Xəzər rayonunda gənclərlə bağlı tədbirlər keçirilmişdir

 

Xəzər Rayon Gənclər və İdman İdarəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının  icrasının təmin edilməsi, xüsusi istedada malik olan gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsi,  müxtəlif sahələrdə istedadlı gənclərin üzə çıxarılması məqsədilə bir sıra ənənəvi tədbirlər keçirir. Gənclər evində aprelin 23-də rayon tam orta məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş bədii qiraət müsaqibəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb etmişdir.

Tədbirdə çıxış edən XRGİİ-nin rəisi Vüqar Əliyev, Şüvəlan Mədəniyyət Evinin bədii rəhbəri Afaq Bayramova Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə nail olmaq məqsədilə keçirilən bu cür tədbirlərin əhəmiyyətini qeyd etmiş, gələcəyin qurucusu olan gənc nəslin üzərinə düşən vəzifələrdən danışmışlar. Bədii qiraət müsabiqəsi maraqlı mübarizə şəraitində keçmişdir. Yekun nəticələrə görə Nigar Həmzəyeva (234 saylı orta məktəb), Fidan Babayeva (125 saylı orta məktəb), Səbinə Zeynallı (230 saylı orta məktəb) ilk üç yeri tutmuşlar.

Həmin gün Gənclər evində gənc rəssam Rəfiqə Ramiz qızının “Solmayan rənglər” adlı rəsm və əl işlərinin sərgisi də nümayiş etdirilmişdir. Sərgi gənclərin marağına səbəb olmuşdur. Sərgidə Xəzər İnkişaf Fondunun sədri İlqar Mustafayev, YAP Xəzər Rayon Təşkilatının sədri Namik Əhmədov, XRGİİ-nin rəisi Vüqar Əliyev, Ə. Baxşıyev adına Texnirki Yaradıcılıq Mərkəzinin direktor müavini Rafiq Rəhimov da qonaq qismində iştirak etmişlər. Gənclərin tədbirlərində fərqlənənlərə XRGİİ-nin diplom və hədiyyələri təqdim olunmuşdur.

 

Leyla QURBANOVA

 

Xalq qəzeti.- 2014.- 25 aprel.- S. 4.