İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər”

 

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı layihə çərçivəsində Yevlaxda keçirdiyi “dəyirmi masada bu rayonla yanaşı, qonşu Mingəçevirdə, Tərtərdə, Bərdədə və Goranboyda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, Yevlax Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası şəhər təşkilatının nümayəndələri də iştirak etmişlər.

“Dəyimi masa”nı giriş sözü ilə açan YAP Yevlax şəhər təşkilatının aparat rəhbəri Əli Quliyev rayonda fəaliyyət göstərən media qurumları barədə məlumat verərək bildirmişdir ki, bölgədə yeni medianın funksiya və vəzifələrinə də önəm verilir. Onlayn və ənənəvi media Yevlaxın sosial-iqtisadi uğurlarının artmasına, ümumi inkişafa səmərəli informasiya xidməti göstərməkdədir.

“RUH” AJMK-nın icraçı direktoru, “İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi” layihəsinin koordinatoru Əvəz Rüstəmov mövzu ilə bağlı iştirakçılara geniş məlumat vermişdir. O qeyd etmişdir ki, Azərbaycanda internet medianın inkişafı cəmiyyətdə söz və ifadə azadlığının dərinləşməsi baxımından mühüm amildir. Artıq ölkə əhalisinin 70 faizi internet istifadəçisidir. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu rəqəm artmaqdadır.

Müzakirələrdə yeni internet media orqanlarının fəaliyyətinin cəmiyyətin tələblərinə uyğunluğu, bu sahədə mövcud situasiyalar, elektron KİV-də mənəvi dəyərlərin qorunması kimi məsələlər diqqət mərkəzində olmuşdur.Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə “İnternet media saytlarının fəaliyyəti və beynəlxalq təcrübə” mövzusunda məruzə etmişdir. Dünya miqyasında internetin fəaliyyətinin tənzimlənməsində hüquqi mexanizmlərdən daha çox, ictimai təsir vasitələrinə üstünlük verildiyini vurğulayan natiqlər bu sahadə ölkəmizdəki duruma münasibətlərini də bildirmişlər.

“Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusifov, Yevlaxın “Kür” qəzetinin əməkdaşı Züleyxa Bəşirova, GoranboyunMübariz” qəzetinin baş redaktoru Fəxrəddin Xəlilov, Bərdənin eyni adlı qəzetinin baş redaktoru Elburus Məmmədov, Yevlax Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Etibar Məmmədov, gənc blogger Zərif Qurbanova və başqaları mövzunun aktuallığını söyləmiş, internet media sahəsində ictimai tənzimləmənin dövlətçilik maraqlarının və milli-mənəvi dəyərlərin qorunmasına dəstək baxımından vacibliyini vurğulamışlar.

 

R.TAHİR

 

Xalq qəzeti.- 2014.- 25 aprel.- S. 6.