Azərbaycanın milli
parkları biomüxtəlifliyin qorunmasında əhəmiyyətli
rol oynayır
Qloballaşan dünyamızda ekoloji problemlər ciddi narahatlıqlar doğurur. Təbiəti xilas etmək üçün indi dünya ekoloqları yollar axtarır, alimlər ciddi axtarışlar aparırlar. Dünyada bioloji müxtəliflyin qorunması ekoloji siyasətin prioritet istiqamətlərindəndir. Mütəxəssislərin fikrinə görə, bioloji müxtəlifliyin tükənməsinin ən başlıca səbəbi təbii resurslardan düzgün istifadə edilməməsi, ətraf mühit amillərinin çirklənməsi və qlobal iqlim dəyişkənlikləri ilə əlaqədardır. 2020-ci ilə qədər flora və fauna növlərinin 20 faizdən çoxunun kökünün kəsilməsi təhlükəsi gözlənilir.
Azərbaycan Respublikası Prezidentinin 24 mart 2006-cı il tarixli sərəncamı ilə ölkəmizdə bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı təsdiq edilmişdir. Milli Strategiya və Fəaliyyət Planında bildirilir ki, təbii sərvətlərin mühüm tərkib hissəsi olan bioloji müxtəliflik bütün yaşayış mühitlərində, o cümlədən quruda, dənizdə, habelə digər su ekosistemləri və ekoloji komplekslərində canlı orqanizmləri özündə birləşdirir. XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən amillərin sayı artmış, insan fəaliyyəti nəticəsində ekosistemlər deqradasiyaya uğramış, bir çox fauna və flora növləri, cinslər məhv olmuş və ya onların sayı kəskin surətdə azalmağa başlamışdır. Bioloji müxtəlifliyin belə itkisi onun qorunub saxlanılması və davamlı istifadəsinə dair ciddi tədbirlərin görülməsini tələb edir. Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında milli parkların yaradılmasını xüsusi olaraq qeyd etmək lazımdır. Milli parklar xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi-tədqiqat idarələri statusuna malik olan ərazilərdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaranmazdan əvvəl Azərbaycan Respublikasında milli parklar mövcud deyildi. 2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağ göl, 2004-cü ildə Hirkan, Altıağac, 2005-ci ildə Abşeron, 2006-cı ildə Şahdağ, 2008-ci ildə isə Göygöl milli parkları yaradılmışdır. 2008-ci ildə Hirkan Milli Parkının ərazisi genişləndirilərək 40358 hektara çatdırılmışdır. 2009-cu il 25 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncami ilə Ordubad Milli Parkının ərazisi Şahbuz Dövlət Təbiət Qoruğu, Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Eyni sərəncamla Milli Parkın adı dəyişdirilərək akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilərək, 130508,1 hektara çatdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabır tarixli sərəncamı ilə Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşə fondu torpaqların hesabına 11772,45 hektar ərazidə Samur-Yalama Milli parkı yaradılmışdır.
Hazırda milli parklar ölkə ərazisinin
3,7 faizini təşkil edir. Hirkan Milli Parkı Azərbaycanın cənub-şərqində,
Lənkəran və Astara inzibati rayonlarının ərazisində
yerləşir. Ərazisi 21435 hektardır. Milli park
Talış dağlarının
öz unikal təbiət kompleksləri
ilə fərqlənən
təbii ərazilərini
əhatə edir. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2008-ci il 23 aprel tarixli qərarı
ilə Hirkan Milli Parkının ərazisi genişləndirilərək
40358 hektara çatdırılmışdır.
Milli parkın yaradılmasında əsas
məqsəd həmin
ərazidə təbiətin
kompleks şəkildə
qorunması, relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının"Qırmızı
Kitab"ına daxil edilmiş tipik flora və fauna növlərinin
qorunub saxlanılması,
ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin
məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şəraitin
təşkilidir.
Ərazinin bitki aləminin zənginliyi burada çoxsaylı heyvanların
yaşamasına imkan yaratmışdır. Hirkan meşələrinin UNESCO-nun Ümumdünya Mədəni
və Təbii İrs Siyahısına daxil edilməsi üçün layihə-smeta
sənədləri hazırlanaraq,
Ümumdünya İrs
Siyahısına göndərilmişdir. Şirvan Milli Parkı Kür-Araz ovalığının
cənub-şərqi Şirvan
düzənliyində ümumi
ərazisi 65580 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisinin
54373,5 hektarında Şirvan
Milli Parkı, 6232 hektarında Şirvan Dövlət Təbiət
Qoruğu və 4930 hektarında isə Bəndovan Dövlət Təbiət Yasaqlığı
yerləşir.
Milli parkın yaradılmasında əsas məqsəd yarımsəhra
landşaftının başlıca
komponentlərini, Azərbaycan
Respublikasının “Qırmızı
kitabı”na düşmüş
ceyranları və o ərazi üçün səciyyəvi olan fauna növlərini qoruyub saxlamaq, ekoloji monitorinqi həyata keçirmək, əhalini
ekoloji maarifləndirmək,
turizm və istirahət üçün
şərait yaratmaqdır.
Milli parkın
ərazisində relyefin,
bitki və torpaq örtüyünün
müxtəlifliyi burada
bir sıra təbii landşaft sahələrini ayırmağa
imkan verir. Ərazinin əsas
hissəsini yovşanlı,
şoranotlu yarımsəhra
xırda təpəliklər
və şoranotlu yarımsəhra düzənliyi
təşkil edir.
Qədim
sahil tirələri, laqunlar müəyyən sahələrdə aydın
nəzərə çarpır.
Külək vasitəsilə yaranan
əsas relyef forması-düyün təpəcikləri
ceyranların sığınacağı
və mühafizəsi
üçün çox
sərfəlidir. Azərbaycan və dünya
miqyasında təhlükədə
olan quşlardan milli parkın ərazisində 34 növə
rast gəlinir. Onlardan 14-ü yalnız Azərbaycanın “Qırmızı
Kitab”ına, 10-u ancaq
“Beynəlxalq Təbiəti
Mühafizə Cəmiyyətinin
Siyahısı”na, 10-u isə
həm Azərbaycanın “Qırmızı
Kitab”ına (1989), həm
də “Beynəlxalq Təbiəti
Mühafizə Cəmiyyətinin
Siyahısı”na (2002) daxil
edilmişdir.
Göygöl Milli Parkı Göygöl Dövlət
Təbiət Qoruğunun
bazasında və ona bitişik meşə və dövlət torpaqlarının
hesabına yaradılmışdır.
Göygöl Dövlət Təbiət
Qoruğu 1925-ci ildə
Azərbaycanda yaradılmış
ilk qoruqdur. Göygöl və onun ətrafının
meşə landşaftı
öz təbiət zənginliyi və füsunkarlığı ilə
dünyada məşhurdur.
Azərbaycan SSR Nazirlər
Sovetinin 14 iyul 1965-ci il tarixli qərarına
əsasən qoruq yenidən təşkil edilmişdir. Ərazisi 6739 hektar idi.
Kiçik Qafqaz sıra
dağlarının şimal-şərq
hissəsində dəniz
səviyyəsindən 1000-3060 metr hündürlükdə
yerləşir.
Qoruq içməli
su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının,
faunasının və
florasının qorunub
saxlanılması, mühafizəsi
və öyrənilməsi
məqsədilə yaradılmışdır.
Abşeron Milli Parkı Abşeron Dövlət Təbiət Yasaqlığının
bazasında yaradılmışdır. Milli Park Abşeron
yarımadasının cənub-şərq
qurtaracağında – Şah
Dili ərazisində yerləşir. Ərazidə yarımsəhra və quru bozqırların mülayim isti iqlim tipi hakimdir. Abşeron Milli Parkının yaradılmasında məqsəd
vəhşi təbiətin
mühafizəsini, nəsli
kəsilməkdə olan
nadir flora və fauna növlərinin
qorunub saxlanmasını
təmin etmək, o cümlədən ekoturizm
üçün mövcud
olan təbii imkanları dəyərləndirməkdən
ibarətdir. Abşeron Milli
Parkında 50- dən artıq quş və heyvan növlərinə rast gəlinir. Milli parkda 25-ə qədər
bitki növü mövcuddur. Abşeron milli
parkının Xəzər
dənizi ərazisində
dunyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir və bu suiti əsasən
may-avqust aylarında Milli Parkın ərazisindəki suiti burnunda müşahidə olunur. Xəzər suitisi pərayaqlıların
yeganə nümayəndəsidir
ki, dünya okeanının ən kiçik suitisi kimi “Ginnes”in rekordlar kitabına daxil edilib. Altıağac Milli Parkı
Azərbaycanın şimal-şərqində,
Xızı və Siyəzən inzibati rayonlarının ərazisində
yerləşir. Altıağac Milli Parkı 1990-cı ildə yaradılmış
Altıağac Dövlət
Təbiət Qoruğu
və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında yaradılmışdır.
Ərazisi 11035 hektardır.
Milli parkın yaradılmasında
əsas məqsəd Böyük Qafqazın cənub-şərq yamaclarının
təbii landşaftlarının,
flora və fauna növlərinin
qorunub saxlanılması,
bərpası, təbii
komplekslərin mühafizəsinin
gücləndirilməsi, ekoloji
monitorinqin həyata keçirilməsi, eləcə
də, tədqiqatlar, turizm və istirahət (rekreasiya) üçün şəraitin
yaradılması və
əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin
təşkilidir.
Altıağac Milli Parkının adının mənşəyi
məsafə ölçü
vahidi olan “ağac” sözündən
götürülmüşdür. Milli park Şamaxıdan
altı ağac məsafəsində yerləşdiyindən
ona və kəndlərin birinə Altıağac adı verilmişdir (bir ağac təqribən 5-6
km-ə bərabərdir). Milli parkın ərazisində qonur dağ-meşə, çürüntülü-karbonatlı
dağ-meşə, qəhvəyi
dağ-meşə, bozqırlaşmış
dağ-çəmən və
s. torpaq tipləri yayılmışdır. Ağgöl Milli
Parkı isə Ağcabədi və Beyləqan rayonlarının
inzibati ərazisində
yerləşir. Bura əvvəl
yasaqlıq, sonra qoruq, 2003-cü ildən isə milli park kimi yaradılmışdır.
Bu göl təkcə
bataqlıqdan ibarət
deyil. Onun ətrafında müxtəlif
növ quşlar, heyvanlar toplanmışdır.
Şahdağ Milli Parkı 115895 hektar təşkil edir ki, bundan İsmayıllı
və Pirqulu Dövlət Təbiət
Qoruqları 21014 hektar,
Quba, Qusar, İsmayıllı, Qəbələ,
Oğuz və Şamaxı rayonlarının
inzibati ərazilərində
olan dövlət meşə fondu torpaqları 81797 hektar və həmin rayonların hüdudlarındakı
yüksəkliklərdə yerləşən və istifadəsiz yaylaqlar 13084 hektar təşkil edir.
Şahdağ Milli Parkının
yaradılmasında məqsəd
çoxlu sayda endemik və nəsli kəsilməkdə
olan növlər və transsərhəd köçəri heyvanlar
da daxil olmaqla qlobal əhəmiyyətli dağ
meşələri və
yüksək dağlıq
ərazilərdə yerləşən
otlaqlar ekosisteminin bərpası, qorunması
və idarə edilməsi, torpağın
münbit qatının
qorunub saxlanılması,
ərazi üçün
xarakterik olan fauna və flora növlərinin
qorunması, artırılması
və zənginləşdirilməsi,
həmçinin, təbii
kompleksin sabitliyinin tənzimlənməsi, elmi-tədqiqat
işlərinin aparılması
üçün daha əlverişli şəraitin
yaradılması, eləcə
də ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi
və böyük turizm potensialı olan ərazidə ekoturizmin inkişafının
təmin edilməsidir.
Göründüyü kimi, Azərbaycanda milli parkların yaranması dövlətin diqqət mərkəzindədir. Onların qorunması biomüxtəlifliyin saxlanmasında əhəmiyyətli rol oynayır.
Mehdi MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”
Xalq qəzeti.- 2014.- 24 avqust.- S.6.