Azərbaycan kinosu yeni inkişaf dövrünü yaşayır

 

Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə 2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd olunur. Məlumat üçün bildirək ki, əvvəllər Azərbaycanın  kino tarixinin 1916-cı ildən   Neftmilyonlar səltənətində”  filmi ilə başlandığı  nəzərdə tutulurdu. Ancaq 1996-cı ildə əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin ciddi araşdırmaları nəticəsində Azərbaycan kino tarixinin 1898-ci ildən başlandığı sübut olundu. Həmin il avqustun 2-də Anton Mişonun çəkdiyi ilk film - “Balaxanıda neft fontanı” Bakıda nümayiş etdirilmişdi.

 

1916-cı ildə Ü.Hacıbəylinin “Arşın mal alan” operettası ekranlaşdırılmış və 1917-ci il yanvarın 3-də “Forum” kinoteatrında nümayiş olunmuşdur. Bu, Üzeyir bəy yaradıcılığına Azərbaycan kinosunun ilk müraciəti idi. 1945-ci ildə çəkilmiş “Arşın mal alan” isə ilk milli filmimizdir ki, SSRİ dövründə Dövlət mükafatına layiq görülüb.

 

Müstəqil Azərbaycanın kino sənəti 1993-cü ildən formalaşmağa başladı. Həmin ərəfədə incəsənətin bu vacib sahəsi, sözün əsl mənasında, məhv olmaq təhlükəsi ilə üzləşmişdi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə incəsənətə olan diqqət artırıldı. Milli kinematoqrafiyanın qazandığı ən mühüm uğurlardan biriKino haqqında Qanunun qəbul edilməsi idi. Bununla dövlət kinematoqrafın hüquqi bazasını yaratmış oldu. Qeyd edək ki, MDB ölkələri arasında Rusiyadan sonra yalnız Azərbaycanda belə bir qanun qəbul edilib.

 

Azərbaycanda kino çəkilişlərinə dövlətin qoyduğu vəsait ilbəil artır. Belə ki, bu sahəyə 2000-ci ildə 600 min, 2004-cü ildə 850 min, 2005-ci ildə 1 milyon 400 min, 2006-cı ildə 2 milyon, 2007-ci ildə isə 3 milyon 300 min manat vəsait ayrılmışdır. Bu vəsaitə uyğun olaraq, əvvəllər 3-4 ildə cəmi 1-2 bədii film çəkilirdisə və ya heç çəkilmirdisə, sonrakı illərdə filmlərin çəkilişi tədricən artmağa başladı. Bütün sahələrdə olduğu kimi, kinoda da durğunluq dövrü aradan qaldırıldı. Göründüyü kimi, hazırda bu sahəyə dövlət qayğısı sayəsində milli kinomuz yeni inkişaf dövrünü yaşayır.

 

Azərbaycan kinosunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində dövlətimiz mühüm  tədbirlər həyata keçirir. 2007-ci il fevralın 20-də Prezident İlham Əliyev “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzaladı. Bu sərəncam kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verdi. Etiraf etmək lazımdır ki, hələ respublikamızda kinonun maddi-texniki bazası aşağı səviyyədədir.  1976-cı ildə ulu öndər Heydər Əliyev “Kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” qərar qəbul edilməsinə nail olmuşdur. Bu sərəncama əsasən, o zaman valyuta hesabına kino avadanlıqları alındı və uzun illər kinostudiyada istifadə olundu.

 

Prezident İlham Əliyevin imzaladığı sərəncamda isə kino sahəsində məsələlərin həlli kompleks şəkildə qoyulur. Yəni kinostudiyanın binasının ən müasir tələblərə cavab verən formada yenidən qurulması, ən yeni texniki avadanlıqlarla təchiz edilməsi, kadr siyasətinin həyata keçirilməsi və digər bu kimi mühüm məsələlər həmin sənəddə öz əksini tapmışdır. Bundan sonra xarici kinorejissorların respublikamızda kino çəkilişləri aparmaları və digər məsələlər öz həllini tapırdı.

 

1996-cı ildə Azərbaycan Dövlət Film Fondu yaradıldı. Hazırda bu fondda 10 mindən artıq millixarici film saxlanır. Həmin filmlərin yüksək səviyyədə qorunmasını təmin etmək məqsədilə Dövlət Film Fondu üçün dünya standartlarına cavab verən yeni bina inşa edildi. Bu günə  qədər  Dövlət Film Fondu   xarici ölkələdən  Azərbaycan filmlərinin  surətlərini, külli miqdarda arxiv  materiallarını əldə edə bilmişdir.

 

Məlumdur ki, SSRİ-nin dağılması ilə əlaqədar kino sahəsində kadrların hazırlanmasında da  ciddi  problemlər yaranmışdır.  Cənab Prezidentin  sərəncamında respublikamızda, eyni zamanda, dünyanın bir neçə  ölkəsində  Azərbaycan kinosu üçün kadrların hazırlanması məsələsi də öz əksini tapmışdır.

 

Yerlixarici filmlərin yüksək səviyyədə nümayiş etdirilməsi üçün kinoteatrların dünya standartlarına uyğun yenidən qurulması əsas vəzifə kimi qarşıya qoyulmuşdu. “NizamiKino Mərkəzi yalnız kinoteatr kimi deyil, həm də tarixi abidə kimi qorunduğu üçün o, ən müasir tələblərə cavab verən formada yenidən bərpa edilib, ən müasir texniki avadanlıqlarla təchiz olunmuşdur.

 

2008-ci il avqustun  4-də cənab Prezidentin  sərəncamı ilə  təsdiq olunan  “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” artıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, proqramın  qəbulundan sonra kino sənətimizdə əsaslı yeniliklər müşahidə olunmağa başlandı. Kinoda yeni inkişaf tendensiyası  yarandı. Bu, həm filmlərin çəkilişində, həm nümayişində, həm də texniki təchizatın gücləndirilməsində özünü büruzə  verir.

 

Son altı ildə Azərbaycanda dövlət sifarişi ilə 70-dən çox sənədli, 30-dək tammetrajlı film çəkilib.  “Mən evə qayıdıram”, “Dolu”, “Sübhün elçisi”, “Qırmızı bağ”, “Qisasını alıb öl”, “Qorxma, mən səninləyəm -2” filmləri  müxtəlif  mövzujanrda  istehsal olunan ekran əsərləridir. 2006-2011-ci illərdə ekran əsərlərimiz 40-dək ölkədə, 100-dən artıq festivalda uğurla iştirak edib. Təkcə ötən il gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər 25-dən artıq beynəlxalq kinofestivalda göstərilib.

 

Keçən il 64-cü Beynəlxalq Kann kinofestivalında ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil olunub.

 

Londonda Film Festivalı keçirilən “XV Rainbow” Beynəlxalq Film Festivalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçüfilmi  “Ən yaxşı bədii film” nominasiyasında mükafatlandırılıb.

 

Möhtərəm Prezidentimiz  İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ümumi iqtisadi, sosial və mədəni inkişafı kino sənətinin də böyük uğurlar qazanmasına şərait yaradacaq, Azərbaycan kinosu layiq olduğu yüksək sənət zirvələrinə ucalacaqdır.

 

 

 

 Mehdi MÜKƏRRƏMOĞLU,

 

Xalq qəzeti”.-2014.-2 avqust.-S.7.