Sürətli inkişaf və tərəqqi möhkəm inama söykənir

 

Füzuli rayonunun işğalından 21 il keçir

 

 

Rayon ictimaiyyətinin nümayəndələri Füzulinin işğalının ildönümü gününü bir qayda olaraq ağır kədər və üzüntü ilə qeyd edirlər. Onlar həmin gün bir yerə toplaşaraq ötən günləri xatırlayır, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən həmyerlilərimizin əziz xatirəsini ehtiramla yad edirlər. Əlbəttə, belə günlərdə məğlubiyyətimizin əsas səbəbləri, itkilərimiz barədə danışmamaq mümkün deyil. Ən azı, ona görə ki, Qarabağ müharibəsinin acı nəticələrindən ibrət dərsi götürək, olub-keçənləri təhlil edək və yol verdiyimiz səhvlərdən nəticə çıxaraq. Bu mənada Füzulinin işğalı günü, məğlubiyyətə aparan yollar, həmin illərdə respublikada baş verən hadisələr bir-bir gözlərimiz önündə canlanır.

 

Füzulinin işğalı faktiki olaraq 1993-cü il avqustun 23-ü qeyd olunur. Əslində isə bu proses çox-çox əvvəldən başlamışdı. Füzulini üzük qaşı kimi dövrəyə almış yüksəkliklər düşmən əlinə keçmişdi. Həmin dövrdə vahid Azərbaycan ordusu demək olar ki, yox idi. Ayrı-ayrı siyasi partiyalara tabe olan qanunsuz silahlı dəstələr arasında vahid komandanlıq mövcud deyildi. Başıpozuq, əsasən də kriminal ünsürlərdən ibarət olan qruplar kimə, hara gəldi hücum edirdilər. Belə vəziyyətdə uğurlu döyüş əməliyyatlarından danışmağa belə dəyməzdi.

 

O illərdə hakimiyyətdə Azərbaycanın səriştəli rəhbərləri yox idi. Ölkədə hərc-mərclik baş alıb gedirdi. Hiyləgər düşmən isə çoxdan idi ki, belə bir məqam gözləyirdi. O, yaxşı anlayırdı ki, Azərbaycana hücum edib Qarabağı işğal etməyin ən münasib vaxtıdır. Beləcə, Qarabağın şəhər və rayonları bir-birinin ardınca işğal olundu. Füzuli rayonu da həmin qurbanlardan biri oldu...

 

Azərbaycan xalqı başa düşürdü ki, belə davam etsə, ölkə tamam parçalanacaqtam işğal olunacaq. Ona görə də o, bu bəlanın qarşısını almaq üçün ulu öndər Heydər Əliyevə müraciət etdi. Nəhayət, ümummilli lider xalqın təkidli tələbi ilə razılaşaraq Bakıya gəldi və öz xilaskarlıq missiyasını həyata keçirməyə başladı. Tezliklə torpaqlarımızın işğalı dayandırıldı, cəbhə bölgələrində normal həyat bərpa edildi.

 

Qarabağ müharibəsində Füzuli bölgəsində gedən döyüşlərdə 18 min nəfər iştirak etmişdir. Həmin döyüşlərdə 6500 nəfər həlak olmuş, onlardan 1000 nəfərə qədəri füzulililər idi. Füzuli şəhərindən 192 nəfər itkingirov vardır. Döyüşlərdə rayon əhalisindən1 240 nəfər əlil olmuşdur. Qarabağ döyüşlərində ən çox müharibə gedən ərazi Füzuli bölgəsidir.

 

Füzuli rayonunun 1382 kvadratkilometrlik ərazisinin 682 kvadratkilometri işğal altında, 700 kvadratkilometri isə əlimizdədir. 115 min nəfərə yaxın əhalinin 60 min nəfəri ərazimizdəki 1 şəhər, 21 kənd və 17 qəsəbədə məskunlaşıb. 1 şəhər və 61 kənd isə işğal altındadır. 49 min nəfər Füzuli sakini respublikanın 50 şəhər və rayonunda, o cümlədən 39 min nəfəri Bakı və Sumqayıtda məskunlaşıb.

 

Rayon iqtisadiyyatına, əhaliyə milyard manatlarla ziyan dəyib. Son illərdə dövlətimiz dağıdılanları bərpa edir, yenilərini tikir. Ötən müddətdə burada 44 məktəb bərpa olunub və yenidən tikilib. 4 mindən artıq yaşayış evi, çoxlu sosial obyekt bərpa edilib. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Dövlət Neft Fondunun vəsaiti hesabına 4211 ailəlik daş evlərdən ibarət 16 qəsəbə salınıb. Hazırda Horadiz şəhəri sözün əsl mənasında yenidən salınır.

 

Son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı iki dövlət proqramı uğurla yerinə yetirilmişdir. Füzuli rayonu üzrə də nəzərdə tutulmuş bütün tədbirlər icra edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” üçüncü Dövlət Proqramında da Füzuli rayonu üzrə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

Dövlət Proqramında rayonda cins heyvandarlıq, taxılçılıq, üzümçülük, tərəvəzçilik, meyvəçilik, toxumçuluq, tingçilik sahələrinin inkişafı, iri taxılçılıq təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğuların quraşdırılması, rayon ərazisində kəndarası yolların tikintisi və yenidən qurulması, elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur. Dövlət proqramına əsasən, rayonda 20 ədəd artezian quyusu qazılacaq, Horadiz şəhərinin geniş planı hazırlanacaq, abadlıq-quruculuq işləri davam etdiriləcək, səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin, təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi davam etdiriləcəkdir.

 

Dövlət Proqramının qəbul olunmasından 5 aya yaxın vaxt keçməsinə baxmayaraq, Füzuli rayonu üzrə icrası nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsinə başlanmışdır.

 

Rayonda ən mühüm ərzaq məhsulu olan taxılçılığın inkişafı son illər diqqət mərkəzindədir. Havaların əlverişsiz keçməsinə baxmayaraq, builki nəticələrimiz yaxşı olmuşdur. 35 min hektar sahənin məhsulu nəzərdə tutulmuş müddətdə biçilmiş, 90 min tona yaxın taxıl əldə edilmişdir. Hər hektarın məhsuldarlığı 26 sentnerə yaxın olmuşdur. Cənab İlham Əliyevin taxılçılığın inkişafına dair göstərişindən sonra rayonda 300 hektar sahədə məhsuldar toxumçuluq təsərrüfatı yaradılmışdır və həmin sahələrdən 60 sentnerə yaxın taxıl götürülmüşdür. Yaxın gələcəkdə taxılçılığı öz yetişdirdiyimiz elit növ toxum hesabına inkişaf etdirəcəyik və hazırkı nəticəni 160-200 min ton səviyyəsinə yüksəldəcəyik.

 

Rayonda heyvandarlıq məhsulları istehsalı da dinamik şəkildə artır. Hazırda rayonda 31622 baş qaramal, 115490 baş qoyun-quzu, 407190 min baş ev quşları vardır. Cari ilin 6 ayı ərzində heyvandarlıq məhsulları istehsalında dinamik inkişafa nail olunmuş, 2194 ton ət, 8849 ton süd, 4150 milyon ədəd yumurta, 148 ton yun istehsal edilmişdir. Bu göstəricilər ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.

 

Füzuli rayonunda sahibkarlığın inkişafına ciddi fikir verilir. Son 3 ildə adamlarına yaradılmış şərait nəticəsində Əhmədbəyli kəndi ərazisində 5 min ton kənd təsərrüfatı məhsulları saxlanan Soyuducu anbar kompleksi, ildə 2,5-3 min ton quş əti istehsal edən “Qarabağ-Broyler” MMC fəaliyyətə başlamış, müasir tələblərə cavab verən Qarabağ Ailəvi İstirahət Mərkəzi, bir neçə şadlıq evi tikilərək istifadəyə verilmişdir.

 

Heyvandarlığın aparıcı sahə olduğunu nəzərə alaraq rayonun Haramı adlanan hissəsində 5000 baş ətlik və südlük heyvandarlıq kompleksisutkada 10 ton süd qəbul edəcək zavodun tikintisi sürətlə davam etdirilir. Bu günlərdə Üçüncü Zobucuq qəsəbəsində gündə 40 ton çörək-un məmulatları istehsal edən zavod istifadəyə veriləcəkdir.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və dövlət proqramına uyğun olaraq rayonda təbii qaz çəkilişi işləri surətlə davam etdirilir. İndiyədək 29 yaşayış məntəqəsində təbii qazdan istifadə olunurdu. Cari ilin sentyabroktyabr aylarında rayonun 39 yaşayış məntəqəsinin hamısında əhali təbii qazdan istifadə edəcək.

 

Ölkə başçısının sərəncamına uyğun olaraq rayonun 13 yaşayış məntəqəsinin - Qarabağ-Əhmədbəyli-Böyük Bəhmənli-Kərimbəyli-Arayatılı-Qazaxlar-Mirzənağılı kəndlərinin yararsız vəziyyətdə olan 34,6 kilometrlik yolları əsaslı bərpa olunmuşdur. Yaxın vaxtlarda Qayıdış qəsəbələrinin yolları da bərpa olunacaqdır. Beləliklə, rayonumuzda yolla bağlı problem olmayacaqdır.

 

Rayonda təhsil və səhiyyənin inkişafı da diqqət mərkəzindədir. Hazırda Qazaxlar kəndində tam orta məktəb, Əhmədbəyli kəndində musiqi təmayüllü gimnaziya binaları tikilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçası binalarının tikintisi başa çatdırılmışdır. Böyük Bəhmənli kənd xəstəxanası üçün 15 çarpayılıq yardımçı binanın tikintisi isə yekunlaşmaq üzrədir.

 

Yaxın günlərdə rayon ərazisində qəzalı vəziyyətdə olan ictimai binalarda, yol kənarlarında, yataqlarda məskunlaşmış 721 ailə üçün yeni qəsəbə salınması işlərinə başlanacaqdır. Ümumiyyətlə, rayonda tikinti-abadlıq işləri sürətlə davam etdirilir. Horadiz şəhərinin görkəmi daha da gözəlləşdirilmişdir. Burada 8 hektar ərazidə Bayraq meydanı, Milli qəhrəmanlar parkı, 31 Mart soyqırımı qurbanlarının xatirəsinə abidə, Şəhidlərin Xatirə Kompleksi tikilmişdir. Tarix-Diyarşünaslıq Muzeyi, rayon icra hakimiyyəti üçün inzibati bina istifadəyə hazırdır. Şəhərdə işğal dövrü yandırılmış 227 ev, Alıxanlı kəndində isə 50 ev bərpa olunmuşdur. Rayon ərazisində “Hər adama bir qızıl gül əkək” təşəbbüsü ilə 120 min qızıl gül kolu, 20 mindən artıq çinar ağacı əkilmişdir.

 

Rayonun 50 min nəfərə yaxın əhalisi respublikanın 50 şəhər və rayonunda məskunlaşmışdır. Rayon icra hakimiyyəti Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsi ilə razılıq əsasında müəyyən olunmuş qrafik əsasında əhalinin daha çox məskunlaşdığı Bakı, Sumqayıt şəhərlərində, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarında xidmət təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri ilə birlikdə görüşlər keçirir, söhbətlər aparır, vətəndaşları narahat edən məsələləri yerindəcə həll etməyə çalışır.

 

Səyyar qəbulların forma və məzmununu daha da təkmilləşdirmişik. Ərazidəki yaşayış məntəqələrində keçirilən səyyar qəbulların səmərəsi böyükdür. Müraciətləri yerində həll olunan əhali daha başqa təşkilatlara müraciət etmir. 2014-cü ilin 6 ayında rayon icra hakimiyyəti başçısının 15 səyyar qəbulu olmuş, bu qəbullarda 1250 nəfərdən artıq vətəndaş qəbul edilmiş, qaldırılan məsələlərin 90 faizə qədəri qısa müddət ərzində həll olunmuşdur.

 

Bir sözlə, ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon sakinlərinin problemlərini yerindəcə həll etməyə çalışırıq. Onların isə ən böyük arzusu işğal olunmuş torpaqlarımızın azad edilməsi, köçkünlərin öz ata-baba yurdlarına qayıtmasıdır. Hamımız möhkəm əminik ki, möhtərəm Prezidentimizin yeritdiyi düzgün siyasət Azərbaycan xalqının bu arzusunu da reallığa çevirəcək, doğma Qarabağın hər guşəsində, o cümlədən Füzulidə dövlət bayrağımız əzəmətlə dalğalanacaq.

 

Alı ALIYEV,

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı

Xalq qəzeti.- 2014.- 23 avqust.- S.6.