“Universitetimiz
üçüncü nəsil təşəbbüskar ali məktəbdir”
Müsahibimiz Türkiyənin İzmir şəhərindəki Egey Universitetinin rektoru, professor Candeger Yılmaz belə deyir
Haqqında mətbuat səhifələrindən və universitetin veb-saytından məlumatlandığım xanım rektor Candeger Yılmazı ilk baxışdan bir vaxtlar dünyada sayılıb-seçilən, hind xalqına böyük sevgisi ilə ölkəsinin liderliyinə yüksələn İndira Qandiyə bənzətdim. Şübhəsiz ki, bu ani təəssürat onun zahiri görkəmindən, təbəssüm və davranışından irəli gəldi...
Tələbkar,
amma olduqca da qayğıkeş - “İlin rektoru”
Çox keçmədi ki, Türkiyənin məşhur Egey Universitetinin rektoru professor Candeger xanımın Hindistanın yeni ruhu sayılan İndira Qandiyə bənzəyişinin təkcə zahiri oxşarlıq olmadığını yəqin etdim. Təki taleyi onun taleyinə bənzəməsin, amma 2008-ci ildə ilk dəfə və 4 il sonra rektorluq kürsüsünü ikinci dəfə qazanan Candeger xanımın qadın üçün zirvə sayılacaq hünəri qardaş Türkiyənin ən böyük ali məktəblərindən olan Egey Universitetinin həyatına yeni ruh gətirməsindədir.
Yeri gəlmişkən, bu universitetin professoru, həmyerlimiz Afiq Bərdəlinin xanım rektor barədə ürəkdən gələn sözlərini oxucularımıza çatdırmağı gərəkli bilirəm:
-Türkiyənin təhsil sistemində böyük uğurlara imza atan Egey Universitetinə çox maraqlı insanlar və istedadlı alimlər rəhbərlik edib. Candeger xanım Türkiyə universitetləri sırasında böyük imic qazanmış bu ali məktəbin 12-ci rektorudur. 2010-cu ilin beynəlxalq açıqlamasında bu nəhəng təhsil müəssisəsi dünyanın ən yaxşı universitetləri sırasında yer alıb. Universitet çox ilklərə imza atıb, elə professor Candeger xanım Yılmazın iki dəfə rektor seçilməsi də maraqla qarşılanan hadisə olub. O, universitetin 60 ilə yaxın tarixində ilk qadın rektordur və universitet həyatına işgüzar bir həyat gətirib. İlk xanım rektorumuz ikinci dəfə də rektor kürsüsünə yiyələnməklə, artıq 6 ildir Egey Universitetinə rəhbərlik edir. O, olduqca tələbkar, amma olduqca da qayğıkeş bir rektordur. Bu tandem universiteti də, onun özünü də uğurlara doğru aparır.
...Bizi rektorluğun qəbul otağında rektor özü və köməkcisi Nilgün xanım çox isti bir nəvazişlə qarşılayırlar. Dəbdəbədən uzaq, sadə görünüşlü, çox da böyük olmayan rektor kabinetində söhbətimizi davam etdiririk. Masasının üstündə Türkiyə Tibb Uzmanları Dərnəyinin (ATUDER) Türkiyədə təcili tibb sahəsinin inkişafına töhfələrinə görə “İlin rektoru” mükafatının rəmzi diqqətimi cəlb edir. Rektor xanımı təbrik edirəm, əməyinə verilən dəyərə görə xoş sözlər demək istəyirəm...
- Təşəkkür edirəm,- deyə ardını söyləməyimə mane olur: - Gördüyün bir işin dəyərləndirildiyinin və faydalı olduğunun bir göstəricisi olaraq mükafatlandırılmaq çox gözəl və qürurvericidir. Bu mükafat məni xüsusilə hədəflərimizin reallaşması mənasında çox sevindirdi. Təzə və müasir bir məkanda yeni təcili xidmətin yaradılması, sağlamlıq sahəsində çalışanlara da dəyər verilməsini ortaya qoydu. Bunun təcili xidmət mütəxəssisləri dərnəyi (ATUDER) tərəfindən başa düşülməsi və qiymətləndirilməsi olduqca dəyərlidir, ona görə də bu mükafata xüsusi əhəmiyyət verirəm.
Türkiyə
beynəlxalq əlaqələrdə təhsilə
böyük önəm verir
- Universitetlərin köhnədən olduğu kimi indi də əsas vəzifəsi elm və təhsil verməkdir. Elmi mühitin yaradılması və formalaşdırılması ilə cəmiyyətdə öndə olmaq və təcrübələrini paylaşaraq öndərlik etmək kimi vəzifə və məsuliyyətləri də vardır. İndiki vaxtda bu vəzifə və missiyanın yerinə yetirilməsində bir az fərqliliklər də var. Belə ki, yeni elm sahələrinin yaradılması və informasiya texnologiyasının imkanları bu istiqamətdə çox yayılmışdır. İndi üçüncü nəsil universitet dediyimiz yeni anlayış ortaya çıxmışdır. Yeni elmi məlumatların dəyərə çevrilməsi, yəni universitet- sənaye əməkdaşlığı daha ön plana çıxmışdır. Başqa cür deyişlə, ictimai gözləmələr və problemlər istiqamətində elmdən daha çox istifadə olunması günümüzün diktəsidir. Mən bir elm adamı-müəllim və idarəçi olaraq keyfiyyətli təhsilin təyinedici roluna inanıram. Özünə inamı yüksək olan, ictimai və mədəni işlərə aktiv qatılan, həyata erkəndən atıla bilən, təşəbbüskar və enerjili, inkişaf edən dünya dinamikasına uyğunlaşan, ictimai məsuliyyət layihələrinə qatılan şüurlu və həssas gənclər yetişdirməyə səy edirik.
- Yəqin, buna
görə də Türkiyə beynəlxalq əlaqələrində
təhsilə çox önəm
verir...
- Bəli, Türkiyə beynəlxalq əlaqələrində təhsilə çox önəm verir və bu baxımdan da iddialarımız böyükdür. Xüsusilə, içində olduğumuz yaxın coğrafiyada-Avropa Birliyi ilə təhsil sahələrində 2000-ci ildə ortaya qoyulan Avropa ilə olan təhsil anlaşmalarımızın tələbləri yerinə yetirilməyə başlanmışdır. Bolonya prosesi ölkələrin öz milli xüsusiyyətlərini itirmədən, təhsil hədəfləri, qazanılan bacarıqlar və yetərliliklər mövzusunda bir-birinin kredit sistemlərini tanımalarında aydın ölçülər ortaya qoymaqdadır. Bunun yanında diplom əlavəsi etiketi adıyla verilən sənəd ilə bir-birinin təhsilinin etibarlı və tanıdılan olması maraq doğurur.
- Rəhbərlik
etdiyiniz universitet haqqında danışın... Yeri gəlmişkən, onu da söyləyim ki,
universitetiniz Azərbaycanda da kifayət qədər imicli bir təhsil
ocağı kimi tanınmaqdadır."2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
gənclərin xaricdə təhsil almaları məqsədilə
seçilmiş ali təhsil müəssisələrinin siyahısında Egey
Universitetinin də adı var.
- Egey Universiteti
üçüncü nəsil təşəbbüskar,
rəqabətçi universitetdir. Keyfiyyətli təhsilə
çox əhəmiyyət veririk. Bu istiqamətdə,
diplom əlavəsi etiketini alan ilk iki
türk universitetindən biriyik. 2011-ci ildə
Bolonya ECTS Etiketi Mükafatını da almışıq.
Bu səbəbdən təhsil və akkreditasiya,
keyfiyyət sənədi əldə etməyə
çalışırıq. Bunlar təhsil
baxımından Türkiyənin əhəmiyyətli
mövqeyini göstərməkdədir.
Egey Universiteti gələn il-2015-ci ildə 60
yaşını qeyd edəcək. Egey bölgəsinin ilk, Türkiyənin
4-cü ali təhsil müəsisəsi olan universitet Türkiyənin son
dərəcədə əhəmiyyətli bir təhsil
ocağıdır. Akademik sistemdə ön
sıraları qazanmağı bacarmışdır. Son 5
ildə ən çox araşdırma layihəsi alan və ən çox layihə verən ilk
üç universitet arasındadır. Sənaye
Nazirliyinə ən çox layihə verən universitet
olmuşdur. 2012-ci ildə dünyanın ən
yaxşı ilk 500 universiteti siyahısına daxil olan 9
Türkiyə universitetindən biridir. 2013-cü ilin nəticələrinə
görə, ilk 500-lük arasında yer alan
4 türk universitetindən biridir.
Egey Universiteti ilkləri mənimsəmiş və
reallaşdırmış bir universitetdir. Bu o qədər
əhəmiyyətlidir ki, 2010-cu ildə universitetin Türkiyədə
və dünyada ilkləri adında 300 səhifəlik bir kitab
yazılmış və ictimaiyyətə təqdim
edilmişdir. Bu kitabda 141 göstərici
dünyada ilk olmaq üzrə 826 ilk yer alır.
Egeyin ilk qadın rektoru, 60 min nəfərlik
bir ailənin “anası”...
-Səhv etmirəmsə, sizin
qadın rektor olmağınız da ilklərdəndir.
Qadının rəhbər olması çətin deyil ki?...
-Düz
deyirsiniz, universitetimizin ilk qadın rektoruyam. Egey Universiteti məzunu
olub, rəhbər
idarəçi mövqedə olmaq mənim üçün
qürurverici bir faktdır. İdarəçi
olmanın dünyanın hər yerində önəmli çətinlikləri
vardır. Xüsusilə, qadınların təhsil və
iş həyatında idarəçilik və yüksəlmə
dövrlərinə bağlı çətinliklər daha
çoxdur. Bunların başında artan məsuliyyətlərlə
birlikdə, çatışmayan vaxt, zaman rəhbərliyi gəlir.
Qadın həyat yoldaşıdır, anadır,
işdəki rəhbər vəzifəsini və məsuliyyəti
də daha dərindən dərk edəndir. Yəni, əslində, irəliyə addım, yüksəlmə
hər kəs üçün, hər zaman, hər yerdə
çətinliklərlə birlikdədir. Mən də
bu çətinlikləri öz həyatımda yaşadım. Ancaq bildiyim bir
həqiqət var ki, çətinliklər dəf edilmək
üçündür.
Kiçik
haşiyə: Bu yerdə “Kaspi” mərkəzinin təsisçisi
və rəhbərı, şairə Sona xanım Vəliyevanın
cəmiyyətdə, eləcə də ailədə, idarəçilikdə
və tərbiyədə qadının rolu, mövqeyi
barədə söylədikləri yadıma düşür.
Həm Sona xanımın, həm də rektor xanımın
fikirləri məndə bir anlıq belə bir qənaət
yaradır ki, dünyada qadınlar daha çox həmrəydirlər,
nəinki kişilər. Hətta dünyanın
taleyi qadınlara tapşırılarsa, daha çox əmin-amanlıq
olar. Doğrudan da, dünyanın hər yerində
: “qadın həyat yoldaşıdır, anadır,
işdəki rəhbər vəzifəsini və məsuliyyəti
də daha dərindən dərk edəndir.” Təbii
ki, mən bu, barədə müsahibimlə fikirlərimi
bölüşürəm və tarixdə olduğu kimi,
bugün də Azərbaycan cəmiyyətində
qadının fəal mövqeyinin önəmli bir faktor
olduğunu söyləyirəm. Azərbaycanda
olmayan, amma haqqında çox eşidən bir ziyalı
xanım üçün bunlar maraq doğurur.
Müsahibim
davam edərək söyləyir ki, qadına rəhbər
olmaq çox çətindir, bütün nəzərlər üzərindədir... Yanlış yapma, axsatma, təxirə salma
imkanın yoxdur. Hər idarəçi kimi, mən də
çətinliklərlə qarşılaşıram, amma özümü həmişə
şanslı hiss edirəm. İş yoldaşlarım
arasında qadınların sayı az deyil.
Həm də dəstək görürəm.
Əlimdən gəldiyi qədər dəstəkləməyə,
təşviq etməyə çalışıram. Stəkanın dolu tərəfini görməkdən
uzağam. Bir problemlə üzləşəndə
həmişə çıxış yolu tapacağıma
ümid edirəm və müvəffəqiyyətə gedən
yolun çətinliklərini möhkəm addımlarla
aşmağa çalışıram.
Əlbəttə, qadının şəfqətli, diqqətli,
məhsuldar, yaradıcı, zərif xisləti onun ən
böyük üstünlüyüdür. Komandada
çalışmaq, qrupun ruhu və iş əzmi mənim
üçün çox əhəmiyyətlidir. Birlikdə çalışarkən nümunə
olmağa, insanlara anladığımı göstərməyə,
məqsədə müsbət meyarlarla çatmağa əhəmiyyət
verirəm. İş mühitinin müsbət
enerjisinin evlərə daşınacağına çox
inanıram və bunu tez-tez ifadə edirəm. Həyatı belə qavrayıram. Buna görə də, işdə yaxşı
xüsusiyyəti və müsbət enerji meydana gətirməyi
prioritet olaraq mənimsəyirəm.
İdarəçilik tərzini mükəmməl edə
bilmək amalını əsla unutmuram. Fərdi
uğurların qeyri-kafi, qrup müvəffəqiyyətinin isə
əhəmiyyətli olduğunu bilir və işlərimi bu
istiqamətdə qururam. Müştərək iş
prinsipi və yaradıcılıqla önə çıxmaq,
fikir və rəylərə dəyər vermək elmiliyi
önə çıxarmaqdır. Bu sırada
dözə bilmədiyim məsələ isə yalan
danışmaq və tənbəllikdir. Bunlar
məni olduqca çətinliyə salır. Nəhayət, işlərin sürətli bitməsini
istəyirəm.
- Həyat kredonuz, işdəki
çətinliklər haqqında da
danışmağınızı istərdim.
-1994-1997-ci illərdə Egey Universiteti Xəstəxanasının
ilk qadın baş həkimi olmaq da mənə nəsib olub. Egey Universitetində alimlərin
51,9 faizinin qadın olduğunu da söyləmək
istəyirəm. Bu xəstəxana 2 min yataq
tutumu olmaqla bölgənin ən böyük və xidmətləri
ən yüksək olan bir səhiyyə ocağıdır.
Tələbələrimizi düşünərkən
özümü 60 min nəfərlik bir ailənin “anası”
hiss edirəm.
Qadın rektor olaraq vəzifə məsuliyyətim,
bəlkə də, daha çoxdur. Amma
çətinliklərə baxmayaraq həmişə gələcəyə
baxmağı, ümidlə və güvənclə irəliyə
getməyi çox xoşlayıram. Məlumatlı
olmaq, diqqətlə və fədakarlıqla
çalışıb, xüsusilə, gənclərə
nümunə olmaq məcburiyyətindəyik. İdarəçi olmaq, fərqli tələblərə
ən yaxşı və doğru şəkildə cavab vermək,
problemlərin həll yolunu tapmaq, inamla hərəkət etmək
insanı uğura çatdırır.
- İkinci dövr rektor seçilməyinizdə
əvvəlki fəaliyyətinizin rolu olubmu?..
- 2008-ci
ildə rektor seçiləndən bəri uyğun və məhsuldar
bir iş mühiti yarada bildik və davam edirik. Hədəfimiz
Egey Universitetini təcrübə və təhsildə, elmi
araşdırmada, beynəlxalq aləmdə və cəmiyyətdə
öncül bir məqama gətirməkdir. Bütün
işlərimizi və ictimai məsuliyyətimizi “bezmədən,
qorxmadan, yorulmadan hərəkətə keçirmək”
şüarı ilə yerinə yetiririk.
Egey Universiteti timsalında strateji dəyərləri
gücləndirmək, üçüncü nəsil
universitet nümunəsi olaraq təcrübəni məhsula
çevirmək üçün işbirliyini artırmaq təhsili
həyat boyu reallaşdıracaq mühit yaratmaqdır. Hər il “təcrübədən
hərəkətə keçmək” adıyla hesabvermə
yığıncaqları təşkil edirik. Qarşılıqlı
əməkdaşlığa da çox əhəmiyyət
veririk. İlk rektor seçildiyim 2008-ci ilin dekabr
ayında İzmirdəki universitet rektorlarını bir araya gətirib
“İzmir universitetləri platforması” birliyinin meydana gəlməsinə
ev sahibliyi etdik. Bu gün
İzmirdəki 9 universitet ilə bu işbirliyi davam edir.
Hər ay toplaşır, alt komissiyaların
çıxardıqları mövzularda ortaq qərar veririk.
Ətraf mühitə həssaslıq,
təbiət dostu olma anlayışı “Homa Dalya” ərazisini
qoruma hərəkatı, 55 ildə 55 min, 60 ildə 60 min
fidanlıq meşəsalma işləri, ətraf rayonlarda, məktəblərdə
bu tədbirlərin həyata keçirilməsi ənənəyə
çevrilmişdir. Bölgədə ilk dəfə
bir sıra sosial-mədəni proqramlar
reallaşdırılmışdır. Mədəniyyətin
və təhsilin bir parçası olaraq qəbul etdiyimiz
müzeyçilik anlayışımız ön plandadır.
Etnoqrafiya Muzeyini və Türkiyədə ilk və
tək olan Kağız və Kitab Sənətləri Muzeyini
artıq Mədəniyyət və Turizm Nazirliyi təsdiq
etmişdir. Eyni zamanda, botanika, böcək,
əkinçilik maşınları, təbiət tarixi, ədəbiyyat
fakültəsi köhnə əsərlər kolleksiyası və
digər muzeylərimiz fəaliyyətlərini davam etdirməkdədir.
Ən çox tələbə mübadilə
edən iki universitetdən biri
-Türkiyənin Azərbaycandakı
Səfirliyinin məlumatlarında bildirilir ki, bu gün 5 mindən
çox azərbaycanlı gənc dövlət və özəl
xətlə Türkiyədə təhsil almaqdadır. Bu
layihədə Türkiyənin ən çox tanınan ali məktəbi kimi Egey
Universitetinin adı çəkilir.
Burada təhsil alan və
çalışan azərbaycanlılar haqqında nə deyərdiniz?
- Beynəlxalq
mübadilə proqramları və əlaqələr çərçivəsində
universitetimizdə 2 minə yaxın xarici tələbəmiz
var. Bunlardan 219 nəfəri azərbaycanlıdır. Egey Universitetində azərbaycanlı alimlər də
çalışmaqdadır. Onlardan birinin
adını mütləq çəkməliyəm- professor
Afiq Bərdəli. O, çalışqan, məhsuldar və
müvəffəqiyyətli, bir elm adamı üçün
yaşının az olmasına baxmayaraq, universitetimizin tibb fakültəsində,
bütün Türkiyədə xaricdə ən çox məqaləsi
dərc olunan bir elm adamı kimi
tanınır. Professor Bərdəli təhsilə
uğurlar gətirən alimlərimizdəndir.
- Dostluq və
qardaşlıq əlaqələrimizdə tələbələr
böyük bir körpüdür. Azərbaycanda Egey Universitetini seçmək
istəyən gənclərə
nə deyərdiniz?
- Egey Universiteti olaraq Azərbaycanla əlaqə və
ünsiyyətə çox əhəmiyyət veririk. Egey Universiteti
tələbə mübadiləsi proqramında Türkiyədə
ən çox büdcədən istifadə edən və ən
çox tələbə qəbul edən ilk iki universitet
arasındadır. Son illərdə bu mübadilənin
miqyası xeyli artıb- təqribən ildə 600 tələbə...
Azərbaycanla, eləcə də türkdilli dövlətlərlə
əlaqələrin genişləndirilməsində
maraqlıyıq. Bu bizim dövlət siyasətimizin önəmli
bir hissəsidir. Gələcəkdə də
bu əlaqələrin artacağına və daha da möhkəmlənəcəyinə
çox inanıram.
Azərbaycan kitabı Türkiyənin
ilk və tək muzeyində
Egey Universitetində
yaradılmış Türkiyənin ilk və tək
Kağız və Kitab Sənətləri Muzeyi ilə də tanış oluruq. Kitabın
yaranma tarixini, ümumiyyətlə, kağızın
keçib gəldiyi uzun yolu çağdaş adamlara
tanıdan bu muzeyin yerləşdiyi bina da keçmişin nadir
bir nümunəsidir. 19-cu yüzilliyin
ikinci yarısında sənayeçi Billan ailəsinin evi kimi
tikilən bina 1970-ci ildə Egey Universiteti üçün
satın alınmışdır.
Muzeyin rəhbəri və
yaradıcısı Nədim Sönməz uzun illər
Almaniyada yaşayıb və ömrünün dəyərli
bir hissəsini bu muzeyin qurulmasına həsr edib. İnsafən, çox dəyərli işlər
görüb. Burada kağızın ilk
yaranma tarixindən tutmuş bugününə kimi inkişaf
yolu, ilk kitab çapı və müasir nümunələr
diqqəti cəlb edir. Eyni zamanda, muzeydə
miniatür, məşhur ebru sənətinin incəlikləri
və tarixi haqqında da maraqlı məlumatlar toplanıb.
İkimərtəbəli muzeyin müxtəlif
güşələrində yerləşdirilmiş
eksponatların hər biri özlüyündə maraqlı bir
tarixi yaşatmaqdadır.
Nədim
bəy deyir: -Bir çox sahələrdə
ilklərə imza atan Egey Universiteti Türkiyədə tək,
dünyada isə çox az bənzəri olan bir sənət
muzeyi yaratmaqla daha bir ilkə imza atmış oldu. Türkiyə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
qeydiyyata götürülmüş bu muzeydə 3500 il öncəki papirusdan
tutmuş ən müasir çap nümunələrinədək
yazılı abidələr və kitablar böyük həvəslə
ziyarətçilərə təqdim edilir.
Diqqətçəkən bir məqam da nəzərimdən
qaçmadı. Nədim bəyin çox
düşündürücü və gözoxşayan ebru
nümunələri ilə yanaşı, əslində, rektor
Candeger xanımın yağlı boya ilə çəkilmiş
rəsmləri də mənim üçün əsl
sürpriz oldu. Düzü, bir belə
işdən və qayğılardan sonra bu cür canlı sənət
nümunələri yaradan insana, ən azı, yaxşı mənada
qibtə etməli olursan. “Ölməz ağacı”,
“Günbatımı” silsilə rəsmləri insana təkcə
taleyinin bir anını yox, həm də duyğuların və
həyatın reallıqlarını yaşadır... O dəqiqə
də xanım rektorun müsahibədə dediyi bəzi
sözlər yadıma düşdü: “Qadın həyat
yoldaşıdır, anadır, işdəki rəhbər vəzifəsi
və məsuliyyəti də daha dərindən dərk edəndir”.
Və özü demiş, həm də 60 min nəfərlik
bir ailənin “anası”dır.
-
Şübhəsiz, vəzifəsindən və kimliyindən
asılı olmayaraq ancaq bu cür könül sahibi olmaq
lazımdır ki, hər kəsin ürəyini və
duyğularını rəssam firçanla da fəth edə
biləsən!
Daha bir sürpriz isə muzeyin guşələrindən
birində Azərbaycan kitabını da görmək oldu. Azərbaycanın görkəmli
ictimai xadimi, “Şöhrət”
ordenli Zərifə Salahovanın miniatür kitab nümunələrinin
3 nüsxəsi burada nümayiş etdirilir. Kiril
əlifbası ilə hələ Sovetlər dönəmində
nəşr edilən bu nümunələr bizim yaxın
tariximizin yadigarlarıdır. Söylədik
ki, Azərbaycan dilində ilk miniatür kitab məhz Zərifə
xanımın fədakar əməyi sayəsində
işıq üzü görüb. Təkcə
2002-2007-ci illərdə onun təşəbbüsü ilə
Azərbaycanda 30 miniatür kitab nəşr edilib. Bu məlumat Nədim bəydə ciddi bir maraq
doğurdu. Heyrətini gizlətmədi və bizdən
muzeydə bu miniatür kitab nümunələrinin
sayının artırılması üçün dəstək
istədi...
Namiq ƏHMƏDOV
Xalq qəzeti.- 2014.- 27 aprel.- S. 7.