Azərbaycan bu gün dünyada həm də
turizm ölkəsi kimi tanınır
Azərbaycanda turizmin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə bu sahəyə xüsusi önəm vermiş, Azərbaycanın turizm potensialından səmərəli istifadə edilməsi işinə qayğı və diqqət göstərmişdir.
Bununla bağlı bir fakta diqqət yetirək. SSRİ Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində işləyən Heydər
Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə Xəzər dənizinin Azərbaycan sahillərində
Ümumittifaq əhəmiyyətli kurort zonasının
yaradılması barədə müvafiq qərar qəbul
edilmiş,
respublikamızda 2000-ci ilədək turizmin
inkişaf sxemi qurulmuşdur. Lakin Azərbaycanda məlum hadisələr
baş verdikdən sonra sözügedən sahə diqqətdən
kənar qalmış, respublikamıza turistlərin
axını azalmışdır.
Ulu öndər xalqımızın təkidli tələbi
ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra
turizmin inkişafına xüsusi əhəmiyyət verildi. Turizmin
hüquqi bazasının yaradılmasına
başlanıldı. 1999-cu ildə Milli Məclisdə
“Turizm haqqında” Qanun qəbul edildi. Həmin
il iyul ayının 27-də ulu öndər Heydər Əliyev
“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında" fərman imzaladı. Bundan əlavə,
Azərbaycan Prezidentinin 2002-ci il 27 avqust tarixli sərəncamı
ilə “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə
turizmin inkişafına dair” Dövlət Proqramı təsdiq
olundu.
Ölkə
Prezidenti İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi
illər ərzində isə turizm sahəsi dinamik
inkişaf yolu keçmişdir. “2009-2018-ci illərdə Azərbaycan
Respublikasında kurortların inkişafı üzrə
Dövlət Proqramı” respublikamızda turizm-kurort sahələrinin
sürətli inkişafına zəmin yaratmışdır. Vətənimizin
hər guşəsində yol infrastrukturunun yenidən
qurulması, turizm-istirahət mərkəzlərinin
yaradılması, dünya standartlarına cavab verən ən
müasir mehmanxana və otellərin inşa olunması, yay
turizmi ilə yanaşı, qış turizminin də sürətlə
inkişaf etdirilməsi Azərbaycanın dünya turizm mərkəzlərindən
birinə çevrilməsinə güclü zəmin
yaratmışdır.
Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən “Turizm ili” elan
edilmiş 2011-ci il artıq tarixə
çevrilmişdir. Heç bir mübaliğəyə yol
vermədən həmin ili ölkəmizdə turizmin
inkişafı yolunda irəliyə doğru
sıçrayış dövrü kimi dəyərləndirmək
olar. Bundan başqa, “Eurovision” mahnı müsabiqəsinin
2012-ci ildə Bakıda keçirilməsi, musiqi
yarışması ilə əlaqədar Azərbaycana gələn
minlərlə qonağın ölkəmizin ecazkar gözəlliyi,
burada yaradılan və fəaliyyətdə olan turizm
infrastrukturu barədə öz vətəndaşlarını
məlumatlandırmaları son nəticədə respublikamızın
dünyanın aparıcı turizm ölkələrindən
birinə çevrilməsində mühüm rol
oynamışdır.
Ümumiyyətlə, son illərdə turizmin
inkişafı ölkəmizin əsas prioritetlərindən
birinə çevrilmişdir. Qəbul edilən müvafiq dövlət
proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
həyata keçirilən islahatlar Azərbaycan dövlətinin
bu sahəyə diqqət və qayğısını bir daha
sübut edir. “2010-2014-cü illərdə Azərbaycanda
turizmin inkişafına dair” Dövlət Proqramının,
turizmin inkişafı ilə əlaqədar geniş Tədbirlər
Planının uğurla icra olunması nəticəsində
respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm
qoymuşdur.
Hazırda
ölkəmizin təbii sərvətləri, rəngarəng
iqlimi, zəngin tarixi-mədəni irsi, bölgələrin
inkişafı, infrastrukturun yenidən qurulması istiqamətində
həyata keçirilən tədbirlər hesabına Azərbaycan
nəinki regionda, hətta MDB-də turizmin sürətlə
inkişaf etdiyi ölkələrdən biri kimi tanınır.
Məhz bunun nəticəsidir ki, 2013-cü il
avqustun 24-dən 29-dək keçirilən BMT-nin Dünya
Turizm Təşkilatının (UNWTO) XX Baş
Assambleyasında Azərbaycan qurumun İcraiyyə
Şurasına üzv qəbul olunmuşdur. Şübhəsiz,
bu uğur Azərbaycanın turizm ölkəsi kimi dünyada
nüfuzunun təsdiqi, respublikamızın bu sahədə beynəlxalq əlaqələrinin,
Dünya Turizm Təşkilatı, habelə bir çox tərəfdaş
dövlətlərlə ardıcıl, səmərəli
işgüzar əməkdaşlığının yüksək
göstəricisidir.
Azərbaycanda turizmin inkişafı ilə bağlı
yazılara xarici mətbuat səhifələrində də
tez-tez rast gəlinir. Məsələn, “Forbes”
jurnalının bu ilin avqust sayında respublikamızda turizmin dinamik
inkişafı, Azərbaycanın
postsovet məkanında turizm baxımından ən cəlbedici
ölkə olması haqda geniş material verilmişdir.
İtaliyanın nüfuzlu “M il Magazine” jurnalında isə “Azərbaycan:
turizmin inkişaf və adət-ənənə arasında yeni
sərhəd” sərlövhəli məqalə dərc
edilmişdir. Həmin məqalədə Avropa ilə
Asiya arasında yerləşən və qədim adət-ənənələri
özündə birləşdirən Azərbaycanın zəngin
təbiətindən bəhs olunur. Adı çəkilən
yazıda, həmçinin bildirilir ki, bu gün
dünyanı sürətli inkişafı ilə heyran edən
Azərbaycan qədim tarixə malikdir. Tarixən
neft ölkəsi kimi tanınan bu respublikada son illərdə
turizm sektorunda müsbət dəyişikliklər
müşahidə olunmaqdadır.
Yazıda
vurğulanır ki, tərəqqi və modernləşmənin
vəhdət təşkil etdiyi inkişafın Azərbaycan
modeli Cənubi Qafqazın digər ölkələri
üçün gözəl bir nümunə ola
bilər. 1991-ci ildə yenidən öz müstəqilliyini
bərpa edən Azərbaycanda son illər dövlət tərəfindən
mədəniyyət və turizm sektorunun inkişafına
göstərilən diqqət göz qabağındadır.
Yazıda
daha sonra qeyd olunur ki, yeni tikilmiş möhtəşəm
otellər, müasir memarlığın rəmzi sayılan
“Alov qüllələri” kompleksi, gözqamaşdıran
göydələnlər Bakıya xüsusi gözəllik
verir. Paytaxtımızda aparılan yenidənqurma
işləri şəhərin simasını sürətlə
dəyişir və ona daha müasir görkəm verir. Enerji ehtiyatlarından düzgün, səmərəli
şəkildə istifadə nəticəsində Azərbaycan
güclü iqtisadiyyata malik bir ölkəyə
çevrilmişdir. Ölkəmizdə
uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf
strategiyası Azərbaycanın beynəlxalq müstəvidə
nüfuzunu artırmışdır. Respublikamızda
tikinti, infrastruktur, sənaye, aqrobiznes, alternativ enerji, ətraf
mühit və digər sahələrdə fəaliyyət
göstərən İtaliya şirkətləri
üçün geniş imkanlar yaradılmışdır.
Jurnal UNESCO-nun Dünya İrsi siyahısına daxil
edilmiş “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu haqqında da məlumat vermişdir. Diqqətə
çatdırmışdır ki, İçərişəhər
Azərbaycana gələn turistlərin böyük
marağına səbəb olur. XV əsrin
əvvəllərində inşa olunmuş Şirvanşahlar
Sarayı Kompleksi Azərbaycan memarlığının nadir
incilərindəndir.
Ölkəmizin beynəlxalq turizm sərgilərində
iştirakı, dünyanın aparıcı televiziya
kanallarında respublikamızın turizm potensialını əks
etdirən reklam çarxlarının yerləşdirilməsi,
xarici turizm təmsilçiləri və media nümayəndələrinin
ölkəmizə infoturlarının təşkili də Azərbaycanın
dünyada yeni bir turizm məkanı kimi tanınmasında
mühüm rol oynamışdır.
Azərbaycana daha çox əcnəbi turistin cəlb
olunması üçün bu sahədə normativ-hüquqi
bazanın təkmilləşdirilməsi də diqqət mərkəzində
saxlanılır. Bu baxımdan Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə viza rəsmiləşdirilməsi
sahəsində təxirəsalınmaz tədbirlər
haqqında” 2012-ci il 30 noyabr tarixli sərəncamı
mühüm əhəmiyyətə malikdir. Belə
ki, artıq “onlayn” viza sisteminin tətbiqi ilə Azərbaycana
gəlmək istəyən əcnəbilər vizaları
elektron qaydada əldə edə bilirlər. Başqa
sözlə, bu
sistem sənədləşmənin daha asan aparılmasına
və vaxta qənaət edilməsinə şərait
yaradır. Belə vəziyyət isə Azərbaycanın
beynəlxalq turizm bazarına inteqrasiyası, turizm sahəsində
əlaqələrin daha da inkişaf etdirilməsi, ölkələrarası
dialoqun və gələcək əməkdaşlığın
genişləndirilməsi üçün geniş imkanlar
yaradır.
Bu gün
yaradılan müasir ticarət mərkəzləri, restoranlar,
muzeylər, beynəlxalq standartlara cavab verən nəqliyyat
infrastrukturu, parklar, əyləncə məkanları, Şərq-Qərb
üslubunda tikilən və eyni vaxtda 40 mindən çox
turist qəbul etmək imkanına malik otellərin ölkəmizin
dünyada turizm mərkəzi kimi tanınması
baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan həm məşhur brendlərdən
olan otellərin, həm də beşulduzlu otellərin
sayına görə regionda liderdir. Təkcə son 10 il ərzində
respublikamızda bir-birinin ardınca “Hilton”, “JV Mariott”,
“Kempinski”, “Excelsior”, “Four
Seasons”, “Sheraton”, “Jumeirah”, “Fairmont” kimi dünyanın məşhur
brendləri altında beşulduzlu otellər istifadəyə
verilmişdir.
Azərbaycanda qış turizminin inkişafına da
mühüm önəm verilir. Şahdağ
Qış-Yay Turizm Kompleksi qapılarını qonaqların
üzünə açdığı ilk gündən turistlərin
böyük marağına səbəb olmuşdur. Xatırladaq ki, Qusar rayonunun mərkəzindən 32
kilometr məsafədə Şahdağ Milli Parkının ərazisində
yerləşən bu kompleksin tikintisinə 2009-cu ilin
sentyabrında başlanılmışdır. Layihənin reallaşması Azərbaycanda dağ-xizək
və digər qış idman növlərinin inkişafı
üçün hərtərəfli imkanlar
açmışdır. Adı çəkilən
kompleks MDB məkanında bənzərsiz turizm kompleksinə
çevrilmişdir.
Azərbaycan
ilə turizm sahəsində inkişaf etmiş 21 ölkə
arasında “Turizm sahəsində əməkdaşlıq
haqqında” hökumətlərarası saziş imzalanıb,
29 ölkə ilə isə saziş layihəsi
hazırlanıb. 2011-ci ildə Koreyanın Kendju
şəhərində keçirilən Dünya Turizm Təşkilatının
(BMDTT) Baş Assambleyasının 19-cu sessiyasının birinci
plenar iclasında Azərbaycan Respublikası Baş
Assambleyanın iclaslarına sədr müavini təyin edilib.
Həmçinin Azərbaycan Turizm Assosiasiyası, Bakı
Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm
İnstitutu BMDTT-yə qoşulmuş üzv (Affiliate member)
seçilib. Bu il isə Azərbaycandan daha
18 turizm müəssisəsi DTT-nin assosiativ üzvləri
sırasına daxil olub. Bunlardan 2-si otel,
16-sı isə turizm şirkətidir. Bu, o
deməkdir ki, Azərbaycan turizmi DTT-nin üzvü olan ölkələrdə
kifayət qədər geniş təbliğ oluna biləcək.
Turizmin inkişafını sürətləndirən və
bu sahədə keyfiyyəti yüksəldən amillərdən
biri də sahə üzrə kadr hazırlığı siyasətinin
düzgün qurulmasıdır. Prezidentin müvafiq sərəncamına
əsasən, Azərbaycan turizmində kadr problemini həll etmək
məqsədilə 2006-cı ildə Turizm İnstitutu
yaradıldı. Bu təhsil
ocağının məzunları Azərbaycanda ilk dəfə
olaraq ikili diplom - ATİ-nin və Avstriyanın Krems Tətbiqi
Elmlər Universitetinin diplomunu ala bilirlər. Hazırda
institutda 1700-dən artıq tələbə 11 ixtisas üzrə
bakalavr, 143 nəfər magistr, 38 nəfər isə doktorant təhsili
alır.
Əldə olunan nailiyyətlər Azərbaycanın
turizm dünyasında nüfuzunun, ümumilikdə ölkəmizin
dünyada imicinin yüksəlməsinin təzahürüdür. Turizm sahəsində
statistik göstəricilər də bunu təsdiq edir.
2012-ci və 2013-cü illərin nəticələrinə əsasən,
turistlərin sayında artım dünya və Avropa üzrə
5 faiz təşkil etdiyi halda, Azərbaycanda turist
axınının artımı 10 faiz səviyyəsində
müşahidə olunub.
Son
dövrlərdə dövlət tərəfindən turizmin
inkişafına yaradılan əlverişli şərait nəticəsində
respublika ərazisində fəaliyyət göstərən
turizm şirkətlərinin sayı 232, mehmanxana və
mehmanxana tipli obyektlərin sayı isə 2003-cü illə
müqayisədə 5,4 dəfə artaraq
516-ya çatmışdır və fərəhləndirici
haldır ki, onların 76 faizi regionlarda yerləşir. Bu isə Azərbaycanın beynəlxalq turizm
bazarına inteqrasiyası, turizm sahəsində beynəlxalq əməkdaşlığın
daha da inkişaf etdirilməsi, ölkələrarası
dialoqun və gələcək əməkdaşlığın
genişləndirilməsi üçün geniş imkanlar
yaradır.
Dünya
Turizm Təşkilatının baş katibi Taleb Rifainin
sözləri ilə desək, “Azərbaycan turizm sahəsində
parlayan ulduzdur.
Azərbaycanda istər turizmin, istərsə də
digər sahələrin inkişafı üçün
mükəmməl imkanlar mövcuddur və bu gün bu
imkanlardan kifayət qədər istifadə edilir”.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2014.- 23 avqust.- S.1.