Qərbin və bəzi nüfuzlu
təşkilatların ikili standartlardan çıxış etməsi, qərəzli
mövqe tutması beynəlxalq hüquq normalarına
sayğısızlıqdır
Neçə illərdir ki, torpaqlarımızın 20 faizdən çoxu düşmən tapdağı altındadır. Müstəqil Azərbaycanımızın ərazi bütövlüyü BMT və digər nüfuzlu qurumlar tərəfindən tanınmasına, erməni qoşun birləşmələrinin işğal olunmuş ərazilərimizdən çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Surasının məlum qətnamələrinin qəbul olunmasına baxmayaraq, hələ də düşmənlərimiz öz mənfur əməllərindən əl çəkmirlər .
Dünyanın nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin bu loyal münasibəti başadüşülən deyil. ATƏT-in Minsk qrupu da neçə illərdir ki, bu məsələ ilə bağlı heç bir irəliləyişə nail ola bilməyib. Ardı-arası kəsilmədən aparılan danışıqlar heç bir nəticə verməyib. Bəs səbəb nədir? Azərbaycana qarşı yönələn bu ikili standartlar heç bir siyasi məntiqə sığmır. Azərbaycanın işğal olunmuş ərazilərindən zorən qovulan məcburi köçkünlərin düşdüyü acınacaqlı vəziyyət bu gün heç bir beynəlxalq təşkilatı ciddi narahat etmir. 20 ildən artıqdır ki, Azərbaycanın müxtəlif guşələrində müvəqqəti məskunlaşan bu insanlar Vətən həsrətilə yaşayırlar.
1994-cü ildə Ermənistanla atəşkəs haqqında saziş imzalanmasına baxmayaraq , cəbhə zonasında heç vaxt sakitlik olmamış, erməni işğalçıları daim atəşkəsi pozmuşlar. Amma onlara “qaşın üstə gözün var” deyən olmayıb.
Ermənilər bilməlidirlər ki, biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və bu vaxta kimi səbr və təmkinlə məsələnin siyası yolla həllini gözləmişik. Bizim də səbrimizin həddi- hüdudu var və artıq xalqımız Ali Baş Komandanın əmrini gözləyir. Müharibə olarsa, biz qələbə çalacağımıza əminik. Ermənistanda da yaxşı bilirlər ki, Azərbaycan artıq on beş- iyirmi il əvvəlki deyil. Bizim müasir hərbi texnika ilə təchiz edilmiş güclü ordumuz var. Azərbaycan hər sahədə regionun lider dövlətidir. Dövlət başçımız cənab
İlham Əliyevin dediyi kimi, Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcək.
Cəbhədə baş verən insidentlər sübut etdi ki, dünyanın böyük dövlətləri müharibə başlayacağından ciddi narahatlıq keçirirlər. Yaxşı bilirlər ki, Azərbaycan onların himayə etdiyi işğalçı Ermənistanı çox az vaxt ərzində yerlə-yeksan etməyə qadirdir. Yenə saxta bəyanatlar, yalançı sülhə çağırışlar davam etməkdədir. Yox, artıq bu xalqı aldada bilməyəcəksiniz, cənablar! O, bundan sonra yalnız qələbə ruhunda olacaq və bu qələbə günü çox da uzaqda deyil. Qoy Ermənistanın havadarları elə öz amplualarında qalsınlar.
Hər dəfə Azərbaycan haqq səsini ucaldanda, Ermənistanı və ona havadarlıq edən super gücləri təkzibolunmaz fakt və dəlillərlə bütün dünyada ifşa edəndə erməni lobbisinin “şeypurçalanları” olan “Amnesty İnternational”, “Human Right Watch”, Freedom House”, “Sərhədsiz reportyorlar” kimi beynəlxalq təşkilatlar əl-ayağa düşür, ölkəmizə qarşı qərzli və ikili standartlara söykənən böhtan dolu hesabatlar hazırlayır, ictimai fikri Ermənistanın törətdiyi bəşəri cinayətlərdən və dəhşətli təxribatlardan yayındırmağa çalışırlar.
Bu dəfə də işğal olunmuş Azərbaycan ərazisində cəbhənin təmas xəttində ermənilərin törətdikləri vəhşiliklərlə bağlı faktların olduğu kimi dünya ictimiyyətinə çatdırlması nəticəsində Ermənistanın terroru dəstəkləyən dövlət kimi ifşa olunduğu, onun bu hərəkətlərinə göz yuman beynəlxalq təşkilatların – o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun və başqa qurumların ikili standartlardan, tərəfkeşlikdən əl çəkməməkdə rüsvay edildiyi bir məqamda “Amnesty İnternational” deyilən təşkilatın tələm-tələsik hazırladığı hesabatda Azərbaycanı hədəf seçməsi, guya ölkəmizdə Rəsul Cəfərov adlı bir hüquq müdafiəçisin hüquqlarının pozulduğu barədə “vay-şivən” qoparması ictimaiyyətnin diqqətini yayındırmaqdan və özünün müstəqil siyasəti ilə beynəlxalq aləmdə böyük hörmət qazanmış dövlətimizin nüfuzuna zərbə vurmaqdan başqa bir şey deyil.
Azərbaycan qüdrətli dövlətdir. Onunla hesablaşır, inkişafımıza qibtə edirlər. Avropanın enerji təhlükəsizliyində dövlətimizin rolu ildən-ilə artır. Ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Məgər dünya birliyi, inkişaf etmiş dövlətlər bunu görmürlərmi? Azərbaycanın ən iri layihələrin təşəbbüskarı və iştirakçısı olması onlara nəsə demirmi? Bəs onların himayə etdikləri Ermənistan necə? Bu gün bütün beynəlxalq layihələrdən kənarda qalmış, əhalisi rəzalət ucbatından öz evini tərk edən Ermənistanda yoxsulluq, işsizlik baş alıb gedir. Son vaxtlar cəbhədə törədilən insidentlər də təsadüfi deyil. Ermənistan rəhbərliyi öz xalqı qarşısında rəzil günə düşmüşdür. Daha havadarları da onlardan bezmişlər. Deməli, onların yeganə yolu öz xalqını müharıbə qorxusu ilə hədələməkdir.
Bu yaxınlarda bir Qarabağ emənisinin bədnam, qatil, öz xalqının düşməni olan Zori Balayanla bir dialoquna rast gəldim. Maraqlı dialoq idi. O, Zori Balayana bildirir ki, biz Azərbaycana uduzduq. Onlar inkişaf etdi, tərəqqi yoluna çıxdilar, biz isə pis günə qaldıq, çox keçməz, bir gün azərbaycanlılar bizi diz üstə qoyacaqlar.
Bu, faktdır. Göründüyü kimi bütün erməni xalqı bu gün qorxu içərisindədir. Onlar yaxşı bilirlər ki, Azərbaycanın ulu öndəri Heydər Əliyevin siyası kursunu uğurla davam etdirən qüdrətli rəhbəri, güclü ordusu və bir də qeyrətli oğulları var. Qələbəmiz çox da uzaqda deyil, yaxın vaxtlarda müstəqil Azərbaycanımızın üçrəngli bayrağının Xankəndidə dalğalanacağına heç bir şübhə yoxdur.
Kərim TAHİROV,
M.F.Axundzadə
adına Milli Kitabxananın direktoru,
əməkdar mədəniyyət
işçisi, professor
Xalq qəzeti.-2014.-8 avqust.-S.4.