Mərziyyə xanımın səhnə fəaliyyəti əsl qəhrəmanlıq idi

 

    Uzun illər Azərbaycan qadınları sənətdən uzaq düşmüş, istedadlı  qadınlar  belə həyatda öz yerlərini tuta bilməmişlər. XX əsrin əvvəllərinə qədər qadınlarımızın səhnədə  görünməsi də qadağan edilmişdi.

 

Ötən əsrin 20-ci illərindən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli ... kimi müqtədir aktrisalar çıxış etməyə başlamış, bununla da  teatr sənətimizdə  güclü canlanma yaranmışdı. Təsadüfi deyildir ki, o illər səhnəyə gələn qadınlar haqqında görkəmli sənətşünas, xalq artisti Mehdi Məmmədov belə yazırdı: “Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır. Bu dastanın ilk səhifələrini Əzizə xanım və onun qızı Sona Hacıyeva  yazdı. Bu aktrisaların sırasında Mərziyyə xanım Davudovanın da öz yeri vardı. O, Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı.” 1901-ci ildə Həştərxanda  anadan olmuş Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşı vardı. O, Həştərxanda İqbal məktəbində “Birinci Teatr” adlı ikipərdəli tamaşada (1917 -ci il) Əfifə rolunu yaratmışdır. Səhnəyə böyük həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski  olub. O, 1918 -ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya  dəvət etmişdi. 1920-ci ildə Bakıya gələn, sonralar Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında xüsusi xidmətləri olmuş bu istedadlı aktrisanın ən böyük arzusu Hüseyn Ərəblinski ilə bir səhnəni bölüşmək olur.  Lakin bu, elə arzu olaraq qalır. Çünki onun Bakıya gəlişindən bir il əvvəl, 1919-cu ildə Hüseyn Ərəblinski artıq həyatda deyildi. 

 

     O vaxt Abbas Mirzə Şərifzadə Azərbaycan teatrının məşhur aktyorlarından idi və Mərziyyə xanımın da Azərbaycan teatrı səhnəsində ilk tərəfdaşı Abbas Mirzə olmuşdu. Sonralar  onlar ailə  həyatı səhnəsində də tərəfdaş  olmuşlar. Mərziyyə  xanım Abbas Mirzə ilə səhnədə mürəkkəb, ziddiyyətli, bir-birinə bənzəyən və bənzəməyən müxtəlif qadın obrazlarının, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parlayıb.     Aktrisa Üzeyir Hacıbəyovun “Arşın mal alanmusiqili komediyasında öncə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edib. Elə bu rollar da onu səhnədə təsdiqləyib. Azərbaycan teatrının aktrisalarla bağlı olan yeni səhifəsi Mərziyyə Davudovanın adı ilə bağlıdır. Mərziyyə xanım Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn,  Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratmışdır. Onun obraza girmək məharəti elə güclü idi ki, bu qüdrətinə görə aktrisa Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb kimi sənətkarlarla bir sırada dayanırdı. Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərib. “Hacı Qara”, “Bir ailə”, “Bakının işıqları”, “Bir məhəlləli iki oğlan”,  “Bəxtiyar”, “Koroğlu” və digər filmlərə çəkilib.

 

Elə Azərbaycan kinosunun və teatrının inkişafında göstərdiyi xidmətlərinə görə aktrisaya 1936-cı ildə xalq artisti fəxri adı verilir. O, 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik etmişdir.

 

Hüseyn Cavidin  İblis” əsərinin tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəfdaş olmaq onun səhnə yaradıcılığında yeni səhifələr açıb. Böyük dramaturqumuz Cəfər Cabbarlının “Sevilpyesi yalnız səhnədə deyil, həyatda da böyük əks-sədaya, təlatümə səbəb olmuşdur. Mərziyyə xanımın böyük ustalıqla yaratdığı Sevil obrazı o qədər parlaq, təsirli, təbii alınmışdı ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atmışdılar. Mərziyyə xanım, əslində, qaranlıq bir mühitdə qəfildən şimşək kimi çaxmışdı. Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: “Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir”.

 

      Mehdi Məmmədov: “1937-ci ildə Mirzə İbrahimovun “Həyat” dramı ilk dəfə tamaşaya qoyulmuşdu. Tamaşa gurultulu müvəffəqiyyət qazandı. İfaçılar ansamblı, xüsusilə də əsas rolların ifaçıları - Mərziyyə Davudova (Həyat) və Ülvi Rəcəb  (Süleyman) yüksək qiymətləndirilmişdir. Əsasən klassik repertuarda romantik səpkili rollar oynayan bu aktyorlar indi “Həyat” tamaşasında həyati cizgilərlə, məişət boyaları ilə zəngin olan realist xarakterlər yaratmaqla böyük qələbə əldə etdilər. Yekdilliklə təsdiq olundu ki, bədii siqləti böyük olan bir tamaşa, onun nəzdində və mərkəzində isə Mərziyyə Davudovanın  ifasında Həyat obrazı yarandı”.

 

Xalq artisti Hökumə Qurbanova  öz xatirələrində  belə yazırdı: “Bu da taleyin qismətidir. Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o, bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi”.

 

Bəllidir ki, 1937-ci ilin repressiyası sənət adamlarının taleyindən izsiz keçmədi. Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd Cavadları aparanların növbəti hədəfi Azərbaycan səhnəsinin müqtədir aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustasının hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Bu ailənin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir. Yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilərmiş. O, həyatda da faciə qəhrəmanına çevrildi. Taleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi həyat yoldaşı, səhnəmizin qüdrətli nümayəndəsi, xalq artisti Mərziyyə xanım Davudova oldu.

 

    Mərziyyə xanım Davudovaya xalq artisti fəxri adını 1936-cı ildə vermişdilər. Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni “xalq düşməni” elan edənlər aktrisanı da çək-çevirə salmaqla qəlbini didib-parçalayırdılar. O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. O ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdən ürəyi arxayın idi. Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova  onların yolunu çox ləyaqətlə davam etdirirdi.

 

M.MÜKƏRRƏMOĞLU,

Xalq qəzeti”.-2014.-12 avqust.-S.7.