“Azərsu” ASC regionlarda
təlim inkişaf proqramları keçirir
Gəncə şəhərində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Regional Təlim İnkişaf Proqramı-1” çərçivəsində qərb zonası üzrə “Kompleks Təlim Proqramı”nın rəsmi açılışı olmuşdur. Açılış mərasimində “Azərsu” ASC-nin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə bölməsinin, ali təhsil müəssisələrinin əməkdaşları, ziyalılar və KİV nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidəsini ziyarət etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Gəncə şəhərində yeni inşa edilmiş “Heydər Əliyev Mərkəzi və Park Kompleksi” və “Azərsu” ASC-nin fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilmişdir.
Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov bölgələrdə həyata keçirilən içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrinin əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət etdiyini bildirmişdir. O, Gəncə şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində layihənin icra olunduğunu xatırladaraq tikinti-quraşdırma işlərinin intensiv şəkildə həyata keçirildiyini vurğulamışdır.
“Azərsu” ASC sədrinin istismar üzrə müavini Köçərli Həsənov bildirmişdir ki, səhmdar cəmiyyətin fəaliyyətində beynəlxalq təcrübə, qabaqcıl texnologiyalar, müasir innovativ idarəetmə, informasiya resurslarından səmərəli istifadə prioritet təşkil edir. Qeyd olunmuşdur ki, bütün bunlar nəzərə alınaraq cəmiyyətin mütəxəssisləri mütəmadi olaraq ölkə daxilində və xaricdə təşkil olunan təlimlərə cəlb edilir. Bu prosesin davamı olaraq “Azərsu” ASC “Regional Təlim İnkişaf Proqramı-1” çərçivəsində respublikanın regionlarında fəaliyyət göstərən idarə və müəssisələrin işçilərinin peşəkarlığının artırılması məqsədilə kompleks təlim proqramları həyata keçirildiyini vurğulayan K. Həsənov kadr hazırlığı işinin yüksək səviyyədə təşkil edilməsi üçün cari ilin sonunadək Bakı şəhərində yeni təlim mərkəzinin fəaliyyətə başlayacağıını diqqətə çatdırmışdır.
“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov qeyd etmişdir ki, Prezident İlham Əliyevin hər bir şəhər və kəndin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlər həyata keçirilir. O, dövlət başçısının tapşırığına uyğun olaraq istehlakçıların 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində həyata keçirilən layihələrin icrası zamanı yeni laboratoriyaların yaradıldığını və müasir texnoloji avadanlıqların quraşdırıldığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, yeni infrastrukturu idarə etmək üçün peşəkar kadrların hazırlanması prioritet kimi müəyyənləşdirilmiş, həyata keçirilən təlim proqramları yerli sukanal idarələrində çalışan işçilərin bilik və bacarıqlarının artırılmasına xidmət edəcəkdir.
“Azərsu” ASC-nin İşlər İdarəsinin rəis müavini Rahid Fətəlizadə isə bildirmişdir ki, “Regional Təlim-İnkişaf Proqramı-1” çərçivəsində 7 regionda təlimlərin keçirilməsi planlaşdırılır. Ümumilikdə 1500 işçinin 9 istiqamət üzrə təlimlərdə iştirakının nəzərdə tutulduğunu bildirən R. Fətəlizadə demişdir ki, indiyə qədər Quba, Lənkəran və Şamaxıda belə təlimlər keçirilmiş, həmin təlimlərə 11 rayondan 263 işçi qatılmışdır.
Xatırladaq ki, sentyabr ayının ortalarınadək davam edəcək təlimlər seminar və praktiki məşğələlər formasında keçiriləcək. Təlimləri müvəffəqiyyətlə başa vurmuş işçilər “Azərsu” ASC-nin “Daxili təlimçilərin təlimi” layihəsi üzrə namizədlərin seçilməsi və hazırlanması layihəsinə daxil ediləcəklər. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar da həyata keçiriləcəkdir.
M. YAQUBZADƏ,
“Xalq
qəzeti”.-2014.-21 avqust.-S.7.