Azərbaycan xalça sənətinin himayədarı
“...yada satmaram!”
Mir Cəlal PAŞAYEV
O insan
xoşbəxtdir ki, öz gözəlliyi, zəkası,
istedadı, əxlaqı, səmimiliyi, təəssübkeşliyi,
vətənpərvərliyi ilə xalqına
başucalığı gətirir. Sadalanan cəhətləri
ilə artıq bir ailənin, bir xalqın, bir ölkənin
deyil, bütövlükdə bəşəriyyətin mənəvi
sərvətinə çevrilə bilir. Ondan
ibrət götürürlər, onu ilahiləşdirirlər.
Və bu ilahi obraz dünyanın hansı yerində
olursa-olsun daim öz ünvanını, öz vətənini
qürurla təmsil edir.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, UNESCO-nun və İCESCO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva bu gün mənəvi dəyərə
çevrilmiş tarixi simalardandır. Bəşəri
olduğu qədər də milli, yeni-yeni zirvələr fəth
etdikcə xalqına daha da sıx bağlanan, onun sevincini, kədərini
bölüşən, irqindən, milliyyətindən, dinindən
asılı olmayaraq dünyanın istənilən yerində
istənilən vaxt ehtiyacı olan insanların yanında var
olan xanımdır Mehriban Əliyeva! Onun insanlara
sevgisi, qayğısı, diqqəti sərhəd
tanımır. Olduğu bütün məkanlara
özü ilə bərabər nur, işıq daşıya bilir.
Məkanlar isə o qədər müxtəlif, rəngarəngdir
ki!
Bu gün şərqli-qərbli bütün dünya onun
haqqında “Mehriban Əliyeva dünyanı gözəlləşdirməyə
çalışır” fikrində yekdildir. Bu fikirdə
böyük həqiqət var. Mehriban xanım dünyanı Azərbaycan
mədəniyyəti, incəsənəti ilə zənginləşdirməyə,
gözəlləşdirməyə çalışır.
“Əsl gözəllik Azərbaycandadır!” deyərək
bəşəriyyətin, ən böyük elm, mədəniyyət,
incəsənət mərkəzlərinin diqqətini bilavasitə
məmləkətimizə cəlb edir. Son illərdə
respublikamızda keçirilən beynəlxalq səviyyəli
konfranslar, simpoziumlar, forumlar, yubileylər, festivallar, sərgilər
və s. bu diqqətin ən bariz təzahürləridir. Çəkilən zəhmət hədər deyil.
Azərbaycanın ideoloji mübarizədə nə
dərəcədə irəlilədiyi göz önündədir.
Şəxsən Mehriban xanımın və onun
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti
bilavasitə Azərbaycanın haqq işi uğrunda mübarizəsinə
həsr olunmuşdur. O keçirdiyi müxtəlif səviyyəli
görüşlərdə Dağlıq Qarabağ
münaqişəsini, Ermənistan silahlı qüvvələrinin
işğal etdiyi Azərbaycan ərazilərində maddi-mədəniyyət
abidələrinin vəhşicəsinə məhv edilməsini
diqqət mərkəzində saxlayır, xoşməramlı
səfir kimi bəşəriyyəti dialoqa və
qarşılıqlı anlaşmaya çağırır. Dinlərarası və sivilizasiyalararası dialoqa
töhfələri, milli-mənəvi dəyərlərə
ehtiramı ilə həm də yeni minillikdə qədim dəyərlərin
hamisi kimi çıxış edir. Sivilizasiyalararası
dialoqda gənclərin, elm və mədəniyyət xadimlərinin
roluna hər zaman önəm verən Mehriban xanım azərbaycançılıq
ideyası ətrafında minlərlə, milyonlarla insanı
bir araya gətirə bilir.
O,
dünyanın hər yerində Azərbaycanı təblig
edir, millətin və məmləkətin şərəfini
ucaldır. Mehriban xanım üçün Azərbaycan
yalnız müasir Azərbaycan Respublikasının inzibati sərhədləri
ilə məhdudlaşmır. Əsrlər
boyu yadellilərin diqqət mərkəzində olan Vətənimizin
tarixini, unikal mədəni nümunlərinin izlərini
dünyanın nüfuzlu muzey və kolleksiyalarında axtaran,
tapan və onların Azərbaycana qaytarılmasına nail olan
Mehriban xanımın xalqımız qarşısında xidmətləri
əvəzsizdir. Dünyanın bir sıra ölkələrində
tarixi, mədəni, etnoqrafik abidələrin bərpası, məktəblərin,
uşaq bağçalarının, xəstəxanaların
tikintisi, münaqişə ocaqlarında ehtiyacı olan
insanlara göstərdiyi maddi-mənəvi yardımlar dünya
ictimaiyyətinin Mehriban xanımın simasında Azərbaycan
qadınına olan hörmətini və rəğbətini
birə-min artırır.
Mehriban xanım xalq
yaradıcılığının inkişafına və təbliğinə
xidmət edən layihələri uğurla
reallaşdırmaqdadır. O, Azərbaycan
muğamlarının bütün dünyada tanınması,
yeni istedadların üzə çıxarılması, ustad sənətkarların
layiqincə təbliği işinə dəstək verir. Muğam ifaçıları arasında həm yerli,
həm də beynəlxalq müsabiqələrin təşkili
milli irsin daşıyıcıları olan gənc nəslin
yüksək peşəkarlığının
nümayişinə, bu sənətin təbliğinə xidmət
edir.
Muğamlarımızın
toplandığı “Qarabağ xanəndələri” adlı
albomun məhz UNESCO-nun xətti ilə işıq üzü
görməsi Qarabağ torpağının və muğam sənətinin Azərbaycan
xalqına məxsus olması faktının dünya ictimaiyyəti
tərəfindən bir daha təsdiqlənməsi deməkdir. Bakıda Muğam Mərkəzinin yaradılması
milli mədəniyyət incilərimizə verilən yüksək
dəyərin ifadəsidir. Mehriban
xanımın muğamlarımızın yalnız bir incəsənət
nümunəsi kimi deyil, həm də bir elm sahəsi kimi
öyrənilməsi istiqamətində göstərdiyi fəaliyyət
onun milli-mənəvi dəyərlərimizə
bağlılığından xəbər verir. Bu, torpaqlarımızın, abidələrimizin,
xalçalarımızın, musiqimizin və digər milli mədəniyyət
nümunələrimizin başqaları tərəfindən mənimsənilməsi
cəhdlərinə qarşı atılmış ən vacib
siyasi addım kimi dəyərləndirilməlidir. Onun rəhbərlik
etdiyi “Azərbaycan Mədəniyyətinin Dostları” Fondunun səmərəli
fəaliyyəti nəticəsində Azərbaycanın Şirvanşahlar sarayı, Atəşgah
və Qobustan qoruğu kimi tarixi abidələri UNESCO-nun
Dünya Mədəni İrsi siyahısına daxil
edilmişdir.
Mehriban xanım unudulmuş, itib-batmaqda olan
ayrı-ayrı xalq sənət sahələrinin yenidən
dirçəldilməsi, gənc nəslə öyrədilməsi,
milli mədəniyyətimizin klassik və müasir ənənələr
zəminində inkişafı, onun nailiyyətlərinin
dünya ictimaiyyətinə çatdırılması, təbliği
sahəsində qazanılan uğurlara imza atmışdır. Yalnız paytaxt Bakıda
deyil, onun hüdudlarından kənarda da - əyalətlərdə,
ucqar dağ rayonlarında, kəndlərdə, qəsəbələrdə
səciyyəvi xalq sənəti sahələrinin yenidən bərpası
ilə dünya ictimaiyyətinin diqqəti bu bölgələrə,
orada yaşayan insanların həyatına və məişətinə,
təsərrüfat sahələrinə, adət və ənənələrinə,
qayğılarına cəlb edilmişdir.
Ən müasir texnologiyaların tətbiq olunduğu
müstəqil respublikamızda incəsənətimizin digər
sahələri kimi xalçaçılıq da dövlət
qayğısı sayəsində yaşayır və
inkişaf edir.
Bu gün Azərbaycan Prezidenti cənab İlham
Əliyevin həm paytaxtda, həm də bölgələrdə
ayrı-ayrı sənət sahələrinin inkişafına
yönəltdiyi diqqət öz layiqli bəhrələrini
verməkdədir. Hələ 2004-cü il
dekabrın 7-də “Azərbaycan xalça sənətinin
qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunu təsdiq olunmuş, 2005-ci il
fevralın 7-də həmin qanunun tətbiqi barədə fərman
imzalanmışdır. Azərbaycan
xalçalarının təbliği və nümayiş
etdirilməsi məqsədilə Prezident İlham Əliyevin
müvafiq sərəncamı əsasında, Bakıda - Dənizkənarı
Milli Parkın ərazisində nadir memarlıq üslubuna malik
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi inşa olunmuşdur. Azərbaycan
mədəniyyətinin, o cümlədən,
xalçaçılığın inkişafı və onun
nailiyyətlərinin dünya miqyasında təbliği sahəsində
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın
xidmətləri misilsizdir.
Yaşı əsrlərlə hesablanan, zaman-zaman sərt
qadağalar və qaydalar məngənəsində
sıxılan, sənət mahiyyətini itirərək daha
çox istehsal sahəsi kimi mövcud olan milli
xalçaçılıq sənətimizin dirçəliş
dövrü 1993-cü ildə ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra
ölkənin sabit iqtisadi-sosial mühiti,
sahibkarlığın inkişafı üçün
yaradılmış münbit şəraitlə
bağlıdır. Həmin dövrdən etibarən, tarixi ənənələrini
bərpa edən, yolu ayrı-ayrı evlərdə qurulan
hanalardan, boyanan iplərdən, ana-bacılarımızın əl
əməyindən, göz nurundan, duyğularından,
yaşantılarından başlanan, Vətən tarixinin
şahidi, yol yoldaşı olan Azərbaycan
xalçaçılığı dövlət himayəsində
addım-addım irəlilədi. 2004-cü ildə
Heydər Əliyev Fondu yaradıldıqdan sonra isə Mehriban
xanım bu əvəzsiz xalq sənətinin əsl hamisinə
çevrildi. O, Azərbaycan
xalçasını yerdən göylərə qaldıra
bildi. Və bu heç də təsadüfi bir
hal deyil - onun mənsub olduğu ailə ilə birbaşa
bağlıdır. Hələ sovet dönəmində
görkəmli yazıçımız Mir Cəlal
Paşayevin “Bir gəncin manifesti” əsərində ehtiyac
ucbatından toxuduğu xalçasını satışa
çıxarmalı olan, lakin müqabilində yüksək məbləğ
təklifi alsa belə “...yada satmaram!” deyərək milli
qürurunu hər şeydən uca tutan Sona xanım əbədiləşərək
ölümsüzlük qazanmış mübariz Azərbaycan
qadınının tipik nümayəndəsidir. Sona xanım obrazı milli koloriti, sadəliyi,
mübarizliyi, övlada sevgisi ilə yadda qalır. Və onu oxucuya sevdirən ən gözəl cəhəti
xalqına bağlılığıdır. Əslində xalça onun ailəsinin, mənsub
olduğu xalqın, torpağın rəmzidir. Ustad sənətkar Azərbaycan qadınının
obrazını qədim və ənənəvi bir sənət
sahəsi xalçaçılıqla
dolğunlaşdırmış, onun qəhrəmanlığını,
cəsarətini bu yolla ön plana çəkmiş və beləliklə
də yaddaşlarda əbədiləşməsinə nail
olmuşdur. Mir
Cəlal ocağından pərvazlanan Mehriban xanımın
xalçaya, xalçaçılığa
bağlılığı da babasının əsərlərindən
başlayır. O, xalçanın yalnız gözəlliyinə
deyil, həm də onun tarixi mənsubiyyətinə,
simvolikasına, daşıdığı yükə
yaxşı bələddir. Bu təkrarsız
gözəlliyin - Azərbaycan xalçasının
yaradıcıları ölkənin birinci xanımının
sevgisini daim hiss edirlər. O, bu sənətin çətinliyini,
cəsarət, dözüm, səbr tələb etdiyini
yaxşı bilir. Toxucularla hər bir
görüşündə onların işi,
qayğıları, uğurları, gələcək perspekivləri
ilə şəxsən maraqlanır. Dəfələrlə
“Azər-İlmə”də olmuş Mehriban xanımın
xalçaçılarla hər görüşü əlamətdar
bir hadisəyə çevrilir. Onun sadəliyi,
təvazökarlığı, xalçaçı
qadınlarla xoş ünsiyyəti unudulmazdır. Birinci xanım hər bir xalçanın
çeşnisi, toxunma üsulu, rəngləri ilə
yanaşı, onun hansı bölgəyə aid olması ilə
də maraqlanır. Azərbaycana səfər
etmiş neçə-neçə mötəbər qonaq məhz
Mehriban xanımın şəxsi dəvəti və təşəbbüsü
ilə “Azər-İlmə”yə baş çəkmişdir.
O, qonaqları burada həm Azərbaycan xalçaları, həm
də onların necə toxunması ilə tanış
edir. Bu görüşlər qonaqlara həm də
Azərbaycan qadınının əməyi, istedadı ilə
tanışlıq imkanı yaradır. Bəzən
hana arxasında toxuculara qoşularaq xalçaya bir neçə
ilmə vurmaq istəyən qonaqlarımız qadınlarımızın
bu çətin işin öhdəsindən necə gəldiklərinə
təəccüblənirlər. Xarici
qonaqlarla ünsiyyətdə bir qədər çəkinən
və təvazökarlıq göstərən
xalçaçılarımıza izahatları, şərhləri,
məlumatları ilə dəstək olan Mehriban xanım hər
görüşə özünəməxsus bir gözəllik
əlavə edir.
O,
hananı, xalçanı işğal altında olan
torpaqlarımızın bir yadigarı, tərənnümçüsü
kimi təqdim etməyi bacarır. Dünyaya
xalçanı, ilk növbədə, milli mentalitet, ruh və əxlaq
daşıyıcısı kimi nümayiş etdirir.
Qızıl barmaqları ilə mədəniyyət tariximizi
xalçalara ilmə-ilmə köçürən
xalçaçıların əməyinə bundan yüksək
qiymət ola bilməz. Mehriban
xanımın xarici ölkələrdə təşkil etdiyi
elə bir sərgi yoxdur ki, Azərbaycan xalçası orada təmsil
və təbliğ olunmasın. O, bu xalçaları Azərbaycan
torpağının bir parçası kimi şərəflə
təqdim edir. Beynəlxalq aləmdə Azərbaycan
naminə mübarizədə xalçalarımız ideoloji
silaha çevrilir. Fəaliyyətini Azərbaycan
dövlətinin yürütdüyü mədəni siyasət
əsasında quran “Azər-İlmə” Heydər Əliyev
Fondu tərəfindən xaricdə keçirilən tədbirlərdə,
sərgilərdə müntəzəm şəkildə
iştirak edir. “Azər-İlmə”də toplanan Bakı,
İrəvan, Naxçıvan, Qarabağ, Şirvan, Quba, Gəncə,
Qazax-Borçalı, Təbriz kimi bölgələri təmsil
edən qədim Azərbaycan xalça və xalça məmulatları
dünyanın nüfuzlu elm və mədəniyyət mərkəzlərində
uğurla nümayiş etdirilmişdir.
Xalça ilə hər görüş Mehriban xanım
üçün mühüm əhəmiyyət kəsb edir. O, xüsusilə Azərbaycanın
hüdudlarından kənarda bu gözəl sənət
nümunələrinin təsir effektini layiqincə dəyərləndirir.
Onların sadəcə bir sənət nümunəsi
kimi deyil, bir tarixi mənbə kimi qəbul edilməsi və
araşdırılması istiqamətində bütün səyləri
səfərbər edir. Mehriban xanımın gərgin və
yorulmaz fəaliyyəti nəticəsində milli mədəniyyətimizin
ən layiqli təmsilçiləri kimi dünyanın bir
sıra ölkələrində sərgilənən Azərbaycan
xalçaları 16 noyabr 2010-cu il tarixdə UNESCO-nun Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ
Siyahısına daxil edilmişdir. Onun
xalçaları nəvazişlə və sevgi ilə təqdim
etməsi, dünya ictimaiyyətinə onlar haqqında
dolğun və hərtərəfli informasiya verməsi bizi
qürurlandırır. “Azər-İlmə” indiyədək
Heydər Əliyev Fondu ilə birlikdə London, Paris, Moskva,
Berlin, Roma, Vatikan, San-Trope, Kann, Davos və s. kimi şəhərlərdə
keçirilən tədbirlərdə Azərbaycan xalça sənətini
təmsil və tərənnüm etmək şərəfinə
nail olmuşdur. Bu tədbirlərin hər biri
bizim üçün unudulmazdır. Azərbaycan
mədəniyyətinin ən bariz və özünəməxsus
nümunələri olan xalçalarımızın əcnəbilərin
ürəklərini və düşüncələrini necə
fəth etdiyinin dönə-dönə şahidi olmuşuq.
Xalçalarımız hətta ən soyuq
ürəkli insanları belə öz gözəlliyi və
milli koloriti ilə duyğulandırır, onları uzaq
Avropadan, Amerikadan, Asiyadan Azərbaycana bağlaya bilir. Azərbaycan haqqında düşündürməyi
“bacarır”. Zərif üslubu,
naxışları, rəngləri ilə Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə çatdırır.
Bununla biz Vətəndən uzaqlarda
gördüyümüz işlərin zəruriliyinin bir daha fərqinə
varmışıq, öz məsuliyyətimizi daha dərindən
dərk etmişik. İstər respublikamızda, istərsə
də xarici ölkələrdə səfərlər zamanı
Mehriban xanımın dəstəyini, himayəsini daim öz
üzərində hiss edən “Azər-İlmə” fəaliyyətini
müasir beynəlxalq elmi və mədəni standartlar əsasında
genişləndirməkdədir. “Xalçanı
yaratmaq azdır! Onu yaşatmaq və araşdırmaq
lazımdır!” prinsipini əsas tutaraq milli
xalçaçılıq sənətinin tədqiqi və təbliği
sahəsində araşdırmalara start verən “Azər-İlmə”
son illərdə dünya ictimaiyyətini Azərbaycan
xalçaçılıq tarixinin ayrı-ayrı mərhələlərini,
qruplarını əks etdirən, bir-birindən maraqlı
kitablarla, broşürlərlə, tele-filmlərlə
tanış etmişdir. Azərbaycan, türk, rus, ingilis,
fransız, alman, ivrit, ərəb dillərində işıq
üzü görmüş nəşrlərimiz Heydər
Əliyev Fondunun təşkil etidyi beynəlxalq
görüşlərdə, tədbirlərdə, sərgilərdə
xarici qonaqlara təqdim olunur, məşhur kitabxanaların
kataloqlarına daxil edilir.
Azərbaycan, rus, ingilis dillərində nəşr olunan
“Azərbaycan xalçaları” jurnalı da milli
xalçaçılığımızın təbliğatçısıdır. Dövlət
qayğısı jurnalın inkişafını, onun mövzu
dairəsinin daha da genişlənməsini
stimullaşdırmışdır. Azərbaycan
xalçalarının tarixi keçmişi, texnologiya və
üslub təkamülü “Azərbaycan xalçaları”
jurnalının apardığı tədqiqatların,
ekspedisiyalarının əsas obyektini təşkil edir.
Ekspedisiya qruplarımız respublikamızda və Azərbaycan
türklərinin yaşadığı tarixi torpaqlarda İrəvan,
Qarabağ, Bakı, Naxçıvan, Gəncə,
Qazax-Borçalı, Şirvan, Quba, Təbriz kimi
xalçaçılıq məktəblərinə dair dəyərli
məlumatlar əldə etmiş, hər məktəbin
özünəməxsus bədii xüsusiyyətlərini, təmsilçilərini,
rəng, üslub, kompozisiya fərqlərini və təsir dairəsini
müəyyənləşdirmişdir. Tədqiqatlarımız
zamanı respublikamızın müxtəlif yerlərində
dövlət dəstəyi ilə yenidən bərpa olunan
xalça sexləri, burada fəaliyyət göstərən
xalçaçılarla tanış
oluruq. İstər xalçaçılar, istərsə də
digər sənət sahələrinin nümayəndələri
yaradıcılıq, sağlam rəqabət, təbliğat
imkanlarına görə Azərbaycan Prezidenti cənab
İlham Əliyevə, ölkəmizin yürütdüyü
daxili və xarici siyasətdə daim ona dəstək olan
Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildirirlər.
Mehriban xanım həyatı, fəaliyyəti ilə Azərbaycan qadınının ən gözəl cəhətlərini özündə cəmləşdirmişdir. O, ölkənin birinci xanımı kimi şərəfli bir missiyanı yerinə yetirməklə yanaşı, həm də hər bir azərbaycanlının doğması, əzizi, ümid yeridir. Xalq cəsarətli, əzmkar olduğu qədər də zərif və kövrək övladı ilə fəxr edir! Xalçaçılarımız qazandıqları bütün nailiyyətlərlə, toxunan hər xalça ilə Mehriban xanımın adını, obrazını ən gözəl və bənzərsiz naxış kimi Azərbaycan xalçaçılıq tarixində əbədiləşdirirlər! Bu, onun misilsiz əməyi və sərhədsiz sevgisi, qayğısı müqabilində bizim vətəndaşlıq borcumuzdur!
Vidadi MURADOV,
“Azər-İlmə”nin
rəhbəri, əməkdar incəsənət
xadimi, professor
Xalq qəzeti.-2014.-20 avqust.-S.5.