“Vergilər” mövzusunda tələbə və magistrantlar arasında olimpiada keçirilmişdir

 

Azərbaycan Dövlət İqtisad Universitetində (AZDİU) Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 13 ali məktəbin 260-dək tələbə və magistrantının iştirak etdiyi “Vergilər” mövzusunda 8-ci olimpiada keçirilmişdir. “Vergilər” mövzusuna həsr olunmuş bu ənənəvi Olimpiada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə AZDİU-nun foyesində ümummilli liderin büstü önünə gül dəstələri qoymuş, Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri olan ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan AZDİU-nun prorektoru Damət Bağırov olimpiada iştirakçılarını salamlamış, hər il Bakıdan və respublikanın müxtəlif bölgələrindən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatıldığını bildirmişdir.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək ulu öndərin əsasını qoyduğuPrezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların ölkəmizi regiondadünyada aparıcı dövlətlər səviyyəsinə yüksəltdiyini diqqətə çatdırmışdır. Natiq qeyd etmişdir ki, olimpiada iştirakçılarının bir qismi sonradan vergi orqanlarına işə qəbul zamanı yüksək nəticələr göstərmiş və hazırda vergi orqanlarında müxtəlif vəzifələrdə çalışırlar.

Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanmış sualları kompyuter vasitəsilə “onlayn” rejimdə cavablandırmışlar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunmuşdur. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilmişdir.

Olimpiadada I yeri   Əli Abdullayev (Azərbaycan Universiteti), II yeri  Ayaz Müseyibov (İqtisad  Universiteti), III yeri isə Vüsal Əhmədov (İqtisad  Universiteti) tutmuşlar.

Azərbaycan Universitetinin tələbəsi I yer tutduğuna görə həmin tələbənin müəllimi də xüsusi mükafata layiq görülmüşdür. Magistrantlar arasında isə ilk üç yerin qalibləri  İqtisad Universitetinin tələbələri Asif Mirzəyev, Mədinə Həmidova, Ramin İlyasov olmuşlar.

İqtisad Universitetinin magistrantı I yer tutduğuna görə həmin magistrantın müəllimi də xüsusi mükafata layiq görülmüşdür.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2014.- 26 aprel.- S. 4.