Prezident İlham Əliyevin söykəndiyi
dağ
Dövlətin rəhbəri olmaq, bir ölkənin prezidenti vəzifəsini daşımaq nə qədər şərəfli və qürurvericidirsə, bir o qədər də çətin və məsuliyyətli, hər anı sınaqlarla dolu ağır yükdür. Bir ölkə və millətin taleyi Tarixin hökmü ilə sənə tapşırılırsa, bütün başqa keyfiyyətlərdən əlavə, həm də dərin səbrin, tükənməz dözümün olmalıdır.
Məqamı gələndə böyük siyasət naminə düşmənlə də əl verib görüşməli, söhbət etməlisən, bəzən səviyyəsi, ləyaqəti səndən qat-qat aşağı olanların ən mötəbər beynəlxaq kürsülərdən rəhbərlik etdiyin dövlətin ünvanına yağdırdığı böhtanları, yalanları da təmkinini pozmadan sonacan dinləyib cavabını verməlisən, hərdən Vətən üçün fədakar çalışmalarını görüb, etiraf etməyən nankorlara da, insafsızca ağa qara deyənlərə də, xəbislərə də, riyakarlara, lap yolunu azmış, haqlı-haqsız asi düşmüş vətəndaşlarına da dözümlü yanaşmalısan, ehtiyac duyulanda mərhəmətini əsirgəməməlisən.Başqa yol yoxdur! Çünki prezidentlik yalnız ali vəzifə deyil, həm də Taledir, məxsusi bir düşüncə, yaşam tərzidir.
Artıq 11 ildir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır və bu illər boyunca biz onu daim məhz belə gördük: dövlətinə, millətinə bağlı, ümummilli maraqlarda yenilməz, güzəştsiz, xalqı üçün, Vətəni üçün yanan, yurdun hər qarışının yüksəlişi üçün usanmadan çalışan, ən ülvi məramı Azərbaycanı davamlı firavanlığa qovuşdurmaq olan qətiyyətli, tələbkar, ardıcıl və həm də mərhəmətli, xeyirxah, əfv etməyi bacaran, tövbə yolunu açıq saxlayan müdrik rəhbər kimi.
İnsan yaxşıya, xoş güzərana tez adət edir və sanki az öncə tam fərqli bir gerçəklik içərisində yaşadığını asanca unudur. Bəlkə, bu elə məhz belə də olmalıdır. Bunun özündə də həyatın müəyyən məntiqi var – ömür qısadır, insan bu gün dünəndən, sabah bugündən daha yaxşı güzərana sahib olmalıdır...
Olsun! Lakin minnətdarlığımızı ifadəni də bacaraq və bizim rifahımız üçün edilmişləri də unutmayaq! 11 il əvvəlki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edin və yaddan çıxarmayın ki, Prezident İlham Əliyev o Azərbaycanı irəlilətməyə qüdrətli Heydər Əliyevdən sonra başlamışdı. 20-25 il əvvəllə isə tutuşdurma aparmağa heç ehtiyac yoxdur.
Yer-göy qədər fərq var.
Heydər Əliyev dövrünün müstəqil Azərbaycanı ilə İlham Əliyev zamanının Azərbaycanını ona görə qarşılaşdırıram ki, qurucu Heydər Əliyevdən sonra parlaq nəticələr əldə etmək, Dövlətçilik Ustadının nailiyyətlərindən daha cazibədar yüksəlişlərə yetmək əsl hünərdir.
Bakıya, ətrafınıza, bütün Azərbaycana baxın.
Azərbaycanı Azərbaycanın içərisindən seyr edin, yurdumuza xaricdən nəzər salın, ya xaricdən baxan qərəzsiz, valeh əcnəbilərin söylədiklərini dinləyin, oxuyun.
Qəlbində ədalət hissi və Allah xofu olan hər kəs, ən azı, bütün bu müvəffəqiyyətlərə, Azərbaycanın, bir zamanlar ulu öndərin arzuladığı kimi, “dünyaya Günəş kimi doğmasına” fərəhlənməli, qürrələnməli, “əhsən!”, “sağ ol!” kəlmələrini dilə gətirməlidir.
İnkişafın, irəliləyişin, artımın İlham Əliyev miqyasları bizdə heç vaxt olmayıb, bunun özü artıq bir tarixi fenomendir.
Ölkənin cavan, uzaqgörən, tədbirli rəhbəri isə ən müxtəlif maneələrə, eniş-yoxuşlara, kiminsə bu müstəsna səyləri və bəhrələri qiymətləndirib- qiymətləndirməməsinə bənd olmadan özünəxas təvazö və inamla düzlüyünə (və nurlu sabahlarına!) inandığı dürüst yolu ilə irəliləyir.
Füsunkar Bakının qızmar gündüzlərindən sonra hər axşam minlərlə insan dincəlmək, dəniz havasıyla asudə nəfəs almaq üçün Sahil bağına axışır. Dünyanın ən irəli getmiş ölkələrindən paytaxtımıza təşrif gətirən əcnəbilərin çoxu gecədən xeyli ötənədək əsrarəngiz Milli Parkımızda gəzib-dolaşmaqdan doymaq bilmir.
Erkən səhər saatlarından isə Dənizkənarı bulvar səhhətinin qayğısına qalanlar üçün bir sağlamlıq vahəsinə çevrilir. Piyada gəzən kim, qaçan kim, körpələrini, uşaqlarını sübhün saf dəniz havasına çıxaran kim.
Yəqin, indi çoxlarının huşundan silinib ki, Sahil bağının yenidən qurulması başlananda, Bayıl səmtində bununla bağlı söküntü işləri aparılanda nə qara-qışqırıqlar qoparılırdı, düşmən dəyirmanına su tökməkdə pərgar olanlar bu gedişatı necə siyasiləşdirirdi, beynəlxalq təşkilatlara, xarici mətbuata iftira, qarayaxma ilə aşıb-daşan xəbis etirazları nə təhər səxavətlə ötürürdülər.
Avropa Şurasına da gedib çıxmışdı o qəbil föhşnamələr. İttihamlara cavab verirdik, izah edirdik, bütün bu inşaatın insanlarımızın daha gözəl yaşayışı üçün həyata keçirildiyini təsdiqləyirdik.
Aylar sovuşdu, orada həmin söhbətlərə yenə qayıtdıq, söküntü və tikintilər nəticəsində yaranmış göyçəkliklərin fotolarını aparıb göstərdik, Bakıya dəvət etdik, özləri gəlib quru yerdə yaradılmış gözəllik möcüzəsi ilə üz-üzə qaldılar.
...Başlandı Füzuli küçəsi boyunca, Dəmiryol vağzalından Beşmərtəbəyə sarı söküntülər. İçərisixıltlılar, qəlbi hislilər tanış boyat hay-küyləri indi bu ətrafda körükləməyə girişdilər. Bakı elə camaatın şifahi ənənəylə “Qış bulvarı” adı verdiyi daha bir sevimli istirahət zolağı qazandı.
Ora hər axşam izdihamlıdır, hər axşam insanlıdır.
İndi o gözəlliklərdən öz payını götürənlərin, o bulvarlara çıxanların arasında, qətiyyən şübhəm yoxdur ki, dünənki “şeypurçular”, irinli cızmaqaraları təşkil edənlərin özləri də, ailə üzvləri də var. Vicdanları nə deyir onlara?
Bir peşmançılıq, təəssüf hissi keçirmi içərilərindən, ya bəlkə, axşam gəzintidən qayıdandan sonra yenə qələmə əl atırlar, bu səfər Dağlı məhəlləsində – keçmiş Sovet küçəsi həndəvərində aparılan söküntülər, ya sabah ayrı ərazidə başlanacaq digər yeni quruculuqlar üçün cızılan layihələrin əleyhinə boğaz yırtmağa hazırlaşırlar?!
Şüşə kimi hamar yollar, bir zamanlar Qərb kinolarında görə bildiyimiz möhtəşəm körpülər, bir-birindən çəkici mütənasib tikililər, ən ucqar kəndlərdəki hətta bir vaxtlar ən iri şəhərlərdə belə rast gəlinməyən məktəblər, mədəniyyət sarayları, şəhərləşən rayonlar, bolluqla, zənginliklə aşıb-daşan dükan-bazar, geyim-keçimimiz, süfrəmiz... Bunlar Prezident İlham Əliyevin əsərləridir. Bunlar hələ elə dərhal zahirdən görünənlərdir.
Prezident İlham Əliyevin Azərbaycan dövləti və millətinin təhlükəsizliyi, tərəqqisi, özünütəsdiqi istiqamətində saysız müqavimətləri, əngəlli maneələri, ciddi təhdidləri adlaya-adlaya çağdaş qəliz dünyamız içərisində reallaşdırdığı nə qədər cahanşümul, millətəxeyir işlərin təfərrüatlarından, pərdəarxası dramatik səhifələrindən əksəriyyət xəbərsiz qalır.
Xarici müdaxilələrsiz, sülh, əmin-amanlıq və daxili sabitlik şəraitində, günü-gündən boy ataraq, firavanlaşaraq yaşayırıq.
Hərdən ətrafı seyr edin, yaxın-uzaq qonşular barədə fikirləşin, yenə özümüzə baxın.
Nail olunmuş hər yaxşılığın arxasında ağıl var, iradə var, əzm var, canatma var, mübarizə var.
Və nəhayət, şəxsiyyət var.Bunların hamısının tədbirli memarı var. Bu şəxsiyyət, bu memar Prezident İlham Əliyevdir!
Görməyi, dəyərləndirməyi, minnətdar olmağı bacaraq!
Naşükürlük, qədirbilməzlik elə naqisliklərdir ki, bizə qətiyyən yaraşmaz, belə əskik cəhətləri millətimin heç bir sıra nəfərində görmək istəməzdim.
2003-cü ilin artıq xeyli uzaqda qalmış payızını xatırlayıram. Prezident İlham Əliyev ona ümid bəsləyənlərin qarşısında nitq söyləyirdi.
Qısa, altıca sözlük, ancaq tutumu çox geniş, çəkisi xeyli ağır, mükəmməl proqram siqləti daşıyan bir cümlə də işlətdi:“Mən Azərbaycan xalqına yaxşı Prezident olacağam”, – dedi.
Və hakimiyyətdə olduğu 11 il boyunca hər gününü bu vədini sübut etməklə başladı.
Əməkləri və sevgiləri səmərini də verdi.
Ləyaqətli yurddaşımız İlham Əliyev Azərbaycan xalqına yaxşı Prezident olmağı bacardı!
Arxayınlaşmağa, ayaq saxlayıb nəfəs dərməyə isə Böyük Yol və Əlahəzrət Vaxt icazə vermir!
Hələ eramızdan 3 əsr əvvəl dahi yunan filosofu Epikür yazırdı ki, nə qədər yoldayıq, yolun indi keçdiyimiz hissəsini əvvəlkindən daha uğurlu etməliyik. Yalnız yolu başa vurandan sonra könül asudəliyi ilə sevinmək olar!
Prezident İlham Əliyevin, Azərbaycan Dövlətinin, Millətimizin getdiyi yol isə elə bir müqəddəs amaldır ki, onun sonu yoxdur, inşallah ki, heç zaman da bitəcəyi, nəhayəti olmayacaqdır. Əsl sevinci də dolğunluğu, bütövlüyü ilə həmin yolu daha sonra keçənlər yaşayacaqlar.
Lakin yol davam etdikcə bizə sarı daşlar da atılacaq, badalaqlar da vurulacaq, barılar da yaradılacaq, növ-növ sancmalar da hökmən olacaq.
Bir başqa hünər də büdrəməmək, daim şax yerimək, müdam qələbəyə köklənmək və bununla da dargözü, istəməyəni, müxalifi, düşməni daha da sarsııtmaq, rəzil etməkdir.
Elə Prezident İlham Əliyev edən kimi!
O, Böyük yolunu gedir və hər gəvəzələyən nadürüstə zaman itirməyə, hər bir hərzə-hədyana cavab verməyə, baş qatmağa nə macalı var, nə həvəsi.
Amma hərdən əks-cəbhədən atılan daş, əks-qütbdən dikələn yava sözlər dəyərlərimizə tuşlanırsa, anındaca onların cavabı verilməlidir.
Bunun üçün isə bizlər varıq: Böyük Yolun həqiqətinə inananlar, Prezidentin ardıcılları, silahdaşları, məsləkdaşları!
Azərbaycana düşmən qüvvələrin xaricdən təzyiqləri, tovlayıb tora saldıqları, ələ aldıqları milli xainlər vasitəsilə ölkə içərisində nələrsə törətməyə cəhdləri tam zavala uğrayıb. Onların illərcə çəkdiyi zəhmət, sərf etdikləri milyonlar boşa gedib və heyrət içərisində Azərbaycan xalqında Prezident İlham Əliyevə olan məhəbbətin, ehtiramın gizlincini, sehrini axtarırlar, xalqla liderin özlərində olmayan səmimi birliyinin gücü onları şaşırdır, mat qoyur.
Bu əsnada, 2014-cü il iyulun 30-da panika, isterika içərisində həmin halsızlığın, taqətsizliyin, tam çöküşün ifadəsi olan bir müraciət yayılır.
Bu müraciətin altındakı imza kimliyi və hansı yuvanın quşu olması Azərbaycan insanına çoxdan bəlli Leyla Yunusundur və məhz həmin tarixdə o imzanın seçilməsi də səbəbsiz deyil. Nəyi bilməsələr də, ölkəmiz əleyhinə çoxdan apardıqları kəşfiyyat və casusluq fəaliyyətlərinin təcrübəsindən o tayda yaxşı qanırlar ki, onların adamı Leyla Yunus artıq doymuş məhluldur, onun ətrafında halqa tam daralıb, o, ifşa olunub və həbsi saat, gün məsələsidir.
Bu arada öz aləmlərində sanki qabaqdangəlmişlik edərək artıq nimdaşlaşmış bu alətbaşıdan son istifadələrini edirlər. Müraciət dərc edilir və özlərinə yaraşan, özlərinə çox xas olan hissləri bizə şamil edirlər: “Sizi, həqiqətən, izahedilməz qorxu və həyəcan basıb”.
Çox istəyirəm millət bunu aşkar dərk etsin ki, Leyla Yunus və onabənzərlərin nişana aldığı yalnız iqtidar, dövlətin başçısı deyil, bu xalqdır, bu ölkədir, bu ölkənin bütün tarixi boyu qazandığı ən şirin, ən müstəsna sərvəti olan müstəqil dövlətidir.
Bakıda “Eurovision” mahnı müsabiqəsi
keçirildi.
O müsabiqəyə bütün dünyanın televiziyalarda
canlı yayımla tamaşa etdiyi dəqiqələrdə
tez-tez ölkəmizin gözəlliklərini əks etdirən
reklam çarxları fırladılırdı, Azərbaycan
haqqında xoş sözlər, təriflər səslənirdi.
Beləcə, Azərbaycan dünyanı fəth
edirdi, saniyələr ərzində bizə rəğbət bəsləyənlərin,
marağı oyananların sayı milyon-milyon artırdı,
bir mədəniyyət hadisəsi Azərbaycana, yüz
milyonlarla xərc çəkilsə belə,
qazanılmasına müyəssər olunmayacaq siyasi faydalar gətirirdi.
Düşmənlər də bunu görürdü,
yanıb-yaxılırdı.
2015-də
Birinci Avropa Oyunları keçiriləcək, 49 ölkədən
6000 idmançı gələcək, yenə bütün
dünya televiziyaları ağızdolusu “Azərbaycan” söyləyəcək.
Şöhrətimizin, Azərbaycanın ad-sanının
sayğı dalğası bir qədər də ənginləşəcək.
Buna sevinməmək, bununla öyünməmək
olarmı? Bunun əleyhinə gedən gör Azərbaycana necə
yağı münasibət bəsləməlidir.
Buyurun, beləsi var - Leyla Yunus. Bütün dünya
ölkələrinə rəsmən müraciət edib ki, həmin
yarışların Azərbaycanda keçirilməsinə
imkan verməsinlər. Sözünüz
varmı, əziz vətəndaşlarımız?!
Kimlərsə, o sıradan Leyla Yunus da altına ləçər
imzalarını atdıqları üfunətli yazıların
guya onların öz iltihablı beyinlərinin məhsulu
olduğuna inandığımızı düşünürsə,
çox yanılır.
Kimin haradan qısqırdıldığı, kimin
yalının haradan, kimin buyruğunun hansı mərkəzdən,
hansı ağadan gəldiyi yetərincə bilinir və
görəcəksiniz, asta-asta çox maskalar
yırtılacaq, hələ çox iyrənc sifətlər
faş olacaq.
Neyləməli,
bu, istiqlalın yoludur, tab gətirməli, yolumuzu daha səbatlı
davam etdirməliyik.
Belə fəsadlar əvvəllər, XX yüzilin ikinci
onilinin bitəcəyində də olub, bu cür
murdarlıqlara 1990-cı illərin əvvəllərində də
şahid kəsilmişik.
Nə acı ki, yenə
də rast gəlinir.
Azərbaycan
Prezidentinin apardığı müstəqil siyasəti
heç vəchlə həzm edə bilməyən, cənab
İlham Əliyevin şəxsiyyətinin qüdrəti
qarşısında acizliklərini hiss edən, dünyanın
ən üzüntülü iqtisadi böhranı şəraitində
belə Azərbaycanın müvazinətini itirməməsindən,
misli görünməmiş tərəqqiyə nail
olmasından şoka düşənlər gerçəkdən
vahimə içərisindədirlər ki, baş tutmayan məkrlərinə
sərf etdikləri, yeyib-dağıtdıqları külli
miqdarda maliyyənin hesabatını nə təhər verəcəklər.
Pozucu, təxribatçı səylərinin fiaskosundan
üşənən, qurduqları casus şəbəkəsi
tədricən ifşa edilib darmadağın olan xarici əqrəblər
və onların içərimizdən ələ
alınmış, tora salınmış
tör-töküntüləri qorxunc təşvişin,
ümidsiz həyəcanın son həddindədirlər.
Daha
demaqogiya keçmir!
Sizin kəşfiyyat
bir ucdan şəbəkə qurub əleyhimizə iş
aparırdısa, bizim əks-kəşfiyyat da ölkəmizin,
dövlətimizin və xalqımızın mənafeyi,
maraqları naminə ayıq-sayıq idi. Səbirlə,
aramla, vasvasılıqla dəlilləri, sübutları
toplayırdı. O həddə qədər ki, ifşa məqamında
cınqırınızı çıxarmaq imkanınız
olmasın.
Faktlar, inkaredilməz sübutlar, ifşaçı əşyayi
dəlillər o qədər boldur ki, daha heç bir insan
haqları örtüyü dalında gizlənərək ucuz
demaqogiyalara qısılmaq mümkün olmayacaq. Sizin bir
müddət işinizə yaramış, dalında gizləndiyiniz
əski psevdodemokratiya zirehlərinizi sübutlar, faktlar
artıq yetərincə şəffaflaşdırıb. Onlar daha süzülərək
yırtıq-yırtıq olub, bu üzündən o
üzü görünür. Başını kola
salanlar çöldə qalmış quyruqlarını,
başqalarının görmədiyi xəyallarını
beyinlərindən çıxarsın! Hələ tam
ayılmayanlar da ayılsın!
İnişil Londonda Avropa Şurası Parlament
Assambleyası Mədəniyyət, Elm, Təhsil və Media
Komitəsinin xətti ilə təşkil edilmiş bir
konfransda iştirak edirdim. Mətbuatın vəziyyəti,
problemləri ilə əlaqədar müxtəlif ölkələrin
parlamentlərindən dəvət olunmuş deputatların məruzələri
səslənirdi. Sonra sual-cavablar
başlandı. Dəvət edilmədən
bu tədbirə qatılmış bir qadın ayağa
qalxdı. Sual vermək əvəzinə
Azərbaycan əleyhinə rəzil sözlər
yağdırmağa başladı. Onun
sözünü yarımçıq kəsərək Rəyasət
Heyətinə müraciət etdim ki, qonağı prosedurlara əməl
etməyə çağırın, xanım sual vermək əvəzinə
çıxış edir. İrad nəzərinə
çatdırılsa da, həmin qadın yenə Azərbaycan
əleyhinə böhtanlar püskürməyə
başladı.
Yenə ayağa qalxıb uca səslə onun səsini kəsdim,
sədarətə bir daha bildirdim ki, qonaq
çıxış etməməli, sual verməlidir. Ondan bir daha tələb
etdilər ki, nəhayət, sualını
formalaşdırsın. Yenə əvvəlki
kimi, Azərbaycanı söyməyə başladı, yenə
qalxdım, qəti etiraz etdim və onun nabələd
auditoriyanı çaşdıraraq ölkəmiz haqqında səhv,
həm də xoşagəlməz təəssürat yaratmaq
planı baş tutmadı.
Əlbəttə, o vaxt başqa bir ölkədən
filan qədər xərc-xəcarət çəkilərək
məxsusi olaraq Böyük Britaniyaya bu toplantıda Azərbaycan
haqqında mənfi təəssürat yaratmaq
üçün göndərilmiş həmin şəxsin hədəfi
heç də başqaları kimi, normal sual verib, cavab almaq
deyildi. Niyyətinə yetməməsi onu pərt etmişdi
və sonradan internet şəbəkəsində həmin
insident barədə yazdı da.
Bu, Azərbaycana münasibətdə açıq düşmən
mövqedə olan və dövlətimizə zidd işlər
aparan, məhz bu xislətinə görə də ölkəmizdən
vaxtilə qovulmuş, hüquq müdafiəçisi
papağı altında xüsusi xidmət orqanlarının
agenti funksiyalarını icra edən keçmiş amerikan
diplomatı, indi cildini dəyişmiş Rebekka Vinsent idi.
Dabbaqda
gönünə bələd olduğumuz, ölkəmizə
qarşı nifrətini gizlətməyən və antiazərbaycan
casus şəbəkəsi formalaşdırmaqda bilavasitə
sistemli canfəşanlıqları olan belə bir adamla və
onun mənsub olduğu zümrənin təmsilçiləri
ilə bizimkilərdən cici-bacılıq, sıx əməkdaşlıq,
informasiya mübadilələri edənləri, demək, əleyhimizə
səmtləndirilmiş çuğulçuluğa
qurşananları necə özümüzünkü sayaq?
Xəbər
yayılıb ki,o qəbil sapı
özümüzdən
“balta”ların biri də nəzarətə
götürülüb.
Amma hələ
daha neçəsi var!
Beş-on
il əvvəl nəzərimizi
yayındıra, diqqətimizi azdıra bilərdilər. İndisə kimin ipinin hara bağlı olduğundan,
kimin düyməsinin hansı nöqtədən
basılmasından agahıq. Nə qədər
tamam gec deyil, heyif etməsinlər özlərini,
qayıtsınlar haqq yoluna.
Azərbaycan
dövlətdir, güclü dövlətdir, onun qadir rəhbəri,
sadiq vətəndaşları var və bu QÜDRƏTİN
istiqlalına, müstəqilliyinə zərbə vurmaq,
çat salmaq kimi xam xəyallar məhvə məhkumdur! Bizi nədə aldatmaq olsa da, sözdə və
sözlə aldatmaq mümkün deyil. Leyla
Yunus imzalı həmin müraciətdən elə Leyla rəngdə
və xislətdə olan çox onatayların qoxusu gəlir.
Qəlp,
qondarma canıyananlıqla riyakarcasına, yekə-yekə
tövsiyə edir, Prezidenti guya öz ətrafından, öz
komandasından, silahdaşlarından qorunmağa
çağırır: “Bu, sadəcə söz deyil: “Yüz
manatın olmaqdansa, yüz dostun olsun”. Dost sənin
bayramlarında rəqs edən adam deyil. Dost rejimin zəncirli itləri üstünə
cumanda yanında olan, çiyin-çiyinə dayanan, səninlə
birgə parçalanmaqdan qorxmayanlardır”.
Prezident İlham Əliyev unudulmaz Heydər Əliyevin
oğludur və ulu öndərdən ona həm irsən, həm
də şəxsi nümunə ilə nəsib olan ən
ümdə keyfiyyətlərdən biri də elə
dostluqdakı dəyanət, etibar, sabitqədəmlikdir. Məhz
dostların ona, onun dostlara sarsılmaz sədaqəti
böyük Heydər Əliyevi uzun dövlətçi və
siyasi həyatı boyu hifz edən, daim müzəffər
saxlayan başlıca dayaqlardan olmuşdu.
Tanrı Prezident İlham Əliyevə elə bir alın
yazısı qismət edib ki, onun həyatı heç də
həmişə rəvan olmayıb. Sovet
İttifaqının əvvəlinci simalarından olan
atası Kremldən uzaqlaşdırılaraq təqib edilməyə
başlayanda o da dünyanın sərt üzlərini,
etibarlı və etibarsız insanları, birüzlüləri
və dönükləri görüb.
İlham Əliyev gənc bir insan yaşından
yaşlı olmağı, erkən
ağsaqqallaşmağı bacarıb, mətanətinə
güvənib, qəddar əyyamlarda sınmayıb, mərdliyini
qeyb etməyib, ailənin bütün qayğılarını
çəkib və təbii ki, həmin sınaqlı
dövrlərdə yanında dostları olub.
İlham Əliyevin bir insan və bir Prezident kimi ən
başlıca məziyyəti də elə dostluqda möhkəmliyi,
dönməzliyi, həssaslığı, vəfasıdır. Və onu yaxşı
Prezident edən bəlkə ən mühüm amil Azərbaycan
xalqını, bu xalqın hər sədaqətli
balasını ən məhrəm, ən əziz dost
saymasıdır.
Biz
Prezident İlham Əliyevlə Avropa Şurası Parlament
Assambleyasında 2 il birgə işləmişik.
İlham müəllim AŞPA-dakı Azərbaycan
nümayəndə heyətinin ilk rəhbəri idi və həmin
başlanğıc dövr bu qurumdakı fəaliyyətlərimizin
ən gərgin, ən mübarizəli mərhələsi idi.
Yenicə başlayırdıq, hələ orada Türkiyədən
savayı dostlarımız, müttəfiqlərimiz, bizə dəstək
verənlər yox idi.
Erməni nümayəndə heyəti də quruma bizimlə
eyni vaxtda qəbul edilmişdi. Lakin bizdən fərqli
olaraq, qolları uzun erməni lobbisi tədbir
tökmüşdü, nümayəndə heyəti Strasburqa gəlib
çatmamışdan onların müxtəlif ölkələrdən
olan havadarları hazırlanmışdı.
Bizim
Avropa Şurasında ilk məqsədlərimizdən biri
informasiya blokadasını qırmaq, Ermənistanın
işğal siyasətinin iç üzünü açmaq
idi.
Məhz o narahat günlərdə mən cənab
İlham Əliyevin nə qədər cəsur, nə qədər
iti zəkalı, nə qədər vətənpərvər
bir şəxsiyyət olduğunu yaxın məsafədən
izlədim.
Həm də
o həftələr, aylar, illər içərisində
İlham Əliyevin necə yetkin rəhbər və dost
olduğu isbata yetdi.
O, Azərbaycan
Prezidentinin oğlu və nümayəndə heyətinin rəhbəri
idi. Bizlərə
tapşırıqlarını verib gedişatı
müşahidə edə, yalnız zəruri anlarda
qızğın diskussiyalara qatıla bilərdi. Lakin əksinə edirdi. Həmişə
sinəsini qabağa ilkin verirdi. Ermənistanın
terrorçu, işğalçı, insanaqənim dövlət
siyasəti aparması ilə bağlı ən sərt bəyanat
və çıxışlar İlham Əliyevdən gəlirdi.
Bir-iki dəfə sessiya əsnasında Avropa
Şurası rəhbərliyinin belə kəskin mövqeyə
görə ona gileyli etirazları da səslənmişdi.
Lakin erməniyə qahmar çıxan bu iradlar
İlham Əliyevi ədalətli, doğru mövqeyindən
döndərmək iqtidarında deyildi.
Və həm də İlham müəllim bizə,
nümayəndə heyəti üzvlərinə demirdi ki, siz də
mənim kimi edin. Sadəcə, öz igid nümunəsini
göstərirdi.
Əslində, bu da döyüş meydanı idi, bu da
barışmaz rəqiblərin qarşı-qarşıya
dayandığı səngər idi.
Biz
çiyin-çiyinə çarpışdığımız
həmin sınaq meydanında, ekstremal vəziyyətlərdə
Prezident İlham Əliyevin necə saf dost, necə adil rəhbər,
necə ötkəm yurdsevər, necə atəşin millətpərvər
olmağını görmüşük.
Bizi o inamımızdan ömrümüzün sonunacan
daha heç bir qüvvə döndərə bilməz.
Andreas Qrossun Azərbaycana qarşı münasibətinin
necə qərəzli olmasından ayrıca bəhs etməyə
lüzum yoxdur.
Son 14 ildə, Avropa Şurası ilə Azərbaycanın
işbirliyi dönəmində A.Qross bizə nə qədər
sərt yanaşıb, necə kəskin tənqidlər edib, bəzən
nə qədər haqsız, qeyri-obyektiv olub, - az
qala, hamıya məlumdur. O, son prezident seçkilərində
də Azərbaycana Avropa Şurasının müşahidə
missiyasının tərkibində ilk növbədə
nöqsan, əyər-əskiklər axtarışı məqsədilə
gəlmişdi. Həm də əhalinin
seçki təcrübəsinin daha zəif olduğunu fərz
etdiyi və deməli, qüsurların daha çox tapıla
bilməsi ehtimalı böyük olan ucqar rayonları
seçmişdi. Gəldi, müşahidə
etdi, getdi, Avropa Şurasında çıxışı da
oldu. Əvvəldən-sonacan seçki
qutularının yanında oturub bütün gedişatı
izlədiyindən ayrı-ayrı şəxslərin
naşılıq ucbatından törətdiyi
yanlışları da tutmuşdu və onlar barədə
danışırdı. Amma mütləq əksəriyyətin
namizəd İlham Əliyevə səs verdiyini etiraf edirdi.
Onu təəccübləndirən və ona heyrətamiz
gələn (və həm də onu qeyzləndirən) əsas
cəhət isə bu idi ki, axı niyə seçicilərin
yüzdə doxsanı İlham Əliyevi istəyir, onun
yanındadır, tərəddüdsüz ona səs verir?!
Zavallı
nə bilsin! Bu, xalqın sevgisidir! Bu, sənin
xoşuna gəlməyə bilər, bu, sənin ürəyincə
olmaya bilər, sən bunun niyə belə olmasını qəbul
etməyə bilərsən, amma bu, həqiqətdir. Və
həmin danılmaz həqiqətlə barışmağa məhkumsan!
Leyla Yunusun ona yad olan Azərbaycan dilinə dönməyən
diliylə yayılan müraciətində qanımıza
susamışların, uğurlarımızdan
bağırları çatlayanların puç məqsədlərindən
törəmiş belə bir çürük ifadəsi də
yer alır: “Arxalanacağınız, güvənəcəyiniz
heç kim yoxdur”.
Həyasızlığın
hüdudu olmazmış! Gör kim kimə
nə deyir!
Ermənistanın
əlləri qana bulaşıq cinayətkar
başçısının az öncə Praqada keçirilən,
Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı”
sammitində meydanı boş zənn edərək dərə
xəlvət, tülkü bəy inamı ilə qardaş
ölkənin ünvanına hədyanlar yağdırmasına
Prezident İlham Əliyevin bütün Azərbaycanı da,
Türkiyəni də riqqətə gətirən, qəhərləndirən
mərdanə, vüqarlı cavabı yadınızdamı:
“Türkiyə burda yoxsa da, mən burdayam və sizin
cavabınızı verəcəyəm”.
Bu gün
Azərbaycanda Prezident İlham Əliyevin arxalanacağı,
güvənəcəyi kim var?
Elə
Prezident İlham Əliyevin sözləri ilə deyirəm: onu
sevən, ona inanan, sonacan da həmişə onunla bir yolda
olacaq mən varam!
Və əminəm
ki, mənim kimi yüzlər, minlər, on minlər, milyonlar
var!
Bunu da
qiymətli yurddaşımız İlham Əliyev Böyük
Yolunun birinci addımını atarkən, 2003-cü ilin 31
oktyabrında and içərək ölkənin idarəçiliyinə
başladığı ilk gündəcə bütün səmimiyyəti
ilə bəyan etmişdi ki, mən hər bir azərbaycanlının
Prezidenti olacağam.
Yəqin,
bir xırda şərtlə ki, həmin azərbaycanlı da
azərbaycanlı olmaq istəyə, özünü bu millətin,
bu ölkənin, bu mənəviyyat aləminin, bu ruhun bir
parçası saya, bu ölkəyə, bu dövlətə
qanı qaynaya, bu yurd üçün daşı daş
üstünə qoymaq istəyi ola.
Bütün vədləri kimi, Prezident İlham Əliyev
bu vədinə də əməl etdi.
Onun sadiq
dostlarının sayı Prezidenti olduğu və daha ağ günləri üçün
çalışdığı bütün azərbaycanlıların
sayı qədərdir.
...Həyatın
bütün yaxşı-yamanını dadıb
keçmiş dünyagörmüş atalarımız:
“Arxası dağ olanın başı göylərə
çatar”, – söylədilər.
Prezident İlham Əliyev kürəyini ən uca, ən möhtəşəm dağa – xalqına söykəyib və hər an milləti ilə əl-ələ, ürək-ürəyədir.
Əlbəttə ki, başı daim zirvələrdə olacaq.
Bəs
sizin arxanızda nə durur, kim var?
Heçlik,
yoxluq, iflas!
Arxası yad olanların əvvəl-axır başı
daşa dəyər.
Yazıqlar
olsun!
Xalq qəzeti.-2014.-1 avqust.-S.3.