Pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artır

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu aparatının Əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev hazırda ölkəmizdə əhalinin pensiya təminatı üzrə əsas göstəricilər barədə məlumat verir.

 

O bildirir ki, ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən bugünədək Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı, həmçinin sığorta hissəsinin indeksləşdirilməsi məqsədilə 8 sərəncam verilmiş, bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilmişdir.

 

 E. Məmmədəliyev qeyd edir ki, qısa müddət ərzində çox ciddi sosial-iqtisadi islahatların aparılmasının məntiqi nəticəsi kimi yaşa görə əmək pensiyasının baza hissəsinin 2006-cı il aprelin 1-dən 30 manat, oktyabrın 1-dən 35 manat, 2007-ci il yanvarın 1-dən 40 manat, fevralın 1-dən 50 manat, 2008-ci il yanvarın 1-dən 60 manat, sentyabrın 1-dən 75 manat, 2010-cu il sentyabrın 1-dən 85 manat, 2013-cü il sentyabrın 1-dən 100 manat məbləğində müəyyən edilməsi ilə bütün əmək pensiyaçılarının pensiyalarına eyni vaxtda artımlar tətbiq olunmuşdur. Göstərilənlərlə yanaşı, dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş infilyasiyaya uyğun olaraq 2007-ci il yanvarın 1-dən 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən 1,5 faizlik, 2011-ci il yanvarın 1-dən 5,7 faizlik, 2012-ci il yanvarın 1-dən 7,9 faizlik, 2013-cü il yanvarın 1-dən 1,1 faizlik, 2014-cü il yanvarın 1-dən 2,4 faizlik artım tətbiq edilmişdir. Pensiyaçıların sosial müdafiəsinin xüsusi diqqət mərkəzində saxlanılmasının nəticəsidir ki, pensiyaların orta aylıq məbləği hər il yüksələn dinamika ilə artmışdır. Belə ki, ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixinə 29,8 manat olduğu halda, 2007-ci il yanvarın 1-i tarixinə 41,1 manat,  2008-ci ilin həmin tarixinə 62,9 manat, 1 yanvar 2009-cu il tarixinə 95,8 manat, 2010-cu ilə 100,4 manat, 2011-ci ilə 112,9 manat, 1 yanvar 2012-ci il tarixinə 145,1 manat, 2013-cü il yanvarın 1-nə 152 manat təşkil etmiş, hazırda isə bu məbləğ 172,2 manata çatmışdır. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən indiyədək əmək pensiyalarının minimum məbləği 4 dəfə, orta aylıq məbləği isə 5,8 dəfə artmışdır. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 faiz üstələyir, halbuki,  2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Bütün bunlar Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair ölkə Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.

 

 Qeyd etmək yerinə düşər ki, qanunvericilikdə sığortaolunanların və əmək pensiyaçılarının vəfatı ilə əlaqədar dəfn müavinəti barədə müddəalar öz əksini tapmışdır. Bəzən müəyyən olunmuş müavinətin məbləği vətəndaşlar arasında müzakirə mövzusuna çevrilir. Bəziləri hətta qanunla nəzərdə tutulmuş dəfn pulunu nəzərdə tutulduğundan az almasından şikayətlənir. Bu məsələyə aydınlıq gətirən şöbə müdiri bildirir ki, hazırda sığortaolunanların vəfatı ilə əlaqədar dəfn xərcinin məbləği 120 manat təşkil edir. Əmək pensiyaçısı vəfat etdikdə isə onun ailəsinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Hazırda yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat təşkil etdiyindən, 300 manat məbləğində dəfn üçün müavinət verilir. Şöbə müdiri bildirir ki, bəzən vətəndaşlar tərəfindən dəfn üçün müavinət vəfat edənin əmək pensiyasının tam məbləğinin üç misli başa düşülür. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, bəzi hallarda əmək pensiyaçısının vəfatı barədə məlumat onun ailə üzvləri tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yerli orqanına vaxtında verilmir və əmək pensiyaçısının plastik kartı vasitəsilə aylıq pensiyalar alınmaqda davam edir. Bu cür hallarda dəfn üçün müavinətin ödənilməsindən ötrü fonda müraciət edildikdə artıq ödənilmiş pensiya məbləğinin tutularaq, DSMF-nin hesabına bərpası aparılır. Təəssüf ki, bu hal bəzən vətəndaşlar tərəfindən dəfn müavinətinin az məbləğdə verilməsi kimi başa düşülür. Halbuki burada dəfn müavinəti düzgün hesablanır və DSMF orqanı artıq ödənmiş məbləğin tutulmasına cavabdehdir. Buna görə də ümumi məbləğdən artıq alınmış həmin vəsait pensiyaçının hesabından tutularaq fonda köçürülür. Artıq alınmış pensiya məbləğinin qanunvericiliyə əsasən tutulması dəfn xərcinin azaldılması kimi şərh olunmamalıdır. Bəzi hallarda vətəndaşlar dəfni kimin yerinə yetirməsi barədə sənəd təqdim olunmasına etiraz edirlər. Amma bu çox vacib məsələdir. Çünki,praktika göstərir ki, dəfn müavinətinə bəzən bir neçə varis iddia edir. Müavinət isə yalnız vəfat edəni dəfn edənədək verilməlidir. Bu isə həmin şəxsin dəfninin həyata keçirilməsi barədə arayış alınmasını tələb edir.

 

Zərifə BƏŞİRQIZI,

 

Xalq qəzeti”.-2014.-21 avqust.-S.5.