Tovuz: Ali hərbi məktəbə böyük maraq belə yaranır...

 

Qabaqcıl təcrübədir, öyrənməyə dəyər

 

- Mənim uşağımın bu il 600-dən çox bal toplayacağına heç şübhəm yoxdur.

- Mənim oğlum da qabiliyyətlidir, amma burun çəpərində əyrilik var, gərək əvvəlcə onu əməliyyat etdirək.

- Uşağımın daxil olacağına inanıram...

Bayaqdan bir otağa toplaşıb söhbət edən 5-6 nəfər aparat işçisini sadəcə kənardan müşahidə edir, dinləyirdim. Düzü, söhbət mənə bir qədər qəribə gəlirdi. “Qəribə”lik ondan ibarət idi ki, hamı öz övladından danışmaqla yanaşı, onların sağlamlığını, fiziki cəhətdən güclü olmasını irəli çəkir, sanki bir-biri ilə yarışa girişirdilər. Söhbət edənlərin yaş fərqləri də az deyildi. 30-35 yaşlarında gənc də deyirdi “mənim uşağım”, 60-65 yaşlarında ağsaqqal da. Cavanlardan birinin “mənim uşağım bu gün komissarlıqda komissiyadan keçir” sözlərinə isə dözə bilməyib “qardaş, sənin özünün neçə yaşın var ki?”- deyə söhbətə müdaxilə edəndə gənc oğlanotuz ikideyib gülümsədi və sonra da əlavə etdi:

 Tofiq müəllim bizim hamımızı valideyn, ağsaqqal edib, – deyə ətrafdakıları göstərdi. Hərəmizə bir uşaq təhkim olunub. Özü də təkcə aparat işçiləri deyil, idarə, müəssisə, təşkilat rəhbərləri, adamları da bu işə cəlb edilib...

 Bəli, Tovuz Rayon İcra Hakimiyyətində təsadüfən şahidi olduğum söhbət bu mövzuda yazmağım üçün bir şans idi. Doğrudur, üç il əvvəl qəzetimizdə Tovuz Rayon İcra Hakimiyyətinin gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işində maraqlı təcrübə qazanmasından yazmışdıq. Qəzetin 2 iyun 2011-ci il tarixli nömrəsində dərc olunmuş “Mən general olacağam...” yazısı bu cümlələrlə başlamışdı: “2006-cı ildə onların sayı 7 nəfər idi. Bir il sonra dörd dəfə artaraq, 28 nəfərə çatdı. Daha bir ilkeçdi, 38 nəfər oldu... Beləcə, Tovuz rayonundan ali hərbi məktəblərə qəbul olunanların sayı ilbəil artmağa başladı”.

İndi aradan üç il keçmiş, bu aprel günlərinin birində yenidən Tovuzda ali hərbi məktəblərə və liseylərə yeniyetmə gənclərin necə hazırlanması işindən yazmağı qərara aldıq. Əslində, bu, elə bir mövzudur ki, daim aktualdır, vacibdir. Həm də danılmaz faktdır ki, Tovuz rayonunda ali hərbi məktəblərə hazırlıq işləri çox yüksək səviyyədə qurulub. Rayon icra hakimiyyətinin apardığı o qədər səmərəli olub ki, artıq Tovuzda az valideyn tapılar ki, övladının ali hərbi məktəbə daxil olmasını arzulamasın. Yuxarı sinif şagirdlərinin bu peşəyə necə böyük maraq, vurğunluq göstərməsini duymaq üçün məktəblərə baş çəkmək, uşaqlarla görüşüb söhbət etmək kifayətdir. Elə rəqəmlər də dediklərimizin əyani sübutudur. 2008-ci il - 16 nəfər, 2009-cu il - 36 nəfər, 2010-cu il - 49 nəfər, 2011-ci il -60 nəfər, 2012-ci il - 79 nəfər, 2013-cü il, yəni keçən il - 88 nəfər. Tovuzdan hərbi məktəblərə daxil olmuş məzunların sayıdır. Göndərilən, dəqiq desək, ali hərbi məktəblərə sənəd verənlərin sayı isə 3-4 dəfə çox olub. Məsələn, bu il Tovuzdan ali hərbi məktəblərə imtahan verənlərin sayı 251 nəfər olacaq. Onların hamısı hazırlıqlı, qabiliyyətli, sınaq imtahanlarında yüksək bal toplayan uşaqlardır. Böyük həvəslə, qürurla bu məktəblərə daxil olmağa hazırlaşırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsində bu uşaqların necə böyük həyəcanla hərbi tibbi komissiyanın nəticəsini gözləmələrinin şahidi olduq. Hərəsi bir kənddən, qəsəbədəndir. Amma artıq dostlaşıb, doğmalaşıblar, bir-birlərinin göstəriciləri ilə maraqlanır, komissiyadan keçənləri təbrik edirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rasim Şirinov dedi:

Ordu sıralarına yola düşən gənclər kimi bu uşaqlar da çox ciddi şəkildə müayinə olunur və onların ali hərbi məktəblərə göndərilməsinə razılıq verilir. Düzü, daha sağlam uşaqların seçilib göndərilməsində rayon icra hakimiyyətinin rolu olduqca böyükdür. Çünki bu işə il boyu məsuliyyətlə yanaşılır, səhhətində problem olan yeniyetmə müalicə olunur, lazım gəldikdə cərrahiyyə əməliyyatına götürülür. Bütün bunlar rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun yaxından köməyi ilə həyata keçirilir. Yəni nə uşaqların özlərinə, nə də onların valideynlərinə problem yaradılmır. Dünən bir qrup gəncin hərbi xidmətə yolasalınma mərasimi keçirilirdi. Bu uşaqları da dəvət etmişdik. Heç bilirsiniz, necə sevinirdilər?! Həm də buradakı hərbçilərin söhbətlərini dinləyib daha da ruhlanırdılar. Səmimi deyirəm, indiyədək 8 müxtəlif rayonda işləmişəm. Lakin heç yerdə rayon rəhbərliyinin Tovuzdakı kimi uşaqların ali hərbi məktəblərə daxil olması üçün bu qədər imkan və şərait yaratdığının şahidi olmamışam.

 Uşaqları çağırış şöbəsinə gətirən Səmədulla Tağıyev də həyəcanlıdır:

- Neçə vaxtdır, uşaqlar da, biz də əziyyət çəkirik, çalışırıq, müxtəlif yarışlar, tədbirlər keçiririk. Tibbi komissiyadan kiminsə keçməməsi bizi məyus edər. Yaxşı ki, uşaqlarımızın hamısı bu müayinədən sağlam çıxdı.

Qeyd edək ki, Səmədulla Tağıyev Qarabağ müharibəsi veteranıdır, istefada olan mayordur. Rayon təhsil şöbəsində metodbirləşməyə rəhbərlik edir. Orta məktəblərdən uşaqların seçilməsində və onların hazırlığında böyük zəhmət çəkir. Hiss olunur ki, peşəsinin vurğunudur. Uşaqlar artıq onun timsalında ilk hərbi zabitlə ünsiyyətdə olurlar.

Rayon gənclər və idman idarəsi də yeniyetmə gənclərin, yuxarı sinif şagirdlərinin və məzunların ölkənin ali hərbi məktəblərinə hazırlığı işində yaxından iştirak edir. Yeri gəlmişkən, qeyd edək ki, idarə çağırış yaşlı gənclərlə də səmərəli aparır. Çağırış şöbəsində bizə nəfis şəkildə çap olunmuş rəngli buklet göstərdilər. Dedilər ki, gənclər və idman idarəsi hazırlayıb. Ordu sıralarına yola düşən və ali hərbi məktəbə daxil olmağa hazırlaşan gənclərə verilən bukletdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğal olunmuş torpaqlarımızın düşməndən azad olunması ilə bağlı ordumuzun, hər bir gəncin, bütövlükdə xalqımızın qarşısında duran bir nömrəli vəzifə ilə əlaqədar nitqindən sitat, Azərbaycan Respublikasının Dövlət Himni, hərbi andın mətni, azərbaycanlı Sovet İttifaqı qəhrəmanları, tovuzlu Milli qəhrəmanlar, bizim qan yaddaşımız – Azərbaycan rayonlarının işğal tarixləri və sair məlumatlar əks olunmuşdur.

Rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərov da təcrübəli işçidir. Nazirlik yaradılandan bu günədək, 20 ildir ki, həmin vəzifədədir. Bir çox tədbirlərin təşəbbüskarıdır. Rayon ərazisində yerləşən “N” saylı hərbi hissə ilə ikitərəfli müqavilə bağlanıb. Tez-tez maraqlı tədbirlər təşkil olunur. Həm hərbi hissədə, həm də məktəblərdə zabitlərlə keçirilən görüşlər yeniyetmə gənclərə böyük təsir göstərir. Hərbi məktəblərə hazırlaşan gənclər arasında ən müxtəlif yarışlar təşkil olunur, müsabiqələr, “Şahinlər”, “Cəsurlar” idman oyunları, məktəbdaxili seçmə və rayon birincilikləri keçirilir. Yarışlara yekun vurularkən və qaliblər mükafatlandırılarkən rayon rəhbərliyi həmin tədbirlərə dəvət olunur, mükafatların təntənəli şəkildə təqdimolunma mərasimləri təşkil edilir.

Tovuzda hərbi-vətənpərvərlik tərbiyəsinə ideoloji işin çox vacib tərkib hissəsi kimi baxılması təqdirəlayiqdir. Rayon icra hakimiyyətinin məsələyə ciddi yanaşması artıq öz bəhrəsini verir. Elə müşavirə, şura iclası yoxdur ki, icra hakimiyyətində gənclərin ali hərbi məktəblərə və liseylərə hazırlığının gedişi müzakirə olunmasın, məsul şəxslərin hesabatı dinlənilməsin. Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov ötən ilin yekunlarına həsr olunmuş müşavirədə çox maraqlı və həm də hamının ürəyindən xəbər verən bir cümlə işlətdi:

- Biz bu işə torpaqlarımızın düşmən təcavüzündən azad olunması, müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi uğrunda mübarizənin tərkib hissəsi kimi baxırıq.

Bu gün Tovuzda vacib bir işə belə yanaşma hamının məsuliyyətini artırıb, gənclərin ordu quruculuğunda daha yaxından iştirak etmək həvəsini gücləndirib, onları torpaqlarımızın azad olunması uğrunda mübarizəyə səfərbər edib.

Tovuzun özü neçə illərdir düşmənlə üzbəüz, mərdliklə dayanıb. Son vaxtlar isə mənfur qonşular sərhədlərimizi daha tez-tez pozur, dinc sakinləri atəşə tuturlar. Əlibəyli kəndindən hər gün bir xəbər eşidirik. Təbii ki, düşmən də susdurulur.

Bu gün ali hərbi məktəblərdə təhsil alan yüzlərlə tovuzlu tezliklə ordumuzda qulluq edəcək, bir zabit kimi özünü göstərəcək, valideynlərinin, onları himayə edənlərin, qayğı göstərənlərin etimadını, şübhəsiz, doğruldacaqlar.

Bir neçə günlüyə tətilə gəlmiş, Gülhanə Hərbi Tibb Akademiyasında təhsil alan Nurlan Məmmədovla görüşdük. Dedi ki, ən müxtəlif ölkələrdən, şəhərlərdən olan tələbələrlə bütün günü bir yerdəyik. Artıq hamı biri-birini tanıyır. Ancaq tam səmimi deyirəm, mənim qədər maraqlanılan, problemləri vaxtaşırı soruşulan, köməklik göstərilən bəlkə də ikinci bir tələbə yoxdur. Tovuzlu olmağımla fəxr edirəm. Tofiq müəllimin qayğısı olmasaydı, mən ora gedib çıxa bilməzdim. Hamının etimadını doğruldacağam.

Tovuzda gördüyümüz, şahidi olduğumuz işlər belə deməyə əsas verir ki, rayonun bu sahədə qabaqcıl təcrübəsi öyrənilməlidir. Sirr deyil ki, elə rayonlarımız var bir nəfər də olsun ali hərbi məktəbdə oxuyan məzunu yoxdur. Bir sıra rayonlarda orta məktəbi yüzlərlə şagird bitirməsinə baxmayaraq, onların çox az hissəsi ali hərbi məktəbləri seçirya ora daxil ola bilir.

Ali hərbi məktəblərə ən qabiliyyətli, istedadlı, hərtərəfli biliyə, fiziki göstəricilərə malik gənclər daxil ola bilirlər, özü də yüksək balla. Sadəcə, yerlərdə belə uşaqlar seçilməli, onlara hərtərəfli qayğı, kömək göstərilməlidir. Bəzən ən imkansız bir valideynin də övladı bu ali məktəbi seçirsə, ona dayaq durmaq lazımdır. Xırdalıqları qeyd etmək istəmirik, necə ki, Tovuzda bu məsələni çox yüksək səviyyədə həll ediblər, gərək başqaları da nümunə götürsün.

Uğur olsun, tovuzlu balalar – gələcəyin zabitləri – generalları, düşmənimizin göz dağları!

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2014.- 26 aprel.- S. 6.