Azərbaycanda investisiya qoyuluşu üçün əlverişli biznes mühiti
yaradılmışdır
Bu gün Azərbaycanda müxtəlif sahələri əhatə edən dövlət proqramları uğurla həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər öz müsbət həllini tapır. İstehsal və sosial infrastruktur obyektləri, yeni iş yerləri yaradılır, aqrar sahədə müsbət dinamika davamlı xarakter alır. Təhsilə, elmə, mədəniyyətə, səhiyyəyə və idmana dövlət qayğısı durmadan artır.
Hazırda iqtisadi potensialımızın artırılması üçün böyük imkanlar vardır. Çünki biz artıq iqtisadiyyatımızı şaxələndirə bilmişik. Keçən il qeyri-neft sektorumuz təxminən 10 faiz, bu ilin üç ayında isə təxminən 8,8 faiz artmışdır. Yəni bu, onu göstərir ki, iqtisadiyyatla bağlı qarşıda duran əsas vəzifələr uğurla icra olunur. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Son on il ərzində Azərbaycan kimi iqtisadi sahədə sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bu, böyük tarixi nailiyyətimizdir. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir, iqtisadi potensialımız artır, iqtisadiyyat üç dəfədən çox artmışdır. Ölkədə böyük sosial layihələr, sosial proqramlar icra edilir, iqtisadi islahatlar, eyni zamanda, sosial məsələlərin həllində də bizə kömək göstərir”.
İqtisadi islahatlar qarşıdakı illərdə də davam etdiriləcəkdir. Azərbaycanda çox güclü sənaye potensialının yaradılması nəzərdə tutulmuşdur. Bundan sonra Azərbaycan iqtisadiyyatı əsasən qeyri-neft sektoru hesabına inkişaf edəcəkdir. Artıq bu istiqamətdə ciddi uğurlar əldə edilib və bölgələrdə aparılan işlər, sənayenin, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı olan təşəbbüslər öz səmərəsini verməkdədir.
Ölkəmizin sosial-iqtisadi sahələrdə əldə etdiyi müsbət göstəricilər nüfuzlu beynəlxalq reytinq qurumlarının hesabatlarında da öz ifadəsini tapır. Dünyanın aparıcı “Fitch”, “Moody’s” və “Standard & Poor’s” reytinq agentlikləri, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi, habelə digər qurumların hesabatlarında Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ilə bağlı mühüm nəticələr, o cümlədən ölkəmizdə investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi məsələləri diqqətə çatdırılır. Məsələn, bu günlərdə Dünya İqtisadi Forumu 2014-cü il üçün yeni hesabatını yaymışdır. “Dünya ticarətinə cəlb edilmə – 2014” (“The Global Enabling Trade Report - 2014”) adlı sənəddə Azərbaycan 138 ölkə arasında 77-ci pillədə qərarlaşmışdır.
Dünya İqtisadi Forumunun dərc etdiyi sənəd “Daxili bazara çıxış”, “Sərhəddə inzibati idarəetmə”, “İşgüzar mühit” və “Nəqliyyat və kommunal infrastruktur” kimi dörd göstərici əsasında tərtib edilmişdir. Daxili bazara çıxış göstəricisi üzrə Azərbaycan 2014-cü ildə 66-cı, sərhəddə inzibati idarəetmə üzrə 94-cü, işgüzar mühit göstəricisi üzrə 58-ci, infrastruktur səviyyəsi üzrə isə 45-ci olmuşdur.
Sənəddə həmçinin Azərbaycanda özəl bölmənin inkişafı sahəsində əldə edilən uğurlar da öz ifadəsini tapmışdır. Məsələn, respublikamız “Biznes – biznes sövdələşmələrində İKT-dən istifadə” üzrə 46-cı, həmçinin “Biznes – müştəri sövdələşmələrində İKT-dən istifadə” komponentləri üzrə 50-ci yeri tutmuşdur. Əlbəttə, bütün bunlar təsadüfi deyil. Çünki ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir və bu istiqamətdə dövlət dəstəyi tədbirləri davam etdirilir. Bunun nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artmış, məşğulluqda özəl sektorun payı 73,9 faizə, vergi daxilolmalarında 72,4 faizə yüksəlmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir.
Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılmış və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunmuşdur. Biznesin qeydiyyatı və investorların maraqlarının müdafiəsi, tikintiyə icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlak hüquqlarının dövlət qeydiyyatı, kreditlərin verilməsi, idxal-ixrac əməliyyatları, müəssisələrin bağlanması sahəsində qabaqcıl ölkələrin təcrübəsi öyrənilmişdir. Fərmanla müəyyənləşdirilmiş vəzifələrin icrası, həyata keçiriləcək tədbirlər Azərbaycanın xarici investisiyalar üçün cəlbediciliyini artırmaqla yanaşı, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən iqtisadi sahədə hazırlanan hesabatlarda da ölkəmizin mövqeyini daha da yaxşılaşdıracaqdır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, müstəqillik illərində Azərbaycanda aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmini qat-qat artırmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar investisiyanın cəlb edilməsi heç də adi fakt deyil. Sevindirici haldır ki, ölkəmizə yatırılan sərmayənin həcmi ilbəil artmaqdadır. Təkcə ötən il ölkə iqtisadiyyatına 28 milyard dollar, başqa sözlə, rekord həcmdə sərmayə yatırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında demişdir: “Çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına cəlb edək. Əlbəttə ki, bu, o qədər də asas məsələ deyildir... Ancaq Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik. Biz bu məsələlər ətrafında işləməliyik”.
Bu gün Azərbaycan həm də öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə, onu zənginləşdirməkdə davam edir. Hazırda enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz Avropanın enerji bazarında da mühüm oyunçuya çevrilir, onun enerji təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, bu gün bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir.
Arxada qalan 10 il Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm mərhələ olmuşdur. Biz ümummilli lider Heydər Əliyevin siyasi kursuna, yaratdığı ictimai-siyasi sabitliyə və iqtisadi bazaya, xalqın möhkəm dəstəyinə söykənərək çox böyük uğurlara imza atmışıq. Həm ölkənin ümumi inkişaf konturlarını, həm də ayrı-ayrılıqda hər bir sahədə görüləcək işləri əhatə edən çoxsaylı dövlət proqramları qəbul olunmuş və uğurla icra edilmişdir. Bu işlərin görülməsi daxili sosial-iqtisadi inkişafın təminatına, vətəndaşların rifahının yüksəldilməsinə və cəmiyyət qarşısında duran digər problemlərin həllinə mühüm təsir göstərmişdir. Azərbaycanın yeni neft strategiyasının işə düşməsi bütün gələcək planlarımızı reallaşdırmağa geniş imkanlar açmışdır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin, daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi, Xəzərin karbohidrogen ehtiyatlarının ixrac infrastrukturunun yenilənməsi və şaxələndirilməsi Azərbaycan neftinin və qazının birbaşa Avropa və dünya bazarına çıxışını təmin etmişdir ki, bu da təkcə keçən on ilin deyil, bütövlükdə müstəqillik tariximizin ən önəmli hadisələri sırasına daxil olmuşdur.
Burada bir məqama da diqqət yetirək. Azərbaycanda qeyri-neft sektorunun inkişafının prioritet
istiqamətlərdən biri
olduğunu vurğulayan
Prezident İlham Əliyev davamlı tərəqqinin təmini baxımından respublikada
güclü sənaye
potensialının yaradılmasını
vacib sayır. Dövlət
başçısı haqlı
olaraq vurğulayır
ki, hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye
potensialının rolu
böyükdür. Azərbaycan hazırda
inkişafının elə
mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər,
ilk növbədə, bu
sahəyə diqqətin
artırılması aktual
məsələ kimi gündəmə gətirilir.
Son on ildə Azərbaycan iqtisadiyyatının
bütün sahələrində
olduğu kimi, sənayenin inkişafında
da böyük uğurlar qazanılmış,
sənaye məhsulları
istehsalının həcmi
2,7 dəfə artmışdır. Bu müddət
ərzində rəqabətqabiliyyətli
müasir sənaye sahələrinin yaradılması,
sənayenin infrastruktur
təminatının yaxşılaşdırılması
sahəsində çoxsaylı
layihələr icra edilmiş, yeni iş yerləri açılmış, ölkə
sənayesi yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur.
Ölkə iqtisadiyyatında əldə olunmuş makroiqtisadi sabitlik, dinamik iqtisadi artım, yoxsulluğun azaldılması və əhalinin sosial rifahının yüksəldilməsi
sahəsində qazanılan
uğurlar Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən sistemli və ardıcıl fəaliyyətin nəticəsidir.
Dövlətimizin başçısının
2014-cü ili “Sənaye ili” elan etməsi keyfiyyətcə yeni mərhələdə Azərbaycanın
inkişaf etmiş ölkələr səviyyəsinə
yüksəlməsi istiqamətində
aparılan məqsədyönlü
fəaliyyətin məntiqi
davamıdır.
Sənayeləşmənin reallaşdırılması üçün
İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanan
müvafiq tədbirlər
planında əsas tezislər öz əksini tapmışdır. Bunlar hazırkı mərhələdə
müasir çağırışlar
və yeni təşəbbüslər nəzərə
alınmaqla sənayenin
modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud
təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə
cəlb edilməsi, ənənəvi sənaye
sahələri ilə
yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye
parklarının yaradılması
və regionlarda sənaye potensialının
gücləndirilməsindən ibarətdir.
2004-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı dövlət
proqramları çərçivəsində
bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Güclü sənaye
potensialının inkişafı
üçün zəngin
xammal bazasının mövcudluğu, nəhəng
və çoxşəbəkəli
sənaye kompleksinin imkanlarının səfərbər
edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına
təkan vermişdir.
Azərbaycanda sənayenin inkişafına
neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya,
yeyinti və emal müəssisələri,
texnologiyalar, kimya kompleksi, mədənçıxarma
və filiz müəssisələri bu
sahənin inkişafı
üçün geniş
imkanlar yaratmışdır.
Yeni təsərrüfatçılıq
formalarından sənayeləşmənin
innovativ və mütərəqqi modeli olan sənaye texnoparklarının yaradılması
isə industrial cəmiyyətin
formalaşmasına güclü
zəmin yaradır. Dünyada sənayeləşmənin
qlobal xarakter alması zəminində Azərbaycanda sahibkarlığın
ən iri təşkilati-hüquqi forması
olan sənaye texnoparkları layihələrinə
üstünlük verilmişdir.
Sənaye texnoparkları müasir
iqtisadiyyatın əsas
kapitaltutumlu bölməsi
sayılır və bu parklarda sənayenin
bütün sahələrini
əhatə edən onlarca zavod fəaliyyət
göstərir. Mütəxəssislərin
fikrincə, bütün
bu uğurlar dövlətin maliyyə resurslarının dövlət
və icmal büdcə vəsaiti ilə idarə olunması istiqamətində
aparılmış məqsədyönlü
siyasətin növbəti
illərdə də davam etdirilməsinə əminlik yaratmışdır.
İqtisadiyyatın maliyyə dayanıqlığı
və xarici sərmayənin ölkəyə
cəlb edilməsi baxımından dövlətin
valyuta ehtiyatlarının
həcmi ciddi əhəmiyyətə malikdir. Məhz bu
səbəbdəndir ki,
Azərbaycan hökuməti
valyuta ehtiyatlarının
artırılması siyasətinin
davamlılığını təmin etmişdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları
ÜDM-in 70 faizinə bərabərdir.
Halbuki
2003-cü ildə bu göstərici cəmi 22 faiz idi. Həmçinin qeyd etmək
lazımdır ki, ölkəmizin valyuta ehtiyatları onun xarici borcundan 8 dəfə çoxdur.
Hazırda Azərbaycanın valyuta ehtiyatları 53 milyard dollardır. Bu məbləğ ölkəmizə 3 ildən
çox mal və xidmətlərin idxalına
imkan verəcək həcmdədir. Strateji valyuta
ehtiyatının çoxluğu,
heç şübhəsiz,
ölkəmizin maliyyə
dayanıqlığını və xarici investisiyaların cəlb edilməsində etibarlı
tərəfdaş imicini
gücləndirir. Həmçinin ölkəmizin muharibə
şəraitində olması
valyuta ehtiyatlarının
əhəmiyyətini daha
da artırır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir ki, biz öz vəsaitimizdən qənaətlə istifadə
etməliyik və büdcəmizi elə tutmalıyıq ki, Azərbaycanda valyuta ehtiyatları daim artsın. Bu, bizim
üçün həm
iqtisadi və siyasi təhlükəsizlik
məsələsidir, eyni
zamanda, biz gələcək
nəsillər haqqında
da düşünməliyik
və düşünürük.
Gələcək nəsillər üçün
elə güclü iqtisadiyyat qurmalıyıq
ki, Azərbaycanın perspektiv inkişafı ilə bağlı heç bir problem olmasın. Ona görə maliyyə
sahəsində düşünülmüş,
ölçülüb-biçilmiş addımlar və vəsaitdən qənaətlə
istifadə olunması
strateji xarakter daşıyır. Valyuta ehtiyatlarımızın
artması Azərbaycanın
həm dayanıqlı
inkişafını təmin
edir, həm də xarici tərəfdaşlarla münasibətlərimizi
daha da yüksək
səviyyəyə qaldırır.
Əlipənah
BAYRAMOV
Xalq qəzeti.- 2014.- 25 aprel.- S. 5.