Azərbaycanın milli maraqları hər şeydən üstündür

 

“Azərbaycanda Heydər Əliyev tərəfindən həyata keçirilən siyasət davam etdiriləcək. Bu, bizim ölkə üçün çox vacibdir. Çünki keçmişdə çətin anlarımız olub - qeyri-sabitlik, qarma-qarışıqlıq, müharibə, iqtisadiyyatın tamamilə dağılması. Bütün bunları geridə qoymaq üçün çox vaxt və səylər tələb olundu. Bu gün Azərbaycan inkişaf edir, irimiqyaslı layihələr həyata keçirilir. Ölkəmiz beynəlxalq aləmdə özünə layiq yer tuta bilib. Ona görə hesab edirəm, Azərbaycanın gələcəyi naminə bu siyasət gərək davam etdirilsin. Əlbəttə, mən çalışacağam bacardığımı edim ki, bu vaxtadək əldə etdiyimiz nailiyyətlər daha da artsın”.

 

Prezident İlham Əliyev bu sözləri 2003-cü ilin 4 avqustunda Azərbaycan Respublikasının baş naziri vəzifəsində fəaliyyətə başlayanda bəyan etmişdi. Bu, əslində, Azərbaycanın tarixində yeni səhifə demək idi. Heydər Əliyev məktəbinin davamçısı dövlət idarəçiliyi sistemində layiq olduğu zirvəyə yüksəlməkdə idi. Eyni zamanda, hökumət başçısı kimi ilk müsahibə və çıxışlarından təmkinli, irəlini görən, perspektivi düşünən, populizmə meyl etməyən, realist siyasətçi olduğunu təsdiqləyən İlham Əliyev bu üstün keyfiyyətləri ilə ulu öndərin dövlətçilik xəttini əzmlə davam etdirəcəyini bəyan etmişdi. Bir neçə aydan sonra artıq dövlət başçısı kimi böyük bir yola qədəm qoyaraq Azərbaycanın yüksəlişi, güclənməsi, regionda və beynəlxalq müstəvidə mövqelərinin möhkəmlənməsi naminə tarixi nailiyyətlərə imza atmağa başladı.

 

Ötən illərdə qət edilən məsafə, ölkəmizin nail olduğu inkişaf səviyyəsi və önümüzdəki geniş perspektivlər buna bariz misaldır. İlham Əliyev dövlət rəhbəri və siyasi lider kimi ən ümdə keyfiyyətlərini də ulu öndərin dövlətçilik irsindən əxz etmişdir: xalqla birlik, atılan hər addımda, qəbul edilən taleyüklü qərarlarda xalqın dəstəyinə, Azərbaycanın öz imkanlarına,  potensialına, gücünə arxalanmaq. O, postsovet məkanında gördüyümüz bir sıra dövlət rəhbərlərindən fərqli  olaraq, heç vaxt ölkənin inkişafını, gələcəyini, taleyini kənarda, xarici güclərdə, beynəlxalq dairələrin dəstək və himayəsində axtarmır. Belə bir prinsipial, ardıcıl siyasət yeritmək üçün isə dövlətin artan imkanlarına  uyğun olaraq böyük siyasi iradə, yüksək idarəçilik fəhmi də zəruridir.

 

Məhz bu iradə və düşünülmüş siyasət sayəsində Azərbaycan postsovet məkanında öz gücünə, potensialına arxalanaraq, yaxın və uzaq perspektivləri diqqətə alan, tam müstəqil, ölçülü-biçili xarici siyasət yeridir. Bu gün Azərbaycan Avropanın enerji təchizatında önəmli rol oynayır, qlobal təhlükəsizliyə töhfələr verir, beynəlxalq sülhyaratma əməliyyatlarında iştirak edir. 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də dövlətimizin dünyada artan nüfuzunun təsdiqi oldu.

 

Təbii ki, bütün bu imkanlar boş yerdə yaranmayıb. Hər bir ölkənin regional və beynəlxalq arenada fəallığı, təşəbbüskarlığı onun daxili imkanlarına, ilk növbədə, iqtisadi gücünə bağlıdır. Son on ildə Azərbaycan iqtisadi imkanları ilə dünyada aparıcı mövqelərə çıxıb, ölkəmizin ümumi daxili məhsulu 3,5 dəfə artıb. Uğurlu enerji siyasətinə, neft-qaz strategiyasına paralel olaraq iqtisadiyyat şaxələndirilir, neftdən asılılığı azaldılır. Regionların sosial-iqtisadi inkişaf proqramlarının icrası, qeyri-neft sektoruna - aqrar  bölməyə, turizm sahəsinə, informasiya-kommunikasiya texnologiyalarına  xüsusi önəm verilməsi davamlı inkişafa güclü zəmin yaradır. Hazırda ölkə iqtisadiyyatında qeyri-enerji sektoru ümumi daxili məhsulun 55 faizini təşkil edir.

 

Artan iqtisadi potensial ölkəmizin regional transmilli layihələrdə daha güclü rol oynamasına, beynəlxalq iqtisadi təşəbbüslərə daha fəal cəlb olunmasına yol açır. Azərbaycan genişlənən maliyyə qaynaqları ilə bir çox ölkələrə sərmayələr də qoyur, humanitar yardımlar da göstərir, kreditlər də ayırır. Hazırda qonşu Gürcüstanda, qardaş Türkiyədə, eləcə də mərkəzi Avropada -İsveçrə, Rumıniya, Serbiya, Çernoqoriya, Yunanıstan və digər ölkələrdə Azərbaycan investisiyalarının önəmli mövqeyə sahib olması buna misaldır.

 

Daxildə güclü olan dövlət xaricdə də özünü inamlı hiss edir. Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində bunu bir daha diqqətə çatdırdı: “Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və  iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da sözümüzü inamla deyək, maraqlarımızı qətiyyətlə müdafiə edək. Azərbaycan özünü təmin edən ölkədir. Yəni, daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq”.

 

Bəli, geniş imkanlara malik olan dövlət beynəlxalq arenada öz maraqlarını daha effektiv və ardıcıl qorumağı bacarır. Bəllidir ki, ölkəmizin müstəqilliyinin ilk illərindən, hətta daha öncə - Dağlıq Qarabağ münaqişəsi başlayandan - dünyadakı erməni lobbisi və Ermənistana havadar qüvvələrin səyi ilə Azərbaycana qarşı aramsız qaralama kampaniyası aparılmaqdadır. Bu kampaniya zaman-zaman müxtəlif forma və istiqamətlərdə ayrı-ayrı beynəlxalq təşkilatlar müstəvisində də özünü göstərir. Azərbaycanın 2001-ci ildən üzv olduğu Avropa Şurasında da belə qüvvələr hər zaman olub. 2014-cü ilin may ayında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlamasından sonra bu proses xüsusilə fəal şəkildə nəzərə çarpır. Bu baxımdan iyunun 24-də Azərbaycan Prezidentinin AŞPA-da çıxışı tarixdə qalacaq bir hadisə idi. Dövlət başçısı səlis, parlaq nitqiard-arda səslənən, əslində  təxribat yönümlü suallara  arqumentli, sərrast cavabları ilə Azərbaycan həqiqətlərini bir daha Avropa Şurasının yüksək kürsüsündən dünyaya bəyan etdi.

 

Prezident İlham Əliyev hələ 2004-cü ildə AŞPA-da çıxışı zamanı ölkəmizin əsas inkişaf düsturunu diqqətə çatdıraraq bildirmişdi ki, iqtisadi tərəqqi və cəmiyyətin demokratikləşməsinin paralel şəkildə aparılması bizim üçün başlıca prioritetdir. Dövlət başçısı budəfəki nitqində də həmin fikri xüsusi vurğuladı  onu da diqqətə çatdırdı ki, Azərbaycanın Avropa Şurasına üzv olması, bu yolda üzərinə bir çox öhdəliklər götürməsi, 60-dan çox konvensiyaya qoşulması və s. beynəlxalq arenada kiməsə xoş gəlmək üçün atılan addımlar deyil. Bu, bizim özümüzün strateji seçimimizdir və Azərbaycanı modern, inkişaf etmiş, güclü, rifahlı dövlətə çevirmək istəyimizdən irəli gəlir.

 

Sözsüz ki, belə parlaq çıxışın qarşısında mükalimənin əks tərəfi öz zəifliyini, arqumentsizliyini  ört-basdır etmək üçün cığallığa, yersiz söz güləşdirməyə baş vurmalı idi və belə də oldu. Bu zaman Azərbaycan Prezidentinin britaniyalı deputat Maykl Maknamaraya replikası çox tutarlı və yaddaqalan oldu: “Anlayıram, əgər siz müzakirə açmaq istəyirsinizsə, biz bunun üçün başqa yer tapa bilərik”.  Bu, ölkəsinin adına (Böyük Britaniya), zəngin parlamentarizm təcrübəsinə güvənərək gənc bir dövlətin lideri qarşısında özünü göstərmək istəyən cənaba ən effektli şəkildə yerini göstərmək idi.

 

Prezident AŞPA deputatları qarşısında çıxışında bir mühüm məqamı da diqqətə çatdırdı. Bu, Avropa qurumlarının, ümumilikdə beynəlxalq təsisatların postsovet məkanındakı, eləcə də Cənubi Qafqazdakı ölkələrə münasibətdə nümayiş etdirdikləri ikili standartlar, fərqli yanaşmalarla bağlıdır: Hesab edirəm ki, Avropa Şurası Nazirlər Komitəsinə sədrliyimiz dövründə birmənalı şəkildə qaldıracağımız məsələlərdən biri eyni regionda olan ölkələrə tətbiq edilən yanaşmada fərqlərin aradan qaldırılmasına aid olacaqdır”.

 

Həqiqətən də indiyədək Avropa Şurasının kürsüsündən bir çox ölkələrin rəhbərləri çıxış ediblər, amma onlarabu qədər sual yağışı, nə də qərəz, subyektiv münasibət olub. Bugünədək beynəlxalq dairələrdə xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinə ikili standartlarla yanaşmanın davamını indi Azərbaycanın dövlət olaraq uğurlarına, onun liderinə, yeritdiyi müstəqil siyasətə münasibətdə görürük. Lakin bütün bunlar güclü siyasi iradə qarşısında fiaskoya uğrayır.

 

Bu xüsusda bir məqamı da vurğulamaq gərəkdir. Avropada, eləcə də ölkəmizin daxilində bir para qüvvələr belə fikir formalaşdırmağa çalışırlar ki, Azərbaycanın Avropa Şurası, Avropa Parlamenti, ATƏT və digər qurumların təmsilçiləri ilə ayrı-ayrı məsələlərlə bağlı mükaliməsi, bəzən açıq mübahisəsi ölkəmizin Avropaya inteqrasiya siyasətindən vaz keçməsi, strateji inkişaf yolunu dəyişdirməsi deməkdir. Azərbaycan Prezidenti bu məsələyə də aydınlıq gətirdi və heç bir ölkə və təşkilatla qarşıdurma siyasəti aparmaq niyyətində olmadığımızı vurğuladı. Eyni zamanda, bu o demək deyil ki, ölkəmiz öz milli maraqlarının müdafiəsindən geri duracaq:Biz qarşıdurma siyasəti aparmaq niyyətində deyilik. Yəni, bu, bizim maraqlarımıza cavab vermir. Amma hər bir qarşıdurmaya hazırıq. Lazım gəldikdə sözümüzü deyirik, maraqlarımızı müdafiə edirik. Bu yaxınlarda Bakıda ATƏT Parlament Assambleyasının toplantısı keçirilmişdir. Biz bu kürsüdən də öz sözümüzü dedik və deyəcəyik. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda prinsipial mövqeyimizi daim ifadə edirik və edəcəyik. Biz, əksinə, bütün ölkələrlə çox xoş münasibətlər qurmaq əzmindəyik və buna nail olmuşuq. Ancaq milli maraqlarımızın hesabına yox, -əsas məsələ bundadır, - bərabərhüquqlu münasibətlərin hesabına”.

 

Azərbaycan Avropaya inteqrasiya yolunu özünün əsas inkişaf prioritetlərindən biri kimi seçib. 2008-ci ildə Avropa Birliyinin postsovet ölkələri ilə “Şərq tərəfdaşlığı” Proqramı gündəmə gələndə, 2011-ci ildə bu proqramın mühüm institutlarından biri kimi Avronest Parlament Assambleyası yaradılanda da Azərbaycan bu təşəbbüsləri ilk dəstəkləyənlərdən olub. Sözsüz ki, ölkəmizin demokratik inkişaf yolunda, islahatlar prosesində müəyyən çatışmazlıqlar, həlli vacib problemlərdə yox deyil. Bunu biz özümüzbilirik və həllinə çalışırıq. Bu xüsusda konstruktiv tənqidləri də dinləməyə hazırıq. Amma əsası  olmayan, təxribat və qərəz notlu çıxışlara, ittihamlara da adekvat cavab verməliyik.

 

Bu gün Azərbaycan həm dostlar, həm də düşmənlər əhatəsindədir.  Ölkəmizin güclənməsi, uğurlu inkişafı onun dünyadakı dostlarının, lobbi imkanlarının sırasını da genişləndirir. Azərbaycana  gələn hər bir qonaq dinamik tərəqqinin, Azərbaycanın inkişaf etmiş dünya birliyinə inteqrasiya kursunun bilavasitə şahidi olur. Bu isə nəticə etibarilə ölkəmizin dünyadakı nüfuzuna, onun uğurlarının təbliğinə töhfə verəcək mühüm amildir.  Buradan yüksək təəssüratla geri dönən qonaqların öz ölkələrinin parlamentlərində, beynəlxalq dairələrdə Azərbaycanın xeyrinə deyəcəkləri hər söz bizim nailiyyətimiz deməkdir. Ölkəmizə bəd nəzərlə, qısqanclıqla yanaşanların necə davranacağını da təxmin etmək mümkündür. Önəmli olanı bu zaman təmkinlə davranmaq, hər bir iftira və qərəzi arqumentli və qarşı tərəfin uzun müddət xatırlayacağı tərzdə cavablandırmaqdır.

 

Prezident İlham Əliyev bununla bağlı mövqeyini çox aydın şəkildə ifadə etmişdir: “Yenə də deyirəm, tənqid əsaslıdırsa, biz bunu alqışlayırıq və bu, bizə kömək göstərir. Ancaq əsassız tənqid sadəcə olaraq ölkəmizə qarayaxma cəhdidir.

 

Əlbəttə, hər bir əsassız ittihama görə biz cavab verməliyik və artıqlaması ilə də veririk. Ancaq bu məsələ bizi ümumi hədəfdən döndərməməlidir. Bizim hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməyimizdir".

 

Bu hədəfə doğru yol çox maneələrdən keçə, çox əngəlləri aşa bilər. Önəmli olan bu çətin yolda milli maraqları, dövlət mənafelərini güzəştə getməməkdir, onları ardıcıl şəkildə qorumaqdır. Azərbaycan bu gün məhz bu siyasətin, bu dövlətçilik xəttinin nümunəsidir.

 

Hacı İBRAHİMOV,

 

 “DH-Hüquq Consulting” Şirkətinin vitse-prezidenti, hüquq elmləri namizədi

 

Xalq qəzeti.-2014.-17 avqust.-S.5.