Naxçıvanda Abbasqulu ağa
Bakıxanovun özü, sözü və izi haqqında
eşitdiklərimiz
Naxçıvan şəhəri, ilıq yay səhəri, “Təbriz” mehmanxanasının 13-cü mərtəbəsindəki yeməkxana. Görkəmli Azərbaycan ziyalılılarından olan Tofiq Bakıxanovla üzbəüz əyləşib səhər yeməyi gözləyirik. Bir neçə dəqiqədən sonra iki gənc - bir oğlan, bir qız yemək məcməyiləri ilə gəlirlər. Qız xeyli aralıda dayanır. Oğlan əlindəki məcməyidə olanları süfrəyə düzəndən sonra ehtiramla geri çəkilir və ...qızın əlindəki məcməyini alır.
“Təbriz”dən
Araza baxırdı ustad ...
Çöhrəsindən abır-həya, ailə tərbiyəsi süzülən qız ehtiram əlaməti olaraq bizə biri 60-ı, o biri isə 80-i geridə qoymuş qonaqlara yaxın gəlmir. Sonra növbəti təamlar gətirilir və həmin qayda təkrar olunur. On illərdən bəri Azərbaycanın heç yerində şahidi olmadığım bu mənzərə beynimdə təxminən əlli il əvvəlki xatirələri canlandırır. Bizim 8-10 yaşımız olanda anam evə gələn qonağın qabağına yemək aparmaz, əlindəki tabağı qapıya qədər gətirib ya bizə, ya da atama verərdi...
Ani olaraq atalı-analı günlərimin xatirələrinə qovuşuram və Tofiq müəllimin pəncərədən baxaraq xidmətçi oğlandan soruşduğu “Bu, hansı göldür?” — sualıyla yenidən “süfrəyə qayıdıram”.
— Bu, göl deyil, Araz çayıdır. Burada qabağına bənd vurulub deyə, göl kimi görünür, — deyə oğlan cavab verir.
Tofiq müəllimin Araza baxıb hansı hissləri keçirdiyini bilmirəm. Amma o yadımdadır ki, həmişə Arazdan o biri taya baxan ağsaqqalın həmin məqamı olduqca maraqlı idi: “Təbriz”dən Araza baxırdı ustad.
Bərəkətin,
firavanlığın, xoş növrağın təməli
İlkin təəssüratlar milli-mənəvi dəyərlərin qorunub saxlanılmasından, abır-həyanın hələ də öz yerində olmasından, qonağa, xüsusən, yaşlı adamlara ehtiram göstərilməsindən ibarət olur. Düşünürəm ki, bu ab-hava mövcuddursa, deməli, ölkədə bin-bərəkət, firavanlıq, xoş güzaran da olacaq ...
Cəmi iki saatdan sonra isə öyrənirəm ki, 14 il bundan əvvəl, 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında 15 adda məhsul istehsal olunurdu. Bu gün istehsal olunan məhsulların sayı 23 dəfə artaraq 349-a çatdırılmışdır. Hazırda muxtar respublikada 334 növ məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. İstehsal olunan ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi tutmuşdur. 2003-cü ildə ölkəmizdə işsizliyin səviyyəsi 49 faiz təşkil edirdisə, ötən il bu rəqəm 5,2 faizədək düşmüşdür. Muxtar respublikada isə hazırda işsizlik sıfır səviyyəsindədir. Xatırladaq ki, bəzi inkişaf etmiş ölkələrdə işsizliyin səviyyəsi 25 faizdir, gənclər arasında isə bu rəqəm 50 faizə çatır.
İndi Naxçıvandakı bin-bərəkətin təməlini və səbəblərini hörmətli oxucunun özü qiymətləndirsin. Təbii ki, bütün uğurların təməlində xalqa xidmət məramı üzərində qurulmuş idarəçilik dayanır. Muxtar respublikanın dövlət sərhədindən o yanda — Ermənistanda nə üçün əhali acından qırılır? Çünki rəhbərlərlə xalq arasında dərin, dibi görünməyən uçurumlar var.
Səfərimizin
səbəbi və əvvəlcədən bildiklərimiz
Hələ Naxçıvan səfərimizdən xeyli əvvəl, aprel ayında “Şərq qapısı” qəzetində oxumuşdum ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” 12 fevral 2014-cü il tarixli sərəncamından sonra həmin yubileyin Naxçıvan Muxtar Respublikasında da əhatəli şəkildə keçirilməsi ilə əlaqədar Muxtar Respublika Ali Məclisi sədrinin sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir. Biz Naxçıvana məhz həmin tədbirlər silsiləsinin sonuncusunda iştirak etmək üçün getmişdik. Muxtar Respublikaya səfərimizdən iki gün əvvəl isə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilmişdi. Sessiyada 2014-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə edilmiş, Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası təsdiq olunmuş, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilmişdi. Qəzetdə oxumuşdum ki, Ali Məclis sədri sessiyada Naxçıvan əhalisinin həyat şəraitinin daha da yaxşılaşdırılması məqsədilə məsul vəzifəli şəxslərin qarşısına çox mühüm vəzifələr qoyub: “Yerlərdə məskunlaşmaya və məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edən sahələrin, o cümlədən xalq tətbiqi sənətinin müxtəlif növlərinin, eləcə də yerli təsərrüfatçılıq ənənələrinə əsaslanan kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılmalıdır. Sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması sahəsində dövlət maliyyə yardımının göstərilməsi məqsədilə qısamüddətli və kiçikhəcmli kreditlərin verilməsi davam etdirilməlidir. Təqdim olunan biznes layihələr ciddi təhlil olunmalı, onların səmərəliliyi düzgün qiymətləndirilməli, ayrılmış kreditlərin təyinatı üzrə istifadəsinə və vaxtında qaytarılmasına nəzarət olunmalıdır”. Yəni, “hər şey insan üçün” çağırışı həyata keçirilməlidir. Doğrusu, düşündüm ki, yəqin muxtar respublikada insanların sosial həyatının yaxşılaşdırılmasına ehtiyac var.
Şahidi olduq
ki...
Muxtar Respublika Ali Məclisi sədrinin sərəncamı, AMEA Naxçıvan bölməsinin və Muxtar Respublika Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış yubiley tədbirinə Bakıdan 7 nəfərlik heyətlə gedirdik. Bakıxanovlar nəslinin görkəmli nümayəndəsi, respublikanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, “Şöhrət” ordenli bəstəkar Tofiq Bakıxanov, xalq artisti, professor Ağaverdi Paşayev, mətbuat eksperti Vüqar Xəlilov, Tofiq müəllimin ailə üzvləri və bu sətirlərin müəllifi. Xatırladım ki, Tofiq müəllimi Naxçıvanla bağlayan çox zəngin tellər vardır. Hələ 2012-ci ildə “Mütərcim” nəşriyyatında nəşr olunmuş “Tofiq Bakıxanov. “Naxçıvan" mahnı məcmuəsi” adlı kitaba yazdığım ön sözdə bu barədə geniş danışmışdım. Orada qeyd edilirdi ki, Tofiq Bakıxanovun 75 və 80 illik yubileylərinin Naxçıvanda yüksək səviyyədə təşkil olunması həm görkəmli sənətkarın yaradıcılığına verilən ədalətli qiymət, həm də onun Naxçıvana həsr olunmuş əsərlərinin layiqincə dəyərləndirilməsi idi. Ustadın “Naxçıvan” simfonettası, ulu öndərin əziz xatirəsinə həsr olunmuş “Həmişə bizimləsən”simfonik poeması, naxçıvanlı şair Ramiq Muxtarın sözlərinə yazılmış “Naxçıvan” mahnısı təkcə Bakıda deyil, Muxtar Respublikanın musiqi kollektivləri tərəfindən də yüksək səviyyədə ifa olunub. Yeri gəlmişkən , bu gün Naxçıvan musiqi kollektivlərində həm Tofiq Bakıxanovun, həm də yol yoldaşımız, professor Ağaverdi Paşayevin çoxsaylı tələbələri vardır.
Görməli
yerlər nə qədərmiş...
Yubiley tədbirindən əvvəlki
gün biz Muxtar Respublika Ali Məclisinin
şöbə müdiri Rəhman Məmmədovun
müşayiəti ilə — yeri gəlmişkən, bu qonaqpərvər və səmimi
insan bizi hava meydanında qarşılayıb yenə də oradan yola salanadək
istənilən məsələni elə şəkildə
həll etdi ki, heç bir yarımçıqlıq və ya
problem yaşamadıq — bir sıra görməli məkanlarda
olduq. Təbii ki, ilk üz tutduğumuz ünvan
Naxçıvan Dövlət Universiteti oldu. Bu ali təhsil
ocağı Azərbaycan Respublikasının ali məktəblər
ailəsində özünəməxsus yer alan universitetlərindən
biridir. Universitetin 108
hektarlıq ərazisində
hər cür imkanlara malik müasir tipli tədris
korpusları qurulmuşdur. Burada yeni informasiya texnologiyaları
ilə, müasir avadanlıqla təchiz edilmiş elektron siniflər,
laboratoriyalar, internet mərkəzləri, elektron kitabxana müəllim
və tələbələrə xidmət edir. Universitetdə
bütün ərazini əhatə edən Wi-Fi simsiz internet
sistemi mövcuddur.
Dünyanın dörd qitəsində 50-dən çox
universitetlə əməkdaşlıq müqavilələri
imzalamış Naxçıvan Dövlət Universitetinin beynəlxalq
aləmdə geniş əlaqələri, etibarlı tərəfdaşları
və səmimi dostları vardır. Universitetdə TEMPUS
proqramı üzrə üç qrant layihəsi həyata
keçirilməkdədir.
Avropa Universitetlər Assosiasiyası, Avropa Rektorlar Klubu,
Asiya Universitetlər Assosiasiyası, Qaradəniz Universitetlər
Birliyi, Qafqaz Universitetlər Assosiasiyası, İpək Yolu
Universitetləri Rektorlarının Birliyi ilə əməkdaşlıq
Naxçıvan Dövlət Universitetinin əlaqələrinin
genişlənməsində və birgə layihələrin,
beynəlxalq simpoziumların təşkilində mühüm
rol oynayır. Universitetdəki televiziya studiyası,
“Nuhçıxan” radiosu, teatr studiyası, rəqs və vokal
qrupları, xor kollektivləri burada mədəni mühitin
inkişafına uğurla xidmət edir. Universitetdə
tələbə idmançılar üçün ən
müasir imkanlar yaradılmışdır.
“Araz”ı da təbrik etdim
XXI əsrin universiteti adlandırılan bu təhsil ocağında müəllimlərlə görüşümüz oldu. Tofiq Bakıxanov, Ağaverdi
Paşayev, rektor Saleh Məhərrəmov,
universitetin professor və müəllimləri Abbasqulu ağa Bakıxanovun və
ümumiyyətlə, Bakıxanovların milli mədəniyyət tariximizdəki
yerindən, bu mötəbər yubileyin Naxçıvanda da
keçirilməsinin əhəmiyyətindən söz
açdılar. Mən
isə qeyd etdim ki, Naxçıvanda sonuncu dəfə 1995-ci
ilin yanvar ayında olmuşdum. Yəni 19 il
əvvəl. İndiki səfərdə isə elə bildim ki, burada yüz il əvvəl
olmuşam. O vaxtkı Naxçıvan yüz il
əvvəlki Naxçıvana oxşamırdı. Sadəcə, bu qısa
müddətdə Naxçıvan elə bir inkişaf yolu
keçib ki, bu yolu ancaq yüz ilə qət eləmək
mümkündür. Televiziyada Muxtar Respublikanın 90 illiyi münasibətilə
təşkil olunan yubiley tədbirinə tamaşa edəndə
oradakı musiqi ifaçılarının paytaxtdakı
musiqiçilərdən qətiyyən geridə
qalmadığının şahidi oldum. Deməli,
sosial-iqtisadi inkişaf mədəni inkişafa da mühüm
stimul olub. “Araz”
futbol klubunun “Topaz” Premier Liqasına çıxması da elə
həmin inkişafın nəticəsidir. Avqustun ortalarından etibarən
ölkənin ən yüksək futbol liqasında çıxış edəcək
“Araz” komandasını da, onun naxçıvanlı azarkeşlərini
də bu münasibətlə təbrik etdim.
Universitetin Elmi Kitabxanasında
1968-ci il
aprel ayının 23-də - cəmi 370 kitabla fəaliyyətə
başlayan kitabxana indi böyük bir elm -bilik xəzinəsinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəhbərliyi və Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun
qayğısı sayəsində Naxçıvan Dövlət
Universitetinin kitabxanası üçün yeni beşmərtəbəli
bina inşa edilmişdir. Beləliklə, kitabxana
2004-cü ilin may ayında Avropa standartlarına uyğun binaya
köçürülmüşdür. Bundan
sonra kitabxananın tarixində yeni inkişaf mərhələsi
başlanmış, oxuculara xidmət işində mütərəqqi
üsullar tətbiq edilmişdir.
Görkəmli şəxslərin kitabxanaya kitab hədiyyə
etməsi artıq ənənə halını
almışdır. Belə ki, akademik İsa Həbibbəyli , AMEA-nın
müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, mərhum
Zöhrab Vəliyev, akademik Budaq Budaqov, akademik Məmməd Cəfər
Cəfərov, pedaqogika üzrə fəlsəfə doktoru,
dosent Gültac Əliyeva və başqaları öz şəxsi
kitab fondlarından kitabxanaya xeyli kitab hədiyyə etmişlər.
Hətta akademik İsa Həbibbəyli şəxsi
kitabxanasındakı 21 000 kitabdan 5000-ini bu kitabxanaya hədiyyə etmişdir. Muxtar Respublikada elm sahələri üzrə ən
iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanasının fondunda
dünyanın 30-dan çox dilində 200 000-dən artıq ədəbiyyat
saxlanılır. Hazırda bu
zıgin xəzinəyə filologiya üzrə fəlsəfə
doktoru Aypara Behbudova rəhbərlik edirakademik İsa Həbibbəyli
,AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri
doktoru, mərhum Zöhrab Vəliyev, akademik Budaq Budaqov, akademik
Məmməd Cəfər Cəfərov, pedaqogika üzrə fəlssəfə
doktoru, dosent Gültac Əliyeva və başqaları öz
şəxsi kitab fondlarından kitabxanaya xeyli kitab hədiyyə
etmişlər. Hətta akademik İsa Həbibbəyli şəxsi
kitabxanasındakı 21 000 kitabdan 5000-ni bu kitabxanaya hədiyyə etmişdir. Muxtar Respublikada elm sahələri üzrə ən
iri elmi kitabxana sayılan NDU Elmi Kitabxanasının fondunda
dünyanın 30-dan çox dilində 200 000-dən artıq ədəbiyyat
saxlanılır. Hazırda bu zəngin xəzinəyə
filologiya üzrə fəlsəfə doktoru Aypara Behbudova rəhbərlik
edir.
Abbasqulu ağa Bakıxanovun izi
Sonra yolumuzu “Xan sarayı”na saldıq. Naxçıvan Muxtar
Respublikası Ali Məclisi sədrinin 2010-cu il
23 oktyabr tarixli sərəncamı ilə yaradılmış
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində bələdçi
danışdı ki, Naxçıvan xanlığının əsası
1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulub. Bu
xanlıq 81 il
mövcud olub. 1828-ci il fevral
ayının 10-da imzalanmış Türkmənçay
sülh müqaviləsinə əsasən, fəaliyyəti
dayandırılıb. 1828-ci il martın
21-də Naxçıvan və İrəvan xanlıqları rəsmi
şəkildə ləğv edilərək Rusiyanın tərkibinə
qatılıb. Naxçıvan
xanlığının fəaliyyəti Azərbaycanın
dövlətçilik tarixində mühüm yer tutur. O
dövrdə Naxçıvana rəhbərlik etmiş xanlar
içərisində Kalbalı xanın xidmətləri
xüsusi qeyd edilməlidir. Xan Sarayını da
Kalbalı xan tikdirmişdir. 1820-ci ildən
sonra Kalbalı xanın oğlanları Ehsan xan və
İsmayıl xan bu binada Naxçıvan
xanlığını idarə ediblər. 9429 kvadratkilometr ərazini əhatə edən
Naxçıvan xanlığı özünün dövlətçilik
ənənələri, torpaqlarımızın qorunması ilə
Azərbaycan dövlətçiliyinə çox böyük
töhfələr verib.
Bu əhatəli
məlumatları verən bələdçi sarayın
ayrı-ayrı otaqlarının funksiyaları haqqında da
danışırdı. Xanın qonaq
otağı deyilən ən böyük zaldakı məlumat
isə Tofiq Bakıxanovu ayaq üstdə “dondurdu”. Bələdçi
xanım dedi ki, xan bu zalda çoxsaylı qonaqları qəbul
etsə də, ən yaddaqalan
qonaqlar XIX əsrin birinci
yarısının ən görkəmli ziyalılarından
olan Aleksandr Qriboyedov və
Abbasqulu ağa Bakıxanov idi: - Burada Abbasqulu ağanın ayaq
izləri var. Sonra məlum oldu ki, bələdçi xanım
qonaqlar arasında Abbasqulu ağa Bakıxanovun nəslini təmsil
edən ziyalının da
olduğunu bilmirmiş.
Məmməd Səid Ordubadi adına kitabxanada
Naxçıvan mühiti Azərbaycan maarifçilik hərəkatına
və kitab mədəniyyətinin inkişafına
mühüm töhfələr vermişdir. 1837-ci
ildə Naxçıvan şəhərində
açılmış rus-tatar məktəbində ilk kitabxana
təşkil edilmişdir.
Eynəlibəy Sultanovun, Bəhruz Kəngərlinin, Mirzəlibəy
Bəktaşinin, Şahbaz ağa Kəngərlinin, Rza Təhmasibin
və başqa ziyalıların şəxsi kitabxanaları
xalqın maariflənməsinə xidmət etmişdir. 1922-ci ildə Azərbaycan
Xalq Maarif Komissarlığı tərəfindən
Naxçıvan Şəhər Kitabxanası təsis
edilmiş, 1930-cu ildə həmin kitabxananın bazasında
Naxçıvan Muxtar Respublika Kitabxanası
yaradılmışdır. Hazırda böyük ədibin
adını daşıyan Muxtar Respublika Kitabxanası
2007-ci ildə əsaslı təmir olunmuş və
kompüter sistemi ilə təchiz edilərək oxucuların
istifadəsinə verilmişdir.
Burada Azərbaycan, rus, türk, ingilis, alman, fransız, fars və sair dillərdə ədəbiyyat
nümunələri vardır.
“Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin
keçirilməsi haqqında” Ali Məclisin sədri 19 aprel
2012-ci il tarixli sərəncam imzalamış və həmin sərəncamla
təsdiq edilən “Tədbirlər Planı”na uyğun olaraq,
burada Elektron Kitabxana yaradılmışdır. Tofiq Bakıxanov bu
kitabxanaya da bir neçə kitab hədiyyə etdi. Mənim
üçün maraqlı olan məqamlardan biri isə o idi
ki, kitabxananın foyesində A.A.Bakıxanovun 220 illik
yubileyi münasibətilə
yaradılmış kitab sərgisinin ən görkəmli
yerində məhz bu sətirlərin müəllifinin tərtib
etdiyi “Qüdsi əbədiyyəti” kitabına yer
ayrılmışdı.
Əshabi-Kəhf,
dağdağan meyvəsi və professorun namazı
Maraqlıdır,
Naxçıvanda olduğumuz müddətdə Tofiq müəllim
universitet, kitabxana və muzeylərə getmək istəyir, mən Memar
Əcəminin əsərlərinə və Hüseyn Cavidin məqbərəsinə
baş çəkməyə tələsirdim. Hacı
Ağaverdi Paşayev isə Əshabi-Kəhfin ziyarətini
arzulayırdı. Rəhman müəllim
elə qrafik tutub planlaşdırma apardı ki,
hamımızın istəyi reallaşdı. Qısa
müddətdə Hüseyn Cavidin məqbərəsini, Möminə Xatun və Yusif
Küseyroğlu türbələrini, Nuhun (ə.) məzarını və
bir sıra başqa yerləri ziyarət etdik və şəhərdən
13 kilometr aralıda olan Əshabi-Kəhfə yola
düşdük. Elə bilirəm ki, həmin
13 kilometrlik yolun rahatlığını və ziyarətgah ətrafında
aparılmış abadlıq işlərini tam ifadə edə
bilməyəcəm və ona görə də hamıya həmin
ziyarəti arzu edirəm.
Ərəb dilində “mağara adamları” mənası verən eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında dini ədəbiyyatlarda, o cümlədən Quranda məlumat var. Əfsanəyə görə isə, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişdilər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Rəvayətə görə həmin gənclər yatmazdan əvvəl dağdağan ağacının toxumlarını yeyiblərmiş. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni məzmunludur. Ulu öndər Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur. Ziyarətgahın ərazisində “Qonaq evi”, “Bələdçi otağı” və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır. Kompleks bu gün həqiqi zəvvarlıq mərkəzinə çevrilib. Tofiq müəllimgil pilləkənlərin əvvəlinə qədər getsələr də, Ağaverdi Paşayevlə mən ən sonuncu məqama qədər qalxdıq və professor mağaranın girəcəyində tikilmiş məsciddə namaz qıldı.
Sonda isə bizi Naxçıvana aparan səbəbin üzərinə qayıdaq
Böyük mütəfəkkirin 220 illik yubileyinin keçirildiyi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasındakı təm-təraq, cah-cəlal həm A.Bakıxanovun, həm C. Məmmədquluzadənin, həm də Naxçıvanın bugünkü sosial-iqtisadi inkişafının adına layiq idi. AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev Abbasqulu ağa Bakıxanovun şəxsiyyəti, ictimai-siyasi fəaliyyəti, səfərləri, tarix elminə verdiyi töhfələr, elmi yaradıcılığı barədə, Azərbaycan Yazıçılar Birliyi Naxçıvan filialının sədri Azim Yadigar isə böyük mütəfəkkirin ədəbi yaradıcılığı mövzusunda əhatəli məruzələrlə çıxış etdilər. Sonra Naxçıvan Dövlət Filarmoniyası Xalq Çalğı Alətləri Orkestri Tofiq Bakıxanovun Abbasqulu ağa Bakıxanovun sözlərinə yazılmış əsərlərindən ibarət konsert proqramı ilə çıxış etdi. Tədbirdən sonra isə Ali Məclisin sədri Vasif Talıbov Bakıdan gəlmiş qonaqlarla kiçik çay süfrəsi ətrafında söhbət etdi və yadigar şəkil çəkdirdi.
İttifaq
MİRZƏBƏYLİ,
“Xalq qəzeti”.-2014.-10 avqust.-S.5.