“Gürcüstan Azərbaycan
jurnalistlərinin gözü ilə”
Bu layihə çərçivəsində
qonşu ölkəyə səfərimiz bizi bir qədər də
doğmalaşdırdı
Tbilisiyə qədəm basarkən bizi
ilk qarşılayan nəhəng ana heykəli oldu. Bir əlində piyalə, o biri əlində
qılınc. Bunun mənasını soruşduqda bələdçi
bildirdi ki,
bu gürcü ananın heykəlidir.
Bu torpağa qədəm basan dostu şərabla,
düşməni qılıncla qarşılayır.
Biz isə, Azərbaycandan 20 nəfər
jurnalistdən ibarət nümayəndə heyəti olaraq,
qonşu ölkəyə dost kimi getmişdik, elə 4
günlük səfər boyu sadə vətəndaşından
tutmuş, rəsmi şəxslərinə kimi, dost kimi də
qarşılandıq. Səfərimiz
Gürcüstanda fəaliyyət göstərən Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin təşkilatçılığı
və Gürcüstanın Gənclər
və İdman Nazirliyi yanında Gənclər və Uşaq
Fondunun maliyyə dəstəyi ilə “Gürcüstan Azərbaycan
jurnalistlərinin gözü ilə” adlı layihə çərçivəsində
baş tutdu.
Bakı-Tbilisi
qatarından düşüb avtobusa əyləşər-əyləşməz
şəhər bizi özünəməxsus şəkildə
“salam”ladı. Mobil
telefonumda “wi fi” vasitəsilə internetə girmək istəyirdim
ki, qeyri-ixtiyari olaraq, gülümsündüm. Ekranda
ingilis dilində “Tbilisi
loves you” (“Tbilisi səni sevir”)
yazılmışdı. Bu, tək məndə yox, digər
həmkarlarımda da
xoş duyğu yaratmışdı. qeyd
edək ki, “wi-fi” vasitəsilə istənilən şəhər
sakini, eləcə də turistlər mobil internetdən pulsuz
yararlana bilər. Şəhərdə
küçə boyu gəzdikdə, burada doğmalıq
axtarmağıma ehtiyac olmadı. Çünki şəhər
elə öz aurası, daş döşəməli
küçələri ilə İçərişəhəri
xatırladırdı. Üstəlik, şəhərin tarixən
azərbaycanlıların çox yaşadığı məhəllədə
qırmızı kərpicli qədim binalar, tarixi məscid,
hamam kompleksinə baxdıqca, qədim
Tiflisin ab-havası canlandı xəyalımda.
Səfərin
ilk günü Qəhrəmanlar
meydanında olduq. Burada Gürcüstanın ərazi
bütövlüyü uğrunda şəhid olmuş
insanların xatirəsinə ucaldılmış abidəni
ziyarət etdik. Abidənin yanında keşik çəkən
hərbçilərin məğrur qaməti diqqəti cəlb edirdi. Sonra isə şəhər mərkəzindəki
parkda ulu öndər Heydər Əliyevə
ucaldılmış abidəni ziyarət edib, önünə
tər gül dəstələri qoyduq. Abidənin
şəhərin gözəgəlimli yerində ucalması
iki ölkə arasında olan dostluq münasibətlərinin ən
bariz nümunəsi hesab edilə bilər.
Mirzə
Fətəli Axundovun
evi
Tbilisiyə
gələn azərbaycanlılar üçün ən maraqlı yerlərdən
biri də M.F.Axundov adına Azərbaycan
Mədəniyyəti Muzeyidir. 1834-cü ildə Tiflisə gəlmiş Mirzə Fətəlinin
(1812-1878) ictimai fəaliyyətinin böyük qismi məhz bu
şəhərlə bağlı olub. Qafqaz
canişininin baş dəftərxanasında mülki işlər
sahəsində Şərq dilləri mütərcimi işləyib
və ömrünün sonuna kimi bu vəzifədə
çalışıb. Onun beşə yaxın pyesi burada səhnələşdirilib.
Muzeydə onun şəxsi əşyaları, fəaliyyəti
ilə bağlı eksponatlar, qəzet və şəkillər,
eləcə də Gürcüstan-Azərbaycan mədəni əlaqələrini
əks etdirən kitab, sənəd və fotolar
saxlanılır. Altı zaldan ibarət olan muzeylə bizi elmi
işçi Leyla Əliyeva tanış etdi. Öyrəndik
ki, hələ sovet dövründə 1982-ci ildə dramaturqun ev muzeyi yaradılıb. 1996-cı ildə ulu öndər
Heydər Əliyevin Gürcüstana səfəri zamanı o,
muzeyi ziyarət edib, bu səfər nəticəsində
M.F.Axundov adına Azərbaycan Mədəniyyət
Muzeyinin yaradılması qərara alınıb. 2007-ci ildə isə Gürcüstan
Prezidentinin sərəncamı ilə M.F.Axundovun ev muzeyinə M.F.Axundov adına Azərbaycan Mədəniyyət
Muzeyi statusu verilib. 2008-ci ildə
muzeyin nəzdində
yaradılmış Mədəniyyət Mərkəzində musiqi və rəqs dərnəyi,
dil kursları, Azərbaycan çalğı alətləri,
xalçaçılıq, incəsənət kursları vəs.
fəaliyyət göstərir. Səfərin
ilk günü gənclər və idman naziri Levan Kipiani ilə
görüşdə Gürcüstanın gənclər və
idman siyasəti, görülən işlər, hər iki ölkə arasında bu
sahədə əməkdaşlıq perspektivləri
müzakirə edildi. Nazir
bildirdi ki, Azərbaycan
və Gürcüstan arasında imzalanmış memorandum
2014-2016-cı illər üçün tədbirlər
planını özündə əks etdirir və əlaqələrin
daha da inkişafına xidmət göstərir. Avqustun əvvəllərində
Ermənistan-Azərbaycan sərhədində, eləcə də
qoşunların təmas xəttində yaşanmış gərginlikdən
narahat olduğunu dilə gətirən nazir şəhid
olmuş azərbaycanlı hərbçilərə görə
Azərbaycan xalqına başsağlığını da dilə
gətirdi, şəhidlərin ailələrinə səbr dilədi.
Konfransda
Gənclər və Uşaq Fondunun rəhbəri İrakli Jorjoliani gənclərlə
bağlı layihələrin reallaşdırılmasında
qurumun gördüyü işlərdən danışdı və
Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər
Fondu ilə əməkdaşlıq etdiklərini
vurğuladı. Azərbaycanlıların Mədəniyyət
Mərkəzinin gənclər şöbəsinin rəhbəri
Nərgiz Əliyeva “Gürcüstan Azərbaycan jurnalistlərinin
gözü ilə” adlı layihənin iki dövlət
arasında mehriban qonşuluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsində
və jurnalistlər arasında dostluq körpüsünün
yaranmasında böyük rolu olduğunu söylədi. Tədbirdə həmçinin milli azlıqlar
arasında azərbaycanlı gənclərin ictimai-mədəni
tədbirlərdə fəallıqlarından da bəhs edildi.
Sonda Diaspor Jurnalistlər Birliyinin sədri, “Palitra” qəzetinin əməkdaşı
Fuad Hüseynzadə nümayəndə heyəti adından
Gürcüstanın idman və gənclər nazirinə
Qarabağla bağlı xatirə kitabları hədiyyə
etdi.
İşıqlı
gələcəyə yol məktəbdən başlanır
Səfərimiz zamanı Saqareko rayonunun azərbaycanlıların
yaşadığı kəndlərindən biri Ləmbəliyə
üz tutduq.
Kəndə çatarkən təzə tikilməkdə olan məktəbin
qarşısında
Elm və Təhsil Nazirliyinin rəsmiləri və
yerli sakinlərlə
görüşdük. Kənddə vəziyyət,
yaşayış tərzi, təhsil məsələləri və
digər mövzularda söhbət etdik. Elm
və Təhsil Nazirliyinin rəsmilərinin sözlərinə
görə, məktəb 2015-ci ildə istifadəyə veriləcək.
Ölkədə bütün məktəblərdə,
eləcə də Ləmbəli kənd məktəbində əlilliyi
olan uşaqlar üçün inklüziv siniflər təşkil
ediləcək.
Gürcüstan dövlətinin təhsil siyasətində ölkədə yaşayan
milli azlıqların dövlət dilini mənimsəməsi,
eləcə də Gürcüstan cəmiyyətinə
inteqrasiyası üçün layihələr həyata
keçirilir. Gələcək karyera
üçün milli azlıqlara gürcü dilinin öyrədilməsi
hökümətin qəbul etdiyi Dövlət Proqramında da
nəzərdə tutulur. Məktəblərdə
gürcü dilini
öyrətmək üçün xüsusi müəllimlər
təhkim edilir. Bu gün
qürurverici haldır ki, azərbaycanlı gənclər
Gürcüstanın müxtəlif universitetlərində ali təhsil alırlar. Onlar arasında yüksək
bal toplayanlar, prezident təqaüdünə
layiq görülənlər də az deyil. Əksər görüşlərdə
bizə tərcüməçilik edən Ləman Məmmədova da belələrindəndir.
Gürcüstanın İlya Cavaxeşvili adına
Dövlət Universitetinə ən yüksək balla qəbul
olunmuş gənc həmyerlimizin ana dili ilə yanaşı,
gürcü, rus və ingilis dillərində sərbəst
danışması, Azərbaycan və Gürcüstan
arasında dostluq körpüsünə töhfə verməsi
bizi qürurlandırdı.
Bu gün Gürcüstanda yaşayan azərbaycanlı gənclər Azərbaycan dövlətinin də diqqətindədir.
Gürcüstanda yaşayan soydaşlarımız üçün Heydər
Əliyev Fondunun rəhbərliyi ilə məktəb tikintisi,
ARDNŞ-in yüksək balla ali məktəbə qəbul olan
azərbaycanlı tələbələrə təqaüd
verməsi, Diasporla İş Üzrə Dövlət Komitəsinin Yakın Doğu Universiteti ilə
razılaşmaya əsasən bir qrup gəncimizi təhsil
almaq üçün Türkiyəyə göndərməsi
və s. kimi
təşəbbüslər azərbaycanlı gənclərə göstərilən dəstəkdir.
Gürcülərin
“Venesiyası”-Siqnaxi
Yolboyu Gürcüstanın qədim tarixi məkanları
barədə məlumat verən Avropa Tarixçilər
Assosiasiyasının üzvü, tarixçi-pedoqoq Nərgiz Nəbiyeva
Siqnaxinin özəlliklərindən danışdı. “...Siqnaxini görənlər
buradan ayrılmaq istəmirlər. Bura ”sevgi
şəhəri" kimi də məşhurdur." Bu
sözlərin həqiqət olduğunu şəhərə
çatınca hiss etdim. Uzaqdan damı qırmızıya
çalan evləri ilə Şəkini
xatırladan bu şəhərdə həqiqətən bir
sehr vardı. Bu sehr həm də şəhərin
böyüklü-kiçikli hər kəsi sevgiyə qonaq etməsi
idi. Şəhərin nikah
idarəsi həftənin bütün günü 24 saat işləyir
və burada milliyətindən, irqindən, vəzifəsindən
asılı olmayaraq, hər kəs nikaha daxil ola
bilər. Səfərin
üçüncü günü paytaxtın ən gözəl
məkanlarından biri olan Milli Botanika bağına
yollandıq. Azərbaycanın görkəmli dramaturqu
M.F.Axundovun, onun ailə üzvlərinin, Mirzə Şəfi
Vazehin, eləcə də Azərbaycan Demokratik
Respublikasının qurucularından olan Fətəli Xan
Xoyskinin, Həsən bəy Ağayevin məzarlarını
ziyarət etdik. Burada
müsəlman məzarlığında dəfn
edilmiş Azərbaycan Demokratik
Respublikasının görkəmli şəxsiyyətlərinin
və ədəbiyyat, mədəniyyət xadimlərinin şərəfinə
ucaldılmış abidə də nəzərimizdən
yayınmadı. Çünki Tiflisdə müstəqilliyini
dünyaya elan etmiş Azərbaycan Demokratik
Respublikasının fəaliyyətinin ən önəmli
dövrü məhz bu şəhərin payına
düşür.
İkinci gün həmçinin Gürcüstan Milli
Muzeyinə getdik. Burada zərgərlik nümunələrini əks etdirən
zalla tanış olduq. Burada qorunan müxtəlif ornamentli zərgərlik
nümunələrinin ən qədimi e.ə. III minilliyə təsadüf
edir. Xanım həmkarlarımızın daha
çox marağına səbəb olan zərif taclar və
sırğalar öz işləmələrinə görə
seçilirdi.
Yolumuz Marneuliyədir...
Marneuli azərbaycanlıların sıx
yaşadığı ən əsas bölgələrdən
biridir. Marneuli Rayon İcra Hakimiyyətinin
başçısı Merab Topçişvili ilə görüşümüzdə azərbaycanlıların yaşayış tərzi,
Gürcüstan cəmiyyətinə inteqrasiya məsələləri
və iki ölkə arasında ictimai-siyasi, mədəni,
dostluq münasibətləri müzakirə edildi. O, əvvəlcə Ermənistan-Azərbaycan
qoşunlarının təmas xəttində
döyüşlərdə şəhid olmuş hərbçilərimizə
görə başsağlığı verdi, Gürcüstan və
Azərbaycanın ərazi bütövlüyü uğrunda
canlarını qurban vermiş şəhidlər bir dəqiqəlik
sükutla yad edildi. Rayonun ictimai-iqtisadi inkişafından, eləcə
də azərbaycanlıların rayonun həyatında fəallıqlarından
söz açan icra başçısı qeyd etdi ki, Marneuli
həm də müxtəlif beynəlxalq tədbirlərin, festivalların
keçirildiyi məkana çevrilir.
Marneulidə
görüşdə iştirak edən Gürcüstan
Prezidentinin milli azlıqların məsələləri
üzrə müşaviri Sofiya Şamanidi ölkədə yaşayan digər
xalqlarla bağlı həyata keçirilən işlərdən
söz açdı. Natiq ümidvar
olduğunu bildirdi ki, gələcəkdə azərbaycanlılar
yüksək dövlət postlarında da təmsil olunacaqlar.
Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev azərbaycanlıların
ictimai-siyasi işlərdə fəal olduğunu söylədi,
buna nümunə kimi ölkədəki yerli
özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərdən
danışdı. Bildirdi ki, bölgədə bu il 16 nəfər azərbaycanlı bələdiyyə
orqanlarına seçilib.
Marneulidə yaşayan gənc
soydaşlarımızın ən çox
toplandığı məkanlardan biri də “Çay evi”
adlandırdıqları məkandır. Bura onların
təkcə fikir bölüşüb istirahət etdikləri
yer deyil, həm də yaradıcı ideyalarını həyata
keçirdiyi mərkəzdir.
Marneuli TV-nin əməkdaşı
operator Lela Xarşiladze ilə məhz bu görüşdə
tanış oldum. Tədbirdən sonra söhbətimiz ləziz gürcü
mətbəxinin təamlarının olduğu süfrə
arxasında davam etdi. Həmkarım uzun illərdir ki, Marneuli TV-də
xəbərlər bölməsində
çalışır. Bölgədə
yaşayan azərbaycanlılarla ünsiyyətdə
olduğundan artıq Azərbaycan dilində müəyyən
qədər başa düşür. “Ümid
edirəm ki, nə vaxtsa sizin dildə də danışa biləcəm.
Biz eyni regionda yaşayırıq. Oxşar cəhətlərimiz çoxdur.”-deyə həmkarım
bildirdi.
“Media
xalqlar arasında dostluq körpüsü olmalıdır”
Səfərin
son günü Gənclər və İdman Nazirliyində bir qrup gürcü həmkarımızla
görüşdük. Görüşdə iki ölkə
arasında media sahəsində əməkdaşlıqla bağlı fikir
mübadiləsi apardıq.
Gürcüstan Regional Televiziyalar Assosiasiyasının sədri
Natiya Kupraşvili təmsil etdiyi qurumun fəaliyyəti,
Gürcüstan mediası barədə məlumat verdi. İki ölkə
arasında media münasibətlərinin inkişafı istiqamətində
lazımi layihələrin həyata keçirilməsi
üçün hər zaman hazır olduqlarını bildirdi. “Azərbaycan gürcü jurnalistlərinin
gözü ilə” adlı layihənin iştirakçısı gürcü jurnalisti Mari
Minadze bu ilin may ayında bir qrup
gürcü jurnalistinin Bakıya səfər etdiklərini qeyd
etdi və səfərdən razı qaldıqlarını
söylədi. Gürcüstan-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili
Qənirə Paşayevanın da qəbul etdiyi gürcü
jurnalistlər ölkəmizin Tovuz, Quba, Sumqayıt şəhərlərində
olublar və bu səfər yüksək təəssüratlarla
zəngin olub. “Bu cür səfərlər
bir-birimizi daha yaxından tanımağa, faydalı əməkdaşlığa
müsbət təsir edir. Biz jurnalistlər
iki xalq arasında dostluq körpüsü
olmalıyıq”—fikri hamının ürəyincə oldu.
Gələcəkdə Gürcüstan-Azərbaycan
jurnalistlərinin birgə təşkilatının yaradılması
təklifi irəli sürüldü.
Azərbaycan
Mədəniyyət
Mərkəzi
Mərkəz 2004-cü ildən dövlət
qeydiyyatına alınsa da, 2006-cı ildən fəaliyyətə
başlayıb. Soydaşlarımızın Gürcüstan cəmiyyətinə
inteqrasiyası, gənclərin ictimai-mədəni fəaliyyətdə
uğur qazanmasına təkan vermək, gürcü-Azərbaycan
gəncləri arasında səmərəli əməkdaşlıq
və dostluq münasibətləri yaratmaq üçün
çalışır. Mərkəz gənclərimizin
dövlət dilini mənimsəməsi üçün
kurslar təşkil edir. Təşkilat nəzdində
fəaliyyət göstərən “Sarvan” folklor rəqs qrupu fəaliyyət
göstərir. Mərkəz həmçinin Azərbaycan
dilində “Region press” qəzeti,
“Qarapapaqlar” və “Meydan” jurnalları nəşr edir.
Tbilisinin bərq vuran işıqları fonunda gecə görüntüsü turistlərin xüsusi marağına səbəb olur. Kimi Kür sahilində sakitliyə qərq olur, kimi də milli mətbəxin təamlarını dadmaq üçün restoranlara üz tutur, adrenalin həvəskarları isə kanatla gəzintiyə üstünlük verirlər. Kanatla gəzintidə Tiflis ovuc içi kimi görünür. Xüsusilə də tarixi əhəmiyyətli abidə olan Narınqala.
Əslində, Tbilisini mənə sevdirən onun tarixiliyi, özünəməxsusluğu, irqindən, milliyyətindən asılı olmayaraq hər kəsə qucaq açması və insanlarının istiqanlılığı, qonaqpərvərliyi oldu. Burada mən özümü doğma Bakıdakı kimi, hiss edirdim...
Əfsanə
BAYRAMQIZI,
“Xalq qəzeti”
Bakı-Tbilisi-Bakı
Xalq qəzeti.-2014.-14 avqust.-S.5.