. 2014-cü ilin birinci rübünün yekunlarının əsas iqtisadi göstəricilərinin təhlili bunu deməyə əsas verir. Belə ki, birinci rübdə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 15,9 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 6,9 faiz çoxdur. Cari ilin ilk rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 15 faiz artaraq 6,6 milyon manat, tikinti 2,8 dəfə artaraq 0,7 milyon manat, ticarət dövriyyəsi 2,4 faiz artaraq 6,6 milyon manat təşkil etmişdir. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 5,7 faiz, əhalinin gəlirləri 3,6 faiz, orta aylıq əmək haqqı 4,6 faiz, əsas kapitala yönəldilən investisiya 3,4 dəfə artmışdır.
Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və hesabat dövründə 155 yeni iş yeri yaradılmışdır ki, onların da hamısı daimidir.
Cari ilin birinci rübünün əvvəlində rayon mərkəzinin Heydər Əliyev prospektində əsaslı təmir-bərpa işlərinə başlanmışdır. Prospekt genişləndirilmiş, 1600 poqonometr bardür yenisi ilə əvəz edilmişdir. 4900 kvadratmetr yeni səki salınmışdır. Səkilərə 1400 kvadratmetr tamet düzülmüş, 3500 kvadratmetr hissəsinə isə asfalt örtüyü vurulmuşdur. Genişləndirilmiş hissələrə isə 1400 kvadratmetr yeni asfalt örtüyü salınmışdır. Prospektin kənarlarındakı ağaclarda budama işləri aparılmışdır. Hazırda prospektdə işlər davam etdirilir.
Rüb ərzində Qarayeri qəsəbəsində və Sarıqamış kəndində də abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Qarayeri qəsəbəsinin mərkəzi küçəsində 13 ədəd müasir işıqlandırma dirəyi quraşdırılmışdır. Qəsəbədə fəaliyyət göstərən 1 və 2 saylı uşaq bağçalarında təmir işləri aparılmışdır. Sarıqamış kəndində sakinlər üçün istirahət güşəsi yaradılmışdır.
Ötən il olduğu kimi, bu il də rayonda ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir. Hesabat dövründə tikintisinə 2013-cü ildə başlanmış 360 şagird yerlik Əhmədbəyli kənd tam orta məktəbinin üçmərtəbəli yeni binası istifadəyə verilmişdir. Məktəb müasir avadanlıqlarla təchiz edilmişdir.
Samux şəhərində 100 yerlik iki uşaq bağçasının tikintisi üçün layihə-simeta sənədləri hazırlanmış, torpaq ayrılması işləri başa çatdırılmışdır. Artıq uşaq bağçalarından birinin tikintisinə başlanmışdır.
2014-cü ilin birinci rübündə rayonun Gəncə-Samux, Samux-Çobanabdallı-İnstitut, Qarayeri-Alabaşlı yollarında təmir işləri aparılmışdır. Eyni zamanda, Qırmızı Samux qəsəbəsində, Kəsəmən və Burunqovaq kəndlərində giriş yollarına balans verilərək hamarlanmışdır. Yenikənd-Poylu və Poylu-Burunqovaq yollarında da cari təmir işləri görülmüşdür.
Rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayan özəl bölməyə də xüsusi diqqət verilir. Məhz bunun nəticəsidir ki, rüb ərzində 112 yeni sahibkarlıq subyekti fəaliyyətə başlamışdır. Hazırda ümumi məhsul buraxılışının həcmində qeyri-dövlət sektorunun payı 82,6 faizdir. Rüb ərzində Sarıqamış kəndində 2500 başlıq iri biynuzlu mal-qara üçün nəzərdə tutulmuş heyvandarlıq kompleksinin tikintisi davam etdirilmişdir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən inşa olunan “Aqroenerji” kompleksinin tikintisində işlər sürətləndirilmişdir. Rub ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 25 layihə üzrə 329 min manat güzəştli kredit verilmiş və bunun hesabına 38 yeni iş yeri yaradılmışdır.
İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən rayonda cari ildə sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. Bu ilin məhsulu üçün 9583 hektar sahədə payızlıq səpin aparılmışdır. Aparılmış səpinin 4764 hektarı buğda, 4281 hektarı arpa, 538 hektarı isə xəsildir. 1642 hektar sahədə yazlıq bitkilərin səpini həyata keçirilmişdir. Onlardan 140 hektarı kartof, 284 hektarı tərəvəz, 740 hektar sahədə günəbaxan, 249 hektarı çoxillik otlar, 203 hektar şəkər çuğunduru və s. olmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2014-cü il tarixli sərəncamı bunun əyani sübutudur. Həmin sərəncama əsasən bu il rayonun ən çox ehtiyac duyulan ərazilərində 13 ədəd subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, rayonda suvarmanın səmərəli təşkili məqsədi ilə rüb ərzində 91 ədəd nasos, 12 ədəd elektrik avadanlığı təmir edilmişdir. Suvarmaya xidmət göstərən subartezian quyularının işlək vəziyyətdə saxlanılması istiqamətində müvafiq işlər əsasən yerinə yetirilmişdir. Kanallarda 15 hidrotexniki qurğu, 4 hidrotexniki post təmir edilmişdir. Gəncə, Qoşqar və Qabırrı çaylarında selin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.
Rayon əhalisinin elektrik enerjisinə, mavi yanacağa və içməli suya tələbatının ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün hesabat dövründə 2 ədəd müxtəlif güclü transformator əsaslı, 14-ü isə cari təmir edilərək istismara verilmişdir . Yararsız dayaqlar yenisi ilə əvəz edilmişdir. Fərdi abonentlərə 146 ədəd sayğac dəsti quraşdırılmış, 220 ədəd sayğac yararsız olduğu üçün yenisi ilə əvəz olunmuşdur.
Rayon icra hakimiyyətində yaradılmış “Qaynar xətt”ə daxil olan məlumatlar və vətəndaşların yazılı müraciətləri göstərir ki, əhalinin elektirik enerjisi ilə təminatında bir sıra problemlər mövcuddur. Xüsusilə küləkli havalarda rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verlişində fasilələr yaranır. İclasda qeyd olunmuşdur ki, bundan ciddi nəticə çıxarılmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməlidir.
Rüb ərzində əhali təbii qazla fasiləsiz olaraq təmin olunmuşdur. Bu məqsədlə yüksək və aşağı təzyiqli xətlərdə təmir-bərpa işləri aparılmışdır. Hesabat dövründə 131 abonent qeydiyyata alınmış , hər bir abonent məişət qaz sayğacı ilə təmin edilmişdir. Ümumilikdə rüb ərzində 368 abonentə qaz sayğacı quraşdırılmışdır.
İstehlak olunmuş enerjinin və təbii qazın dəyərinin vaxtında və tam ödənilməsi üçün rayon icra hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərargah tərəfindən müvafiq işlər aparılmış və müsbət nəticələr əldə olunmuşdur. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 88,76 faizi, təbii qazın dəyərinin 90,2 faizi yığılmışdır.
Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. Rüb ərzində əsas telefon aparatlarının sayı 25 ədəd artırılaraq, 8300-ə çatdırılmışdır. 256 ədəd yeni yüksəksürətli internet portu quraşdırılmış və onların sayı 2552-yə çatdırılmışdır. Hazırda rayonda internet xidmətindən 2264 abunəçi istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən 59,8 faiz çoxdur. Telekommunikasiya Qovşağı tərəfindən geniş zolaqlı yüksəksürətli internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və portların sayının daha da artırılması istiqamətində işlər aparılır.
Poçt xidmətinin yaxşılaşdırılması məqsədilə Yuxarı Ağasbəyli kəndində yeni poçt şöbəsi istifadəyə verilmiş, Alabaşlı qəsəbəsində, Seyidlər və Füzuli kəndlərində poçt şöbələri üçün yeni binaların tikintisi ilə bağlı işlər aparılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2014-cü il fevral ayının 17-dən ölkədə çox mühüm bir kampaniya-əhalinin kütləvi müayinəsinə başlanılmışdır. Aprel ayının 17-nə olan məlumata əsasən, rayon əhalisinin 37387 nəfəri və ya 67 faizi tibbi müayinədən keçmişdir. Müayinə olunanların 6088 nəfəri və ya 16 faizi ambulator müalicəyə cəlb olunmuşdur. Onlardan 88 nəfər isə daha ətraflı müayinə olunmaq üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir. Rayon əhalisinin müayinəsi davam etdirilir və may ayının 1-dək tam başa çatacaqdır.
Alı Qocayev və digər çıxış edənlər belə bir fikri dönə-dönə vurğulamışlar ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələri həyata keçirmək üçün bu gün dünənkindən, sabah isə bugünkündən yaxşı işləmək lazımdır.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2014.- 24 aprel.- S. 10.