Böyük ürək sahibi
Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondu ölkəmizin ictimai-siyasi həyatının
bütün sahələrinə dərindən
nüfuz edərək genişmiqyaslı
layihələr həyata keçirir
Xeyriyyəçilik, yaxşı əməl, mənəvi saflıq bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdəndir. Mənəvi kamillik səviyyəsinə qovuşmuş şəxsiyyətlər öz əməlləri ilə həmişə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, xalqının xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkənin ictimai- siyasi həyatında fəal iştirak etməklə, ulu öndərimizin irsini yaşadıb, təbliğ etməklə, son dərəcə mühüm sosial layihələri həyata keçirməklə, xalqımızın minilliklərlə yaradıb yaşatdığı bəşəri dəyərlərin hamisinə və əsl qayğıkeşinə çevrilib.
Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik, ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği və milli təhsilimizin inkişafı kimi missiyaları şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ictimai-siyasi və mədəni həyatımızdakı rolu son dərəcə mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi geniş və coxşaxəli olub həyatımızın, demək olar ki, bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri və Azərbaycan Gimnastika Federasiyasının prezidentidir.
Mehriban xanım Əliyevanın Vətən və xalq qarşısında ən ümdə xidmətlərindən biri ulu öndərimiz Heydər Əliyevin milli və bəşəri ideyalarını yaşatması və təbliğıdir. Həqiqətən də, məhz ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətini, onun mükəmməl idarəçilik sistemini, demokratik, hüquqi bazasını, azərbaycançılıq ideologiyasını, milli neft konsepsiyasını və ölkəmizin hər bir regionunu əhatə edən sürətli inkişaf modelini yaratdı və mərhələ-mərhələ həyata keçirməyə başladı. Bu gün dahi rəhbərimizin siyasi kursu Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik bir dövlətə çevirmişdir. Xalqımızın rifah halının yüksəldilməsi, sosial tələbatlarının ödənilməsi, regionlarımızın davamlı inkişafı, elm və mədəniyyətimizin tərəqqisi, vətəndaşlarımızın hüquq və azadlıqlarının davamlı təmin olunması üçün ölkədə hər cür şərait yaradılmışdır. Azərbaycanın sürətli inkişafında, dünyada nüfuzunun durmadan artmasında Heydər Əliyev Fondunun da önəmli payı var.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdəki nitqində Prezident İlham Əliyev deyib: “Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir... Xüsusilə, fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu gün geniş vüsət almışdır və dövlət bu proqrama qoşularaq son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikdirə bilmişdir. “Xocalıya ədalət!” kampaniyası da məhz fondun təşəbbüsü ilə başlamışdır. Ondan sonra dövlət qurumları, ictimai qurumlar bu təşəbbüsə qoşulmuşlar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir. Səhiyyə ilə bağlı təşəbbüslər geniş vüsət almışdır. Azərbaycan mədəniyyətinin, mədəni irsimizin qorunması, dünyada təbliği işində fond əvəzsiz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənəti UNESCO-nun Dünya Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir... Bu gün Heydər Əliyev fondu ulu öndərin adını şərəflə daşıyır, ulu öndərin xatirəsinə layiq fəaliyyət göstərir”.
Heydər Əliyevin bütün ömrü Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdu. 2004-cü il mayın 10-da ulu öndərimizin anadan olduğu gün Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə açılmış Heydər Əliyev Fondu da bu mühüm missiyaya xidmət edir. Fondun yaradılmasının ümdə məqsədlərindən biri məhz ulu öndərimizin zəngin irsinin, onun xalq, Vətən qarşısında misilsiz xidmətlərinin dərindən, hərtərəfli öyrənilməsinə və təbliğinə, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ondan istifadə olunmasına yönəldilmiş genişmiqyaslı proqramların və tədbirlərin həyata keçirilməsidir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ulu öndərin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da möhkəmlənməsinə böyük önəm verir. Azərbaycanın birinci xanımının istər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək məsuliyyətinin təzahürüdür.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt isə milli genefondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda geniş yayılmasıdır. Azərbaycanın birinci xanımı haqlı olaraq informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu daim bildirir. Bu baxımdan fondun həyata keçirdiyi xoşməramlı tədbirlər sırasında milli-mənəvi irsin qorunması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müsahibələrinin birində deyib: “2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduq - doğma xalqımıza, Vətənimizə xidmət etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirməyə başladıq. Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri müəyyən etdik və daha çox diqqət tələb edən problemlərin həllində yaxından iştirak etməyə çalışdıq. Sözsüz ki, ilk növbədə cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə – valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönəlmiş layihə və proqramların icrasına başladıq”.
Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən minlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır.
Ulu öndərimizin çoxşaxəli fəaliyyətində ölkəmizin iqtisadi, sosial və mədəni tərəqqisində mühüm amillərdən olan elm, təhsil və mədəniyyətin, səhiyyə və idmanın inkişaf etdirilməsi məsələləri əhəmiyyətli yer tuturdu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz növbəsində bu sahələrdəki layihələrin həyata keçirilməsini, xüsusən də dünya standartlarına cavab verən müasir məktəblərin və səhiyyə ocaqlarının inşasına, azərbayçançılıq məfkurəsinin bərqərar olunmasına, milli-mənəvi dəyərlərin qorunmasına, böyüməkdə olan gənc nəslin sağlam, hərtərəfli biliyə malik layiqli vətəndaş, gələcəyin mütəxəssisi kimi yetişməsinə yardim edir. Strateji layihələri uğurla gerçəkləşdirməyə nail olmuş Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətinin hər səhifəsi özündə ulu öndərimizin ali ideallarını parlaq şəkildə təcəssüm etdirir.
Direktoru olduğum Səbail rayonundakı 6 saylı məktəb Bakının ən nümunəvi təhsil ocaqlarındandır. Bu məktəbin böyük tarixi və zəngin ənənələri vardır. Məktəbdə müxtəlif dövrlərdə oxumuş insanlar Azərbaycanın inkişafına öz töhfələrini vermişlər. Məktəbin binası köhnəlmişdi və yeni binanın tikintisinə ehtiyac var idi. Prezident cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində məktəbimiz yenidən inşa edildi və hazırda tikilmiş bina ən yüksək standartlara cavab verir. Eyni zamanda, məktəbin sahəsi də iki dəfədən çox genişləndirilmişdir. Böyük qürur və sevinc hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev də məhz bu məktəbdə təhsil almış və yeniyetmə illərini bu doğma kollektivdə keçirmişdir. Şadıq ki, məktəbimizin yenidənqurmadan sonra açılışında Prezident İlham Əliyev də iştirak etmiş və ürək sözlərini demişdir: “Mənim üçün 6 saylı məktəb doğma, əziz məktəbdir. Mən on il burada, bu məktəbdə oxumuşam. Bütün bu ətraf ərazilər mənim üçün doğmadır. Mənim uşaqlıq yaşlarım elə bu məhəllədə keçibdir. Mən çox şadam ki, bu gün böyük tarixə malik olan 6 saylı məktəbin yeni həyatı başlayır. Mənim üçün məktəb illəri hər bir insan kimi unudulmaz illərdir. Burada, bu məktəbdə mənə verdikləri biliklərə görə müəllimlərimə minnətdaram və o xatirələri həmişə ürəyimdə saxlayıram. Bununla bərabər, mənim üçün bütün məktəblər əzizdir və doğmadır. Məhz buna görə Azərbaycanda son illər ərzində məktəb tikintisi çox geniş vüsət almışdır”. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı layihələrin, məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə həqiqətən də, analoqu olmayan yeni tipli ictimai qurumdur. Hərtərəfli və dinamik inkişaf yolunu tutan, daim yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin sağlam böyüməsi və yüksək biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil və səhiyyə sisteminə inteqrasiyasına dəstək verilməsi fondun fəaliyyətinin öncül sahələrindən biridir. 10 il ərzində Heydər Əliyev Fondunun təşəbbüsü və yaxından iştirakı ilə nəinki Bakıda, eləcə də regionlarımızda 3 minə yaxın məktəb, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş
və ya əsaslı təmir olunmuş, 41 Olimpiya İdman Kompleksi yaradılmışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə paytaxtda və regionlarda uşaq bağçası-körpələr evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin tikintisi, yenidən qurulması, təmiri, eləcə də tarixi-mədəni abidələrin bərpası və qorunub saxlanması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir.
Ulu öndərimiz Heydər Əliyev müdrikcəsinə deyib: “Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Qloballaşmanın bütün dünyada qarşısıalınmaz prosesə çevrildiyi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir dönəmdə Heydər Əliyev Fondu da minilliklər boyu formalaşaraq xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi üzə çıxan zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini nəinki qoruyub saxlamağa, onu inkişaf etdirməyə, bəşəri miqyasda tanınmasına və təbliğinə nail olub.
Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, “Heydər Əliyev Fondunun gələcək nəslin nümayəndələrinə olan diqqət və qayğısı tək Azərbaycanın hüdudları ilə kifayətlənmir. Humanizm ideallarına arxalanaraq fəaliyyət göstərən Heydər Əliyev Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman köməyə ehtiyacı olanların yanındadır. İnsanlara xidmətə yönəlmiş əməli işlərimizin ən böyük nəticəsi isə onların etimad və hörmətinin qazanılmasıdır. İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
Həqiqətən də həyata keçirilən qlobal miqyaslı uğurlu layihələr, xüsusən də, “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında fondun yaxından iştirakı, Həştərxanda Müqəddəs Knyaz Vladimir abidəsinin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
Bu gün Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə filialları fəaliyyət göstərir. Bu, bir tərəfdən, təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən, Azərbaycanı daha geniş təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının güclənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır.
UNESCO-nun yüksək tribunasından Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində də Mehriban xanımın fəaliyyəti çox önəmlidir. UNESCO-nun məramı, iş prinsinləri sırf humanitar xarakterli sayılsa da, o, BMT-nin struktur bölməsi kimi real beynəlxalq siyasətdən təcrid edilməyib. Azərbaycanın birinci xanımı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri çərçivəsində ədalətli həlli, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin problemlərinin UNESCO-nun məramına uyğun deyim və təbliğat vasitələrindən istifadə etməklə bir daha nüfuzlu tribunalarda mədəniyyət layihələri çərçivəsində qaldırır. Bununla da erməni işğalçılığına, soyqrımı siyasətinə qarşı növbəti diplomatik cəbhənin yaranmasına nail olur. Həqiqətən də, Mehriban xanım Əliyevanın xalqımız naminə gördüyü işlər misilsizdir.
Gülşən
ORUCOVA,
Bakının Səbail
rayonundakı
6 saylı orta məktəbin direktoru,
respublikanın əməkdar müəllimi
Xalq qəzeti.-2014.-21 avqust.-S.3.