Milli İncəsənət Muzeyində sərgi

 

Azərbaycan Milli İncəsənət Muzeyində İnna Kostina və Liya Şvelidzenin əsərlərindən ibarət sərgi açılıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Azərbaycanın istedadlı və çoxşaxəli yaradıcılıq diapazonuna malik tanınmış rəssamlarından biri olan İnna Kostina 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan rəsmə olan böyük həvəsi onu 1980-ci ildə Moskva İncəsənət Texnikumunun rəngkarlıq fakültəsinə gətirir. 1984-cü ildə texnikumu müvəffəqiyyətlə bitirərək, 1984-89-cu illərdə Moskva Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutunun Bədii film və Televiziya üzrə quruluşçu rəssam fakültəsində təhsilini davam etdirir. O, hal-hazırda Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Kinematoqraçılar İttifaqının üzvüdür. Çoxcəhətli yaradıcılığa və istedada malik olan rəssam Prezident təqaüdçüsü, bir çox yerli və xarici müsabiqələrin laureatı, diplomçusudur. İnna Kostina Azərbaycanda və xarici ölkələrdə keçirilən 250-dən artıq sərginin iştirakçısıdır.

İnna Kostina 1996-cı ildən “7 əlvan kəpənək” uşaq incəsənət studiyasının yaradıcısı və rəhbəridir. Rəssamın əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Rusiyanın Tomsk Vilayət İncəsənət Muzeyində, Gürcüstanın “Old Gallery” və “Karvasla Muzey Mərkəzi”ndə, İtaliyanın “II Leone İncəsənət Mərkəzi”ndə, eyni zamanda Azərbaycan və 25-dən artıq xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Liya Şvelidze məşhur rəssam Bedcan Şvelidzenin ailəsində doğulmuşdur. O, Gürcüstan Rəssamlıq Akademiyasınında rəssamlıq təhsili almış, 1980-ci ildən başlayaraq onun əsərləri bir neçə ölkələrdə nümayiş olunmuşdur. Məşhur gürcü avanqardistlərinin “Marcanaşvili Studio” qrupunun fəal üzvü kimi Almaniya, Rusiya, Estoniya və bir çox ölkələrdəki sərgilərdə iştirak etmişdir. 1990-cı illərdə ölkəsindəki ağır siyasi və sosial çətinliklərə baxmayaraq, o, sərgi fəaliyyətini davam etdirmişdir. Onun yaradıcılıq üslubundakı abstraksionizm-ekspressionizm dəyişərək yeni məzmun daşımağa başlamışdır. L.Şvelidzenin əsərlərində mövzü bütün zamanların əsas qəhrəmanı olan qadın obrazıdır.

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2014.- 25 aprel.- S. 5.