Ən böyük milli sərvətimiz
1 avqust Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günüdür
Ölkəmiz siyasi müstəqillik qazandıqdan sonra həyata keçirilən dövlət quruculuğu prosesinin mühüm göstəricilərindən biri də ana dilimizin dövlət dili kimi rəsmi status qazanması olmuşdur. Azərbaycan Respublikasının ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması rəsmi qaydada təsbit edilmişdir. Bundan sonra keçən müddət ərzində ana dilimizin dövlət dili kimi işləkliyinin təmin edilməsi, statusunun qorunması, tədqiqinin, tədrisinin və təbliğinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən daha iyirmiyə yaxın rəsmi sənəd qəbul edilmişdir. Bu sırada aşağıdakı sənədləri xüsusi qeyd etmək lazımdır:
– “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli fərmanı; – “Azərbaycan əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli fərmanı;
– “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Qanun (30 sentyabr 2002-ci il).
Bu sənədlər sırasında 2012-ci ilin may ayında layihəsi nəşr edilərək ümumxalq müzakirəsinə verilmiş, mütəxəssislər, ziyalılar, elm-tədris müəssisələri və yaradıcılıq təşkilatları, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri tərəfindən geniş müzakirə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 9 aprel 2013-cü ildə qəbul edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı xüsusi yer tutur. Ana dilimizlə bağlı, hələ ki, sonuncu olan bu sənədin qəbulundan bir ildən artıq vaxt keçmişdir. Əsasən, hüquqi normaları və işlənmə qaydalarını müəyyən edən əvvəlki sənədlərdən fərqli olaraq, bu sənəd məhz proqram xarakteri daşıyır və yaradıcılıq təşkilatları, təhsil və elmi-tədqiqat müəssisələri, kütləvi informasiya vasitələri, ayrı-ayrı vətəndaşlar və ümumən cəmiyyətimiz qarşısında yerinə yetirilməsi zəruri olan konkret vəzifələr qoyur.
Dövlət Proqramının layihəsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamında qeyd olunduğu kimi, “...ana dilimiz hətta ən ağır vaxtlarda belə milli məfkurənin, milli şüurun və milli-mənəvi dəyərlərin layiqincə yaşamasını və inkişafını təmin etmişdir. Bu gün onun qorunması və qayğı ilə əhatə olunması Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Sənəddə dil siyasəti sahəsində xüsusi Dövlət Proqramının qəbul edilməsi zərurəti belə əsaslandırılırdı: “Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət kəsb etməyə başlamışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin imzaladığı tarixi sənədlər sayəsində ədəbi dilimizin fəaliyyət meydanı daha da genişlənmiş, onun müxtəlif üslublarının potensialı bir daha üzə çıxarılmış, bütünlükdə dil mədəniyyətimiz qarşısında yeni üfüqlər açılmışdır. Bununla yanaşı, son dövrdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımınca və düzgün istifadə edilməməsi diqqət çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə, dövlət dilinin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir”.
Təəssüf ki, ana dilinin xalqımızın ictimai-siyasi və mədəni-mənəvi həyatında nə qədər böyük rol oynadığını nəzərə almayan, bəlkə də, sona qədər dərk etməyən bəzi mətbuat orqanlarında, telekanallarda, elektron informasiya vasitələrində ədəbi dil normalarının pozulması halları və hətta Dövlət Proqramının tələblərinə müqavimət göstərilməsi cəhdləri müşahidə olunur. Tərcümə və dublyaj nümunələrinin mətni dilimizin zəngin ifadə imkanlarından müqayisə edilməyəcək dərəcədə aşağı səviyyədədir. Bir sıra reklam lövhələrində, şəhərimizin tərtibat elementlərində Azərbaycan dilinin leksik və qrammatik normaları, dövlət dilinin tətbiqi prinsipləri kobudcasına pozulur.
Bəzi hallarda dilimizin tarixinə və mənşəyinə dair səsləndirilən yanlış və qərəzli mülahizələrə tutarlı cavab verilmir. Azərbaycan dilində müasir dövr üçün zəruri kommunikasiya vasitəsi və informasiya mənbəyi sayılan internet resurslarının azlığı, onlarda Azərbaycanın tarixi və müasir həqiqətlərinin kifayət qədər əks olunmaması günümüzün real problemləridir.
Dövlət Proqramı bu sahədə cəmiyyətimiz və millətimiz qarşısında duran vəzifələri müəyyənləşdirərkən, ilk növbədə, məhz bu problemlərin aradan qaldırılmasını nəzərdə tutur: “Elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və təbliği imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.”
Dövlər Proqramının əsas qayəsini müəyyənləşdirmək istəsək, başlıca olaraq iki məsələnin diqqət mərkəzində saxlandığını görərik:
1. Azərbaycan dilinin başqa dillərin təsirindən qorunması;
2. Ədəbi
dil normalarına əməl edilməsinin təmin olunması.
Dilimizə başqa dillərin təsirindən
danışarkən həm adi vətəndaşlar, həm də
mütəxəssislər çox zaman ilk olaraq rus dilinin təsirindən
bəhs edirlər. Ancaq etiraf etmək lazımdır ki, rus
dilinin Azərbaycan dili üzərində təsirini təmin
edən və iki yüz ilə yaxın davam etmiş tarixi
şərait ölkəmizin müstəqillik qazanması ilə
artıq aradan qalxmışdır. Və rus dilinin dilimizə
təsiri hazırda, əsasən, ətalət üzrə
davam etməkdədir
və bəzən adamlar yol verdikləri dil
pozuntularının məhz rus dilinin təsiri ilə baş verdiyindən özləri
belə xəbərsiz olurlar.
Bədən üzvlərinin adlarını bildirən
sözlər hər bir dildə ilkin sözlərdən
sayılır və bu sırada heç bir dildə alınma
sözlərdən istifadə olunmur. Rus dilində
(ümumiyyətlə slavyan dillərində) bəzi
ayrı-ayrı bədən üzvlərinin adları eyni bir
sözlə ifadə edilir. Məsələn,
ruslar ayaq və qılçaya – “noqa”, döş və sinəyə
– “qrud” deyirlər. Azərbaycan dilində (ümumiyyətlə
türk dillərində) isə bu anlayışların hər
birinin öz adı var. Lakin rus dilini, daha dəqiqi, dil mədəniyyətimizə
hələ də pozucu təsir göstərməkdə olan
rusdilliliyin təsiri olaraq çox zaman həm yazılı, həm
də şifahi KİV-in dilində bu anlayışların
yanlış işlədilməsinin şahidi oluruq. Məsələn, “Minaya düşmüş əsgərin
ayağı dizdən yuxarı kəsildi.” Ayağın “dizdən yuxarı” kəsilməsinin nə
demək olduğunu təsəvvür edə bilirsinizmi?
Yaxud başqa bir misal: milyonlarla tamaşaçının
gözləri qarşısında top futbolçunun dirsəyinə
dəyir, televiziya aparıcısı isə tərəddüd
etmədən – “top futbolçunun əlinə dəydi” –
deyir. Daha gülünc başqa bir misal – “Xərçəng
diaqnozu qoyulmuş Amerika aktrisası Cenifer Lopes hər iki sinəsini
kəsdirdi.” Bu cür kobud səhvlərə yol verən
jurnalistlər, bəlkə də, bunun rus dilinin təsiri ilə
baş verdiyindən
özləri də xəbərsizdirlər.
Rus dilinin tarixi və etimologiyası ilə məşğul
olan mütəxəssislər həmin dilə türk dillərindən
8 mindən çox sözün keçdiyini qeyd edirlər. Təbii ki,
alınma sözlərə aid dil qaydalarına uyğun olaraq,
həmin sözlərin əksəriyyəti rus dilində təhrif
olunmuş (daha doğrusu, onun qaydalarına uyğunlaşdırılmış)
şəkildə işlədilir. Son vaxtlar
mediamızın dilində həmin sözlərdən birinin –
“karvansara” sözünün ilkin (və düzgün) formada
yox, rus dilində təhrif olunmuş formada – “karvansaray” kimi
işlədilməsinə rast gəlinir. Belə
yanaşsaq, onda gərək türk dillərindən rus dilinə
keçmiş digər sözləri də rus variantında
işlədək. Məsələn, karvan yox, karavan;
ütü yox, utyuq; üzüm yox, izyum; alaçıq yox, laçuqa; örkən yox, arkan; ocaq yox,
açak; çadır yox, şatır və s. kimi işlədək.
Digər tərəfdən, “karvansaray” sözündəki
“saray” bizim işlətdiyimiz mənada deyil, rus dilində bu
söz “tövlə”, “dam”, “samanlıq”, “əl evi” mənalarında
işlədilir.
Rus dilində
“stroit” feli bir çox fərqli mənalar daşıyır və
onun bizim dilimizdə “tikmək” mənasından başqa,
“çəkmək”, “salmaq” “qayırmaq”, “qurmaq” kimi
qarşılıqları da var. Məsələn, biz rus dilində
hamısı “stroit” kəlməsi ilə deyilən ifadələri
bir-birindən fərqli şəkildə işlədirik: “yol
çəkmək”, “körpü salmaq”, “gəmi qayırmaq” və
s. Təəssüf ki, son vaxtlar bu ifadələrin hamısını,
yenə də rus dilindən hərfi tərcümə edərək,
“tikmək” sözü ilə işlədirlər: “yol tikmək”,
“körpü tikmək” və s.
İngilis dilinin müasir dünyada ən böyük
informasiya daşıyıcısı kimi real gücü
olması obyektiv həqiqətdir. Çağdaş beynəlxalq
münasibətlər sistemində onun əvəzsiz rolunu
etiraf etməklə bərabər, böyük tarixi ənənələrə
malik fransız, ispan, alman, rus, yapon dilləri də bu dilin bəzən
bütün zəruri hədləri dağıdıb aşan
ziyanlı təsirindən qorunmaq üçün əməli
tədbirlər görməyə çalışırlar.
Təbii ki, belə bir “ingilis dili təhlükəsi”
biizm ölkəmizin dil mühiti üçün də
mövcuddur. Təkcə elə
paytaxtımızın reklam və tərtibat mənzərəsini
nəzərdən keçirmək həmin təhlükənin
nə qədər real xarakter daşıdığı qənaətinə
gəlmək üçün kifayət edər.
Müasir ədəbi dilimizdə ingilis dilindən
alınmış xeyli sayda zəruri kəlmələrlə
yanaşı, ehtiyac olmadan alınmış sözlər də
vardır.
Onlara münasibət ictimai rəydə də, mütəxəssislər
arasında da birmənalıdır: Öz dilimizin leksik vahidlərinin
semantik potensialı fikrin ifadəsi üçün kifayət
etdiyi halda, alınma sözlərdən istifadəyə ehtiyac
yoxdur. Ancaq bəzən alınmalarla
bağlı daha mürəkkəb dil hadisələrinə də
təsadüf olunur. Dilimizdə alınma mürəkkəb
adların qısaldılmış şəkildə (abreviatur
formasında) işlədilməsinə münasibətdə
ikili yanaşma mövcuddur: a) həmin qısaltmaların
orijinalda olduğu kimi (yəni, ingiliscə) işlədilməsi
– NATO, UNESCO və s; b) həmin qısaltmaların öz
dilimizə uyğun işlədilməsi — BMT, MDB, ATƏT və
s; Qəribədir ki, son vaxtlar bizim öz ölkəmizə
aid, öz dilimizdə mövcud olan mürəkkəb
adların qısaltmalarının (abreviaturasının)
ingilis variantında işlədilməsi ilə üzləşirik
– AZAL, SOCAR, ASAN və s. Bütün bunlar kobud dil pozuntusu
olmaqla yanaşı, həm də dövlət dilimizə
sayğısız münasibətin nümunəsidir.
Məlumdur ki, dünya dillərində xüsusi adlar dildən
dilə keçərkən tərcümə olunmur. Yalnız
müxtəlif dillərin tarixi ənənələrinə
uyğun olaraq, variantların meydana gəlməsi
mümkündür. Çox qəribədir ki, son vaxtlar
bizim mətbuatın dilində ingilis mənşəli bir
çox xüsusi adların-şəxs, yer-yurd, qəzet və
jurnal, idman komandası və s. adlarını ingilis
transkripsiyasında yazmağa başlayıblar. Məsələn,
bu cür- “New York Times”. Heç on illər
boyu dilimizi siyasi və ideoloji basqılar altında saxlayan
Rusiya sovet imperiyası bizdən, məsələn,
“Komsomolskaya pravda” yazmağı tələb etmirdi. Təbii ki, ingilis dilini yaxşı bilməyən azərbaycanlı
bu sözləri oxuya bilməyəcək.
Bütün bu sayılanlar haqqında bəhs etdiyimiz
Dövlət Proqramının və Dövlət dili
haqqında Qanunun tələbləri ilə tam ziddiyyət təşkil
edir.
Azərbaycan dilinə başqa dillərin təsiri məsələsindən
bəhs edərkən çox zaman Türkiyə türkcəsinin
təsiri probleminin üstündən sükutla keçməyə
üstünlük verirlər. Bəziləri isə
Azərbaycan və türk dillərinin eyni dil olmasını
söyləyərək burada iki dilin münasibətindən bəhs
etməyi artıq saylırlar. İstənilən filoloq
mütəxəssisə asanlıqla sübut etmək olar ki,
onlar eyni yox, eyni kökdən gələn çox yaxın,
amma fonetikadan tutmuş sintaksisə ,
intonasiyaya qədər bütün təbəqələrdə
məhz dil səviyyəli fərqləri olan iki müxtəlif
dildir. Əks halda gərək Azərbaycan
dilinin müstəqil ədəbi dil yox, Türkiyə
türkcəsinin bir ləhcəsi olduğunu etiraf edəsən.
Məsələn, Qars, yaxud Ərzurum ləhcəsi kimi...
Halbuki, Azərbaycan dili ilə türk dili arasında
yaxınlıq serb və xorvat, çex və
slovak, portuqal və ispan, elə öz türk dillərimiz
içərisində qazax və qırğız, tatar və
başqırd dilləri arasındakı yaxınlıqdan
artıq deyil. Onda gərək bu cütlüklərin
hamısını eyni dil sayaq. Əks
mövqedə olanlar çox zaman ümummilli lider Heydər
Əliyevin “bir millət – iki dövlət” şüarına
istinad edirlər. Bizcə, onlar siyasi zərurətlə
tarixi reallıq amillərini qarışıq salırlar.
Məhz ölkəmizin yeni Konstitusiyasının
hazırlanması əsnasında Heydər Əliyev dilimizin
adının dəqiqləşdirilməsi mövzusunda
disskusiya aparmağı lazım bilmişdi...
Türk dilinin Azərbaycan dilinə təsiri, əlbəttə
ki, “yad” dilin yox, qardaş dilin təsiridir. Amma hər
halda başqa bir dilin təsiridir. Qohum dillər
arasında leksik mənimsəmələrin alınma söz
sayılmaması barədə nəzəri dilçilik
müddəasını yadda saxlamaqla, son onilliklərdə
türk dilindən dilimizə keçən çoxsaylı
müsbət nümunələri qeyd etməklə
yanaşı bildirmək istərdik ki, çox zaman öz
dilimizdə, hətta eyniköklü
qarşılığı ola-ola, türkcə varianta
üstünlük vermək yersizdir.
Bu tipli
leksik mənimsəmələr dilimizdə bir sıra sintaktik
uyğunsuzluqların da meydana çıxmasına səbəb
olur:
– O, bu qolla
komandasını növbəti mərhələyə
daşıdı.
–
Qonağımız maraqlı bir fikirlər söylədi.
– “Qarabağ” yarımfinal oyununu da qazandı.
– Kəndə
qaz və elektrik verilişi dayandırıldı.
– Onun
müalicə xərclərini dövlət
qarşıladı.
–
Bakıya bu dəfə gəldiyimdə şəhəri
tanıya bilmədim.
Dilimizdə
“ilə” qoşmasının -la (-lə) şəkilçisi
formasında işlədilməsi normadır. Yalnız şəkilçinin
qoşulduğu sözün son samiti “l” səsinin assimilə
olunmasına səbəb olduqda bu şəkilçi -nan (-nən) formasında işlənə bilər.
Məsələn, “qələmnən
yazdım”, “Kamrannan görüşdüm” demək normaya
uyğun tələffüzdür. Lakin
söz kökünün son səsi şəkilçinin ilk səsinin
assimləsinə səbəb olmursa, buna yol vermək olmaz.
Məsələn, “çəkicnən vurdum”, “Əhmədnən
görüşdüm” şəklində demək, adi
danışıqda yol verilsə də, ədəbi tələffüz
nümunəsi sayıla bilməz. Ümumiyyətlə, hər
hansı bir fonetik hadisə (assimilyasiya, dissimilyasiya, səsartımı,
səsdüşümü və s. )
baş vermirsə, sözün deyilişinin
yazılışından fərqlənməsi fonetik
normanın pozulması deməkdir.
Dil
pozuntularından bəhs edilərkən bəzən qrammatik problemlər
yaddan çıxarılır. Halbuki, dilin mahiyyətini
onun leksik tərkibi deyil, qrammatik sistemi müəyyən edir.
Buna görə də dilimiizn yad təsirlərdən
qorunmasından danışarkən öncə onun qrammatik
quruluşunun qorunmasına diqqət yetirməliyik. Əvvəldə qeyd
etdiyimiz kimi, leksik pozuntuları düzəltmək asanlıqla
mümkündür, ancaq dilin qrammatik sistemində hər
hansı bir elementlə bağlı pozuntuya yol verilərsə,
onu aradan qaldırmaq çox çətin olur.
KİV-in dilində müşahidə olunan bu tipli bir
sıra pozuntuları nəzərdən
keçirək.
a) Məlum
olduğu kimi, dilimizin cümlə quruluşunda
tamamlığın hansı halda işlənməsi idarə əlaqəsi
vasitəsilə xəbər tərəfindən müəyyən
olunur. Başqa sözlə desək, xəbər
hansı halı tələb edirsə, tamamlıq, yaxud zərflik
də həmin halda işlənir. Təəssüf ki,
son vaxtlar həm yazılı, həm də elektron medianın
dilində bu qaydanın addımbaşı pozulması ilə
üzləşirik:
–
Heç kəs vətən torpağına küsməsin.
– Bu xəbər
hər kəsi göz yaşına boğacaq.
– Bu tədbirin
keçirilməsindən məqsəd gəncləri fəallaşdırmaqdır.
– Biz bu
planın həyata keçəcəyindən əminik.
b)
Cümlənin xəbərini felin arzu şəkli əvəzinə,
yanlış olaraq qeyri-qəti gələcək zamanda işlədirlər:
– Kaş
onu tez-tez görərdim.
– İstəyirəm,
ürəyimdən keçən ali məktəbə
girərdim.
c) Qeyri-qəti
gələcək zamanın inkarında ikinci şəxsdə
“z” samiti əvəzinə yanlış olaraq “r” samiti işlədirlər.
–Gözlərinlə
görməsən, inanmarsan.
–
Qış tətilindən sonra dərslərə gecikmərsiniz.
ç)
Üçüncü şəxsdə “-dır” xəbərlik
şəkilçisinin “r” samitini ixtisara salırlar və nəzərə
almırlar ki, bu, fikrin kobud surətdə təhrif
olunmasına səbəb olur. “-Dır” şəkilçisi
indiki, “-dı” şəkilçisi isə keçmiş zaman
anlamını ifadə edir. Təbii ki, bu
məqamda tələffüz zamanı “r” səsi eşidilmir,
ancaq şifahi nitq qaydalarını kor-koranə yazılı
nitqə gətirmək olmaz.
d) Felin
icbar növünə aid “gətirtmək”, “yedirtmək” tipli
sözlər yanlış olaraq “gətizdirmək”, “yedizdirmək”
şəklində işlədilir. Bu hal ədəbi
tələffüz normaları baxımından kobud pozuntudur.
Bu məqamda yalnız “əmizdirmək” və “çimizdirmək” sözləri
istisna təşkil edir.
e)
Müasir KİV-in dilində morfoloji pozuntular baxımından ən
böyük problem felin nəqli keçmiş zamanını
düzəldən “-mış” şəkilçisinin işlədilməsi
ilə bağlıdır. Bu şəkilçi
ən qədim zamanlardan bizim günlərə qədər
bütün türk dillərində, istisnasız olaraq
bütün yazılı və şifahi abidələrin
dilində işlənmişdir. Müasir türk
dillərinin də hamısında işlənir. Və
birdən, təxminən 10-15 il öncə kimlərinsə qərəzli,
subyektiv münasibəti üzündən bu şəkilçiyə
qarşı “səlib yürüşü” başlanır, onu
“sovet televiziyasının dil elementi” adlandıraraq gözdən
salmağa çalışırlar və nə yazıqlar ki,
buna xeyli dərəcədə nail olurlar...
Nəqli keçmiş zamanın
“-mış”dan başqa “-ıb” şəkilçisi
də var, ancaq bu şəkilçi birinci şəxsdə
işlənmir və deməli, ifadə imkanları birinci ilə
müqayisədə xeyli məhduddur. Şühudi
keçmiş zamana aid olan “-dı” şəkilçisi isə
tamam başqa semantik məzmun daşıyır. Yalnız
dilimizi yaxşı bilməyən adam bu
şəkilçiləri bir-birinin əvəzinə işlətməyi
təklif edə bilər. Təsəvvür edin, “mən gəlmişəm”
fikrini “-mış” şəkilçisi olmadan necə ifadə
etmək olar? Yaxşı, tutaq ki, nəqli keçmiş
zamanla bağlı vəziyyətdən birtəhər
çıxa bildiniz, bəs həmin “-mış” şəkilçisi
ilə düzələn, keçmiş zaman anlamlı feli sifətləri
nə ilə əvəz edəcəksiniz? İndiki zaman
anlamlı “-an” şəkilçisi ilə? Dildən nə qədər
bixəbər olmaq lazımdır ki, “yazılmış kitab”
ifadəsi ilə “yazılan kitab” ifadəsinin fərqini
başa düşməyəsən?!
Əfsus ki, müasir mətbuatımızın
dilində bu kobud pozuntuya çox tez-tez rast gəlirik. Rəsmi informasiya vasitələrindən şifahi
nitqdə AzTV, yazılı nitqdə isə AzərTAc dilimizin
bu çoxəsrlik ənənəsini qorumaq missiyasını
öz üzərinə götürmüşdü. Son 3-4 ildə “ana televiziyamız” bu missiyadan
könüllü surətdə əl çəkib.
f) Mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərdə yönlük halda bitişdirici samit olaraq “n” samiti işlənir. Məsələn, “Küçədə qonşumuzun oğluna rast gəldim” yaxud “Ermənilər Əligilin kəndinə avtomatlardan atəş açdılar.” Ancaq həmin şəkilçi mənsubiyyət funksiyasından çıxıb sözdüzəldici məzmun qazanırsa, saitlə bitən adi sözlər kimi bitişdirici samit məqamında “y” samiti işlənir. Məsələn, “Bu qəzəl Həsənoğluya məxsusdur”, “Nigar xanım üzünü Koroğluya tutdu”, “Koroğlu əzilmiş nalları Dəmirçioğluya qaytardı.”
Bu yaxınlarda dövlət başçımız cənab İlham Əliyev xalq şairi Vaqif Səmədoğlunun 75 illiyi münasibətilə ona təbrik məktubu göndərmişdir. Başlıq da qrammatik normaya tam uyğun idi: “Xalq şairi Vaqif Səmədoğluya”. Ancaq mətbuatımız bu barədə xəbər yayarkən – “Prezident Vaqif Səmədoğluna məktub göndərdi” cümləsini işlətdi. Başqa bir misal. Ali Baş Komandan Silahlı Qüvvələr Günü münasibəti ilə əsgərlər qarşısında çıxış edərkən – “Bayrağımızı Şuşaya, Xankəndiyə sancacağıq”-demişdir. Mətbuat isə informasiyanı belə verdi: “Prezident bayrağımızı Xankəndinə sancacağıq – dedi.” Göründüyü kimi, hər iki halda dövlət başçısının düzgün, qrammatik qaydalara uyğun işlətdiyi cümlələr mətbuat tərəfindən təhrif edilərək ədəbi dil pozuntusu şəklində təqdim olunmuşdur.
Kütləvi informasiya vasitələrinin dilində müşahidə olunan bütün bu tipli dil pozuntuları, ilk növbədə, müəlliflərin ana dilimizi praktik və nəzəri cəhətdən yaxşı bilməmələri ilə bağlıdır. Bu mövcud vəziyyət Dövlət Proqramının iki əsas müddəasının – ümummilli liderimiz Heydər Əliyevin “ən böyük milli sərvətimiz ” adlandırdığı ana dilimizin yad dillərin təsirindən qorunmasının və ədəbi dil normalarına birmənalı şəkildə əməl edilməsinin vacibliyini şərtləndirir. Zamanın tələbi belədir.
İlham ABBASOV,
“Xalq qəzeti” .-2014.-2 avqust.-S.5.