Texnoparkların yaradılması Azərbaycan
iqtisadiyyatının inkişafında yeni
mərhələnin başlanğıcıdır
Ölkəmizdə sənayenin inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin sürətli inkişafının intensivləşdirilməsi məqsədilə sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, onların modernləşdirilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı sənaye istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı qeyri-neft sənayesinin inkişafının prioritetliyini, müasir sənaye komplekslərinin yaradılmasının əhəmiyyətini, sənaye istehsalının müasirləşdirilməsində texnoparkların xüsusi rolunu qeyd etmiş, Bakı, Sumqayıt və Gəncə şəhərlərində texnoparkların yaradılması prosesinə artıq başlandığını bildirmiş, sənaye mərkəzlərində rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsalının təşkil edilməsi barədə tapşırıqlar vermişdir.
2014-ci ilin “Sənaye ili” elan edilməsi ilə Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələsi başlanmışdır. 2015-2020-ci illərdə sənayenin inkişafına dair Dövlət Proqramı hazırlanmış və proqramda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş sənayenin uzunmüddətli inkişaf istiqamətləri əsas götürülmüşdür. Bununla yanaşı, bu il üçün təsdiq edilmiş Tədbirlər Planına əsasən, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülür.
Bu işlər çərçivəsində “Azərbaycan Polad İstehsalı Kompleksi”nin qurulması ilə bağlı məsləhət xidmətinin göstərilməsinə dair müqavilə imzalanmış, kompleksin yaradılması, mövcud istehsal sahələrinin fəaliyyətinin səmərəli təşkili, sağlamlaşdırılması və maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər qrafik üzrə həyata keçirilir. Bu kompleks dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə etməklə, polad və çuqun məmulatlarına olan daxili tələbatın ödənilməsinə imkan verəcəkdir.
Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanılmış, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Bu məhsullar həm daxili tələbatın ödənilməsi, həm də ixrac üçün nəzərdə tutulmuşdur. Yeni rezidentlərin cəlb edilməsi, inşaat, əczaçılıq, aqrokimya və digər sahələr üçün kimya məhsullarının istehsalının təşkili məqsədilə potensial investorlarla danışıqlar aparılır, onların layihələri dəyərləndirilir. Həmçinin Sənayə Parkının infrastrukturunun tam formalaşdırılması işləri davam etdirilir.
Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılmışdır. Bununla yanaşı, potensial rezidentlərin cəlb edilməsi ilə bağlı müvafiq işlər davam etdirilir. Mingəçevir və Gəncə sənaye parklarının yaradılması ilə bağlı da hüquqi bazanın formalaşdırılması məqsədilə müvafiq işlər görülür.
Ölkə Prezidentinin tapşırığına əsasən, sənaye məhəllələrinin yaradılması məqsədilə müasir təcrübə öyrənilmiş və ilk olaraq Neftçala rayonunda layihələndirmə işlərinə başlanılmışdır.
Son dövrdə yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində bir sıra məhsullar üzrə idxaldan asılılıq azalmış, tələbatın yerli istehsal hesabına ödənilməsi artmışdır. Məsələn, ölkədə yerli xammal hesabına daxili tələbatı ödəyə biləcək bir sıra tikinti materialları, o cümlədən sement istehsal edən zavodlar istismara verilmişdir ki, bunun da nəticəsində tikinti materiallarının istehsalı 16,8 faiz, sement istehsalı isə 39 faiz artmışdır. Sementə olan tələbat ilin sonunadək daxili istehsal hesabına tam ödəniləcəkdir.
Azərbaycanda sənayenin davamlı inkişafının təmin olunması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının da əsas istiqamətlərindəndir. Belə ki, konsepsiyada sahibkarlığın inkişaf etdirilməsi, sənaye parklarının yaradılması, yeni fəaliyyət sahələrinin və məhsulların təşviqi üçün əlverişli mühitin formalaşdırılması, ölkəyə qabaqcıl texnologiyaların gətirilməsi qarşıya qoyulan vəzifələrdəndir.
Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının, xüsusilə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsinə, innovativ və elmtutumlu iqtisadiyyatın formalaşmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsinə, investisiya mühitinin cəlbediciliyinin artmasına, sahibkarlığın dəstəklənməsinə və ölkənin ixrac qabiliyyətinin genişlənməsinə, eləcə də məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli təsir göstərəcəkdir.
Qeyd edək ki, bu sahədə artıq müvafiq qanunvericilik bazası da yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Hazırda ölkədə müxtəlif təyinatlı sənaye parklarının (Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Yüksək Texnologiyalar parkları) yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Sumqayıt Kimya Sənaye Parkının işinin yüksək səviyyədə qurulması məqsədilə bu sahədə böyük təcrübəyə malik məsləhətçi şirkət cəlb edilmişdir. Həmin şirkət tərəfindən Azərbaycanın neft-kimya sektoru üzrə təhlillər aparılmış, rəqabətqabiliyyətli yeni məhsulların istehsalı, xarici və yerli investorların cəlb edilməsi üçün təkliflər hazırlanmış, texniki tapşırığa uyğun olaraq Sənaye Parkının Baş Planı tərtib edilmişdir. Ərazidə nəzərdə tutulan infrastruktur şəbəkəsi və sosial təyinatlı obyektlərin konseptual dizaynı hazırlanmışdır.
Sənaye Parkında tikinti işləri üçün tələb olunan texniki şərtlər alınmış, rezident şirkətlərin uçot-qeydiyyat sistemi yaradılmışdır. Sənaye Parkına ayrılmış 167,66 hektar ərazi tikinti üçün yararlı vəziyyətə gətirilmiş, ərazinin müvafiq infrastrukturla təminatına dair layihə-smeta sənədləri və daxili infrastruktur üzrə layihə hazırlanmışdır. Hazırda ərazinin kimyəvi tullantılarla çirklənmiş sahələrinin təmizlənməsi üçün müvafiq dövlət qurumları ilə birgə işlər davam etdirilir.
Sumqayıt Kimya Sənaye Parkının ölkəmizin kimya sənayesinin inkişafında və bu sahədə ixrac potensialının artırılmasında əhəmiyyətli rolu olacaqdır. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammalla təchizatı, xammaldan son məhsul mərhələsinədək istehsalın yaradılmasında “Azərikimya” İstehsalat Birliyi ilə sıx əməkdaşlıq ediləcəkdir. Ötən ilin dekabr ayında dövlət başçısı tərəfindən təməli qoyulmuş Balaxanı Sənaye Parkının yaradılması istiqamətində də zəruri təşkilati işlər və müvafiq tədbirlər həyata keçirilir.
Sumqayıt şəhərində yaradılacaq Yüksək Texnologiyalar Parkı isə ölkəmizdə İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmi araşdırmaların, elmtutumlu texnoloji məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcəkdir.
Sənaye parklarının yaradılmasında əsas məqsədlərdən biri də özəl sektorun inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir. Məlum olduğu kimi, birbaşa xarici investisiyaların cəlb edilməsi üçün əsas amillər əlverişli infrastrukturun yaradılması, cəlbedici güzəştlər mexanizmi, müvafiq prosedurların sadələşdirilməsi, o cümlədən elektron xidmətlərin təqdim edilməsi, idarəedici təşkilat tərəfindən təqdim olunan xidmətlər, layihənin maliyyələşdirmə imkanları, ən başlıcası isə dövlət dəstəyidir.
Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair-bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik”.
Azərbaycanda innovativ sənaye quruculuğunun irimiqyaslı layihəsi olan Sumqayıt Kimya Sənaye Parkı investorlar üçün ən münasib işgüzar şərait və komfortlu biznes mühiti təklif edir. Bu parkın inkişaf planında sahibkarların səmərəli fəaliyyəti üçün bütün amillər nəzərə alınıb və parkın modeli formalaşdırılarkən dünyada uğurlu sənaye parklarının təcrübəsi öyrənilib.
İnvestisiya cəlbediciliyinin təmin olunması məqsədilə Sənaye Parkının ərazisində yerli və xarici investorlar üçün bir sıra güzəştlər nəzərdə tutulur. Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Ş. Mustafayev bu məsələni şərh edərkən demişdir ki, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərəcək sahibkarlar üçün sənaye parkının rezident şirkətləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən və parkda istifadə məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğular ƏDV-dən azad edilmişdir. Bu, baza güzəştlər portfeli kimi qəbul edilir və zərurət yaranarsa, güzəştlər paketi daha da genişləndirilə bilər.
Daha bir vacib məqam isə parkın ərazisində ən müasir tələblərə cavab verəcək infrastrukturun yaradılmasıdır. Belə ki, ərazidə fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisinin təchizatı üçün iki yarımstansiya, içməli və texniki sular üçün yeraltı su anbarları və təchizat sistemi, 2 alternativ istiqamətdən qaz təchizatı, proses suyu və çirkab sularının axıdılması üçün ötürücü nasoslarla təchiz olunmuş xətlər, yağış sularının ərazidən toplanması, təmizlənməsi və yaşıllıqların suvarılması üçün müasir irriqasiya sistemi yaradılacaq. Sənaye Parkının ərazisində avtomobil və dəmir yolu şəbəkəsinin yaradılması da nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkına müraciət edən fiziki və ya hüquqi şəxslərin rezident statusu alması sadə prosedur əsasında aparılacaq. İnvestorlar rezident statusunu aldıqdan sonra da daim “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin dəstəyini görəcək və Sənaye Parkı tərəfindən təklif olunan xidmətlərdən bəhrələnəcəklər. Eyni zamanda, Sumqayıt Kimya Sənaye Parkı tərəfindən rezident şirkətlərə digər müxtəlif xidmətlər, o cümlədən təlim-treninq, laboratoriya, monitorinq və məsləhət xidmətləri də təklif olunacaq. Parkda rezidentlərin qeydiyyatı, lisenziyaların və icazələrin alınması, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər prosedurların sadələşdirilməsi məqsədilə “vahid pəncərə” prinsipi tətbiq ediləcəkdir.
Sumqayıt Kimya Sənaye Parkının əlverişli coğrafi ərazidə yerləşməsi istehsal olunan məhsulun satış bazarlarına münasib tariflərlə və vaxtında çatdırılmasını təmin edəcək. Parkın nəqliyyat-kommunikasiya xətlərinin üzərində yerləşməsi yüklərin müxtəlif istiqamətlər üzrə daşınması prosesini asanlaşdıracaq. Parkın dəmiryol qovşaqlarına, Rusiya Federasiyasına gedən magistral yola, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yaxınlığı burada fəaliyyət göstərəcək müəssisələrə daşınmaların həyata keçirilməsi üçün əlverişli şərait yaradır.
Bu ərazidə geniş sosial obyektlərin tikilməsi də nəzərdə tutulub. Buraya inzibati binalar, müxtəlif ofislər, biznes inqubatorlar, elektron-kitabxana, təlim-peşə mərkəzi, müasir laboratoriya, emalatxanalar, tələbələr üçün yataqxanalar, otel, yeməkxana və s. daxildir. Həmçinin ərazidə anbarlar, mühafizə xidməti, parkinq sahələri, xidməti avtobuslar, yanğınsöndürmə məntəqələri, təcili tibbi yardım stansiyası olacaqdır.
Sumqayıt Kimya Sənaye Parkında Logistik Mərkəz də fəaliyyət göstərəcək. Mərkəz müxtəlif tipli yüklərin, o cümlədən xammalın, hazır məhsulların və avadanlığın nəqlinə xidmət edəcək. Sənaye Parkında müxtəlif təyinatlı yüklər üçün nəzərdə tutulmuş yükləmə-boşaltma məntəqələri fəaliyyət göstərəcək. Ümumiyyətlə, Sənaye Parkının təxminən 70 faizi istehsal, 30 faizi isə qeyri-istehsal məqsədləri üçün istifadə olunacaq. Bir sözlə, Sumqayıt Kimya Sənaye Parkının infrastruktur xidmətləri digər ölkələrdə fəaliyyət göstərən sənaye parkları ilə müqayisədə daha yüksək səviyyədə təşkil ediləcək.
Sumqayıt Kimya Sənaye Parkının yaradılmasında sosial sahəyə xüsusi diqqət yetiriləcək. Burada sənayenin müxtəlif sahələri üzrə onlarla müəssisə fəaliyyət göstərəcək. Bu da minlərlə yeni iş yerinin açılması deməkdir.
Bütün bu sadalananlar tam əminliklə deməyə əsas verir ki, texnoparkların yaradılması ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sənayeləşmə siyasətində yeni mərhələnin başlanğıcı olacaqdır.
Əlipənah
BAYRAMOV,
“Xalq qəzeti”.-2014.-20 avqust.-S.4.