Zərdab: İllərin uğur
estafeti davam edir
Kiçik bir jurnalist araşdırması
üçün son illər Zərdab rayonunda inkişaf və
irəliləyişi, tikinti-abadlıq və quruculuq işlərini
ayrı-ayrı illər üzrə təhlil etməyə,
fakt, rəqəm və göstəricilər əsasında
müqayisə aparmağa çalışdım. Gəldiyim konkret nəticə
belədir: Zərdabda yeniləşmə prosesləri son
vaxtlar yüksələn xətt üzrə getmiş, dinamik
xarakter almış, bütün sahələri əhatə
etmişdir.
Bu barədə bir qədər geniş
danışmağımız heç də təsadüfi
deyil. Çünki, bəzən ilk gündən
götürülən temp yavaş-yavaş azalır, sanki, hər
şey əldə edilibmiş kimi əsassız bir
arxayınçılıq yaranır. Belə
zahiri təmtəraq və süni effekt isə, əlbəttə,
adamların haqlı narazılığına səbəb
olur. Zərdabda isə dediyimiz kimi, sürət
nəinki azalmır, əksinə, ildən- ilə daha da
artır. Gəlin, son illər tikintisi başa
çatdırılmış və hazırda da davam etdirilən
müxtəlif təyinatlı obyektlərlə, abadlıq və
quruculuq işlərinin coğrafiyası ilə, ümumiyyətlə,
rayonda əldə edilmiş böyük inkişaf və
yüksəlişlə daha yaxından tanış
olaq.
2007-ci ildə
rayonda əsas kapitala yönəldilən investisiyalar 1 milyon
295 min manat təşkil edirdisə, 2013-cü ilin sonunda bu rəqəm
32 milyon 600 min manat təşkil etmişdir. Ümumi daxili məhsul
istehsalı bu müddətdə 37 milyon manatdan 99,8 milyon manata qədər yüksəlmişdir.
Rayonun büdcəsi 6 ildə 2 dəfə,
şəhər təsərrüfatının
inkişafına ayrılan vəsaitin həcmi isə 5 dəfəyə
qədər artmışdır. Həyata keçirilən
genişmiqyaslı tədbirlər nəticəsində ötən
il rayonda 329, son 10 ildə isə 8 mindən
çox yeni iş yerləri açılmışdır.
Zərdab, əsasən, kənd təsərrüfatı
rayonu olduğundan iqtisadiyyatın bu sahəsində son illər
əsaslı irəliləyiş təmin olunmuşdur. Dövlət
başçısının kənd təsərrüfatı
məhsulları istehsalçılarına
qayğısından ruhlanan fermerlər 2009-cu ildə rayonun
tarixində ilk dəfə 52382 ton taxıl istehsal etmişlər
ki, bu da 2003-cü ilə nisbətən 2,5 dəfə
çox, adambaşına 1 ton məhsul deməkdir. 2010-cu ildə Kür çayının,
Göyçay və Türyançayın daşması kənd
təsərrüfatına ciddi ziyan vurmuş və məhsul
istehsalı nisbətən azalaraq 34498 ton təşkil
etmişdir. 2011-ci ildən başlayaraq bu
sahəyə diqqət yenidən artırılmış və
2013-cü ildə 47097 ton və ya əvvəlki ilə nisbətən
8048 ton çox taxıl istehsal edilmişdir. Rayonda ötən illərdə iri mal 54048,
qoyun-keçilər isə 111123 başa
çatmışdır.
Ölkəmizin hər yerində olduğu kimi, bu gün
Zərdab rayonunda, onun qəsəbə və kəndlərində
sosial problemlərin həlli, insanları narahat edən məsələlərə
diqqət və qayğı ön plandadır. Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2008 və 2009-2013-cü
illəri əhatə edən birinci və ikinci dövlət
proqramlarında nəzərdə tutulan tədbirləri
uyğun olaraq, rayonda geniş tikinti-abadlıq işləri
aparılır, daxili potensialdan səmərəli istifadə
olunur. Ayrı-ayrı illərin
yadigarlarına, töhfələrinə nəzər salaq.
2008-ci ildə Rayon Prokurorluğu üçün yeni
inzibati bina tikilib istifadəyə verilmişdir. Dəli Quşçu, Dəkkəoba,
Çallı, Gəlmə və Qoşaoba kəndlərinin
daxili yollarının bir hissəsinə asfalt örtük
döşənmişdir. Körpükənd, Qoruqbağı,
Məlikumudlu, Əlvənd və Şahhüseynli kəndlərində
modul tipli sutəmizləyici qurğular işə
salınmış, hər bir kənddə 10 ədəd su
bulağı quraşdırılmış və əhali təmiz
içməli su ilə təmin edilmişdir. Şəftəhal
və Bıçaqçı kəndlərində daha məhsuldar
su nasosları istifadəyə verilmiş, torpaqların su ilə
təminatı xeyli yaxşılaşmışdır. Heydər Əliyev prospektində yenidənqurma
işlərinə başlanmış, küçələrə
asfalt örtük döşənmiş, 120 ədəd yeni
yol nişanı quraşdırılmışdır.
2009-cu ildə də işlər eyni ahəglə davam
etdirilmişdir. Rayon icra hakimiyyəti, Əhalinin Sosial Müdafiəsi Mərkəzi
üçün yeni inzibati binalar, Heydər Əliyev Mərkəzi
tikilmiş, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun
büstü qoyulmuşdur. Qumlu
yaşayış massivinə 6 kilometr uzunluğunda qaz xətti
çəkilmişdir. Zərdab şəhərini
Dədə Qorqud meydanından Qoşaoba və Təzəkənd
kəndləri ilə birləşdirən yola təzə
asfalt örtük vurulmuşdur. 200 yerlik
Uşaq incəsənət məktəbinin yeni inzibati
binası istifadəyə verilmişdir. Yuxarı Seyidlər,
Məlikli, Gödəkqobu, Məmmədqasımlı və
Yarməmmədbağı kəndlərində modul tipli sutəmizləyici
qurğular və 50 bulaq işə salınmışdır. Çallı və Məlikumudlu kəndlərində
yeni poçt binaları istifadəyə verilmişdir.
Rayon mərkəzinin
Heydər Əliyev prospektinə, Ramiz Kərimov, 1 May, Babək
İsmayılov, Şəhriyar, Azadlıq, Cəfər Cabbarlı,
Azərbaycan küçələrinə təzə asfalt
örtük döşənmişdir.
2010-cu ildə çaylarda daşqınlar Zərdabı
və zərdablıları çox ciddi sınağa çəksə
də, Prezident İlham Əliyevin diqqət və
qayğısı, rayon rəhbərliyinin çevik və
yüksək təşkilatçılıq qabiliyyəti sayəsində
təbii fəlakət itkisiz ötüşmüşdür. Beləliklə,
1978-ci ildə ulu öndər Heydər Əliyev olduğu kimi,
2010-cu ildə də Prezident İlham Əliyev Zərdabı və
zərdablıları Kür çayının
yaratdığı təbii fəlakətdən xilas
etmişdir. Dövlət başçısının
göstərişinə əsasən, 2010-cu ilin yazında
baş vermiş təbii fəlakət nəticəsində
ziyan çəkmiş 71 ailəyə şəhərin daha təhlükəsiz
“32 hektar” adlanan ərazisində yeni evlər tikilmişdir.
Ayrı-ayrı kəndlərdə son illərdə 7 məscid
binası tikilmiş, Zərdab şəhər cümə məscidi
isə əsaslı təmir olunmuşdur. Fövqəladə
Hallar Nazirliyinin xətti ilə Şəftəhal kəndində
tibb məntəqəsi, Qoruqbağı kəndində uşaq
bağçası, Çallı kəndində doğum evi,
Ağabağı kəndində məktəb binası istifadəyə
verilmişdir. 26 kilometrlik Zərdab-Mollakənd
yolu asfaltlaşdırılmışdır.
Rayon mərkəzində nümunəvi məhəllələrin
salınmasına başlanmış, 5 binanın dam
örtüyü dəyişdirilmişdir. 60 nəfərin
işlə təmin olunmasına imkan verən süd emalı
zavodunda işlər artıq başa
çatdırılmışdır.
Ümumi ərazisi
5 hektara çatan ümummilli liderin adını daşıyan
parkda yenidənqurma işləri davam etdirilmiş, parkda sahəsi
1600 kvadratmetr olan möhtəşəm Heydər Əliyev Mərkəzinin
tikintisinə başlanılmışdır.
Rayonda ilk dəfə Telemetrik Stansiya inşa olunmuş,
14 nəfər Qarabağ əlilinə fərdi
yaşayış evi tikilmişdir. Zərdabda Uşaq və Ailələrə
Dəstək Mərkəzi yaradılmış,
Alıcanlı, Dəli Quşçu, Qaravəlli,
İsaqbağı kəndlərində və Bəyimli qəsəbəsində
modul tipli sutəmizləyici qurğular istifadəyə
verilmişdir.
2011-ci ildə Heydər Əliyev prospektində və
parkında yenidənqurma işləri davam etdirilmişdir. Şəhərin
küçələrində Türkiyədən gətirilmiş
6-9 metr hündürlüyündə 100-ə qədər
müasir tipli elektrik dirəyi
quraşdırılmışdır. Üzərində
milli ornamentlər təsvir olunan parkın giriş
qapısı yenidən qurulmuşdur. Heydər
Əliyev Mərkəzində 2400 kvadratmetr sahəyə mərmər
döşənmış, ətrafı
yaşıllaşdırılmış, yeni oturacaqlar
quraşdırılmışdır.
2011-ci
ilin 6 may günü Zərdabın və zərdablıların
tarixinə qızıl hərflərlə
yazılmışdır. Həmin gün Prezident İlham
Əliyev Zərdaba səfər etmiş, Heydər Əliyev
parkı, burada inşa olunmuş Heydər Əliyev Mərkəzi
ilə tanış olmuş, insanlarla səmimi
söhbət etmişdir. Dövlət
başçısı ictimaiyyətlə
görüşündə qazlaşdırma, elektrik enerjisi ilə
təchizat, su, kanalizasiya xətlərinin, kənd
yollarının çəklişinə böyük
ehtiyacın olduğunu vurğulamışdır.
Ölkə rəhbərinin rayona səfərinin sevinclərini
yaşayan zərdablılar mayın 11-də yeni şad xəbər
eşitmişlər. Həmin gün Prezident İlham Əliyev
bir sıra rayonların, o cümlədən Zərdabın
sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında sərəncam
imzalamış və bu məqsədlə 2 milyon vəsait
ayrılmışdır. Nəticədə,
aparılan tikinti-quruculuq işlərinin sürəti
artmış, keyfiyyəti xeyli
yaxşılaşmışdır. Qısa
müddətdə şəhər ərazisində 42 metr
hündürlüyündə Bayraq meydanı tikilmişdir.
Zərdabın
girişində, Heydər Əliyev prospektində Türkiyədə
istehsal olunmuş hündürlüyü 10,5 metr, eni 23 metr
olan, Avropa standartları səviyyəsində
hazırlanmış, üzərində ulu öndərin
portreti, dövlət rəmzləri, müxtəlif tablolar və
rəngli lampalar olan müasir giriş qapısı
quraşdırılmışdır. Şəhərdə
inşa olunmuş 16 mənzilli yaşayış binası
şəhid ailələrinin və Qarabağ əlillərinin
istifadəsinə verilmişdir. 5 kommunal
binanın dam örtüyü dəyişdirilmiş,
küçə və dalanlara 22 min kvadratmetrlik asfalt
örtük vurulmuşdur. Heydər
Əliyev parkında 2 fəvvarə, 1 şəlalə əhalinin
istifadəsinə verilmiş, abadlıq və
yaşıllaşdırma işləri, işıq sistemlərinin
yeniləşdirilməsi davam etdirilmişdir. Heydər Əliyev prospekti boyunca divarlar müasir
üslubda üzlənmişdir. Kür çayı
boyunca 60,7 kilometr məsafədə 8 metr
enində bəndbərkitmə işləri
aparılmışdır.
Uzun illər insanları narahat edən Zərdab şəhərinin
içməli su təchizatının yenidən qurulması və
kanalizasiya sistemi yaradılması işləri ölkə
Prezidentinin rayona səfərindən sonra xeyli sürətlənmişdir. Respublika Nazirlər Kabineti
15 iyul 2011-ci il tarixdə su-kanalizasiya
sisteminin çəkilişinin 2013-cü ildə başa
çatdırılmasını qərara almışdır.
Şəhərin yeni salınmış “32 hektar” qəsəbəsində
130 yerlik, Lələağacı kəndində 80 yerlik və
Pərvanlı kəndində 180 yerlik yeni məktəb
binalarının tikintisi başa
çatdırılmışdır. Baytarlıq
İdarəsi üçün yeni inzibati binanın tikilməsi
başa çatdırılmışdır.
Şəhərin mərkəzi küçələrinin
işıqlandırma sisteminin müasirləşdirilməsi,
sahibkarlıq obyektlərinin görkəminin yeniləşdirilməsi,
reklamların təzələnməsi işləri davam
etdirilir. Avtovağzalın binasının təmiri başa
çatmışdır. Təhsil, səhiyyə
və mədəniyyət müəssisələrində də
təmir işləri, maddi-texniki bazanın
yaxşılaşdırılması istiqamətində
işlər uğurla gedir. Təhsilə
göstərilən diqqət və qayğı son illər
öz müsbət nəticələrini verir. 2007-ci ildə
ali məktəbə qəbul olunanların sayı cəmi 47 nəfər
idisə, 2011-ci ildə bu rəqəm 2 dəfədən
çox artaraq 94 , 2012-ci ildə 102 , 2013-cü ildə 135
olmuşdur.
2012-ci ildə Zərdab və zərdablılar
üçün çox uğurlu olmuşdur. İlin ən yaddaqalan hadisəsi
7 oktyabr 2012-ci il tarixdə Prezident İlham
Əliyevin Zərdaba səfəri olmuşdur. Dövlət
başçısı möhtəşəm Heydər
Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının
binasının, Ağsu rayonundan 72 kilometr məsafədən
çəkilmiş içməli su xəttinin və Gənclər
Mərkəzinin açılışını etmiş, Heydər
Əliyev parkı və Veteranlar Evi ilə tanış
olmuşdur.
Heydər Əliyev Mərkəzinin inşasına 2010-cu
ildə başlanılmışdır. Mərkəzin
2 mərtəbəli binası ümumilli liderin adını
daşıyan parkın ən gözəl guşəsində,
özünəməxsusluğu ilə seçilən orijinal
layihə əsasında inşa edilmişdir. Binanın ümumi sahəsi 1680 kvadratmetrdir. Ulu
öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi
baxımından böyük əhəmiyyəti olan mərkəzdə
ümummilli liderin həyatını və çoxşaxəli
dövlətçilik fəaliyyətinin müxtəlif
dövrlərini əks etdirən materiallar, fotoşəkillər,
tarixi sənədlər, eksponatlar, o cümlədən
müxtəlif illərdə Zərdaba səfərinə dair
fotolar nümayiş olunur. Burada ümummilli
liderin həyat və fəaliyyəti, xarici ölkələrdə
və ölkəmizin regionlarında keçirdiyi
görüşləri əks etdirən 9 fotoguşə
yaradılmışdır. Foyedə ulu
öndərin büstü qoyulmuşdur.
Rayon ərazisində
20 kənddə modul tipli sutəmizləyici qurğu və 194 ədəd
bulaq quraşdırılmışdır ki, həmin
qurğular və bulaqlar təyin olunmuş qrafik üzrə hər
gün əhalini ekoloji standartlara cavab verən içməli
su ilə təmin edir. 30 min nəfərdən
çox əhali ekoloji cəhətdən təmiz su ilə təmin
olunmuşdur.
Rayonun kəndlərinin qazlaşdırılması davam
edir. Zərdab
şəhəri, “32 hektar” qəsəbəsi, Qaravəlli, Dəli
Quşçu, Təzəkənd, Dəkkəoba, Qoşaoba, Gəlmə,
Salahlı, İsaqbağı, Böyük Dəkkə kəndləri
qazlaşdırılmışdır. Xanməmmədli, Hüseynxanlı,
Lələağacı, Yarməmmədbağı, Pərvanlı,
Qoruqbağı, Məmmədqasımlı və digər kəndlərin
qazlaşdırılması davam edir.
Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə
verilmişdir.
Çallı kəndində 360 yerlik, İsaqbağı kəndində
220 yerlik, Aşağı Seyidlər kəndində 80 yerlik məktəb
binası istifadəyə verilmişdir. Telekommunikasiya
qovşağının və Poçtamtın rayon
filialının yerləşdiyi binalar əsaslı təmir
olunmuşdur. Prezident İlham Əliyevin sərəncamına
əsasən, 10 min nəfərə qədər əhalinin
yaşadığı 8 yaşayış məntəqəsini
birləşdirən Zərdab-Yuxarı Seydilər-Siyəli
avtomobil yolunun tikintisi məqsədilə 5,4 milyon manat
ayrılmışdır.
2013-cü
ildə ümummilli lider Heydər Əliyevin və görkəmli
oftolmoloq-alim, akademik Zərifə xanım
Əliyevanını 90 illik yubileyləri ilə bağlı
çoxsaylı və genişmiqyaslı tədbirlər, o
cümlədən elmi-praktik konfranslar, kitab bayramı,
görüşlər, dəyirmi masalar və digər mədəni-kütləvi
tədbirlər keçirilmişdir. Ulu öndərin
90 illik yubileyi şərəfinə 90 min ədəd ağac əkmək
təşəbbüsü gerçəkləşdirilmişdir.
2014-cü ildə də tikinti-abadlıq və quruculuq
işləri eyni ahənglə davam etdirilir. Ötən
müddətdə 4 kənd
qazlaşdırılmışdır. Hazırda
Otmanoba kənd məktəbi, Böyük Dəkkə və Dəkkəoba
kənd körpələr evi-uşaq bağçaları təmir
olunur. Sahil parkında yenidənqurma işləri
aparılır, Heydər Əliyev parkının
işıqlanma sistemi təzələnir. 15-ci
məhəlləyə yeni yol çəkilir. Çəhərə
su xətti çəkilərkən yararsız hala
salınmış Məlik Məhərrəmov, Fizuli və Zərifə
xanım Əliyeva adına küçələrdə
bərpa işlərinə başlanılmışdır.
İki 50 yerlik körpələr evi-uşaq
bağçasının tikintisində işlər surətlə
davam etdirilir.
“Azərbaycan Respublikası
regionların 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na əsasən
Zərdab rayonu üzrə həlli vacib olan problem və layihələr
üzrə ümumilikdə, 13 bölmədə birləşdirilməklə,
16 maddədən ibarət proqram təsdiq olunmuşdur.
İlkin olaraq 2014-cü il ərzində şəhər 1
nömrəli məktəb-liseyin əsaslı təmiri, şəhər
ümumi orta məktəbinin və Gəlmə kənd
uşaq bağçasının tikintisinə, 5 kəndi və
4741 nəfər əhalini əhatə edən Zərdab Qaravəlli
avtomobil yolunun yenidən qurulmasına, eləcə də
rayonun 8 kəndində poçt şöbələri
üçün yeni müasir binaların inşaasına
başlanması nəzərdə tutulmuşdur.
Göründüyü kimi, son illər Zərdabda
inkişaf və yüksəliş ardıcıl və sistemli
xarakter almış, bütün sahələri əhatə
etmişdir.
Heç şübhəsiz, 2014-cü il də
zərdablıların həyatında yaddaqalan hadisələrlə
əlamətdar olacaq, yeni hədəflər müəyyən
olunacaqdır. Bunu rayona son səfərimiz
zamanı gördüklərimiz, müşahidə etdiklərimiz
və şahidi olduqlarımız da təsdiq etdi. İdarə, müəssisə və təşkilatlarda
olduq, işlərin gedişi ilə, adamların qayğı və
güzaranları ilə maraqlandıq, ağsaqqallarla,
ziyalılarla, gənclərlə söhbət etdik. Hər yerdə də yüksək əhval-ruhiyyənin,
sabaha dərin inam və ümidin şahidi olduq.
Adamlar bu tərəqqini,
haqlı olaraq, Prezident İlham Əliyevin gündəlik diqqət
və qayğısı ilə əlaqələndirir,
xalqımızın, dövlətimizin daha xoşbəxt və
firavan günlərinə xidmət edən bu müdrik daxili və
xarici siyasəti ürəkdən bəyəndiklərini və
müdafiə etdiklərini bildirdilər.
Rayonda
ümumi daxili məhsul istehsalı 2007-ci ildəki 37 milyon
manatdan 2013-cü ildə 99,8 milyon manata qədər
yüksəlmişdir.
Son 10 ildə
8 mindən çox yeni iş yeri açılmış, 17
yeni məktəb binası tikilib istifadəyə verilmiş, 5
bağça, 1 məktəb əsaslı şəkildə təmir
olunmuşdur.
Zərdab
şəhərinə, Təzəkənd və Qoşaoba kəndlərinə
72 kilometrdən içməli su xətti çəkilmiş,
20 kənddə modul tipli sutəmizləyici qurğu
quraşdırılmış, 194 bulaq tikilmiş, 10
yaşayış məntəqəsinə təbii qaz xətti
çəkilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına
əsasən, 20 min nəfərdən çox əhalinin
istifadə etdiyi 60 kilometrlik Zərdab-Yuxarı Seyidlər-Siləyli
və Zərdab-Mollakənd avtomobil yolları istifadəyə
verilmişdir.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2014.- 25 aprel.- S. 6.