Biləsuvar rayonunda sosial-iqtisadi inkişaf sürətlənir

 

 Ölkəmizin sürətlə inkişaf edən rayonlarından biri də Biləsuvardır. Son illərdə burada quruculuq işlərinin miqyası genişlənib, rayonun siması dəyişib. Biləsuvarın bugünkü sosial-iqtisadi mənzərəsi yetərincə qənaətbəxşdir.

 Əvvəllər cənub bölgəsinə gedən magistral avtomobil yolu Biləsuvarın içərisindən, hətta bazar ərazisindən keçirdi ki, bu da pərakəndəlik və sıxlıq yaradırdı. Toz-duman, necə deyərlər, göyə yüksəlirdi. Bir neçə il öncə ölkə rəhbərliyinin tapşırığı ilə müasir standartlara cavab verən dolama yol çəkildi. Rayonun daxilində vüsətli abadlıq-quruculuq işləri həyata keçirildi ki, bunun da nəticəsində vəziyyət yaxşılığa doğru xeyli dəyişdi. Hazırda Biləsuvar öz infrastrukturu olan gözəl bir əyalət şəhəri kimi diqqət çəkir. Elə cari ilin ilk rübünün yekunlarına həsr olunan ümumrayon toplantısında bu barədə ətraflı danışılıb, uğurların əhatə dairəsi konkret faktlar əsasında canlandırılıb.

 Rayonda ümumi məhsul buraxılışının həcmi 43,4 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 9,9 milyon, ticarətdə 15,3 milyon, tikinti sahəsində 12,5 milyon, sənayedə 4,9 milyon manat olmuşdur. İndi Biləsuvarda orta aylıq əməkhaqqı 270 manatı keçir.

Əhalinin həyat şəraiti də ilbəil yaxşılaşır. Məşğulluq təmin edilir. İstehsal sahələrində, kənd təsərrüfatında çalışanların rifahı yüksəlir. Yeni evlər tikilir, sosial obyektlər istifadəyə verilir. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bu ilin əvvəlindən 16 sahibkarlıq subyektinə 207 min manat kredit verilmişdir. Görülmüş işlər nəticəsində 328 yeni yerləri açılmışdır. Rayonun hər tərəfində səliqə-sahman yaradılır. Abadlıq yürüşü bütün əraziləri əhatə edir.

 Qayğıya ehtiyac duyanlar da dövlətin diqqətindədir. Hazırda1613 ailə ünvanlı dövlət sosial yardımı alır. Bu, on min nəfərə qədər əhali sayıdır. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 112 manat təşkil etmişdir.

 Bu yaxınlarda Ağalıkənd kəndində 1176 şagird yerlik tam orta məktəbinin əsaslı təmiri və 220 şagird yerlik Amankənd tam orta məktəbi üçün yeni binanın tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Hazırda uzunluğu 16 kilometr olan Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad və uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan avtomobil yollarının, 450 şagird yerlik Aşağı Cürəli kənd tam orta, 640 şagird yerlik Xırmandalı kənd tam orta məktəbləri üçün yeni binaların, şəhərin “Təyyarə meydanı” adlanan yaşayış massivində uşaq bağçasının tikintisi, toxumçuluq idarəsinin inzibati binasının, şəhərin Heydər Əliyev küçəsinin xəstəxana istiqamətində olan hissəsinin, Səmədabad kəndində Heydər Əliyev parkının tikintiləri, mərkəzi xəstəxananın əsaslı təmiri davam etdirilir. Yol kənarlarında yerləşən yöndəmsiz kommersiya obyektləri dekorativ aqlay daşları ilə üzlənir. Biləsuvar şəhərində əlavə olaraq 3 bağça binasının tikintisi üçün sənədlər hazırlanmış, yer ayrılmışdır. Yaxın günlərdə inşaat işlərinə başlanılması nəzərdə tutulmuşdur.

Əhalinin təbii qazla təmin edilməsi diqqətdədir. Təkcə ötən il ərzində rayonun 4 kəndi təbii qazla təmin olunmuşdur. Ümumilikdə isə rayon üzrə 1 şəhər və 18 kənd qazlaşdırılmışdır. Hazırda şəhərin yeni salınmış yaşayış massivlərində küçə qaz xətlərinin çəkilişi aparılır. Bu ilin sonunadək rayonda qazlaşdırma işlərinin tam başa çatdırılması nəzərdə tutulur. Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması isə artıq başa çatdırılmışdır. Kanalizasiya sisteminin tikintisi davam etdirilir.

Mərkəzi ATS-də yeni elektron stansiyanın quraşdırılması yekunlaşmış, eyni zamanda bütün kəndlərdə ATS-lər elektronlaşdırılmışdır.

 “Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Prezident sərəncamı ilə həmin tibb ocağının yenidən qurulması və əsaslı təmirinə başlanmışdır. Hazırda burada da işlər sürətlə davam etdirilir. Tibb ocağı bu il yeni simada istifadəyə veriləcək. Onu da qeyd edək ki, rayonun 6 kəndində müasir tələblərə cavab verən yeni səhiyyə ocaqları tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonda müvafiq aksiya uğurla davam edir.

Bəli, Biləsuvar rayonu bu gün özünün yüksəliş mərhələsindədir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2014.- 27 aprel.- S. 7.