Prezident İlham
Əliyevin müəyyən etdiyi hücum taktikası Azərbaycan
diplomatiyasının uğurlarını artırır
Prezident İlham Əliyev öz çıxış, nitq və müsahibələrində dövlətimizin qüdrətləndirilməsi və ölkəmizin daha da inkişaf etdirilməsi üçün aydın istiqamətlər müəyyən edir, həmin istiqamətlərin icrası üçün dövlət məmurlarına, məsul şəxslərə konkret tapşırıqlar verir və sonra özü hamıya nümunə göstərir. Bilavasitə cənab Prezidentin xarici siyasətdə müəyyən etdiyi hücum taktikasının icra edilməsində də bu nümunənin şahidi oluruq. Prezidentin Praqa səfərində nümayiş etdirdiyi qətiyyət bir daha sübut etdi ki, Azərbaycan diplomatiyası xalqımızın və dövlətimizin mənafelərinin təmin olunması üçün ən kəsərli addımları atmaq iqtidarındadır.
Öncə isə onu qeyd edək ki, Prezidentin bütün xarici səfərləri kimi Çexiyaya etdiyi iki günlük işgüzar səfəri də dövlətimiz və xalqımız üçün xüsusi əhəmiyyət kəsb edən tarixi bir hadisəyə çevrildi. Dövlət başçımız səfər çərçivəsində Avropa İttifaqı kimi mötəbər beynəlxalq təşkilatın zirvə toplantısında iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər də reallaşdırdı. Onun Moldova Prezidenti Nikolae Timofti, Polşa Prezidenti Bronislav Komorovski, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Çexiya Prezidenti Miloş Zeman ilə görüşlərində Azərbaycan xalqının və dövlətimizin maraq dairəsində olan bir sıra mühüm məsələlər müzakirə olundu. Birmənalı şəkildə deyə bilərik ki, həmin görüşlərdə müzakirə olunan əsas məsələlərdən biri məhz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasından yaranan narahatlıqlar idi. Çünki Ermənistanın qeyri-konstruktiv yanaşması üzündən indiyədək həllini tapmayan bu problem artıq bütövlükdə Avropanın bir sıra maraqlarının təmin olunmasına əngəl törədir. Digər tərəfdən isə, bu münaqişənin tezliklə həllini tapmayan artıq zaman tələb edir. Ekspertlər açıq şəkildə etiraf edirlər ki, Avropa siyasətçiləri bu münaqişənin həllinə heç zaman indiki qədər tələsməyiblər. Bunun daha öncə qeyd edilməli səbəbi isə, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan diplomatiyasının hücum taktikasına keçməsidir.
Cənab Prezident özünün son çıxış və nitqlərində
“Nə üçün Avropa Şurası Parlament
Assambleyasında Ermənistan nümayəndə heyətinin səlahiyyətlərini
dayandırmaq məsələsi müzakirə edilmir?!”- kimi suallara daha çox yer
verir. Bu isə səbəbsiz deyil. Çünki artıq bütün dünyada
hamıya gün kimi aydındır ki, bu gün Azərbaycan
dünyada sülhməramlı, əməkdaşlığa
hazır və açıq xarici siyasət yürüdən
dövlət kimi tanınır. Bu siyasi
kursun əsasını ümummilli lider Heydər Əliyev
qoyub və bu gün şaxələnən
balanslaşdırılmış xarici siyasət Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bunu dövlət başçımız belə ifadə
edir: “Bizim xarici siyasətimiz
açıqdır, prinsipialdır, ədalətə, beynəlxalq
hüquqa söykənir. Bu prinsipiallıq və
hər bir məsələ ilə bağlı mövqeyimizin sərgilənməsi,
əlbəttə ki, Azərbaycana əlavə rəğbət
yaradır”.
Bu da bir faktdır ki, hazırda Azərbaycan qlobal problemlərin
müzakirə edildiyi sammitlərin də daimi nümayəndəsinə
çevrilib.
Prezident İlham Əliyev dəfələrlə həmin
sammitlərdə bildirib ki, əslində çoxdan Ermənistana
qarşı beynəlxalq sanksiyalar tətbiq edilməli idi:
“Çünki Ermənistan artıq iyirmi ildir ki, Azərbaycanın
beynəlxalq birlik tərəfindən tanınan ərazisini
işğal altında saxlayır. Dinc əhaliyə
qarşı soyqırımı törətmişdir. Xocalı soyqırımını törətmişdir.
Xalqımıza qarşı etnik təmizləmə
siyasəti aparılıbdır. BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi pozulur. Yəni heç bir başqa buna oxşar halda bu qədər
ədalətsizlik və qanun pozuntusu olmamışdır.
Beynəlxalq normalar pozulur. BMT
Təhlükəsizlik Şurasının qətnamələri
icra edilmir. Digər beynəlxalq təşkilatların
- Avropa Şurası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq
Təşkilatının qətnamələri icra edilmir.
Onlara məhəl qoyulmur. Minlərlə
Azərbaycan vətəndaşı həlak olubdur. Bizə qarşı soyqırımı törədilibdir.
Nəticə etibarilə Ermənistana
qarşı heç bir sanksiya tətbiq edilmir”.
Dövlət
başçımız bütün bunları
xatırlatdıqdan sonra beynəlxalq təşkilatların və
dünyanın aparıcı güc mərkəzlərinin
qarşısına sual qoyur: “Sual olunur nə
üçün? Nə vaxta qədər biz bu
ikili standartlarla üzləşəcəyik? Bunun səbəbi nədir? Nə
üçün qondarma ”Dağlıq
Qarabağ Respublikası"nın rəhbərləri
sanksiyalardan əziyyət çəkmir? Nə
üçün onlara qarşı sanksiyalar tətbiq olunmur?
Bu, ədalətsizlikdir, ikili standartlardır.
Ona görə biz beynəlxalq münasibətlərdə
ikili standartlara qarşı öz etiraz səsimizi
ucaldırıq. Bizimlə əməkdaşlıq edən
Qərb ölkələrinin rəhbərlərindən
xahiş edirik ki, qondarma “Dağlıq Qarabağ
Respublikası”nın “rəhbərləri”ni
öz ölkələrinə buraxmasınlar. Onlara
qarşı sanksiyalar tətbiq edilsin. Onlar
gedib qanunsuz telemarafonlar keçirirlər, pullar
yığırlar. Sonra o pulları bizim əleyhimizə
istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində
qəbul edirlər. Vizalar verilir, onlar orada
“nümayəndəliklər” açırlar, gedib-gəlirlər.
Nə üçün?"
Dövlət başçımız bu mövqeyini
Çexiyaya səfəri zamanı daha qabarıq şəkildə
ortaya qoydu.
Yuxarıda qeyd etdiyimiz kimi, Avropa İttifaqının adı
çəkilən sammitinin plenar iclasında söz alan Ermənistan
prezidenti Serj Sarkisyan
öz çıxışını
bütünlüklə qondarma erməni soyqırımı ilə
bağlı mülahizələrə həsr edib. Türkiyənin sammitdə təmsil olunmamasından
sui-istifadə edən Ermənistan prezidenti bununla da zirvə
görüşünün plenar iclasının mövzusundan
tamamilə kənara çıxaraq qondarma soyqırımı
məsələsini qabardıb və Türkiyəni əsas tənqid
hədəfi kimi seçib.
Kütləvi informasiya vasitələri yazırlar ki,
Serj Sarkisyan bir tərəfdən Türkiyəni qondarma
soyqırımı ilə bağlı konstruktiv mövqe
tutmamaqda, digər tərəfdən isə Ermənistanla sərhədlərini
açmamaqda əsassız olaraq ittiham edib və bu ölkənin
Avropa İttifaqına üzvlüyünün yolverilməz
olduğunu deyib. Ermənistan prezidenti
çıxışında hər vəchlə
inandırmağa çalışıb ki, Avropa ictimaiyyəti
qondarma soyqırımı ilə bağlı daha təsirli
mövqe tutmalıdır.
Əlbəttə, sammitin əksər içtirakçıları
bu sərsəmləməni ironiya ilə qaşılasa da,
işğalçı dövlətin quldur
başçısına konkret və tutarlı cavab vermək
məsuliyyətini Azərbaycan Prezidentindən başqa
heç kəs öz üzərinə götürə bilməzdi.
Söz Azərbaycan Prezidentinə verilərkən
dövlət başçımız öncə Azərbaycan
- Avropa əməkdaşlığının mövcud vəziyyətindən
və perspektivlərindən danışdıqdan sonra
mayası yalan, riyakarlıq və məkrlə yoğrulmuş
Ermənistanın cəfəng püskürən
başçısına məhz onun layiq olduğu cavabı
vermişdir: “Bu gün, təəssüf
ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək
Türkiyəyə yenidən hücum edir. Bunu
etmək asandır, çünki bu masa arxasında Türkiyə
nümayəndələri yoxdur. Ancaq mən
buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə
bağlı olduğunu deyə bilərəm”.
Sonra
dövlət başçımız bütün kəlmələri
yalandan ibarət olan Sarkisyanın həyasızcasına
başqa don geyindirmək istədiyi məsələlərə
aydınlıq gətirərək demişdir: “Türkiyə
ilə Ermənistan sərhədi Azərbaycanın Kəlbəcər
rayonunun 1993-cü ilin aprelində işğalından sonra
bağlanıb. Bundan əvvəl isə
bütün azərbaycanlılar Dağlıq Qarabağdan
qovulub. Dağlıq Qarabağ əhalisinin
30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən
əvvəl 1992-ci ildə ermənilər Şuşanı və
Laçını işğal etdilər. Daha sonra
Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl -
Dağlıq Qarabağın inzibati sərhədlərindən
kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu
işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə
tanınan ərazisinin 20 faizini təşkil edir”.
Ancaq Azərbaycan Prezidenti ermənilərin uşaq qatili
olan prezidentinin yalanlarını ifşa etməklə kifayətlənmədi. O,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün aparılan danışıqlarda ikili
standartlardan əl çəkə bilməyən dünya
siyasətçilərinə də çox mühüm
mesajlar verdi: “ Bizim əhali etnik təmizləməyə məruz
qalıb və bu işğal BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinə, Avropa Parlamentinin qətnaməsi
və Avropa Şurası Parlament Assambleyasının qətnaməsinə
baxmayaraq, bu günədək davam edir. Ermənistan
bu qətnamələrə məhəl qoymur və nə tarixən,
nə də beynəlxalq hüququn normalarına əsasən
onlara aid olmayan ərazinin işğalını davam etdirir.
Eyni zamanda, onlar Azərbaycanı qeyri-konstruktiv
yanaşmada günahlandırmaqda davam edirlər. Bizim torpaqlarımız işğal altındadır.
Helsinki Yekun Aktında ərazi
bütövlüyü və öz müqəddəratını
təyinetmə prinsipləri çox aydın əks olunub.
Öz müqəddəratını təyinetmə
ölkələrin ərazi bütövlüyünün
pozulması hesabına əldə olunmamalıdır. Üstəgəl, ermənilər artıq öz
müqəddəratını təyin ediblər, onların
müstəqil Ermənistan dövləti var. Təsəvvür
edin, əgər ermənilər hər yaşadıqları
yerdə öz müqəddəratını təyin etməyi
davam etdirsələr, nə baş verər. Onlar burada—Çex Respublikasında,
Gürcüstanda, Rusiyada, Amerikada, yaşadıqları istənilən
yerdə eyni yanaşma göstərə bilərlər. Onların öz dövləti var, onlar öz müqəddəratını
təyin ediblər”.
Ancaq Azərbaycan
diplomatiyasının Avropada - Çexiyanın paytaxtında, aydın səmadakı
ildırım kimi şaqqıldayan hücum taktikası bununla
səngimədi. Bu diplomatiya
zamanın tələbi olan Türk Dövlətləri Birliyinin təməl
prinsiplərinə ehtiram əlaməti olaraq Avropanın qulağının
dibində daha gur səslə
özünü göstərdi.
Bu diplomatiya yüz ildən bəri “erməni
soyqırımı” uydurması ilə həyasızcasına bütün dünyanı
aldatmağa çalışan ermənilərin rəhbərini
danışdığına peşman elədi. Dövlət
başçımız avropalı siyasətçiləri
növbəti dəfə aldatmaq istəyən Sarkisyanın
“soyqırımı” iddialarının da cəfəngiyatdan
başqa bir şey olmadığını sübut etdi: “Türkiyə-Ermənistan əlaqələrinə
gəldikdə, Baş nazir Ərdoğan bir neçə il
öncə bəyanatla çıxış edərək Ermənistanın
rəhbərliyinə bütün arxivləri
açmağı təklif etmişdi ki, tarixçilər iki
xalq arasındakı münasibətlərin tarixi məqamlarını
nəzərdən keçirsinlər. Ancaq bu təklif
adekvat cavabla qarşılanmadı. Dünən isə
Baş nazir Ərdoğan erməni əsilli insanlara
başsağlığı verdi, ancaq təəssüf
ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya
verilmədi. Baxmayaraq, mən bilirəm ki, Birləşmiş
Ştatlar və Avropa İttifaqı Türkiyə Baş
nazirinin mövqeyini yüksək qiymətləndirdilər,
ancaq görünür, bu, Ermənistan hökuməti
üçün kifayət deyildir. Bu, aydın
göstərir ki, regionda sülh istəməyən kimdir.
Biz sülh istəyirik, biz ərazilərimizin
geri qaytarılmasını istəyirik. Ermənistan
Azərbaycanın işğal olunmuş ərazilərindən
öz qoşunlarını çıxarmağa
başlamalıdır. Bunu etmək
çox asandır. Yalnız Ermənistan tərəfindən
siyasi iradə olmalıdır”.
Sonda isə
Azərbaycan Prezidenti bir daha üzünü dünya və
Avropa siyasətçilərinə tutaraq artıq öz
adından deyil, məhz Azərbaycan xalqı adından
müraciət etdi və bir çox insanları beynəlxalq
hüququn norma və prinsiplərinə riayət etməyə
çağırdı: “Azərbaycan xalqı bir sual verir: Niyə
Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa
Şurasındakı Ermənistan nümayəndə heyəti
səsvermə və söz hüququndan məhrum edilmir?
Onlar digər bir ölkənin ərazilərini işğal
ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsini kobud şəkildə
pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza
verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ
rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına
vizalar alırlar. Bu, dözülməzdir və
buna son qoyulmalıdır”.
Təbii ki, son qoyulmalıdır və qoyulacaqdır. Biz buna əminik.
Bu əminliyimiz isə dövlətimizin qüdrətindən,
Prezidentimizin qətiyyətindən, xalqın iradəsindən
və ən başlıcası bugünkü Azərbaycan həqiqəti
olan “Xalq -İqtidar, İqtidar-Xalq” birliyindən qaynaqlanır.
Biz inanırıq ki, Azərbaycan
diplomatiyasının hücum taktikası tezliklə öz
müsbət nəticələrini verəcəkdir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2014.- 29 aprel.- S. 7.