RUSİYALI TÜRKOLOQ: “1915-ci ildə türk əhalinin itkilərinin dəhşətli dərəcədə çox olması danılmaz faktdır”

 

“Türkiyə baş nazirinin 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar bəyanatı siyasi bəyanatdır və Ermənistanla münasibətləri yumşaltmağa yönəlmişdir. Uzun illərdir ki, dondurulmuş vəziyyətdə olan Türkiyə-Ermənistan münasibətləri bu bəyanatdan sonra yaxşılığa doğru dəyişə bilər”. Bu sözləri APA-nın Moskva müxbirinə müsahibəsində tanınmış türkoloq alim, Moskva Dövlət Universiteti yanında AsiyaAfrika Araşdırmalar İnstitutunun direktoru Mixail Meyer demişdir.

Ərdoğanın addımını müsbət qiymətləndirən türkoloq bildirmişdir ki, 1915-ci il hadisələrinə ümumən Osmanlı İmperiyası əhalisinin faciəsi kimi yanaşmaq lazımdır: “Əlbəttə ki, müqayisədə erməni əhalisinin itkilərinin sayı türklərin verdiyi itkidən çox idi. Lakin erməni tərəfinin söylədiyi rəqəmlərdə şişirtmələr var... Ermənilərin odlu silahlaya kəsici vasitələrlə vəhşicəsinə öldürüldüklərini demək də düzgün deyil. Çünki onların çoxu sürgün vaxtı həyatlarını itiriblər... Lakin bir danılmaz fakt var ki, həmin müharibə illərində türk əhalinin də itkiləri dəhşətli dərəcədə çox olmuşdur. Buna şübhə etmək mümkün deyil. 1915-ci il hadisələri zamanı Osmanlıda yaşayan türk əhalisinin onda bir hissəsi məhv olmuşdu. Nəzərə alsaq ki, Osmanlı əhalisinin əsas hissəsini türklər təşkil edirdi, o zaman türk əhalisinin nə qədər itki verdiyini göz önünə gətirmək olar”.

Ermənilərin arxivləri tarixçilərin üzünə qapalı saxlamasının səbəbləri ilə bağlı sualı cavablandıran M. Meyer qeyd etmişdir ki, burada söhbət ABŞ-da olan erməni arxivlərindən gedir: “Mən dəfələrlə Ermənistandakı arxivlərdə olmuşam. Bu arxivlər hər kəsin üzünə açıqdır. Lakin hansı səbəbdənsə, ABŞ-dakı erməni arxivləri qapalı saxlanılır. Əsas arxivlər Ermənistanda olan deyil, ABŞ-dakı erməni arxivləridir. 1915-ci il hadisələrinin mahiyyətini ABŞ-dakı erməni arxivləri aça bilər. Təəssüf ki, ermənilərin bu arxivi açmamasının səbəbini bilmirəm. Bir tarixçi kimi bu arxivlərin açılmasını, tarixi həqiqətin ortaya çıxmasını istəyərdim”.

M.Meyer Türkiyənin arxivləri hər kəsin üzünə açıq elan etməsini doğru addım adlandırmışdır: “Ərdoğan bir daha bunu öz bəyanatında xatırlatdı. Tarixçilərdən ibarət beynəlxalq komissiyanın 1915-ci il hadisələrini araşdırması üçün Türkiyə arxivlərinin onların üzünə hər zaman açıq olduğunu bəyan elədi. Bu, Türkiyə tərəfinin 1915-ci il hadisələrinin düzgün araşdırılmasının tərəfdarı olduğunu göstərir. ABŞ-dakı ermənilər də bu cür addım atsalar, problemi birdəfəlik həll etmiş olarlar”.

 

Xalq qəzeti.- 2014.- 25 aprel.- S. 7.