Xalq yazıçısı Anarla görüşdə xalqın maraq və mənafelərindən söz açıldı
Azərbaycan dövlətinin gənclər siyasətini reallaşdırmalı olan qurumlar sırasında ali və orta ixtisas məktəblərinin rolu xüsusi əhəmiyyət kəsb edir.
Bu zümrədən olan bütün müəssisələr kimi, Azərbaycan Dövlət Pedaqoji Kolleci də silsilə tədbirlərə müəlliflik və ev sahibliyi edir. Kollecin növbəti tədbiri Akademik Milli Dram Teatrında reallaşdırıldı. Müasir Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan xalq yazıçısı Anarla görüşün daha məzmunlu və səmərəli keçirilməsi üçün teatrın səhnəsi də, zalı da tələbələrin ixtiyarına verilmişdi.
Tədbiri kollecin direktoru, filologiya elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana xanım Əliyeva açaraq qeyd etdi ki, bugünkü qonaqlar sırasında Milli Məclisin deputatları, respublikanın tanınmış ziyalıları, görkəmli elm xadimləri və yaradıcı insanlar vardır. Xüsusilə vurğulanmalı qonaq isə yaradıcılığının işığına toplaşdığımız görkəmli nasir və ictimai-siyasi xadim Anar Rzayevdir.
Natiq qeyd etdi ki, milli söz sənətimizin görkəmli simalarının ailəsində dünyaya gəlmiş xalq yazıçısı Anar təkcə Azərbaycan ədəbiyyatının inkişafında və beynəlxalq aləmdə təbliğində, tanıdılmasında deyil, eləcə də xalqımızın maraq və mənafelərinin qorunması zərurəti ortaya çıxarkən həmişə çox böyük nailiyyətlərə imza atmış ictimai-siyasi xadimdir. Onun Dağlıq Qarabağ münaqişəsinin közərdiyi ilk illərdə SSRİ xalq deputatları qurultayının tribunasından etdiyi çıxışlar, 20 Yanvar faciəsi günlərində nümayiş etdirdiyi qətiyyət, daim xalqın yanında olması heç zaman heç kəsin yadından çıxmayacaq. Eyni zamanda, Anar Azərbaycan milli-mənəvi dəyərlərinin ən görkəmli abidələrindən olan “Kitabi-Dədə Qorqud”dastanı, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli mövzusunda olan dəyərli ekran əsərlərinin müəllifidir. Yəni, xalqımızın və dövlətimizin milli maraqlarının qorunması zərurəti yaranan istənilən məqamda Anar bu vəzifənin öhdəsindən layiqincə gəlib.
Yazıçının həyat və yaradıcılıq yolunun müxtəlif məqamlarını özündə əks etdirən fotoların da yer aldığı video-çarxın nümayiş etdirilməsindən sonra milli teatrımızın səhnəsi kollec tələbələrinin ixtiyarına verildi. Tələbələrin ustad yazıçının əsərlərindən seçmələr əsasında hazırladıqları ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Gənc sənətsevərlər üçün bu alqışlar nə qədər dəyərli olsa da, xalq yazıçısının onların ünvanına səsləndirdiyi qiymətləndirmələr bir o qədər əziz idi.
Yeri gəlmişkən, Anarın tədbirin təşkilatçılarının, qonaqların və bütün oxucuların, tamaşaçıların ünvanına səsləndirdiyi minnətdarlıq ifadələri, kollec rəhbərliyinin bu qəbildən olan tədbirlər silsiləsini davam etdirmək istəyini dəstəkləməsi də auditoriya tərəfindən maraqla qarşılandı. Kollec tələbələrinin bu görüşü heç zaman unutmayacağını sübut edən bir məqam isə ondan ibarət idi ki, tədbirin üç saatdan çox çəkməsinə baxmayaraq, tələbələr gül-çiçək yağışına qərq etdikləri qocaman xalq yazıçısından ayrılmaq istəmirdilər. Onların hər biri görkəmli ədiblə görüş zamanı çəkdirdiyi şəkli tələbəlik illərinin ən əziz xatirələrindən biri kimi qoruyacaq, saxlayacaq.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2014.- 24 aprel.- S. 11.