Naxçıvanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirildi

 

Avqustun 19-da Naxçıvan şəhərində yerləşən Əlahiddə Ümumqoşun Ordusunun Qərargahında Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz arasında üçtərəfli görüş oldu. Sonra nazirlər birgə mətbuat konfransı keçirdilər.

 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov müzakirə olunan məsələlər barədə məlumat verərək bildirdi ki, üçtərəfli görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıldı, hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi. Bu formatda danışıqların genişləndirilməsi və müdafiə nazirlərinin üçtərəfli görüşlərinin altı aydan bir növbə ilə Azərbaycan, Gürcüstan və Türkiyədə keçirilməsi barədə qərar qəbul edildi.

 

Azərbaycanın müdafiə naziri hər üç  ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyğunluğunun əldə olunması  məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsinin əhəmiyyətli hesab edildiyini bildirərək dedi ki,  həmçinin birgə seminar və konfransların, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatının yaradılması, neftqaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi də məqsədəuyğun hesab olundu.  Bununla əlaqədar üç ölkə mütəxəssislərinin ekspert qruplarının mütəmadi görüşləri təşkil ediləcək.

 

Mətbuat konfransında Türkiyə Respublikasının milli müdafiə naziri İsmət Yılmaz bildirdi ki, görüşdə Cənubi Qafqazla bağlı bütün məsələlərə dair mövqeləri üst-üstə düşən dövlətlərin müdafiə nazirləri olaraq əməkdaşlığımızın gələcək inkişafını nəzərdən keçirdik, bölgədə gedən prosesləri müzakirə etdik. Xüsusən Cənubi Qafqazda sülhün, sabitliyin və davamlı inkişafın təmin edilməsi üçün lazımi addımların atılması məsələsində razılığa gəldik.

 

Türkiyənin Azərbaycanın və Gürcüstanın müstəqilliyinə, ərazi bütövlüyünə tam dəstək verdiyini bəyan edən İsmət Yılmaz dedi ki, görüş zamanı bir daha bölgədəki münaqişələrin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğu vurğulandı.

 

Türkiyə Respublikasının milli müdafiə naziri qeyd etdi ki, üç ölkənin birgə əməkdaşlığı bölgəni cazibə mərkəzinə çevirib, Bakı-Tbilisi-Ceyhan , Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi nəhəng qlobal layihələr bütün dünyanın diqqətini cəlb edib. Bu mənada hər sahədə qarşılıqlı əməkdaşlığımızın inkişafı mühüm əhəmiyyət kəsb edir.

 

 İsmət Yılmaz yüksək qonaqpərvərliyə və müdafiə nazirlərinin üçtərəfli görüşünü təşkil etdiyinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü bildirdi.

 

Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycana səfərindən və qədim Naxçıvana gəlməsindən məmnun olduğunu bildirərək dedi ki, Azərbaycan və Türkiyə ölkəsinin çox əhəmiyyətli strateji tərəfdaşlarıdır. Bu mənada müdafiə nazirlərinin üçtərəfli  görüşü Gürcüstan üçün mühüm əhəmiyyət kəsb edir.

 

İrakli Alasaniya  vurğuladı ki,  görüş zamanı ölkələrimiz, həmçinin region üçün çox əhəmiyyətli iqtisadi layihələrin təhlükəsizliyinin qorunması məsələsi diqqət mərkəzində oldu. Qeyd olundu ki, biz birgə əməkdaşlığımızla regionda mövcud olan münaqişələrin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmağa, bölgədə sülhsabitliyi təmin etməyə çalışırıq.

 

 

Xalq qəzeti.-2014.-20 avqust.-S.2.