Dünya bir pəncərədir, hər gələn baxar keçər...

 

 

Baş redaktor daxili telefonla məni kabinetinə çağırdı. Bir ağsaqqalla söhbət edirdi. Söhbət ara verən kimi dedi: – İbrahim müəllim dəyərli ziyalılarımızdandır, uzun illərdi ki, təhsil sahəsində çalışır. Məqalə gətirib, oxuyub tanış ol, əlavə suallar yaransa, soruş, çapa hazırla.

 

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru, əməkdar müəllim, maarif əlaçısı, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, müharibə və əmək veteranı İbrahim Mayılovla söhbətimiz tutdu. Yaşına görə (92 yaşı var) xeyli cavan və qıvraq görünən İbrahim müəllimin yaddaşına heyrət etməmək mümkün deyildi. Azərbaycan təhsilinin ötən əsrin ortalarından indiyədək keçdiyi inkişaf yolu, mövcud durumu, problemləri barədə ensiklopedik biliyə malikdir, bu barədə faktlarla, dəlil-sübutlarla saatlarla danışa bilər. Qəzet üçün yazdığı məqalədə isə o, müasir təhsilimiz üçün çox mühüm bir problemə–orta ümumtəhsil məktəblərində şagirdlərin əməyə, istehsalata, bütövlükdə həyata praktik cəhətdən hazırlanması məsələsinə diqqəti yönəltmiş və konkret təkliflərini vermişdi: “Mən ömrümün, az qala, 60 ilini təhsilin bu sahəsinə həsr etmişəm,–dedi. – Keçən əsrin 50–60-cı illərindən respublikadakı beş mindən artıq məktəbin, demək olar ki, hər birində əmək təlimi fənninin, praktik məşğələlər keçirilən tədris emalatxanalarının, tədris-təcrübə sahələrinin təşkili ilə məşğul olmuşam. Sizin yadınızda  olar, o vaxtlar bu məsələyə necə diqqət yetirilirdi... Yeri gəlmişkən, orta məktəbi neçənci ildə, harada bitirmisiniz?

 

–1967-ci ildə, Ağsu rayonunun Növcü kəndində, – dedim.

 

– Ağsunun bütün məktəblərində olmuşam. Şəhər məktəblərində, rayonun Pirhəsənli, Gəgəli, Bico, Qaraqoyunlu... məktəblərində. Hamısında əmək təlimi dərslərinin texniki bazasını təşkil etmişik... Dediniz ki, Növcü məktəbini bitirmisiz. Bilirsiz o məktəbi kim yaradıb?

 

Sözün doğrusu, bilmədiyim üçün çiyinlərimi çəkdim.

 

Nuğay kişini tanıyırsız? – soruşdu və cavabını gözləmədən əlavə etdi: – Onunla, haradasa 60 il əvvəl görüşmüşəm. Məndən azı 15 yaş böyük olardı. Çox güman ki, dünyasını dəyişib...

 

– Hə, 25 ildir ki, rəhmətə gedib.

 

– Yeri behiştlik olsun, yaxşı kişi idi, insan cismən ölsə də, insanlıq yaşayır bu dünyada, əməllərində, elədiyi yaxşılıqlarda... Yəqin ki, fikirləşirsən ki, üstündən yarım əsrdən artıq vaxt keçib, amma bir dəfə gördüyüm insanın adını da unutmamışam, özü də sinnimin bu vədəsində. Bu da səbəbsiz deyil...Keçən əsrin 50-ci illərinin ortaları idi. Maarif naziri Mehdi Mehdizadənin qəbuluna yazılmışdım.  Köməkçi bildirdi ki, nazir hələ heç kimi qəbul etməyəcək, qonaq gözləyir, o gəlib-gedəndən sonra keçə bilərsiz. Elə bu vaxt Pedaqoji İnstitutun rektoru, professor Mehdixan Vəkilov (xalq şairi Səməd Vurğunun qardaşı) bir nəfərlə qəbul otağına daxil oldu. O, yanındakı həmin şəxsə: sən bir qədər gözlə, – deyib nazirin kabinetinə keçdi.

 

Yanımda əyləşdi, tanış olduq. Adı Nuğay idi. İlk dəfə idi ki, bu ada rast gəlirdim. Qədim türk tayfalarından birinin adını daşıdığından yaddaşıma əbədi həkk olundu. Sərt baxışları, arxaya daranmış saçları, qalın qaşları onu olduğundan yaşlı göstərirdi. Öyrəndim ki, kolxoz sədri işləyir. Təəccüblə üzünə baxdığımı görüb gülümsəyərək dedi: – Yəqin fikirləşirsən ki, kolxoz sədrinin maarif naziri ilə nə işi ola bilər.

 

Bildirdi ki, kənddəki 7 illik məktəbin orta məktəbə çevrilməsi üçün dəfələrlə əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıb. Münasib bina olmadığına görə buna razılıq verilməyib. Onun fədakarlığı nəticəsində məktəb binası məsələsi həll olunub. Bir dəfə nazir M.Mehdizadənin qəbulunda olub. Nazir bildirib ki, dövlət büdcəsindən vəsait ayrılarkən həmin kənddə orta məktəb nəzərə alınmadığına görə qarşıdakı tədris ilində yox, növbəti ildə bu məsələyə baxıla bilər. Amma Nuğay müəllim də “hər günün öz hökmü var”, – deyib, geri çəkilmək istəmir. Xeyli götür-qoydan sonra kömək üçün Pedaqoji İnstitutun rektoru, professor Mehdixan Vəkilova müraciət edir. Mehdixan müəllim pambıq yığımı mövsümündə Ağsu rayonunun təsərrüfatlarına təhkim olunduğuna görə orada tanış olmuş və aralarında dostluq münasibəti yaranmışdı...

 

Bu məqamda Nuğay müəllimi də nazirin kabinetinə dəvət etdilər və söhbətimiz yarımçıq qaldı. Aradan xeyli keçəndən sonra içəridən çıxdılar. Nuğay müəllimin kefi kök idi, uşaq kimi sevinirdi. Bildim ki, işi düzəlib, ancaq necə, onu bilmədim. Sadəcə, görüşüb ayrıldıq.

 

İbrahim müəllim sözünə davam etdi: – Bunları danışıram, hiss edirəm ki, çox şeydən xəbəriniz yoxdur. Soruşuram: ay mənim jurnalist qardaşım, bu cür şəxsiyyətlərdən niyə yazmırsınız? Bir müddət də keçəcək, heç onu görən, tanıyan, xatırlayan da tapılmayacaq. Yazın ki, gələcək nəsillər belə insanları tanısınlar.

 

Ağsaqqal, sözün həqiqi mənasında, mənə yaxşı “dərs” verdi. Ertəsi günü Nuğay Babayevin böyük oğlu Hidayət müəllimə zəng edib qarşıdakı bazar günü Növcüyə gələcəyimi və onunla görüşmək istədiyimi bildirdim...

 

Vədələşdiyimiz vaxtda Hidayət müəllimin evində görüşdük. Az sonra kiçik qardaşı Fəxrəddin də gəldi. Düz 47 il idi ki, görüşmürdük. Fəxrəddin orta məktəbi bizdən bir il əvvəl bitirmişdi, Hidayət Babayev isə müəllimimiz olmuşdu.

 

Söhbətimiz çox əhatəli alındı, nəinki maraqlandığım suallara, cavab tapdım, həmçinin mənim üçün qaranlıq olan bir sıra məqamlara da aydınlıq gətirildi...

 

Nuğay Məhəmməd oğlu Babayev 1908-ci ildə Ağsu rayonunun Növcü kəndində anadan olsa da, əsli-kökü Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsindəndir. Babası şamaxılı Ələsgər bəy, nənəsi Soltanxanım isə Basqalda kəlağayı fabriki, sexləri olan sahibkar qızı imiş. Onların 3 övladı - 2 oğul, 1 qızı olub. 1902-ci il yanvarın 31-də baş vermiş dəhşətli zəlzələdə (həmin zəlzələdə iki mindən artıq insan öldü) uçmuş evin altında qalan oğlanların ikisi də tələf olub, Şamaxı cümə məscidinin nəzdində fəaliyyət göstərən mədrəsədə təhsil alan qız isə (Minayə) salamat qalıb. Zəlzələ baş verəndə Ələsgər bəy Bakıda olub. Şamaxıya gəlib hadisədən halı olan kimi faciəyə ürəyi dözməyib ölüb. Bundan sonra qardaşları  Şamaxıya gəlib Soltanxanımı qızı Minayə ilə birlikdə Basqala aparıblar.

 

Ələsgər bəyin qohumlarından olan Hacı Baba zəlzələdən sonra Ağsu rayounun Növcü kəndinə köçür. Bir neçə ildən sonra o, Basqala elçi gedərək, Ələsgər bəyin qızı Minayəni böyük oğlu Məhəmmədə gəlin gətirir. Onların 6 oğlu (Nuğay, Qədir, Surxay, Babakişi, Şəmi və İsmayıl) və bir qızı (Soltanxanım) olur.

 

Nuğayın uşaqlıq illəri çox çətin dövrə təsadüf edib. Təhsil almağa böyük həvəsi olsa da, kənddə şərait yox idi. Növcüdə yalnız ibtidai məktəb vardı. İbtidai sinfi bitirdikdən sonra o, xeyli uzaqda yerləşən və yol-rizi olmayan Qaraqoyunlu kənd 7 illik məktəbinə gedib. İyirminci illərin ortalarında kənddə komsomol fəallarından olub. Gənc komsomolçu ilk növbədə Növcü kəndində orta məktəbin açılması məsələsini qaldırır. Raykomun və icrakomun iclaslarında dəfələrlə diqqəti bu məsələyə yönəldir, yuxarı orqanlara ərizə ilə müraciət edir. Faktlar gətirir ki, partiya, dövlət təhsilin inkişafına, savadsızlığın ləğvinə bu qədər diqqət yetirir, amma Növcüdə və ətrafdakı 7-8 kəndin heç birində orta məktəb yoxdur. Ağsuya, Kürdəmirə gedib-gəlməyin çətinliyi ucbatından uşaqlar kütləvi surətdə təhsildən kənarda qalır... Raykom katibi onu qəbul edib bildirir ki, orta məktəb açmaq üçün bina lazımdır. Kəndinizdə münasib bina yoxdur, təzəsini tikdirməyə isə büdcədə pul. Öz gücünüzlə tikin, biz də kömək edərik.

 

Nuğay camaatı toplayıb vəziyyəti başa salır. Hamı bir nəfər kimi, qolunu çırmayıb işə girişir: hərə bacardığı işin qulpundan yapışır – kimi saman qatılmış çiy kərpic kəsir, kimi hörgü hörür, kimi də dülgərlik edir. Hərə öz həyətindən bir neçə əbrişim ağacı kəsib gətirir və nəhayət, raykomun köməyi ilə Ağsunun Gürcüvan kəndindən kirəmid alıb binanın üstünü örtürlər. Beləliklə, düz 85 il bundan əvvəl – 1929-cu ilin sentyabrında Növcü kəndində orta məktəb açılır.

 

Nuğay Babayevin təşkilatlçılığı diqqətdən yayınmır, onu təhsil almaq üçün Bakıda açılmış komsomol məktəbinə göndərirlər. Məktəbi bitirdikdən sonra o, Kürdəmir Rayon Komsomol Komitəsinin (o vaxt Ağsu və Kürdəmir rayonları birləşdirilmişdi) katibi seçilir.  Bir müddət sonra rayon soveti icraiyyə komitəsi sədrinin müavini vəzifəsinə irəli çəkilir. Müxtəlif illərdə partiya şöbəsinin müdiri, sovxoz direktoru işləyir, hətta bir neçə il icrakomun sədri vəzifəsini icra edir. Bu vəzifələrdə işləyərkən imkandan istifadə edərək, kənd camaatı üçün müəyyən işləri görür: rayonda yeganə barama məntəqəsini Növcüyə köçürdür, burada rabitə qovşağı açdırır, kənd istehlak cəmiyyətini təşkil edir. Ağsu-Kürdəmir magistralından Növcüyə çınqıl döşənmiş yol çəkdirir.

 

1943-cü ildə Nuğay Babayev cəbhəyə yola düşür. Zaqafqaziya hərbi dairəsindən onu Səmərqənd Hərbi Məktəbinə 1 illik zabitlik kursuna göndərirlər. Döyüş yolu Berlinədək gedib çıxır. Faşizim üzərində Qələbədən sonra da əsirlərin işlərinin araşdırılması məqsədilə yaradılmış Dövlət Komissiyasının üzvü kimi 1 ildən artıq orduda qalaraq əlavə xidmət edir. Nəhayət, baş leytenant Nuğay Babayev 1946-cı ilin yayında cəbhədə qazandığı çoxsaylı döyüş orden və medalları ilə ordudan tərxis olunur.

 

Döyüş cəbhəsindən əmək cəbhəsinə dönən Nuğay Babayev 4 ilədək qonşu Ərəbsarvan kənd sovetinin sədri, bundan sonra isə səkkiz il Növcü də daxil olmaqla, 8 kəndi əhatə edən Jdanov adına kolxozun sədri vəzifələrində çalışır. Şübhəsiz, müharibədən çıxmış kəndlərin problemləri həddən çox idi. Növcü kəndində belə aktual problemlərdən biri yenə də məktəb məsələsi idi. Beləki, Nuğay Babayevin zəhməti hesabına açılmış orta məktəb 1942-ci ilədək fəaliyyət göstərdi. Həmin il məktəbin binası hərbi qərargaha çevrildi. Orta məktəbdə yalnız 4 ibtidai sinfi saxladılar. Müharibədən sonra güc-bəla ilə ibtidai məktəbi 7 illiyə çevirə bildilər. Kolxoz sədri N.Babayev əllinci illərin əvvəllərində məktəb binasının tikintisi məsələsini yenə də rayon rəhbərliyi qarşısında qaldırdı. Planlı iqtisadiyyat dövrü idi, büdcədən vəsait hansı sahəyə ayrılırdısa, oraya da xərclənirdi. Ona dedilər ki, sizin kənddə məktəb binası yox, mədəniyyət evi tikintisinə vəsait ayırmaq mümkündür. “Buna da şükür”, – deyib razılaşdı. Kənddə tikinti işi başlanarkən o, Ağsu Rayon Partiya Komitəsinin birinci katibi Ağakərim Kərimovla görüşüb ona bildirdi ki, bu gün camaata mədəniyyət evindənsə, məktəb daha vacibdir. İcazə verin başlanmış tikintini məktəb binasına uyğunlaşdıraq. Birinci katibi inandıra bildi və razılıq alındı. Lakin bunu qanuni şəkildə etmək lazım idi. Kənd camaatının ərizəsi əsasında rayon icraiyyə komitəsi qərar çıxartdı. Məktəb tikintisi təqribən 2 il çəkdi və 1957-ci ilin aprel ayında bina hazır oldu.

 

Bu hadisələrin şəxsən şahidi olan Hidayət müəllim 50-60 il əvvəl baş verənləri belə xatırlayır:  – Məktəb tikilib başa çatana qədər onun gecəsi-gündüzü olmadı, hamını bu işə səfərbər eləmişdi. Bina hazır olandan sonra orta məktəbin açılması üçün Maarif Nazirliyindən razılıq alınmalı idi. Dadaş (Nuğay kişini nəzərdə tuturdu – Q.P.). Bakıya gedərək nazir M.Mehdizadənin qəbulunda olub. Nazir növbəti dərs ilini gözləməyi məsləhət görür. Bundan sonra o, kömək üçün Mehdixan müəllimə müraciət edir. Sonrakı hadisələrdən məlumatınız var...

 

– Tam yox, müəyyən qədər məlumatlıyam. Məsələn, mənim üçün maraqlıdır ki, Mehdi Mehdizadə kimi bir naziri onlar necə yola gətirə biliblər, – dedim.

 

– Dadaş bu dəfə gedəndə Ağsu rayonunun xəritəsini özü ilə aparmışdı. O, xəritədə göstərmişdi ki, Növcüdə və ətrafdakı 8-9 kəndin heç birində orta məktəb yoxdur. Uşaqlar təhsildən yayınırlar. Halbuki, rayonun bir-birinə yaxın yerləşən Gəgəli, Bico və Qəşəd kəndlərinin hər üçündə orta məktəb fəaliyyət göstərir. Hətta dərs keçmək üçün kifayət qədər şagird də tapılmır. Şübhəsiz, bu, ciddi fakt idi. Digər tərəfdən, həmin ərəfədə dünyasını dəyişmiş xalq şairi Səməd Vurğunun adını bizim kolxoza (əvvəlki adı “Jdanov” idi ) vermişdilər. Bu amilin də məsələnin həllində müəyyən təsiri oldu. Nazir elə oradaca kabinetindən Ağsu Rayon Soveti İcraiyyə Komitəsinin sədri Qasım Vəliyevə zəng edib ki, həmin üç kənddən birində orta məktəbin natamam orta məktəbə çevrilməsi, əvəzində isə Növcü kəndində orta məktəb açılması barədə qərar çıxarıb nazirliyə göndərsin. Qəşəd kənd məktəbinin üzərində dayanırlar. Lakin nazirin bir şərti olub: Qəşəd orta məktəbinin direktoru Lətif İbrahimov dəyərli kadrdır, Növcü kənd orta məktəbinə direktor təyin edilsin. Belə də olur, 1957-ci ilin sentyabr ayında Növcü kəndində orta məktəb 15 illik fasilədən sonra yenidən fəaliyyətə başlayır...

 

Nuğay kişi bütün el-obanın ağsaqqalı idi. Təkcə Növcüdə yox, ətraf kəndlərdə belə onun xətir-hörməti saxlanılır, yolu gözlənilirdi. Ən müşkül məsələləri yoluna qoymaq, düşmənçilik edənləri barışdırmaq, hətta qan davasını yatırtmaq, elçi düşmək, kasıb və imkansıza əl tutmaq...kimi əməlləri ilə o, böyük nüfuz qazanmışdı. El-obada böyükdən-kiçiyə hamı ona hörmət əlaməti olaraq “Dadaş” deyə müraciət edirdi. Təkcə öz ailəsinin, qohum-əqrəbanın yox, bütün el-obanın təəssübünü çəkirdi.

 

 – Dadaş nə qədər zəhmli olsa da, bir o qədər qəlbi kövrək idi, – deyə Hidayət müəllim bildirir.  – Deyirdi ki, hər bir insan səhv edə bilər. Amma insanda iki qəbahəti bağışlamazdı-namussuzluğu və xəyanəti. Yadımdadır, müharibə bitmək üzrə idi. Bir neçə günlüyə məzuniyyətə gəlmişdi. Onun görüşünə gəlib-gedənlərin ardı-arası kəsilmirdi. Hər kəs öz dərd-sərini bölüşmək istəyirdi. Bir gün mənə dedi ki, hazırlıq gör qonaqlarımız olacaq. Bir azdan qonaqlar gəldilər. Həmişə bu evə gəlib-gedənlər idilər: Qaravəllidən Məhərrəm kişi, Göydəlləklidən İsrafil kişi, Bəyimlidən Yediyar kişi və daha bir neçə nəfər. Onu da deyim ki, onların çoxu Dadaşın kadrları idi, onun zəmanəti ilə vəzifəyə təyin olunmuşdu. Dadaş onlardan birini (indi haqq dünyasında olduğuna görə adını çəkmirəm) kənara çəkib abrını aldı. Mən samovara kömür atmaq bəhanəsi ilə onların söhbətinə qulaq kəsildim. Dadaşı bu qədər əsəbi şəkildə görməmişdim, o yaşda kişini uşaq kimi danlayırdı:  “Mən özümü lənətləyirəm ki, səninlə duz-çörək kəsmişəm. Əri cəbhədə düşmənlə vuruşan döyüşçünün gecə qapısını döymək, ərinin “qara kağızı”nı almış, köməksiz dul qadını döyə-döyə özünə arvad etmək...hansı kişiliyə sığar?! Heç olmasa, Allahdan qorxaydın barı...Rədd ol buradan, bir də səni gözüm görməsin!”. Həmin şəxs səssiz-səmirsiz atına minib o gedən oldu.

 

Nuğay müəllim ailəcanlı kişi olub. Növcülü Lətif kişinin qızı Tubu xanımla ailə qurub, cəmiyyət üçün layiqli 6 övlad – iki oğul (Hidayət və Fəxrəddin) və dörd qız (Xavər, Mirvari, Dilbər və Püstəbadam) böyüdüblər.

 

– Dadaş bizi çox da danlamazdı, səbirli insan idi, – deyə Fəxrəddin söhbətə qarışır. – Nəsihətçiliklə bir o qədər də arası yox idi. Şəxsi nümunəni daha üstün tuturdu. Amma bir dəfə ömrünün sonlarına yaxın onun dediyi sözlər indi də qulaqlarımdadı: “Oğul, insan ölümdən yox, mənasız, boş ömür yaşamaqdan  qorxmalıdır. Hər bir insan, əslində, öz əməllərində yaşayır. Bu dünyadan köçəndən sonra ya rəhmətlə, ya da lənətlə yad edilir. Aqil o kəsdir ki, macal tapıb bu dünyada yaxşıllıq edir, bir iz qoyur.”

 

İnsan xisləti, doğrudan da, bir sirri-xudadır, kəşf olunmamış planetdir. Dəfələrlə rastlaşdığım, salamlaşdığım bu insanı indiyə qədər tanımadığıma görə təəssüflənirəm. Heç indi də tanıdım demək, düz deyil. Bir neçə saatlıq xatirələrlə həmin şəxs barədə səndə yalnız ötəri təəssürat yarana bilər...

 

Bu fikirlərlə Nuğay kişinin ocağından ayrılır və kəndin mərkəzində vaxtilə təhsil aldığım orta məktəbin yanında ayaq saxlayıram. Yox, bu məktəb nə Nuğay kişinin tikdirdiyi məktəbdir, nə də mən oxuduğum. Bu, ən müasir tələblərə cavab verən, hətta iri şəhərlərin həsəd aparacağı nümunəvi təhsil ocağıdır.

 

Növcü-İlxıcı yolu ilə qayıdarkən fikirləşirəm ki,  görəsən, Azərbaycanın elə bir kəndi varmı ki, bu qədər rahat yolu olsun? İnanmıram. Sürücü də bunu təsdiqləyir: “Kaş, Bakının bütün yolları belə olaydı”. Yadıma düşür ki, 50-60 il bundan əvvəl Nuğay kişi bu yola çınqıl döşətmişdi. Və bir daha inanıram ki, bu dünyada heç nə itmir, heç nə hədər getmir, sadəcə, məlum fizika qanununda deyildiyi kimi, bir şəkildən başqa şəklə düşür. Hətta xeyirxahlığın, yaxşılığın özü də, insanla qəbirə getmir, bu, genetik olaraq onun övladlarının, nəvə-nəticələrinin hansısa birinin timsalında yaşayır, əməllərində özünü büruzə verir. Bu mənada da Nuğay kişini xoşbəxt insan hesab etmək olar.

 

 

 

Qüdrət PİRİYEV,

“Xalq qəzeti”

Xalq Qəzeti.-2014.- 24 avqust.- S.7.