Türk dünyasının böyük ideoloqu
Əli bəy Hüseynzadə – 150
“Bizə fədai lazımdır! Türk hissiyyatlı, İslam etiqadlı, Avropa (müasir) qiyafəli fədai!” O, bu sözləri deyərkən millətin gələcəyini düşünürdü. Azərbaycan xalqının beynəlxalq aləmdə söz sahibi olan, müasir düşüncəli, milli-mənəvi, dini dəyərlərinə bağlı və gələcəyə əmin addımlarla yürüyən bir millət kimi tanınmasını arzulayırdı. Öz ömrünü türk dünyasının işıqlı gələcəyi, xalqının aydınlığa çıxmasına həsr edən ən böyük fədai də elə o fikrin sahibi, böyük mütəfəkkir, publisist Əli bəy Hüseynzadə (1854-1940) özü idi.
1854-cü ildə Azərbaycanın Salyan şəhərində dünyaya göz açan dəyərli mütəfəkkirin fəaliyyəti çoxşaxəli olsa da, milli düşüncə və türkçülük ideyalarının yayılmasında, ictimai fikir tariximizin, ideologiyamızın formalaşmasında onun publisistik və ədəbi yaradıcılığı mühüm yer tutur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2014-cü il yanvarın 21-də imzaladığı “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncam dövlətimizin bu dəyərli şəxsiyyətin xatirəsinə olan ehtiramı kimi dəyərləndirilməlidir.
“Ucundadır dilimin həqiqətin azamı”–deyən Əli bəy Hüseynzadə çar Rusiyası dövrünün qadağa və senzurasına baxmayaraq, milli məsələlərlə bağlı fikirlərini qələminin gücü ilə çatdırırdı. Bu baxımdan Əli bəy Hüseynzadənin ictimai düşüncəsini anlamaq üçün onun qələmə aldığı şeirlər, publisistik məqalələr, eləcə də rəhbərlik etdiyi və mətbuatımızda xüsusi çəkisi olan “Füyuzat” dərgisi, “Həyat” qəzeti də xüsusi önəm daşıyır.
1889-cu ildə Peterburqda Hərbi Tibb Akademiyasını bitirdikdən sonra İstanbula gedən Əli bəy darülfünunda əsgəri-tibbiyyə fakültəsinə qəbul edilir. Buradakı təhsil və görkəmli ziyalılarla tanışlığı onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Tələbə ikən yazdığı “Turan” şeiri onun türkçülük və milli düşüncəsində “əsas yelkən” olur:
Çingizləri
sarsıtdı, bu afaqi
sərasər,
Teymurları hökm etdi şahənşahlara
yeksər,
Fatehlərinə
keçdi bütün
kişvəri qeysər.
Lakin darülfünun tələbəsi kimi inqilabçı gənc türklər hərəkatına qoşulduğuna, “İttihad və Tərəqqi” Partiyasının yaradıcılarından olduğuna görə, təqib edilir. Bu səbəbdən Əli bəy Vətənə qayıdır, bir müddət burada mətbuat sahəsində çalışır. “Kaspi” ilə əməkdaşlıq edir, sonra tanınmış publisist Əhməd bəy Ağaoğlu ilə birgə “Həyat” qəzetini nəşr etdirir. Lakin Rusiya imperiyasında irtica güclənəndən sonra təqiblərdən xilas olmaq üçün yenidən Türkiyəyə qayıdan Əli bəy bu dəfə artıq türk dünyası ilə bağlı ideoloq kimi fəaliyyətini gücləndirir, əqidə dostları ilə mübarizəyə qoşulur. Beləliklə, “Turan” şeiri ilə içindəki milli duyğularla kəşməkəşli yola çıxan Əli bəy milli düşüncə mübarizəsində bütün türk dünyasının ziyalılarına da örnək oldu. Məktəbi-i Tibbiyyəyi Əsgəriyədə təhsil aldığı illəri nəzərdə tutan tanınmış türk yazarı Yusuf Akçura “Türk Yurdu” dərgisində yazırdı: “Əli bəyin gəlişi oraya təzə və xoş ətirli bir Avropa mədəni havasının əsməsi kimi oldu. Tələbələrinin çoxu Anadolu və Rumelinin uzaq və qaranlıq vilayətlərindən toplanmış bu məktəbdə Əli bəy bir Şimal Günəşi kimi parladı...” Həqiqətən də, İstanbul mühiti onun Qərb mədəniyyəti, ədəbiyyatı ilə dərindən tanış olmasına böyük imkanlar açdı. Lakin əsas hədəf türk xalqlarının milli oyanışı, xalqının mütərəqqi gələcəyi üçün olan fəaliyyət idi. Bu baxımdan 1911-ci ildə Əli bəy Hüseynzadə başda olmaqla M. E.Yurdaqul, A. Hikmət, A. Ağaoğlu və Y.Akçuranın əsasını qoyduğu “Türk Yurdu” dərnəyi əsas mərkəz idi. Dərnəyin çap etdirdiyi “Türk yurdu” dərgisinin səhifələrində Əli bəy Hüseynzadənin, eləcə də digər yazarların türk-islam aləminin milli oyanışına həsr edilmiş məqalələri yer alırdı.
Əli bəyi “Rəsuli-həqq” adlandıran, “İttihad və Tərəqqi”nin yaradıcılarından olan Abdulla Cövdət “İctihad” dərgisində onunla bağlı söhbətinə toxunur. A.Cövdətin “Nə üçün Türkiyəni seçdin?” sualına cavabında – “Mən türkəm, mən müsəlmanam, Türkiyə bir türk və müsəlman hökumətidir. Bu hissiyyətlə Türkiyə digər ölkələrdən fərqli vətənimdir. Bu vətəndaşları, bu vətəni tanımalıyam”–deyən Əli bəyin bu cavabı onun ideyalarını daha dərindən anlamağa kömək edir, bir ziyalının xalqına, millətinə xidmət amalının mahiyyətini açıqlayır.
Türkçülük fəlsəfəsi sistemində çox önəmli yeri olan Əli bəy Hüseynzadə irsini araşdırdıqda, onun mütərəqqi fikirlərdən bəhrələnməklə yanaşı, başqa bir faktın da fərqinə varırıq: dövrünün ziyalı təbəqəsinə onun təsir imkanları çox güclü idi, ideyaları milli fikirli digər ziyalıların düşüncəsinə də müsbət təsir göstərir, onlar Əli bəyin milli oyanışa, mütərəqqi ideyalara səsləyən “boğçasından” öz paylarını alırdı.
Təsadüfi deyil ki, Türkiyədə türkçülük ideyalarının və sisteminin formalaşmasında mühüm rol oynayan “Türkçülüyün əsasları” əsərinin müəllifi Ziya Göyalpın təsirləndiyi nüfuzlu şəxslər arasında iki nəfərin: Abdulla Cövdət və Əli bəy Hüseynzadənin adı çəkilir. Bu, o Ziya Göyalp idi ki, sonralar Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk onun haqqında yazacaqdı: “Ətimin və sümüklərimin atası Əli Rza Əfəndidirsə, fikirlərimin babası Ziya Göyalpdır”.
Əli Canip Yöntən “Yaxın tariximiz” dərgisində (1962-ci il 26 aprel sayı) “Ziya Göyalpa türkçülüyü aşılayan adam” məqaləsində bu barədə yazırdı: “Ziyanı türkçülük sahəsində oyandıran şəxslərdən biri Əli bəy Hüseynzadə olmuşdur. Bu oyanış üzbəüz tanış olmaqla deyil, Əli bəyin daha əvvəl Bakıda nəşr etdirdiyi (“Füyuzat”) dərgisi və əmsali dərgiləri oxumasından hasil olmuşdur”.
Əli bəy Hüseynzadə “İttihad və Tərəqqi” Cəmiyyətinin qurulmasında fəal rol oynamış, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Onun Selanikdəki fəaliyyətini nəzərdə tutan Mehmet Ali Tofiq yazırdı: “1327-ci ilin qışında (1911) ustadım Əli bəy Hüseynzadə altı əsrdən bəri gözlədiyimiz sözləri bir heyət önündə söyləyir, türklərə yeni bir üfüq göstərir, onlardan qəhredici taleyi alaraq, yerinə ümid kaidəsi tikirdi...” Onun Selanikdəki fəaliyyəti və milli fıkirləri tezliklə bir çox tərəfdar topladı və milli düşüncəyə xidmət edən “Gənc qələmlər” dərgisinin əsası qoyuldu. “Yaş insan” dərgisinin 1969-cu ilin dekabr nömrəsində digər ziyalı Hilmi Ziyanın fikirləri Əli bəyin hərtərəfli bir şəxsiyyət olduğunu ortaya qoyur: “Əli bəy türkçülük idealının ən əski və ən qüdrətli mənsublarından olub, ensiklopedik məlumatlara sahib, bir zamanlar bu məmləkətdə (Osmanlı İmperatorluğu) əski yunan və latıncanın həqiqi uzmanı olan, barmaqla göstəriləcək bir alimdir”.
Əli bəy Hüseynzadə təkcə vətənpərvər ziyalı deyil, həm də sadiq dost, həmkar idi. Onun bu müsbət xarakterinin nəticəsi idi ki, digər ziyalımız Əhməd bəy Ağaoğlu da öz uşaqlarını İstanbulda təhsil almağa göndərərkən onları məhz Əli bəyə əmanət etmiş, xərcliklərini də göndərmişdi. Ə. Ağaoğlu Əli bəyə məktubunda (17 oktyabr, 1922) yazırdı:" ..Artıq uşaqlar sənindir, məni bilirsən. Mən elm və irfandan ziyadə, əxlaqa, mətanətə qiymət verirəm... Türk qızlarının sərbəst olmalarını, həyata qarışmalarını, bütün fəaliyyət-i ictimaiyyəyə iştirak etmələrini arzu edirəm. Hər cəhətdən onların atası sənsən. “ Dost güvəni qazanmış Əli bəyin ürəyi türkün yaşadığı, ocağının tüstüləndiyi yurdun gələcək tale yükünü çəkirdi. “Yurd kayqusu" şeirində acı-acı təəssüflənirdi:
Ayıltmadı qələmim,
Şu Türk ilə
Əcəmi,
Nə qoydular yazayım,
Nə
qırdılar qələmi.
Lakin bununla belə, milli mücadilə dövründə türk torpağına göz dikən Antanta qüvvələrinə üzünü tutaraq:
Ey düşmən, burası
Turan qapısı,
Təslim etməm sənə mən anaxtarı. – (“Arslan ağzı” şeiri) deyə hayqırmağı da bacarırdı. “Azərbaycanda
gördüklərim” məqaləsində
(“Hilali Ahmer” qəzeti, 20 iyun 1918) Qafqaz İslam Ordusunun Nuru Paşanın başçılığı
ilə Azərbaycanın
xilasına gəlməsinə
toxunan publisist “Tiflissiz Gürcüstan nə isə, Bakısız da Azərbaycan odur” – deyərək Bakının
əhəmiyyətini vurğulayırdı.
“Anadolu Azərbaycanı
ən mənfur bir əsarətdən xilas edir və
bu müqəddəs yolda qanını axıdır...” – deyərək
sabah da
Anadolunun çətin
günündə xalqımızın
ona yardım edəcəyini yazır, iki qardaş xalqın dostluq və həmrəylini ifadə edirdi.
Bu gün
müstəqil Azərbaycanın
üçrəngli bayrağının
həmin üç rənglə dərin məna qazanmasının arxasında məhz Əli bəy Hüseynzadənin ideyaları
dayanır. Onun məşhur
“Türkləşmək (göy),
Avropalaşmaq (qırmızı),
İslamlaşmaq (yaşıl)”
kəlamı Azərbaycan
Xalq Cümhuriyyəti
dövründə bayrağımızda
öz əksini tapdı. Lakin cəmi 23 ay yaşayan cümhuriyyətin bu bayrağı 70 il
sonra mavi Xəzərin sahilində yenidən ucaldı. Bu dəfə daha
əzəmətlə və
daha böyük dəyanətlə. Əli bəy
Hüseynzadə ideyasından
doğan bayrağımız
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
indi möhtəşəm
görünüşə malik
Dövlət Bayrağı
Meydanından dünyanı
salamlayır. Əli bəy
Hüseynzadə ideologiyası
təkcə bayrağımızda
yox, müstəqil dövlətimizin apardığı
məqsədyönlü siyasətdə
də özünü
açıq şəkildə
büruzə verir.
Azərbaycan dünyaya inteqrasiya
olunur, yenilikləri mənimsəyir, tolerant ölkə
olaraq digər xalqlara hörmətlə yanaşır, eləcə
də ilk növbədə
öz milli-mənəvi-dini
dəyərlərinə sahib çıxmaqla onları yaşadır və dünyaya tanıdır.
Böyük ziyalının qızı
Feyzavər Alpsar bir neçə ay öncə verdiyi müsahibədə atası
ilə bağlı demişdi: “...Özümü
həm də ona görə xoşbəxt sayıram ki, Azərbaycanda gənclik atamın xatirəsini bu qədər əziz tutur, onun kitablarını
oxuyur, onun fikir və düşüncələrini
yaşadır. Bir insan üçün bundan gözəl duyğular ola
bilməz...”
Əfsanə BAYRAMQIZI
Xalq qəzeti.- 2014.-
27 aprel.- S. 4.