Bu “Karvan”ın yolu
uzaqdır Soltan Hacıbəyov – 95
Milli musiqimizin inkişafı Hacıbəyovlar nəslinin istedadlı nümayəndələrinin adı ilə birbaşa bağlıdır. Üzeyir, Zülfüqar, Niyazi və nəhayət, Soltan Hacıbəyovların musiqi sənətimizə verdiyi qiymətli töhfələr xalqımızın milli-mənəvi sərvətinə çevrilmişdir. Bu günlər Hacıbəyovlar nəslinin görkəmli nümayəndəsi Soltan Hacıbəyovun 95 illik yubileyi təntənə ilə qeyd edilir.
Bu böyük bəstəkar 1919-cu ildə Azərbaycanın ulu mədəniyyət mərkəzi Şuşada anadan olmuşdur. Gələcək bəstəkarın yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olmuşdur. 1930-cu ildə S. Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü. Hacıbəylinin ailəsində yaşamış və tərbiyə almışdır. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirmiş, burada Ü.Hacıbəyov, B.İ.Zeydman və başqalarından dərs almışdır. O, 1947-ci ildə Moskva konservatoriyasında D.D. Şostakoviçin sinfində təcrübə keçmişdir. S.Hacıbəyov Azərbaycan musiqi mədəniyyəti tarixinə özünəməxsus istedada malik bəstəkar, pedaqoq, ictimai xadim kimi daxil olmuşdur. S.Hacıbəyovun yaradıcılıq siması aydınlığı, dünyagörüşünün saflığı, şairanəliyi ilə fərqlənir. O, musiqidə peyzaj rəsmlərinin gözəl ustası kimi tanınır. Onun əsərlərində parlaq milli koloritli janr obrazları üstünlük təşkil edir.
S.Hacıbəyovun yaradıcılıq yolu 30-cu illərin axırı, 40-cı illərin əvvəllərindən başlayır. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişmişdi (Q.Qarayev, F. Əmirov, Niyazi , S. Rüstəmov). Öz yaradıcılığında onlar Ü. Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S. Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər.
Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, İ. Zamanlının sözlərinə yazılmış “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnıları, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romansları, simli kvartet və simfonik variasiyaları (1943) yazır.
Böyük Vətən müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbətilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər bəstələyir. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır.
1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S. Hacıbəyova “Kəminə və qazı” operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyl edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnmişdir. “Karvan” simfonik lövhəsində o, musiqi vasitəsilə dinləyicilərdə konkret mənzərə haqqında təsəvvür yaradır. “Karvan” çox cazibədardır. Bu gözəl əsərin gözəl instrumentovkası var. Həyat eşqi ilə dolu, dərin məzmunlu bu əsəri Çikaqo şəhərində Evanston orkestri böyük məharətlə ifa etmişdir. S.Hacıbəyov 1946-cı ildə II simfoniyanı yaradır. Buradakı yeni dramatik situasiyalar, yeni ifadə vasitələri dinləyicini öz əhatə dairəsinə salır.
Bəstəkar uşaqlar üçün də əsərlər yazmışdır. Həmin əsərlərin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri (“Yeni il”, “Bahar” və s.) vardır. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay - lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”.
“Gülşən” baletini
isə o, 1950-ci ildə
yazmışdır. Müasir mövzuya həsr olunmuş
bu əsərdə insanların
qarşılıqlı münasibətlərinə, əxlaqi
keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur.
Baletin 1-ci redaksiyasında
(libretto Q. Almaszadənindir) bir sıra nöqsanlar
var idi. Azərbaycan ədəbiyyatı
və incəsənətinin
Moskvada keçirilən
2 -ci dekadası ilə əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadənin və P. Abolimovundur). Baletin musiqili
səhnə kompozisiyası
aydın və lakonikdir. Sevgi və məişət
səhnələri ilə
əmək mövzuları
ayrılmaz vəhdətdə
verilir.
1950-ci illərdə bəstəkar
vokal musiqisi sahəsində də çalışır. O, 1950-53-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri
orkestri üçün
işləmişdir. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. S.Hacıbəyovun bir məşhur
üvertürası da
var. Bu əsər milli
musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan,
rus musiqi klassiklərinin ənənələrini
öz fərdi yaradıcılıq süzgəcindən
keçirərək müasir
ruhlu, milli koloritli əsər yaratmağa nail olmuşdur.
Mövzuların aydın və
qabarıq şəkildə
inkişaf etməsi əsərdə proqramlılıq
cəhətlərini üzə
çıxarır.
50-ci illərdə bəstəkar
Bolqarıstan və Çexoslovakiyaya gedir, Vətənə qayıtdıqdan
sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir.
O, ən parlaq əsərindən birini
1964-cü ildə yazmışdır. “Konsert”
adlı bu əsər təzadların
kəskinliyi, fəallığı,
müasr musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Bəstəkar bu əsərini mahiranə şəkildə
instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq
imkanlarından səmərəli
şəkildə istifadə
etmişdir. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü
səs koloriti ilə uyğunlaşır.
“Konsert” milli
simfonik musiqi mədəniyyətinə gözəl
hədiyyədir.
S. Hacıbəyov bir çox tamaşalara da musiqi bəstələmişdir.
M. İbrahimovun “Məhəbbət”,
“Kəndçi qızı”,
S. Vurğunun “İnsan”,
S. S. Axundovun “Eşq və intiqam”, S. Rəhmanın “Əliqulu evlənir” və bir çox başqa əsərlər bu qəbildəndir.
Soltan Hacıbəyov Azərbaycan
Musiqili Komediya Teatrının dirijoru
(1938-1940), “Sazçı” qızlar
ansamblının rəhbəri
(1940-1942), Azərbaycan
Bəstəkarlar İttifaqı
İdarə Heyətinin katibi (1953-1968) və
SSRİ Bəstəkarlar İttifaqı
idarə heyətinin (1958-ci ildən)
üzvü olmuşdur.
Bəstəkar 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969-cu ildən
1974-cü ilə qədər
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının
rektoru vəzifəsində
çalışıb. Sumqayıt musiqi
məktəbi indi onun adını daşıyır.
İstedadlı bəstəkar, pedaqoq, SSRİ xalq artisti fəxri adına (1973), SSRİ (1952) və Azərbaycan SSR Dövlət mükafatlarına layiq gorulmuşdür. (1970), “Qırmızı Əmək Bayrağı ” ordeni və medallarla təltif olunmuşdur. Böyük bəstəkar 1974-cü ildə 55 yaşında vəfat etmişdir. Onun əziz xatirəsi xalqımızın qəlbindən heç vaxt silinməyəcək.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq
qəzeti”.-2014.-8 avqust.-S.7.