Milli-mənəvi dəyərlərimizin və mədəni irsimizin dünya miqyasında tanıdılmasında Heydər Əliyev Fondunun rolu gündən-günə artır

 

 Bu yaxınlarda   deputat həmkarım Elton Məmmədovla Fransanın Kann şəhərinə turist səfərinə getmişdik. Eşitdik  ki, bu şəhərdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə  “Azərbaycan Kannda” mədəniyyət günlərinə start verilib. Tədbir çərçivəsində  təşkil olunmuş “Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimatı  olub. Hətta, Avropa mətbuatı yazırdı ki, Kann şəhəri yenidən Azərbaycan mədəniyyət təntənələrinə ev sahibliyi edir.

 

Bir də sərgiyə gəlib burada nümayiş olunan əsərlərlə tanış olduq. Fransanın bu qədim, həm də mədəniyyət tədbirləri ilə zəngin şəhəri artıq bir neçə gün əvvəl Azərbaycanla bağlı təbliğat vasitələri ilə  bəzədilmişdi. Bununla da şəhər əhalisi və burada istirahət edən minlərlə turist Azərbaycanla bağlı tədbirlər haqqında məlumatlandırılmışdı. Azərbaycan günləri çərçivəsində dünyanın müxtəlif ölkələrindən gəlmiş turistlər, həmçinin yerli sakinlər—tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi, ədəbiyyatı, klassikmodern incəsənəti ilə birlikdə görmək imkanı əldə etdilər.

 

“Bakı Avropa Oyunları-2015”in təntənəli təqdimat mərasiminin açılışında  Azərbaycanın tarixi və mədəniyyəti haqqında mərasim iştirakçılarına geniş məlumat verildi. Bildirildi ki, zəngin mədəni dəyərlərə malik olan Azərbaycan təxminən bir ildən sonra ilk Avropa Oyunlarına ev sahibliyi edəcək. 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunları Azərbaycanın tarixində çox əlamətdar hadisə olacaq . Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və bu qərar Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə, böyük dəstəklə qarşılanıb.

 

On il əvvəldən fəaliyyətə başladığı  gündən bu vaxta qədər Azərbaycan xalqının mədəniyyətinə, elm və təhsilinə, səhiyyə  sosial həyatına möhtəşəm bir şəkildə qayğı göstərən, əbədi yadda qalacaq  xeyriyyəçilik tədbirləri ilə milli tariximizə yazılan, yaddaşlara həkk olunan Heydər Əliyev Fondunun  hərtərəfli fəaliyyəti son illər  daha çox nəzərə çarpır və dünya ictimaiyyətinin diqqətini cəlb edir.

 

Biz Kannda olarkən öyrəndik ki, ilk tədbir – 4 – beynəlxalq “Qız Qalası” festivalının açılışı La Kruazetdə olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban  xanım Əliyeva və Kann şəhərinin meri deputat Bernar Broşan, o cümlədən BMT baş katibinin müavini, UNİTAD-ın rəhbəri Filip Dust-Blazi açılış mərasimində iştirak ediblər. Tədbirdə çıxış edən Kann şəhərinin meri Bernar Broşan Azərbaycan mədəniyyətinin bu şəhərdə nümayiş etdirilməsindən məmnun olduğunu bildirib və tədbirlərdə iştirak etmək üçün Kanna gəlmiş, Heydər Əliyev Fondunun prezidenti Mehriban  xanım Əliyevanı salamlayıb. O, növbəti günlərdə də tədbirlərin uğurla keçəcəyinə əminliyini ifadə edib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva deyib ki, Kann şəhərində başlayan Azərbaycan mədəniyyəti günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimiz haqqında ətraflı məlumat veriləcək. Leyla xanım Əliyeva mədəniyyət günlərinə Qız Qalası sərgisi ilə start verildiyini diqqətə çatdırıb: Bu, Bakıda, İçərişəhərdə beş il əvvəl başlanmış “Qız Qalası” beynəlxalq sərgisidir. Şəhərimizin rəmzi olan “Qız Qalası” maketinin üzərində rəsmlərini çəkmək üçün dünyanın 50 ölkəsindən rəssamlar bu sərgidə iştirak edib. Bu, tarixi abidədir və eramızın IX əsrinə təsadüf edir. Eyni zamanda, siz burada ceyran heykəlini görürsünüz. Bu, İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının fəaliyyət istiqamətlərindən biridir. Onun məqsədi ceyran kimi nəsli kəsilmək təhlükəsində olan növlərə diqqəti yönəltməkdir”.

 

Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirən Heydər Əliyev Fondu Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı həyata keçirdiyi layihəni Kannda da nümayiş etdirib. Ümumilikdə isə, sərgidə 26 rəssamın Qız Qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olunub.

 

Günün ikinci yarısında isə  Kann şəhərində hər il beynəlxalq kino festivalının keçirildiyi Festivallar sarayında “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” sərgisinin açılışı olub. Mehriban xanım Əliyevanın və Kann şəhərinin meri Bernar Broşanın iştirak etdiyi sərgidə ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatlar nümayiş etdirilib. Festivallar sarayının sərgi salonunda təşkil edilən ekspozisiyada Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalçaxalça məmulatlarının geniş çeşidi təqdim olunub.

 

Sərgidə milli geyimlərimiz, qədim misgərlik nümunələrimiz, milli musiqi alətlərimiz, Heydər Əliyev Fondunun ölkəmizin və onun mədəniyyətinin təbliğinə xidmət edən kitab, buklet və digər müxtəlif nəşrləri də nümayiş etdirilib. Sərginin “Hisslər” adlanan bölməsində tanınmış fırça ustalarımız müasir Azərbaycan incəsənətinin nümunələrini təqdim ediblər.  Avropanın müxtəlif ölkələrindən sərgiyə gəlmiş turistlər Azərbaycanın milli adət-ənənələri ilə tanış olur, milli-mənəvi dəyərlərimizə heyranlıqla tamaşa edirdilər. Biz sərgidə iştirak edən zaman bunun canlı şahidi olduq.

 

 Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya tanıdılmasında Heydər Əliyev Fondu misilsiz xidmətlər göstərir. Beynəlxalq aləmdə geniş nüfuza malik fond mütəmadi olaraq fəaliyyət dairəsini genişləndirir və dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı tədbirlər keçirir.  Fondun sədri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban xanım  Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərin qorunması, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və digər sahələrdə həyata keçirilən layihələr artıq beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir. Bunlarla yanaşı Heydər Əliyev Fondu Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində  misilsiz xidmətlər göstərir.

 

Heydər Əliyev Fondu Azərbaycanda həyata keçirdiyi xeyirxahlıq missiyasını beynəlxalq aləmdə də davam etdirir. Fond beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətini bu gün daha da genişləndirir. Fakt üçün diqqətə çatdıraq ki, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına, xüsusilə, valideyn himayəsindən məhrum uşaqlara göstərdiyi diqqət və qayğıya görə Heydər Əliyev Fondunun misilsiz xidmətləri var. Cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ümumilikdə təhsil sisteminin inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev FonduUşaq evləri və internat məktəblərinin inkişafı” Proqramını, “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələrini həyata keçirir.

 

Fondun fəaliyyətə başladığı on il ərzində  Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində respublika üzrə 32 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunmuş və əsaslı şəkildə yenidən qurulmuş, “Təhsilə dəstək” layihəsi çərçivəsində isə respublika üzrə 20-dən çox uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilib.

 

Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Qarabağ müharibəsi nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.

 

Səhiyyənin  və mədəniyyətimizin inkişafında, tarixi-mədəniyyət abidələrinin bərpası və mədəniyyət obyektlərinin inşasında, milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə geniş miqyasda təbliğində Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın rolu getdikcə artır.

 

Ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması Heydər Əliyev Fondunun fəaliyyətində mühüm yer tutur. 2004 - illər ərzində fond Azərbaycanda və xarici ölkələrdə bu istiqamətdə mühüm layihələr reallaşdırmışdır. Fondun xarici ölkələrdə tarixi-mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyəti xüsusi olaraq qeyd olunmalıdır.

 

Heydər Əliyev Fondufondun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə Azərbaycanın qədim tarixə malik olması, adət-ənənələrimiz, milli sərvətlərimizin təbliği ilə əlaqədar tədbirlər,  sərgilər dünyanın müxtəlif ölkələrində davam etdirilir. Bu qəbildən növbəti layihə Avropa mədəniyyətinin və ümumiyyətlə, Qərb sivilizasiyasının beşiyi hesab olunan Yunanıstanda, bu il may ayının 28-də  Avropa Şurasının mənzil-qərargahında reallaşmışdır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, eləcə də ölkəmizin Avropa Şurası yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Avropa Şurasının mənzil-qərargahında  “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsi  çərçivəsində  təşkil olunan sərginin açılış mərasimi olub.  Tədbirdə qeyd olunub  ki, demokratik yol tutan Azərbaycanın 2001-ci il yanvar ayının 25-də Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsi bizim üçün nə qədər əlamətdar hadisə idisə,   ölkəmizin  bu qurumun  Nazirlər Komitəsinə sədrlik etməsi də o qədər uğurlu faktlardan biridir. O da vurğulanıb ki, son illər Azərbaycanın geostrateji mövqelərini möhkəmləndirərək beynəlxalq aləmdə öz layiqli yerini tutması Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mümkün olub.

 

 Bu sərgi hələ 2012-ci ilin sonlarından etibarən Fransanın müxtəlif regionlarında təşkil olunmuş,  avropalıların Azərbaycan barədə daha ətraflı məlumat almalarına və təsəvvürlərinin zənginləşməsinə imkan vermişdir.  Sərginin Avropa Şurasında təşkil olunmasının ölkəmiz üçün xüsusi əhəmiyyəti ondan ibarət idi ki, bu tədbir  Azərbaycan mədəniyyətini dünyada tanıtdırmaq sahəsində mühüm rol oynayırdı. Sərgidə nümayiş etdirilən mədəniyyət nümunələri  həm də öz növbəsində ölkədə yaşayan etnik qrupların mədəni inkişafını göstərirdi. Bütün bunlar özlüyündə Azərbaycan tarixini və mədəniyyətini təşkil edir.

 

Azərbaycanın mədəni irsi müxtəlif və rəngarəngdir. Onun mədəni dəyərləri heç bir ölkə ilə müqayisə edilə bilməz. Avropada-Fransanın Kann şəhərində  nümayiş etdirilən sərgi də bir daha  bunu təsdiqlədi. Tədbirdə qeyd olunduğu kimi, 2015-ci ilin yayına planlaşdırılan Birinci Avropa Oyunları məhz belə bir ölkədə keçiriləcək. Elə Heydər Əliyev Fondu da   Avropada həmin oyunların təqdimatından əvvəl  ölkəmizin və xalqımızın mədəni həyatını özündə əks etdirən  “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” və Kann şəhərində “Azərbaycan Kannda” mədəniyyət günləri adlı sərgiləri məhz  bu  həqiqətləri ortaya qoymaq  məqsədilə təşkil etmişdi.

 

Azərbaycanın birinci xanımı Kann şəhərində təşkil edilən sərgidə çıxışı zamanı belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib və Azərbaycanın məqsəd və məramını bir daha bəyan edərək deyib: “Mən sadəcə onu demək istəyirəm ki, mədəniyyət heç bir sərhəd tanımır, mədəniyyət insanların və xalqların bir-birini daha dərindən tanıması, daha doğru anlaması üçün universal və əvəzsiz bir vasitədir. Hər bir xalqın ən böyük varlığı onun mədəni irsi, keçmişi, kökləri və ənənələridir. Biz azərbaycanlılar öz qədim və zəngin tariximiz və mədəniyyətimizlə fəxr edirik, dünyada Azərbaycanı əsrlər boyu mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu sülhsevər, qədim və bərəkətli bir torpaq kimi tanıtmaq istəyirik”.

 

Mirkazım KAZIMOV,

 

Milli Məclisin deputatı,

 

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü

Xalq qəzeti.-2014.-14 avqust.-S.4.