Ekspertlər beynəlxalq
təşkilatların ikili standart siyasətini tənqid edirlər
İyirmi ildən çoxdur ki, həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın sərgilədiyi işğalçı siyasət, qeyri-konstruktiv mövqe qarşısında Qərb ölkələrinin və beynəlxalq qurumların Azərbaycana verdikləri boş vədlər ikili standartların hələ də davam etdiyini sübut edir. Bu ədalətsiz siyasətlə əlaqədar bir sıra tanınmış ekspertlərin fikirlərini öyrəndik.
Məzahir Əfəndiyev,
BMT-nin Bakı ofisinin proqramlar meneceri:
– Belə vəziyyət, dünyanın ən qaynar nöqtələrindən
biri olan Cənubi Qafqazda vəziyyətin ağırlaşmasına
təsir göstərən
amildir. Əslində, beynəlxalq hüquq
normaları çərçivəsində
Dağlıq Qarabağ
problemi o qədər qəliz məsələ deyil. Bütün sənədlərdə birmənalı şəkildə
təsdiq olunub ki, erməni silahlı qüvvələri
işğal etdiyi Azərbaycan torpaqlarından
qeyd-şərtsiz çıxmalıdır.
Lakin bu, mötəbər qurumların
qərar və qətnamələrində öz
əksini tapsa da, ortada konkret
iş, əməli nəticə yoxdur, işğalçı dövlətə
qarşı ən adi sanksiya belə
tətbiq edilməyib.
Və bu vəziyyətdən də Ermənistan dövləti sui-istifadə
edir. Heç şübhəsiz ki, beynəlxalq hüquq normalarını rəhbər tutaraq Azərbaycan dövləti
bu problemi bundan sonra ATƏT-in Minsk qrupundan daha yüksəyə – BMT Təhlükəsizlik
Şurası səviyyəsinə
qaldırmalıdır. Əslində müəyyən vaxtlarda bu məsələlər
qaldırılmışdır. Amma artıq bir az da ciddi formada
bu məsələnin
üzərinə getməyin
vaxtı gəlib çatmışdır.
Digər tərəfdən də, ikili standartların olması danılmaz faktdır. Xüsusilə Azərbaycanın həm müsəlman ölkəsi olması, həm də bu gün regionun
lider dövlətinə
çevrilməsi bizim
bəzi “dostlarımızı”
narahat edir. Onlar bir növ əllərindən
gələni edirlər
ki, biz bu münaqişənin həllində
qazanan tərəf olmayaq. Heç şübhəsiz ki, burada digər maraqlar da var. Elə dövlətlər
var ki, Dağlıq
Qarabağ ərazisində
istər separatçılığın,
istər terrorizmin, narkotik alış-verişinin
yayılmasında hətta
narkotiklərin qeyri-qanuni
kultivaziyası məsələlərində
maraqları var. Bu kimi
qeyri-qanuni iqtisadi-maliyyə
maraqlarının olması
da münaqişənin
sülh yolu ilə həllinə maneçilik törədən
amillərdəndir. Buna dünya ictimaiyyəti, sözsüz ki, öz sərt münasibətini bildirməlidir.
Lakin qeyd edim ki, bu
gün ABŞ-ın Suriya, İraq kimi məsələlərdə
başının qarışıq
olması, Avropa Birliyinin Ukrayna və Suriya hadisələrində göstərdiyi
aktiv siyasi gedişlər, Rusiyanın
həmçinin istər
postsovet ölkələrində
ki, dəyişilməz
maraqları, istərsə
də hazırda dünya siyasətində həlledici faktorlardan biri olması onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin
həlli ya bu qütblərin iştirakı ilə, ya da silah
gücünə həll
olunmalıdır. Yəni, sözün
həqiqi mənasında,
dünyanın başı
qarşıqdır. Biz
sülh yolunu seçmişik və yetərincə səbr nümayiş etdiririk.
Lakin nəticə budur ki, bu prizmadan
yanaşdıqda, Dağlıq
Qarabağ probleminin
Minsk qrupu çərçivəsində
həlli yaxın perspektivdə görünmür.
Buna görə də Azərbaycan dövlətinin bu münaqişənin həllində
olan dəyişilməz
maraqları istənilən
yolla öz həllini tapmalıdır.
Nəzərə alsaq ki, bu gün qloballaşmanın
təsiri var və dünyanın hegemon dövlətləri
xəritəni öz xeyirlərinə dəyişmək
istəklərini gizlətmirlər.
Son Suriya və
Ukrayna hadisələri
də buna əyani sübutdur.
Bu hadisələr xəbər
verir ki, yaxın perspektivdə dünyada gözlənilməz
ərazi dəyişiklikləri
ola bilər.
Bu proseslər bizim işğal olunmuş torpaqlarımızın
geri qaytarılması
məsələsini ardıcıl
olaraq dünya ictimaiyyətinin diqqətinə
çatdırmağı sürətləndirməmizi
zəruri edir. Dünyadakı gərgin siyasi
vəziyyət bunu bizdən belə tələb edir. Düşünürəm ki, istər
ATƏT çərçivəsində, istərsə də BMT daxilində bu münaqişə daha yüksək kollegial qurum tərəfindən idarə olunmalıdır.
Əkbər Qoşalı, yazıçı-publisist,
Azərbaycanda Atatürk
Mərkəzinin ictimai-siyasi
şöbəsinin müdiri,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının sədri:
— “Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi” adlanan,
əslində isə Ermənistanın Azərbaycan
torpaqlarını işğalı
faktına, başqa sözlə, bu ölkənin Azərbaycana
qarşı elan olunmamış müharibəsinə
münasibətdə Qərbin
yürütdüyü ikili
standartlar, çox təəssüf ki, günümüzdə də
davam etməkdədir.
Baxın, Ukraynanın bir parçası olan Krımla bağlı Rusiya kimi böyük bir dünya gücünə sanksiyalar tətbiq edən Avropa Qarabağ məsələsi gələndə, kiçik Ermənistandan sanki çəkinirmiş, ehtiyat edirmiş kimi davranır. El sözü ilə desək, “gah nala gah da mıxa vurur”... Bu, necə demokratik dünyadır?
Bir daha əmin oluruq ki, bizim nicatımız milli birlikdə, dövlət-xalq birliyindədir! Avropada, Qərbdə, Şimalda, Cənubda nicat axtaranların xəyalları puç olacaq. Biz Azərbaycan olaraq, Türk dünyası olaraq güclənməliyik. Möhtərəm Prezidentimizin Azərbaycanın haqlı mövqeyi, tarixi haqları, ilbəil artan iqtisadi qüdrəti ilə bağlı, Nazirlər Kabinetinin son toplantısında səsləndirdiyi fikirlər, gətirdiyi faktlar hər bir vətəndaşımızda qürur hissi yaradır. Bu qürur hissi, eyni zamanda, inamımızı daha da gücləndirir ki, biz nəinki Qarabağa, zaman-zaman tarixi Azərbaycan torpaqları olan Göyçə, Zəngəzur, İrəvan və başqa yurdlarımıza, mahallarımıza da qayıdacağıq!..
Bax, bu anlamda, Qərbin ikili standartlarına biz artıq öyrəşmişik. Ancaq onlar nə nə zamansa fərqinə varacaqlar ki, bu standartlar yalnız ondan əziyət çəkənlərə deyil, çox da uzaq olmayan gələcəkdə özlərinə də problem yaradacaq... Dünya yalnız Qərbdən, Avropadan ibarət deyil... Ölkələr yalnız beynəlxalq münasibətlər sistemini düşünmür... İstər-iztəməz, daxili dəyərləndirmələrin aparılması; xalqın Vətənin müdafiəsi işinə hazırlanması; başqa məkanların, başqa geopolitik konfiqurasiyaların aranması, qurulması və s. işlər stimullaşdırılmış olur... Mən bunu sırf Azərbaycan timsalında demirəm, ümumən belə bir nümunə mövcuddur...
Vüsalə Hüseyinli, Demokratik
İslahatçı Gənclər Birliyinin
sədri:
— Qərb ölkələri, beynəlxalq birlikləri və təşkilatları həmişə bəyanatlarında insan hüquq və azadlıqlarından, sərhədlərin toxunulmazlığından, ölkələrin ərazi bütövlüyünə hörmətin vacibliyindən ağız dolusu danışırlar. Lakin baxın, onlar Əfqanıstana, İraqa, Liviyaya bu adla gəldilər. Bu prinsiplərin bərpası üçün. Lakin əvəzində nə oldu? Adını çəkdiyimiz dövlətlər daha pis, daha acınacaqlı vəziyyətə düşdülər. Hazırda bu ölkələrin sosial rifah və mədəni səviyyəsində gördüyümüz dəhşətli gerilik bunun əyani sübutu deyilmi ? İndi də Ukrayna bölünür. Qərb dövlətləri Krım problrmində Rusiyanın sanki üstünə getmiş kimi üç-beş kəskin bəyanat verməklə məsələnin bitdiyini zənn edirlər. Bir tərəfdən Ukraynaya kömək edəcəklərini bildirirlər, digər tərəfdən Rusiyanın üstünə siyasi bəyanatlarla həmlələr edir, başqa bir tərəfdən isə prosesləri sadəcə seyrçi kimi izləməyi daha məqsədəuyğun hesab edirlər. Burada isə artıq bir neçə üzlü siyasət, ikili deyil, hətta üçlü... standart siyasət sərgilənir. Uzun illərdir ki, Azərbaycanı da bu kimi istiqaməti bəlli olmayan riyakar siyasətlə arxayın salmışlar və ölkəmizi konkret addımlar atmaqdan çəkindirmiş, özləri də bunun əvəzində Ermənistana heç bir kiçik sanksiya belə tətbiq etməmişlər. Budurmu Qərb demokratiyası, Avropa ədaləti? Tarixən Avropa bu kimi oyunlarla öz məqsədlərini həyata keçirməyə çalışmışdır. Təəssüf ki, zaman keçmiş, lakin bu kurs dəyişməmişdir. Tarixən necə idisə, indi də o cürdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vaxt gəlib çatıb ki, biz bu məsələ ilə bağlı fikrimizi daha da açıq şəkildə ifadə edək. Biz bu ikili standartlardan yorulmuşuq. Bu qədər ədalətsizliyə dözmək mümkün deyildir... Biz isə bununla heç vaxt barışmayacağıq.
Anar TURAN
Xalq qəzeti.- 2014.- 25 aprel.- S. 5.