Azərbaycan dövləti nüfuzlu
iqtisadi və siyasi güc mərkəzinə çevrilir
Son
illərdə neft gəlirləri əsasında
yaradılmış möhkəm maliyyə-iqtisadi baza
qeyri-neft sektorunun dinamik inkişafını və ölkə
iqtisadiyyatının diversifikasiyasını, regionların
tarazlı inkişafını, səmərəli beynəlxalq
iqtisadi əməkdaşlığı, dünya
iqtisadiyyatına inteqrasiyanı sürətləndirmiş və
beləliklə, Azərbaycanın hər bir vətəndaşının
rifahının yüksəldilməsi ilə bağlı
müsbət dəyişikliklər
baş vermişdir.
Bu gün Azərbaycanın hər bir bölgəsinin tikinti meydançasını xatırlatması və ölkədə həyata keçirilən mühüm layihələrin yerli şirkətlər tərəfindən uğurla reallaşdırılması, sosial tərəqqi bunun bariz ifadəsidir. Bir sözlə, quruculuq siyasəti, sabitlik və inkişaf müasir Azərbaycanın simasıdır. Bütün bunlar isə ölkəmizin gücünü daha da möhkəmləndirir. Beləliklə, dünyada söz və nüfuz sahibinə çevrilən Azərbaycan öz iqtisadi inkişaf tempi ilə indi dünyanın diqqət mərkəzindədir. Hazırda respublikamızın iştirakı olmadan regionda irimiqyaslı layihələri həyata keçirmək sadəcə mümkün deyildir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun da mühüm paya malik olduğunu təsdiqləmişdir.
İqtisadiyyatın şaxələndirilməsi,
investisiya mühitinin daha da
yaxşılaşdırılması nəticəsində
ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam
edir. Prezident İlham Əliyev bununla bağlı demişdir:
“Bu gün Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəlidir.
Məhz buna görə iki-üç il bundan əvvəl
dünyada neftin qiymətləri kəskin şəkildə
aşağı düşəndə biz böyük çətinliklərlə
üzləşməmişdik. Hətta o illərdə
dünyada neftin qiyməti 4-5 dəfə aşağı
düşmüşdü, Azərbaycan iqtisadiyyatı 8-9 dəfə
artmışdı. Nəyin hesabına, məhz qeyri-neft
sektorunun inkişafı hesabına. Bu, bizim siyasətimizdir və
gələcək illərdə çalışacağıq
ki, qeyri-neft sektorunun inkişafına daha da güclü təkan
verək. Deyə bilərəm ki, bunu etmək
üçün dövlət proqramları həlledici rol
oynayır. Eyni
zamanda, xarici investorların Azərbaycana olan marağı və
qoyulan investisiyalar da az rol oynamır”.
Ölkədə biznes və investisiya mühitinin
davamlı olaraq yaxşılaşdırılması ilə
bağlı ardıcıl tədbirlər həyata
keçirilir. Dövlət proqramlarının icrası
müddətində qanunvericilik bazasının təkmilləşdirilməsi,
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi,
sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi,
vergi yükünün azaldılması, sağlam rəqabətin
təmin edilməsi, 400-dən çox xidmətin elektron
qaydada göstərilməsi,
“bir pəncərə” prinsipinin tətbiqi və digər tədbirlər nəticəsində regionlarda
güclü özəl sektor formalaşmışdır.
Bu gün qeyri-neft sektorunun sürətli yüksəlişi
həm də daxili investisiyaların həcminin artımında
özünü göstərir. Bir sıra dövlətlərin
təcrübəsində uğurla sınaqdan
çıxarılaraq özünü doğrultmuş bu
iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin
istehsal sahibkarlığının inkişafına yönəldilməsini,
özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin
artırılmasını nəzərdə tutur.
İqtisadiyyatın bütün sahələrinin
inkişafı həm də makroiqtisadi sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb edir.
Dövlətimizin
başçısı cənab İlham Əliyevin
uğurla reallaşdırdığı inkişaf
strategiyası artıq özünün növbəti -
üçüncü mərhələsindədir.
2013-2023-cü illəri əhatə edən bu mərhələdə
Azərbaycanın inkişaf etmiş ölkələr
sırasına çıxarılması və əhalinin
yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft
sektorunun, özəl bölmənin,
sahibkarlığın hərtərəfli
inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə
artırılması, dövlət və özəl
qurumların birgə fəaliyyəti üzrə yeni
strategiyanın hazırlanması, ən müasir
texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi,
elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu,
hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq
və azadlıqlarının tam bərqərar edilməsi –
Prezident İlham Əliyevin qarşıya qoyduğu
başlıca hədəflərdir.
Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsi
fonunda infrastrukturun yenilənməsi prosesinə də ölkəmizdə
xüsusi diqqət yetirilir. Daha bir təqdirəlayiq
məqam ondan ibarətdir ki, ümumi inkişafa, sosial rifaha, əhalinin
həyat şəraitinin yaxşılaşmasına xidmət
edən layihələrin icrası məqsədilə Azərbaycanın
yetərli resursları mövcuddur. Bunun
üçün ölkəmiz nə xarici maliyyə, nə də
texniki yardımlara ehtiyac duyur. 2010-cu il
dekabr ayının 28-də Azərbaycanda ən böyük
infrastruktur layihələrdən biri olan Oğuz-Qəbələ-Bakı
su kəmərinin istifadəyə verilməsi də bunun real təsdiqi
oldu. Bakı-Tbilisi-Ceyhan kimi nəhəng bir
layihə ilə müqayisə olunan Oğuz-Qəbələ-Bakı
su kəmərinin ərsəyə gəlməsi yalnız Azərbaycanın
öz imkanları hesabına reallaşdı. Digər belə
iri infrastruktur layihələrinə Bakı-Tbilisi-Ərzurum,
Bakı-Supsa, Şimal, Cənub, Qərb nəqliyyat dəhlizləri,
yol qovşaqları, Bakı-Axalkalaki-Qars dəmir yolu, Bakı
Dəniz Ticarət Limanı, Kür boyu əhalinin içməli
su təminatı, Samur-Abşeron su kanalı, Bərk məişət
tullantılarının yandırılması zavodu, turizm
infrastrukturu, Şəmkir çay dəryaçası,
Tovuzçay su anbarı, Cənub Elektrik Stansiyası
(Şirvan), Biləv (Ordubad) SES-i misal göstərmək olar.
Ölkəmizdəki davamlı inkişaf, iri regional və
beynəlxalq layihələrin həyata keçirilməsi,
müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan
iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli
şərait yaratmış, ölkəmizi investorlar
üçün daha cəlbedici etmişdir. Təsadüfi
deyildir ki, artıq Azərbaycan dünya biznes dairələrində
sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və
özəl şirkətləri xarici ölkələrdə
neft-kimya, qaz, yol və digər layihələrdə uğurla
iştirak edir, xaricdə yatırılan investisiyaların
dinamikasında müsbət irəliləyiş müşahidə
olunur.
Xatırladaq ki, Azərbaycanda mövcud qanunvericilik
çərçivəsində investorların sərmayələri
lazımi səviyyədə qorunur. Vergi və
gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi
bazanın yaradılması da xarici investorların ölkəmizə
cəlb olunması baxımından əhəmiyyətli rol
oynayır.
Azərbaycanın enerji sektoru ilə yanaşı, digər
sahələr də xarici investorlar üçün cəlbedici
olaraq qalır.
Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat
(xüsusilə də iri biznes komplekslərinin
yaradılması), kənd təsərrüfatı, alternativ
enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara
böyük maraq göstərirlər.
Xarici ölkələr və beynəlxalq təşkilatlar
tərəfindən əsas kapitala yönəldilmiş xarici
investisiyanın çox hissəsi Böyük Britaniya,
ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və
Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli
infrastruktur layihələrin icrasında türk şirkətləri
daha fəal iştirak edirlər. Ölkəmizə
qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin
genişlənməsi, sahibkarlığın inkişafına
ayrılan vəsait, kredit, subsidiyaların
artırılması xarici investorların fəaliyyətinə
əlverişli şərait yaratmaqla güclü infrastruktur
layihələrinin tətbiqini də genişləndirir.
Bu gün Azərbaycanda dövlətin investisiyası
hesabına nəhəng layihələr icra edilir. Taxtakörpü
və Şəmkirçay su anbarlarını buna misal
göstərmək olar. Hər iki obyekt
istifadəyə verildikdən sonra ölkəmizdə aqrar
sektorun inkişafında böyük dönüş yaranacaq.
Bundan başqa, Azərbaycanda güclü
ixracyönümlü sənaye potensialı yaradılır.
Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində
bu məqsədlə dünya standartlarına cavab verən
texnoparklar tikilir. Yeri gəlmişkən,
xatırladaq ki, Sumqayıtda fəaliyyət göstərən
texnoparkda istehsal olunan məhsullar dünya standartlarına tam
cavab verir və rəqabətqabiliyyətlidir.
ABŞ-ın
“Heritage” Fondu və “Wall Street Journal” qəzetinin birgə
hazırladığı “İqtisadi Azadlıq İndeksi -
2014" adlı hesabatda Azərbaycan 100 mümkün xaldan 61,3
xal toplamaqla, dünyanın 186 ölkəsi arasında 81-ci
yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr
sırasına daxil olmuşdur. 2013-cü illə müqayisədə
Azərbaycan 6 pillə irəliləmiş və iqtisadi
azadlıq indeksini 1,6 xal
yaxşılaşdırmışdır. Buna səbəb
kimi maliyyə idarəçiliyi və mülkiyyət
hüququ məsələlərində ciddi irəliləyişlərin
əldə olunduğu göstərilir.
Bütün bu uğurlar liberal iqtisadi islahatların,
düşünülmüş, elmi əsaslara malik inkişaf
konsepsiyasının həyata keçirilməsi, siyasi iradə
nəticəsində mümkün olmuşdur və Azərbaycan
dövlətinin dünyanın inkişaf etmiş ölkələri
səviyyəsinə çatmaq əzmindən xəbər
verir. Ölkə
Prezidenti cənab İlham Əliyev demişdir: “Azərbaycanın
çox möhtəşəm inkişafı hələ
qabaqdadır. Azərbaycan bundan sonra da inamlı
inkişaf yolu ilə gedəcək, beynəlxalq müstəvidə
öz yerini möhkəmləndirəcək və
bütün beynəlxalq təşəbbüslər
xalqının maraqlarını müdafiə edəcəkdir”.
“Güclü dövlət, yüksək rifah” prinsipinə
əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən
Azərbaycan dövlətinin düşünülmüş və
uzaqgörən siyasəti gələcəkdə də
ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç
şübhəsiz ki, əvvəlki illərdə olduğu
kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın
həyat səviyyəsinin daha da yüksəldilməsi
olacaqdır. Bütün bunlar isə
ölkənin gələcək sosial-iqtisadi inkişafına
yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın
perspektiv inkişafının hədəf və istiqamətlərini
müəyyənləşdirən “Azərbaycan-2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət
kəsb edir. Həmin
konsepsiyada informasiya-kommunikasiya texnologiyalarının
inkişafı və informasiya cəmiyyətinə keçidin
təmin edilməsi əsas istiqamətlərdən birini təşkil
edir. Burada qarşıya qoyulan məqsədlərə
görə, 2020-ci ilə qədər informasiya cəmiyyətinə
keçid təmin edilməli, innovasiyayönümlü və
biliyə əsaslanan iqtisadiyyat qurulmalı, dövlət və
yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi
və elektron xidmətlər, həmçinin informasiya təhlükəsizliyi
sahəsində fəaliyyət genişləndirilməlidir.
Bundan başqa, 2020-ci ilə qədər “Elektron hökumət” xidmətlərinin
100 faiz tətbiqi nəzərdə tutulur ki, bununla da əhali
hökumət orqanları tərəfindən göstərilən
daha asan, qısa zaman ərzində keyfiyyətli xidmətlərlə
təmin olunacaqdır.
Yaxın
illər ərzində kosmik sənayenin daha da inkişaf
etdirilməsini qarşıya mühüm vəzifə kimi
qoyan Azərbaycan dövləti aşağıorbitli peykini 2015-ci ildə,
ikinci telekommunikasiya peykini isə 2016-cı ildə kosmosa
buraxmağa hazırlaşır.
Telekommunikasiya peyklərinin geostasionar orbitə
çıxarılması ölkəmizi daha etibarlı peyk
rabitəsi ilə təmin edəcəkdir. Yuxarıda adıçəkilən
konsepsiyaya uyğun olaraq, yaxın illərdə telekommunikasiya
şəbəkəsində həm də yeni texnologiyaların tətbiqi
genişləndiriləcək, milli radio və televiziya
proqramlarının peykdən yayımı təşkil
olunacaqdır. Aşağıorbitli peyklərin
orbitə çıxarılması isə respublikada ətraf
mühitin mühafizəsi, kənd təsərrüfatı,
topoqrafiya və kartoqrafiya, eləcə də milli təhlükəsizlik
sahəsində fəaliyyəti daha səmərəli edəcəkdir.
2020-ci ilə qədər ölkəmizin regionun İKT xidmətləri bazarına çıxışını təmin etmək məqsədilə tranzit informasiya magistrallarının, regional informasiya resurslarının və şəbəkə idarəetmə sistemlərinin qurulması kimi layihələr də gerçəkləşdiriləcəkdir. Onu da əlavə edək ki, Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş və 2009-cu ildə BMT Baş Assambleyası tərəfindən xüsusi qətnamə ilə yekdilliklə qəbul edilmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin də başa çatdırılması nəinki ölkəmizdə, həmçinin, böyük bir regionda yüksəksürətli internet üçün geniş imkanlar yaradacaqdır. Eyni zamanda, Azərbaycan bu gün Avropa-Yaxın Şərq İnformasiya Magistralı (EPEG - Europe Persia Express Gateway) layihəsində həm əsas, həm də ehtiyat marşrut olaraq iştirak edir.
Azərbaycan hazırda region ölkələri üçün informasiya xidmətlərini ixrac edən bir mərkəzə çevrilməkdədir. Artıq həmin istiqamətdə işlər sürətlə aparılır. Belə ki, bu gün respublikamızdan Gürcüstana, İrana, Orta Asiyaya internet xidmətləri ötürülməkdədir. Mütəxəssislərin araşdırmalarına görə, həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində qarşıdakı 10 il ərzində Azərbaycanda İKT sektorunun həcmi təxminən 4,5-5 dəfə artacaqdır. Bu isə ölkədə sosial-iqtisadi inkişafın daha da sürətlənməsinə, insanların rifahının yüksəlməsinə və cəmiyyətin digər problemlərinin uğurlu həllinə öz müsbət təsirini göstərəcəkdir.
Yuxarıda sadalananlardan da göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Son illərdə dövlət başçısı ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirmişdir. Elə bunun nəticəsidir ki, Azərbaycanın yaxın gələcəkdə dünyanın nüfuzlu iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevriləcəyi heç kimdə şübhə doğurmur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”.-2014.-21 avqust.-S.1.