3000 yaşın mübarək, ulu Gədəbəy!
Həmin gün Gədəbəy bayram libasına bürünmüşdü. “Müasir Gədəbəy - Gədəbəy ziyalılarının gözü ilə” mövzusunda keçirilən ümumrayon toplantısına dəvət olunmuş əslən bu ucqar dağ rayonundan olan ziyalılar, eləcə də yerli ictimaiyyətin nümayəndələri əsl bayram əhval-ruhiyyəsi duydular. Əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüldü. Sonra rayon Mədəniyyət evində tədbirin rəsmi hissəsi keçirildi.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov toplantıda çıxış edərək dedi ki, bu gün Gədəbəyin bir inzibati rayon kimi yaradılmasının 84-cü ildönümü tamam olmaqla yanaşı, onun 3000 yaşının da təntənə ilə qeyd edilməsi üçün toplaşmışıq. Otuz əsrdən çox yaşı olan Gədəbəy nə qədər ulu olsa da, bir o qədər də müasirdir. Burada yeni yollar salınır, zavod, fabriklər tikilir, geniş abadlıq-quruculuq işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, 13 kilometrlik Qarıkənd-Miskinli-Çalburun və 5 kilometrlik Qızıltorpaq-Ağbaşlar avtomobil yolları tikilərək istifadəyə verilib. Rayonun Ermənistanla sərhəd bölgəsində yerləşən Qaravəlilər kəndinədək olan 56 kilometrlik Gədəbəy-Novosaratovka-Qaravəlilər yolunun tikintisi başa çatmaq üzrədir. Son üç il ərzində Fındıqlı və Çolpan çayları üzərində strateji əhəmiyyətə malik iki körpü tikilib. Hazırda rayon polis şöbəsi, baytarlıq idarəsi və Fövqəladə Hallar Nazirliyinin dövlət yanğından mühafizə hissəsi üçün yeni inzibati binaların tikintisi başa çatıb, son tamamlama işləri aparılır. İstedadlı uşaqların inkişafı üçün Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Şəhərin 20 Yanvar küçəsi yenidən qurulub və mərkəzdə mini park istifadəyə verilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Bununla yanaşı, 110 kilovoltluq Zəyəm-Gədəbəy hava elektrik verilişi xəttinin tikintisi də uğurla davam etdirilir.
Gədəbəy şəhərində Heydər Əliyev Mərkəzinin, Bayraq meydanının, Gənclər Mərkəzinin, icra hakimiyyətinin yeni inzibati binasının və Şınıx zonasında yeni müasir xəstəxananın tikintisi nəzərdə tutulur. Son üç ildə 5 məktəb binası yenidən tikilib. Hazırda İsalı və Moruxlu kəndlərində 180 şagird yerlik məktəb binalarının, Gədəbəy şəhərində və Novosaratovka kəndlərində uşaq bağçalarının tikintisi davam etdirilir.
Daha sonra Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov, Milli Məclisin deputatları Sevinc Hüseynova, Azərbaycan Tibb Universitetinin professoru Rafiq Məmmədhəsənov, Dövlət Feldyeger Xidmətinin rəisi, general-leytenant Ədalət Paşayev, şairlərdən Musa Ələkbərli, Dəmir Gədəbəyli və başqaları çıxış edərək Gədəbəyin tarixindən danışdılar, hazırda rayonda aparılan abadlıq- quruculuq işləri barədə öz müsbət fikirlərini bildirdilər və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etdilər. Əslən Gədəbəydən olan ziyalılar bu tədbirə dəvət olunduqları üçün rayon icra hakimiyyətinin başçısına təşəkkürlərini bildirdilər.
Tədbirdə ziyalılar bəzi təkliflər də irəli sürdülər. Toplantıda iştirak edən Gədəbəy ziyalılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti oxundu.
Axşamüstü ziyalılar Gədəbəy şəhərində yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkını gəzərək orada uşaqların istirahəti və əyləncəsi üçün yaradılmış şəraitlə, parkda təşkil olunmuş Gədəbəy məhsullarından ibarət sərgi ilə tanış oldular.
Axşam saat 9-da tədbirin bədii hissəsi Gədəbəy şəhərində yeni tikilmiş “Amfiteatr”-ın ( Yaşıl Teatrın) açılışı və konsert proqramı ilə başlandı. 1500 yerlik amfiteatr ilk tamaşaçılarını və ifaçılarını qəbul etdi. Tədbir atəşfəşanlıqla başa çatdı.
Hamlet QASIMOV,
“Xalq qəzeti”.-2014.-20 avqust.-S.6.